27 Aprel 2024

Şənbə, 00:04

TƏCAVÜZ YÜKÜ

Paşinyan işğal olunmuş Qarabağın Ermənistan üçün nə qədər ağır yük olduğunu anlayır

Müəllif:

15.06.2018

Ermənistanda başlamış inqilab İrəvanın işğal etdiyi Dağlıq Qarabağa da çatıb. İyunun 1-də orada baş vermiş davadan sonra etiraz aksiyaları başlayıb. David Arutunyan ilə Albert Avetisyan adlı şəxslər «DQR»in (burada və sonra söhbət Ermənistanın işğal olunmuş Azərbaycan ərazisində yaratdığı qondarma rejimdən gedir) «Milli təhlükəsizlik xidməti»nin 4 əməkdaşı ilə əlbəyaxa olub və əlbəttə ki, amansızcasına döyülüblər. Şahidlərin sözlərinə görə, polis davanı müşahidə etsə də, müdaxilə etməyi lazım bilməyib. Sonda isə zərərçəkənlər həbs olunub. Nəticədə, məişət mübahisəsi kimi başlamış insident miqyaslı etiraz aksiyalarına çevrilib. İnsanlar küçələri bağlayıb və ciddi tələblər səsləndirməyə başlayıb. Əvvəlcə onlar günahkarların cəzalandırılmasını tələb edirdisə, artıq güc strukturları rəhbərlərinin vəzifədən kənarlaşdırılmasını istəyir. Ermənistan KİV-nin məlumatına görə, nümayişlərdə bütün siyasi məhbusların azad olunması və Ermənistanla birləşmək tələbləri də səsləndirilir.

«DQR»in qondarma «prezident»i Bako Saakyan «hökumət» nümayəndələri və digər «dövlət orqanları»nın təmsilçilərilə iclas keçirib, baş verənlərin «qanunun bütün sərt tərəflərilə araşdırılacağını», üstəlik, bunun mümkün qədər «ictimaiyyətə açıq» olacağını deyib. Cəmi 1 gün sonra istefa xəbərləri gəlib. Separatçı rejimin «polis rəisi» Kamo Ağacanyan, «dövlət naziri» Araik Arutunyan və «Milli təhlükəsizlik xidməti»nin rəhbəri Arşavir Qaramyan tutduqları postdan gediblər.

Lakin zərərçəkənlər üçün ədalət tələbini çoxları, sadəcə, ikinci dərəcəli bəhanə kimi qiymətləndirir. Əslində, etirazların səbəbi ortadadır - Qarabağ rejimi hər zaman Serj Sarqsyanın başçılıq etdiyi İrəvan rejimilə əlaqəli olub və təbii ki, Bako Saakyan yeni baş nazir Nikol Paşinyanın planlarına uyğun deyil.

Yəqin ki, erməni xalqına bir çox vədlər vermiş Paşinyan gələcəkdə vəziyyətinin nə qədər pis ola biləcəyini anlayır. Bunun fonunda o, Qarabağın İrəvan üçün nə qədər ağır yük olduğu haqda da düşünməyə bilməz. «DQR»in İrəvandan «qopardığı» maliyyə bir yana, Qarabağın işğalının Ermənistanın regional təcridinə səbəb olduğunu xatırlatmaq kifayətdir. Bu, ölkəni regional layihələrdən və dünya bazarlarından kənarda qoyub.

Əlbəttə ki, xaricdə fəaliyyət göstərən ermənipərəst mətbuat «erməni inqilabı»nı Ermənistanın demokratik dövlət olduğunun göstəricisi kimi təqdim edir, hazırkı hakimiyyətin ən legitim hökumət sayıldığını bildirir. Nikol Paşinyan isə populistcəsinə islahatların vacibliyini deyir, korrupsiya ilə mübarizə aparacağını söyləyir və İrəvanın artıq Rusiyadan asılı olmadığını nümayiş etdirməyə çalışır. Amma təbii ki, vəd vermək iş görməkdən qat-qat asandır. Ermənistan çoxdandır ki, iqtisadi və demoqrafik böhran şəraitində yaşayır. O, çoxdan nəqliyyat dalanına dirənib. Bu üzdən də orada yaşananlar baş verməyə bilməzdi. Gələcəkdə nələrin baş verəcəyi isə böyük sual altındadır. Nə qədər ki, Ermənistan Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmayıb, ölkənin inkişaf perspektivi yoxdur.

