27 Aprel 2024

Şənbə, 04:27

İÇƏRİDƏKİ TEATR

«Goethe - Zentrum Baku» Aoi Nakamuri və Esteban Furminin bakılıları incəsənət sahəsində yeniliklərlə tanış edən layihəsini təqdim edib

Müəllif:

15.06.2018

Virtual teatr. O, necə düşüncələr və duyğular oyada bilər? «Goethe-Zentrum Baku» tərəfindən təqdim olunan WHIST layihəsinin anonsunda bildirilirdi ki, bir saat davam edən seansda fiziki teatr interaktiv və genişləndirilmiş reallıqda görülə biləcək.  

Virtual kompozisiyanın əsasında bir ailənin hekayəsi dayanır. Lakin bu hekayədə eyni süjetin inkişafı üzrə 76 variant var. Ən maraqlısı odur ki, bu versiyaların hər biri sizin şüuraltınız tərəfindən necə "proqramlaşdırılmasına" uyğun olaraq inkişaf edə bilər. Konkret olaraq bizim şüuraltı zehnimizi bu şəkildə araşdırmaq cəhdi elə də inandırıcı görünmür və hətta bir qədər əyləncəlidir. Hətta anonsda aşağıdakı xəbərdarlıqlar olmasına baxmayaraq, əyləncəlidir: Tamaşa 18+ yaş kateqoriyası üçün nəzərdə tutulub və "həssas psixikalı insanların baxması üçün məsləhət görülmür".

 

WHIST

WHIST layihəsinin adının tərcümədə iki mənası var. Birincisi kart oyunudur: yaddaşı, məntiqi düşüncəni, hərəkət taktikasını inkişaf etdirir; ikincisi - lal, səssiz, sakit, susqun mənasını verir. Adına qoyulan mənanın interpretasiyası baş verən hadisələrə kifayət qədər uyğun gəlir: personajların oyunu (aktyor oyunundan söhbət getmir!) həqiqətən də, vistdə oyun qaydalarına uyğundur, amma münasibətlər mətnsizdir. O, jestlərin, baxışların, plastikanın, aktyorların üz ifadələrinin üzərində qurulub. Virtual hərəkətləri görmək üçün siz qulaqlıq və xüsusi gözlük alacaqsınız.  

Səs (musiqi, bəzən qısa mətnlər - qəhrəmanların düşüncələri) qulaqlıq vasitəsilə, təsvir isə - gözlük vasitəsilə ötürülür. Ötürmə elə baş verir ki, siz yalnız özünüzdən öndəki, soldakı və ya sağdakı məkanı deyil, həm də bütün çevrənizi görürsünüz: 360 dərəcəlik bir dairədə. Maraqlı hissdir, çünki birdən-birə özünüzü hadisələrin mərkəzində görürsünüz və seçdiyiniz istənilən personajın qarşısında dayana bilirsiniz.  

Əgər xanım qəhrəmanın hərəkətləri sizi cəlb edirsə, onu izləyə bilərsiniz, əgər kişi qəhrəmanın hərəkətlərini görmək istəyirsinizsə, onda siz saat əqrəbi istiqamətində sağa doğru dönməlisinz. Bütün hekayə yeddi variantda kompozisiyalardan ibarətdir. Layihənin müəllifləri Aoi Nakamura və Esteban Furmi bildirir ki, bunlar sizin şüuraltı seçmə funksiyası sayəsində meydana gəlir. Böyük ehtimalla bu, belə deyil, amma əksini sübut etmək mümkün deyil.  

Nə olursa olsun, inkar etmək olmaz ki, kinematoqrafiya üsullarını müasir texnologiyalardan istifadə edərək birləşdirən layihə həm müasir texnologiyaların inkişafı barədə, həm də müasir incəsənətə Avropanın baxışları haqqında təsəvvür yaradır. Rəqs, fiziki teatr, natura seçimi, bədii ifadə vasitələri müəlliflər tərəfindən quruluş fikrini, müasir dünyanın problemlərinə baxışı çatdırmaq üçün istifadə olunan üsullardır - bax, VİST budur.

 

Proloqda

Otaqda dəyirmi masanın arxasında üç nəfər əlləri ilə üzlərini bağlayaraq oturur: açıq rəngli geyimdə bir kişi, bir qadın - qara paltarda və tünd-qırmızı pencək geymiş daha bir kişi. Səssizdirlər. Hətta hərəkət də etmirlər. Bu seçimlərdən biridir. Proloqun başqa bir versiyasında siz iki qadını (ağ və qara geyimli) və bir kişini görə bilərsiniz. Öz oxunuzun ətrafında dönərək və ayaq üstə duraraq siz personajların hər birini görə bilərsiniz, sizə elə gələcək ki, düz masanın mərkəzindəsiniz. Daha doğrusu, onun üzərindən asılmış vəziyyətdəsiniz. Əyləncəli hisslər! Belə ki, üç personajı aşkar etdikdən sonra, süjetin onların ətrafında döndüyünü düşünəcəksiniz. Amma əslində başqa cür idi!

