26 Aprel 2024

Cümə, 15:37

ANADOLU EKSPRESİ

TANAP-ın istismara verilməsi Azərbaycanı hədəfinə - Avropa qaz bazarının əsas oyunçularından birinə çevrilməyə yaxınlaşdırdı

Müəllif:

15.06.2018

Dünyanın ən iddialı boru xətti layihələrindən olan Transanadolu qaz kəməri (TANAP) iyunun 12-də Türkiyənin Eskişehir şəhərində təntənəli mərasimlə istismara verilib. Açılış mərasimində dövlət və hökumət başçıları da iştirak edib. Bununla, təxminən, 2 min kilometr uzunluğundakı boru xəttinə qazın vurulmasına başlanılıb. Bu xətlə Azərbaycan qazı Gürcüstan-Türkiyə sərhədindən Türkiyənin Avropa ilə sərhədinə nəql olunacaq.

Beləliklə, Azərbaycan və tərəfdaşları dünya tarixinin ən nəhəng enerji layihəsi olacaq Cənub Qaz Dəhlizinin (CQD) yaradılması istiqamətində daha bir vacib mərhələni geridə qoyub.

Layihənin rəsmən istismara verilməsi mərasimi 2 həftə əvvəl Bakının Səngəçal terminalında keçirilmişdi. Beləliklə, layihənin iştirakçıları əsas hədəfə - Avropaya əlavə Azərbaycan qazının nəqlinə bir qədər də yaxınlaşıblar.

TANAP CQD-nin ikinci və ən vacib bəndidir. Ümumilikdə, layihə 3 hissədən ibarətdir - Genişləndirilmiş Cənubi Qafqaz Boru Xətti (Azərbaycan və Gürcüstan ərazisi) və Azərbaycanın «Şahdəniz» yatağının işlənməsinin ikinci mərhələsi; Türkiyə ərazisindən keçən TANAP-ın tikintisi; Yunanıstan, Albaniya və İtaliya ərazisindən keçməli olan Transadriatik qaz kəməri (TAP).

Xüçusilə istismara verilmiş TANAP-ın bilavasitə tikinti işləri son dərəcə məhdud vaxtda başa çatdırılıb - tamamilə yeni olan qaz kəmərinin təməli 2015-ci il martın 17-də qoyulmuşdu.

 

Hərtərəfli dəstək

CQD layihəsi ətrafında lap əvvəldən bir inamsızlıq, siyasi intriqalar var idi və bu, heç də təəccüblü deyil. Azərbaycan bu hallarla aparıcı rol oynadığı Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisi zamanı da, digər miqyaslı regional layihələrin həyata keçirilməsi zamanı da üzləşmişdi. Odur ki, bəzi xarici «ekspert»lərin CQD-nin digər qaz xətlərilə, Azərbaycanın isə onları həyata keçirən ölkələrlə rəqabət apara bilməsi üçün «qazın kifayət edib-etməyəcəyilə» bağlı sualları Bakını təəccübləndirmirdi. Hətta son günlər, açılış mərasimi ərəfəsində belə, bəzi KİV-də enerji sahəsindəki bu nəhəng layihəni sual altına alan və TANAP-ın istismara verilməsi tarixində belə nəsə «işarə» axtaran məqalələr dərc olunurdu. Lakin Azərbaycan və layihədəki tərəfdaşları əsas məqsədlərinin Avropaya qaz nəqlinin şaxələndirilməsi olduğunu ilk gündən açıq şəkildə söyləyirdi və bu üzdən Köhnə Qitənin, həmçinin ABŞ-ın layihəyə bütün mərhələlərdə birmənalı dəstək verməsi tamamilə məntiqli və gözlənilən idi.

Amma daha sanballı fikri OPEK-in baş katibi Məhəmməd Barkindo bu yaxınlarda Bakıdakı çıxışında səsləndirmişdi. O, CQD-nin enerji landşaftını dəyişəcəyini, onu daha «möhkəm edəcəyini» bildirmişdi: «Bu layihə dünyada enerji təhlükəsizliyinin güclənməsinə imkan verəcək».