Yeri gəlmişkən, Paşinyanın antirusiya siyasətilə bu perspektiv daha da azalır. Paşinyan sanki ölkəsinin Rusiyadan iqtisadi asılılığını unudub. Bütün rus-erməni görüşlərinə və Paşinyanın baş nazir seçilməsindən dərhal sonra ruslarla apardığı danışıqlara baxmayaraq, bir fakt ortadadır: Paşinyanın komandası aşkar amerikapərəstdir. Ermənistan hökumətinin hazırkı üzvlərinin əksəriyyəti məsələn, Soros Fondunun vaxtilə və ya indi maliyyələşdirdiyi təşkilatlarda iş təcrübəsinə malikdir. Üstəlik, onlar aşkar antirusiya bəyanatları ilə də tanınırlar.

Bütün bunların fonunda Azərbaycanı, əlbəttə ki, ən çox narahat edən Dağlıq Qarabağ münaqişəsinin həlli danışıqlarının gələcəyidir. Azərbaycan Prezidenti İlham Əliyev də müqəddəs Ramazan ayı münasibətilə təşkil olunmuş iftar süfrəsindəki çıxışı zamanı faktiki olaraq, Ermənistan rəhbərliyinə müraciət edib. O, erməni dövlətinin indiki rəhbərliyinin «əvvəlki hökumətin səhvlərini təkrarlamayacağına, danışıqlar prosesinin imitasiyası üçün deyil, münaqişənin tezliklə həll olunması üçün ciddi cəhdlər göstərəcəyinə» ümidini dilə gətirib.

Bir sözlə, Azərbaycan növbəti dəfə sülh mesajı verir. Bəs, onu eşidən olacaqmı?

Məsələ ondadır ki, «Qarabağ klanı»nı təmsil etməyən Paşinyan üçün bu gün Qarabağ ermənilərini onları qoruyacağına inandırması son dərəcə vacibdir. Bəlkə də, o, məhz bu üzdən vəziyyəti gərginləşdirmək istəməyib və «Facebook» sosial şəbəkəsindəki paylaşımı ilə etirazçıları sakitləşdirməyə çalışıb. Beləliklə, Saakyan güc strukturları rəhbərlərini qurban verməklə, hələ ki postunda qalıb. Hər halda, Qarabağda etiraz aksiyaları başlar-başlamaz, cəmiyyətdə parçalanmanın yolverilməz olduğu, «dövlətin müharibə şəraitində yaşadığı» haqda çağırışlar eşidilib. Məsələn, Paşinyanın əsas ideya ilhamvericisi sayılan Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan məhz bu haqda danışıb. Ter-Petrosyanın fikrincə, «Qarabağ polisi və MTX rəhbərliyinin» istefası «bu strukturlara ciddi zərbə olacaq. Halbuki onlar təhlükəsizliyin qarantıdır. Düşmən isə bundan dərhal istifadə edəcək». Yeni baş nazirin vəzifəyə seçilməsinin səhəri gün «DQR»ə yollanması və oğlunu hərbi xidmətə məhz Qarabağa yollayacağını bəyan etməsi də bundan qaynaqlanır. Nəhayət, Paşinyan Qarabağ probleminin həllilə bağlı danışıqların Dağlıq Qarabağdakı separatçı rejimin iştirakı olmadan davam etdirilməsinin guya effektsiz olduğunu da bir daha məhz bu üzdən dilə gətirib.

Yəni, görünən odur ki, Paşinyan da bütün sələflərinin batdığı palçığa batacaq. Hər halda, onun son bəyanatları Azərbaycanla Ermənistan arasında indiyədək əldə olunmuş həssas razılaşmaları da poza bilər. Ermənistan Qarabağ münaqişəsinin həlli danışıqlarının pozulması, cəbhə bölgəsində status-kvonun qorunub saxlanması üçün destruktiv addımlarını davam etdirir. Odur ki, danışıqlar prosesi iflasa uğrayarsa və Azərbaycan güc yoluna üstünlük verərsə, bunun günahı tamamilə İrəvanın üzərinə düşəcək.

Bütün bunlarda Qarabağda yaşayan ermənilər üçün arzulanan və ya demokratik sayılacaq heç nə yoxdur. Onlar, ilk növbədə, həyat səviyyələrinin yüksəlməsini, övladlarının gələcəyinin təminini arzulayır. Bu yerdə sözün bütün mənalarında iki od arasında qalmış Paşinyanın durumu da ürəkaçan deyil. Ermənistanda baş vermiş «inqilab» və onun Qarabağa sıçraması oradakı hakimiyyətin iç üzünü, ilk növbədə, yerli xalqa, ikincisi yaxın tərəfdaşlara, üçüncüsü isə bütün dünyaya göstərir.



MƏSLƏHƏT GÖR:

371