27 Aprel 2024

Şənbə, 08:43

“QƏLBİN SƏSİ”

Leypsiqdən olan qadın kvintetinin Bakı konserti tamaşaçıları baş verənlərin iştirakçısına çevirib

Müəllif:

01.07.2018

 

Bakıda, Kapelhausda (kamera orqan musiqisi zalında) Alman Mədəniyyəti Mərkəzinin dəstəyi ilə Azərbaycan-Alman Dostluq Mərkəzinin keçirdiyi mədəniyyət tədbirlərinə getmək xoş bir ənənəyə çevrilir. Bu tədbirlər yetərincə rəngarəngdir və maraqları müxtəlif incəsənət növlərinə və janrlarına bağlı olan bakılılara Almaniyada çağdaş incəsənətin necə inkişaf etməsi barədə məlumat almaqda yardımçı olur.

 

Virtuozlar

Bu dəfə izləyiciləri vokal ifa incəsənəti ilə «Själ» qadın kvinteti sevindirdi, adı İsveç dilindən tərcümədə «ruh» deməkdir. Ad Leypsiqdən olan vokalistlərin əzəmətlə nümayiş etdirdikləri qeyri-adi ahəngdar və şövqlü ifaya tamamilə uyğun gəlir.  

2005-ci ildə onlar ilk konsertlərini veriblər və həmin konsert kvintetin parlaq gələcəyi barədə əminliklə öncədən danışmağa imkan yaradıb. Həmin vaxtdan başlayaraq ansambl dünyanın müxtəlif ölkələrində konsert verib, dəfələrlə beynəlxalq musiqi festivallarının iştirakçısı olub və nüfuzlu mükafatlar qazanıb, yerlər tutub. Kollektivin yaradıcılıq həyatı həm də sülh fəaliyyəti ilə bağlıdır, bu çərçivədə kvintet İsrail, Fələstin və İordaniyada seminar və konsertlər veriblər, 2016-cı ildən isə vokalist qızlar valideynsiz qalmış yetim uşaqların dəstəklənməsi üzrə SOS beynəlxalq xeyriyyə təşkilatının elçiləri seçiliblər.  

Azərbaycana ilk dəfə gələn, XX və XXI əsr Avropa şair və bəstəkarlarının əsərlərindən ibarət 14 nömrədən ibarət konsert proqramını virtuoz şəkildə tam ifa edən vokalist qızlar həvəslə bildiriblər ki, Bakı dinləyici auditoriyası klassik və caz repertuarını qavramaq üçün gözəl hazırlığa malikdir. Nömrələri musiqi müşayiəti olmadan ifa edən qızlar ara-sıra zalla açıq dialoqa girirdilər, bu zaman «şparqalka»dan istifadə edərək cidd-cəhdlə Azərbaycan dilində salam da verməyə çalışırdılar. Mətni, demək olar ki, qüsursuz oxuduqlarına görə zalı heyrətləndirirdilər: intonasiya və vurğular tamamilə orfoepiya qaydalarına uyğun gəlirdi.  

 

Silinməz təəssürat  

Konsert gözlənilmədən başladı. Daha doğrusu, adi qaydada başlamadı: alışdığımız stereotip olmadı, yəni aparıcı çıxıb kollektivi təqdim edib konsert proqramının nömrələrini elan etmədi. Qızlar səhnə arxasından gəlmədilər. Qapıdan keçərək Kirxada ideal səs rezonansı yaradan nöqtəni tapdılar və cərgələr arasında dayanaraq ilk olaraq “Veni Creator Spiritus”u oxudular (mətn - Martin Luther, 1524, musiqi - Kempten). Sonra zal onları alqışlayan zaman onlar səhnəyə qalxdılar, kamertonun vasitəsi ilə səslənmə yüksəkliyini müəyyən edərək növbəti nömrəni ifa etdilər. İfa başa çatdıqdan sonra «şparqalka»dan istifadə edərək zala Azərbaycan dilində müraciət etdilər, öz kollektivləri barədə qısa məlumat verdilər, həm də Bakı şəhərinin, artıq tanış olub dostlaşdıqları insanları onlarda necə unudulmaz təəssürat yaratması barədə fikirlər bölüşdülər. Konsertin finalında isə artıq ingilis dilində izləyici zalından aldıqları təəssüratlardan danışdılar. İfaçı qızların fikrincə, bizim auditoriya «çox peşəkar, anlayışlı və emossional» olub. Xüsusi qeyd ediblər ki, bizim izləyici kimi auditoriya üçün oxumaq sevinc bəxş edir. Çünki izləycilərin gözləri və emosiyaları, onların alqışları ilə birgə yaradıcılıq sevinci bəxş edib.  