ABŞ prezidenti Donald Tramp isə «CQD-nin reallaşdırılmasına güclü dəstəyini» ifadə etməklə yanaşı, Azərbaycandan hasil olunan qazın «Türkiyə və Avropanın enerji təhlükəsizliyinin təmininə töhfə verəcəyini» söyləmişdi.

Aİ nümayəndələri də dəfələrlə ən yüksək səviyyələrdə bu ruhda bəyanatlar səsləndirmiş, CQD-ni Aİ üçün prioritet layihələr cərgəsində göstərmişdilər.

Məsələn, Avropa Komissiyası sədrinin müavini Maroş Şefçoviç TANAP-ın açılış mərasimində bildirib ki, «Xəzər regionu ilə Aİ bazarı arasında qurulan bu «körpü»dən hamımız qazanacağıq. Uğur əldə etmək bizim birgə marağımızdır». «Uzunmüddətli hədəfimiz azad ticarətə, rəqabətə, tədarükün, mənbələrin və marşrutların şaxələndirilməsinə əsaslanan ümumavropa enerji bazarını yaratmaqdır. Bu göstərir ki, Enerji İttifaqı Aİ çərçivəsini aşır və güclü xarici ölçüyə malikdir», - deyə M.Şefçoviç qeyd edib.

CQD-nin Avropanın qaz bazarında əsas rəqibi olan Rusiya da məsələ ilə bağlı kifayət qədər dostcasına danışıb. Ölkə başçısı Vladimir Putin bildirib ki, Rusiya Avropa bazarlarına qaz tədarükünün şaxələndirilməsini alqışlayır, çünki bu, işləmək üçün bazar şəraiti yaradır. «Bu sahədə istənilən iqtisadi fəallığı alqışlayırıq. Avropa bazarlarına enerji daşıyıcıları tədarükünün şaxələndirilməsini dəstəkləyirik. Çünki bu, işləmək üçün bazar şəraiti formalaşdırır. Biz isə məhz bazar şəraitinin yaranmasında maraqlıyıq», - deyə Putin bildirib.

Xatırladaq ki, bu gün CQD layihəsinə 7 ölkə cəlb olunub - Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya və İtaliya. Lakin Azərbaycan Prezidenti İlham Əliyevin də dediyi kimi, növbəti mərhələlərdə ona 3 Balkan ölkəsi - Bosniya və Herseqovina, Xorvatiya və Çernoqoriya da qoşulacaq. Dövlət başçısının sözlərinə görə, Avropada Azərbaycan qazına tələbat var. «Biz də Avropaya qaz tədarükünü artırmaqda maraqlıyıq. Çünki bu, bizim üçün ən sərfəli bazardır», - deyə o, vurğulayıb.

 

Avropa üçün şaxələndirmə

Bəs, Avropanın qaz bazarı niyə bu qədər cəlbedicidir və orada Azərbaycan qazına bu qədər maraq nədən qaynaqlanır? Qaz İxrac Edən Ölkələr Forumunun baş katibi Yuri Sentyurin Bakıdakı çıxışında bildirib ki, 2024-cü ilədək qaz ixracı 1,5 dəfə artacaq. Aİ-nin proqnozlarına görə, 2030-cu ildə Avropanın daha 77 milyard kubmetr, 2040-cı ildə daha 88 milyard kubmetr qaza ehtiyacı yaranacaq. Azərbaycan qazının ixracı ilə bağlı uzunmüddətli siyasət də bundan irəli gəlir.

«Avropanın qaz bazarında ciddi rəqabət var. Azərbaycanın Avropanın 9 alıcı şirkətilə 25 illik müqaviləyə malik olması isə onu uğurlu tərəfdaş, etibarlı satıcı kimi xarakterizə edir», - deyə Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin eksperti Gülmirə Rzayeva bildirib.