 

Süjetin inkişafı

Fantastik yuxu strukturuna bənzər növbəti süjetdə siz ağ divarlı, ağ qapılı bir otaqda söyüd çubuqlarından hörülmüş səbətdən çıxan bir qız görürsünüz. Perimetr üzrə ağ, yuxarı dartılmış, cinsiyyətsiz insan fiqurları düzülüb. Qız yarıçılpaqdır. O, heroqliflərlə yazaraq otağın perimetri boyunca qaçır. Periodik olaraq biz onun sözlərini - düşüncələrni, atasına sözlərini eşidirik. O danışır və yazır. Sonra yazır, yazır və yazır. Onun əlində tabaşir var və döşəmənin hər yerinə tabaşir səpələnib. Onlar çoxdur və bitmək bilmirlər. Sonda qız yenidən səbətə qayıdır və bunların hamısı qaranlıqda yox olur. Qızın problemi (Freydə görə) atası ilə münasibətlərindədir - yetkinlik yaşında bu ona müəyyən komplekslər yaradır.  

Növbəti süjet ürək mulyajı kimi bir şey asılmış qəfəsin süjetidir. Əvvəlcə biz küncdə sifət cizgiləri dağınıq, akkordeonlu yaşlı insan görürük. Sonra gənclər görünür: qadın və kişi. Onlar rəqs edirlər. Onların arasında - qəfəs var. Onların arasında - akkordeon musiqisi. Bir an gəlir və akkordeonlu qoca gedir, sanki otağın fəzasında əriyir.

Bu süjetin əvəzinə yenisi gəlir. Otaqda divan və kreslo var. Divanda və döşəmədə kağız vərəqlər, hansısa əşyalar səpələnib. Əşyaları götürən kişi nəsə axtarır. Nəhayət, arxası bizə çevrilmiş kresloda qız ortaya çıxır. O, oradan tennis topları atır. Sonra qısa müddətə qarşımızda peyda olur. Kişi onunla münasibət qurmağa çalışır, amma qız otağın ətrafında çevrə vuraraq yenidən kresloda gizlənir. Kreslonu bizə tərəf çevirən kişi qız əvəzinə çox sayda tennis topu yığını aşkarlayır. Boşluqdur. Qız bir illüziya imiş. Növbəti süjetdə - birinin əlləri (aydın görünür ki, kişi əlidir) qızın bədənindən orqanları çıxarmağa çalışır. Qız somnambulizm vəziyyətindədir. Elə görünür ki, qız nə hiss etdiyini anlamaq üçün mübarizə aparır.

 

Kulminasiya

Masanın arxasında üç adam var. Biz onları proloqda gördük. Kənarda isə akkordeonlu qoca görünür. Masanın üstündə insan orqanlarından bişirilmiş yemək var. İlk baxışdan bunlar ürəkdir. Onlardan çox var. Amma bu belə deyil. Ürəyi çəngəllə tutan qız sonra onu öz boşqabına qoyur. Süjetin sonuna onun boşqabında ürəklərdən ibarət qalaq yaranıb. Qız cəld və həvəslə bıçaq və çəngəldən istifadə edərək ürəkləri parçalara ayırır. Kişilər isə başqa işlə məşğuldurlar. Ancaq bunun nə olduğunu anlamaq üçün daxili orqanların necə göründüyünü bilmək lazımdır. Qonaqlıq gedir. Hər kəs yeməkdən öz bildiyi kimi ləzzət alır. Bir an anlaşılır ki, qızın əlləri dirsəyə qədər qana batıb, pəncərənin önündə yeni bir personaj görünür. O, bir parik taxmış bir kişi, qadın paltarları və xəz gödəkçə geyinib. Sonra o, tünd-qırmızı pencəkli kişinin yerini tutacaq. Qırmızı pencəkli kişi isə xüsusi qapıdan çıxır, əlində bir Afrika maskası və yüngül geyimdə geri qayıdır, maskanı divara asır və baş verənlərə müşahidəçi mövqeyini tutur.