 

Akademik formadan kənarda  

Bir saatdan artıq çəkən konsert boyunca vokalçı qızlar ən əlverişli akustik ahəngdarlıq üçün gah zala enir, gah da səhnəyə qayıdırdılar. Səhnədə isə onlar gah üzü zala tərəf bir xətt üzərində düzülürdülər, gah «quş» şəkli, gah da yarımdairə şəkli yaradırdılar. Kamertonun səs kökləməsi ilə müşayiət olunan bu zərif yerdəyişmədə akademik forma çərçivəsindən məhrum, kənara çıxan nəsə vardı, amma bununla belə, hər şey hər saniyəsinə, hər anına kimi dəqiq biçimlənmişdi!  

Elə burada, elə indi - Kirxa zalında çox sayda heyran izləyicilərin iştirakı ilə yaranan İncəsənətə aidiyyət hissi ortaya çıxırdı. Onlar - izləyicilər gerçək İncəsənətin dəyərini bilərək, ifa olunan hər bir nömrəni sürəkli alqışlarla qarşılayırdılar. Yüz il qabaq olsaydı «fora!» qışqırıb ifaçı qızları sonrakı çıxışlara həvəsləndirərdilər. Bu gün isə ucadan səslənərək heyranlıq bildirmək, peşəkarlığı, yüksək səviyyəli artistizmi etiraf etmək qəbul ediləndir. Konsert boyu tez-tez «bravo!» səslənirdi.  

Konsert başa çatandan sonra isə izləycilər uzun müddət zalı tərk etmək istəmədilər, elə artistlər də səhnə arxasında gizlənməyə tələsmədilər - gizlədilməyən heyranlıq və sevinc, ünsiyyəti davam etdirmək istəyi yalnız bu gün rituala çevrilmiş selfi istəyi ilə deyil, həm də bir-birləri ilə ürəkdən ünsiyyət istəyi ilə bağlı idi. Məlum oldu ki, hətta dili bilmədən də həzz alaraq ünsiyyət qurmaq, uzun müddət danışmaq və ən qəribəsi hətta tərcüməçisiz bir-birini anlamaq mümkündür.

İki qadın təsadüfən dinlədiyimiz söhbətlərində deyirdilər ki, «belə tədbirlərə, istənilən halda, Bakının şəkilləri olan açıqcalar və ya maqnitli lövhələr gətirmək lazımdır». Təbii ki, bu, izləyicilərin konsert zamanı ifaçılardan aldıqları duyğulara əvəz olaraq sevinc bəxş etmək istəyi ilə bağlı idi. Bir şeyi xatırlamaq yerinə düşər: bir dəfə uşaq tamaşasında olmuş rusiyalı jurnalist qadın heyrətə gəlir ki, balaca uşaqlar konsertin sonunda xoşlarına gəlmiş qəhrəmana gül vermək üçün sevinclə səhnəyə qaçırlar. Məhz qəhrəmana! Çünki uşaqlar qəhrəmanı artistdən ayırd etməyi bacarırlar, seçim edəndən sonra, bir qayda olaraq, çiçəkləri müsbət qəhrəmanlara verirlər. Burada ifaçılar özləri «müsbət» qəhrəmanlar idi. O cümlədən, bu iki bakılı xanım.

 



MƏSLƏHƏT GÖR:

348