CQD ilə «Şahdəniz» yatağının işlənməsinin 2-ci mərhələsi çərçivəsində İtaliya ildə 8 milyard kubmetr qaz alacaq. Bu, sözügedən ölkənin Rusiyanın «Qazprom» şirkətindən aldığı «mavi yanacağın» 33%-nə bərabərdir. Yunanıstana CQD ilə ildə 1 milyard kubmetr («Qazprom» bu ölkəyə ildə, təxminən, 2,9 milyard kubmetr qaz nəql edir) ixrac olunacaq. Bolqarıstanın bu layihə ilə əldə edəcəyi «mavi yanacaq» Rusiyadan aldığı qazın 30%-i qədər olacaq.

Azərbaycanın energetika naziri Pərviz Şahbazovun sözlərinə görə, iyunda Yunanıstan-Bolqarıstan interkonnektorunun (IGB) inşasına başlanılacaq və bununla da, CQD ilə Yunanıstana nəql ediləcək Azərbaycan qazı Bolqarıstan bazarına da çatacaq. «Artıq Bolqarıstana ildə 1 milyard kubmetr Azərbaycan qazının tədarükünə dair razılaşma var. Lakin IGB gələcəkdə istifadə edilə biləcək daha böyük gücə malik olacaq», - deyə nazir bildirib.

Ümumilikdə ilkin mərhələdə (2020-2024-cü illər) «Şahdəniz» yatağının işlənməsinin 2-ci fazası çərçivəsində CQD ilə ildə 16 milyard kubmetr qaz nəql olunacaq (10 milyard kubmetr Aİ ölkələrinə, 6 milyard kubmetr Türkiyəyə).

Beləliklə, SOCAR prezidenti Rövnəq Abdullayevin də dediyi kimi, «Azərbaycan qazı gələcəkdə Avropada artan tələblə mövcud təklif arasındakı fərq üzündən yaranacaq defisiti aradan qaldıracaq. Bununla da, biz Avropa qaz bazarının tədarükçüləri arasında layiqli yerimizi tutacağıq».

Bir sözlə, Azərbaycan qazı Aİ-yə enerji daşıyıcıları mənbələrini real olaraq şaxələndirmək imkanı verəcək. «SOCAR və Avropada çalışan 9 şirkət arasındakı müqavilələr Azərbaycanın ciddi maddi qazanc əldə etməsinə, Avropanın isə sərfəli qiymətlə qaz almasına imkan verəcək», - deyə G.Rzayeva qeyd edib.

Yeri gəlmişkən, CQD-nin qiymət aspektləri haqda. Bəzi ekspertlərin fikrincə, TAP-ın 2020-ci ildə istismara verilməsilə Avropada qazın qiyməti indikindən 3-5% aşağı ola bilər. Bu, əlbəttə ki, alıcılar üçün sərfəlidir. Qeyd edək ki, fevralda «Qazprom» 2018-ci il üçün Avropaya satdığı qaza orta illik qiymət olaraq 220 dollar proqnozlaşdırırdı.

Azərbaycanın Türkiyəyə satdığı qazın qiymətinə gəlincə, ekspertlərin fikrincə, SOCAR ilə Türkiyənin «Botas» şirkəti arasında «Şahdəniz» yatağının işlənməsinin 2-ci mərhələsi çərçivəsində qaz tədarükünə dair müqavilə də Bakı üçün çox sərfəlidir. «Türkiyəyə qaz tədarükündə bizim də payımızın olması çox vacibdir. Çünki bu bazarda qazın qiyməti Avropadakından yüksəkdir və bu, Azərbaycana sabit gəlir vəd edir», - deyə G.Rzayeva bildirib.

Bu gün Azərbaycan Rusiya və İranla birlikdə, Türkiyəyə qaz tədarük edən ilk üçlükdə yer alır. Xatırladaq ki, «Şahdəniz» yatağının işlənməsinin birinci mərhələsi çərçivəsində qardaş ölkəyə «mavi yanacaq» 2007-ci ildən nəql olunur (maksimum ilə 6,6 milyard kubmetr).