 

Açılış

Dördqapılı ağappaq otaqda proloqdan üç personaj peyda olur. Onlar daim hərəkət edirlər: bir qapıdan digərinə keçirlər. Bir-birlərini axtarırlar. Amma bu axtarış qəribədir. Əslində, onlardan heç biri tapılmağını, aşkar edilməyini və ya təsadüfən tutulmağını istəmir. Onlardan hansısa biri, həqiqətən, başqa birini tapmaq istəyirmi? Yaxud bunu ətalət üzündən edir? Bəs, burada kim kimi axtarır? Buna tamaşaçı qərar verməlidir. Görülən hər şeyin mənası izləyicinin yozumundan asılıdır. Özü də, bütün bu bir saatlıq virtual proqramı layihə müəllifləri Freydin psixoanaliz təlimi əsasında aparırlar.

 

Epiloq

Bu səhnə çoxobrazlı bir həllə malikdir. Gördüyünüz virtual məkan öz oxu ətrafında fırlanaraq incəsənətin dörd dövrün - İntibah, Realizm, Sürrealizm və Müasir sənət dövrlərini xatırladan dörd hissəyə bölünür. Onlar çox yavaş-yavaş, ölçücə kiçilərək ulduzlu göyün fəzasında "üzməyə" başlayırlar və nöqtəyə çevrilirlər. Onların Yerdəki yolu sona çatdı. Orada, Kosmosun dərinliklərində onları tamamilə fərqli bir həyat gözləyir. Necə bir həyat? Siz çox sayda ulduz kəhkəşanı ilə, bu sualla və gördükləriniz barədə düşüncələrlə baş-başa qalırsınız... Elə gəlir ki, bu fəzada ulduzlarla birlikdə uçursunuz...

 

Fantaziya, yoxsa gerçəklik?

Texnologiya nə qədər intensiv inkişaf edirsə, bir o qədər çox teatrın adi şəklinin, yəni 2,5 min ildən çox mövcud olan bir teatrın tarixi keçmişə qovuşacağı, yerini virtual teatra verəcəyi barədə ehtimallar çoxalır. Ancaq istənilən halda, buna inanmaq çətindir. Lakin istisna edilmir ki, intellektual sənətin fərdi tələbat forması olan teatr cəmiyyətdə müəyyən bir yer tuta bilir və onun müəyyən bir hissəsində maraq oyada bilər. Rey Bredbernin "Veld" hekayəsini xatırlayırsınızmı? Orada uşaqlar xüsusi bir otağa düşərək öz fantaziyalarınün gücü ilə fiziki reallıq dünyasına çox bənzər olan virtual bir dünya yaradırlar?!

Fantaziya və gerçəklik arasındakı sərhədlər silinməyə başlayır? Bəlkə də, bir an gələcək və biz anlayacağıq ki, belə bir kəşfin astanasındayıq və yazıçıların fantastik düşüncələri kimi görünən texnologiyalar gündəlik reallığa çevriləcək. Hər şey ola bilər. İstənilən halda, canlı teatr, ani yaradıcılıq teatrı insanın ruhu yaşadıqca yaşayacaq.

 

Müəlliflər haqqında

Mədəniyyət və təhsil layihələrinin kuratoru Əsli Səmədovanın sözlərinə görə, Kapelhaus və «AFE Dance Company»nin bu birgə yaradıcılıq layihəsi maarifçilik baxımından önəmlidir. Bu, digər ölkələrə səyahət etmək və incəsənət sahəsində yeni işlərlə tanış olmaq imkanına malik olmayan həmvətənlərimizin Bakıda müxtəlif cür yenilikləri görməsi üzrə ilk və tək layihə deyil. Aoi Nakamuri və Esteban Furminin yaradıcılığı rəqs sənəti ilə bağlıdır. Onlar həmişə özünüifadə üzrə yeni formalar axtarışındadırlar.

Rəqs sənətinin bir forması kimi ümumi qəbul edilən konsepsiyalardan kənara çıxan bu layihəni Aoi və Esteban artıq Avropa, Asiya və Avstraliyada nümayiş etdiriblər. Onun gerçəkləşdirilməsi üzərində çox sayda adam: aktyorlar, dizaynerlər, rəssamlar, ssenaristlər, bəstəkarlar, ifaçılar, operator və s. işləyib. Layihə müəllifləri məmnunluqla aşkar ediblər ki, virtual seanslara gələn bakılılar materialın təqdimat və məzmun şəklini gözəl qavrayırlar. Seanslar tamaşaçıların, təşkilatçıların və müəlliflərin improvizasiyalı müzakirələri ilə müşayiət olunub. Burada Kapelhausun kiçik bir məkanında tamamilə pulsuz şəkildə dünyagörüşünü genişləndirmək imkanı təqdim edilməklə yanaşı, yeni tapıntılara, təcrübələrə, müxtəlif incəsənət sahələrində texnologiyalara da maraq oyadılır.



MƏSLƏHƏT GÖR:

299