 

Qaz var və daha çox olacaq

Bəs, Azərbaycan qazı bu qədər miqyaslı layihə üçün kifayətdirmi?

Prezident İlham Əliyevin sözlərinə görə, Azərbaycanın təsdiqlənmiş qaz ehtiyatı 2,6 trilyon kubmetrdir. «Əminəm ki, bundan böyük həcmdə resurslarımız var. Gələcək kəşfiyyat və istismar işləri əminəm ki, bunu təsdiqləyəcək», - deyə o, qeyd edib.

SOCAR prezidenti Rövnəq Abdullayev isə deyib ki, «Şahdəniz» yatağının işlənməsinin 2-ci mərhələsilə yanaşı, «Ümid-Babək» blokunun və «Abşeron» yatağının işlənməsi də növbədədir. «Bu günədək hasil etdiyimiz həcm kifayət edib və onu artırmağa ehtiyac olmayıb. CQD-nin istismara verilməsilə isə qaz hasilatında ciddi artım gözlənilir», - deyə R.Abdullayev vurğulayıb.

SOCAR-ın Xəzərin Azərbaycan sektorunda yerləşən «Şəfəq-Asiman» perspektiv strukturunda aparılacaq kəşfiyyat qazma işlərindən də gözləntisi böyükdür. Orada ilk kəşfiyyat quyusunun qazılmasına 2019-cu ildə başlanacaq. Bundan başqa, «BP»nin rəhbərliyilə «Azəri-Çıraq-Günəşli» yataqlar blokunun qaz ehtiyatlarının hasilatı da gözlənilir.

Ümumilikdə, ekspertlər Azərbaycanın qaz hasilatında piki 2021-2027-ci illərdə yaşayacağını proqnozlaşdırır. Proqnozlara görə, 2017-ci ildə ildə 28 milyard kubmetr təşkil etmiş hasilat həcmi həmin dövrdə, təxminən, 50 milyard kubmetrə çatacaq.

«Azərbaycanda və CQD-nin işə düşməsində maraqlı olan ölkələrdə çox sayda qaz mənbəyinin olması bu qaz kəmərinin daha da genişləndirilməsinə investisiya qoyulacağına zəmanət verir», - deyə G.Rzayeva qeyd edib.

Məsələ ondadır ki, Azərbaycan mənbələrilə yanaşı, CQD-yə qonşu ölkələrin şirkətləri də çoxdan maraq göstərir. Məsələn, Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun sözlərinə görə, perspektivdə Türkmənistan, İraq və İran qazının TANAP-la nəqli məsələsinə baxıla bilər.

Azərbaycanın energetika naziri Pərviz Şahbazov da Bakının türkmən qazının CQD ilə daşınması məsələsində Türkmənistanda əməkdaşlığa hazır olduğunu söyləyib: «Türkmənistan CQD-yə maraq göstərir. Azərbaycan da öz tərəfindən, Aşqabadla bu istiqamətdə əməkdaşlığa hazır olduğunu çoxdan bəyan edib. Bu nəqlin həyata keçirilməsi üçün bizim texniki imkanlarımız da var, siyasi iradəmiz də. Odur ki, Türkmənistan bu istiqamətdə konkret addımlar atmaq qərarına gələrsə, bu, tamamilə mümkündür və biz əməkdaşlığa hazırıq».

Başqa sözlə, CQD uzaq və uğurlu perspektivə, genişlənməyə, çoxtərəfli işgüzar tərəfdaşlığa və təmiz biznesə hesablanmış layihədir. Məhz Azərbaycanın bu sahədəki layiqli təcrübəsi belə miqyaslı ideyaların həyata keçirilməsi və davam etdirilməsinin qarantıdır.



MƏSLƏHƏT GÖR:

330