26 Aprel 2024

Cümə, 23:13

YENİ ADA DÖVLƏTİ?

Əvvəlki uğursuzluqlara baxmayaraq, qonşuları Qətəri təcrid etmək siyasətini davam etdirir

Müəllif:

01.07.2018

Səudiyyə Ərəbistanı (SƏ), BƏƏ, Bəhreyn və Misirin son zamanlaradək müttəfiq olduqları Qətərlə qarşıdurmasının ildönümü gərginliyin son dərəcə artması ilə yadda qalıb. Ola bilsin ki, bu, münaqişənin təşəbbüskarı və əsas hərəkətverici qüvvəsi olan SƏ-nin hadisələri sürətləndirməyə ehtiyac duyması ilə bağlıdır.

Bu, həm də İranın getdikcə ərəb qarşıdurmasının şəksiz benefisiarına çevrildiyindən narahat olan ABŞ-ın təzyiqlərinin nəticəsidir.

«Reuters» xəbər verir ki, ABŞ prezidenti Donald Tramp SƏ kralı Salman əl-Səud ilə apreldə apardığı telefon danışığında onu yüksək səs tonu ilə Doha ilə münasibətləri bərpa etməyə çağırıb. SƏ və BƏƏ-nin Qətərlə düşmənçiliyinin mənasız olduğunu deyən Tramp böhranın həlli üçün ona 3 həftə vaxt verib.

Ər-Riyad isə deyilən 3 həftənin başa çatmasından sonra ABŞ prezidentinə qarşı əks tələb irəli sürüb - o, Qətəri… ada dövlətinə çevirəcək su kanalının tikintisi üçün tenderin keçirilməsi təşəbbüsü ilə çıxış edib.

Tender iyunun 25-də başa çatıb. 3 ay sonra elan edilməli olan qalib 1 il ərzinldə 60 kilometr uzunluğunda, 200 metr enində kanal qazmalı, bununla da, Ərəbistan yarımadasını Qətərin yerləşdiyi ərazidən ayırmalıdır.

Amma bu da son deyil. Adada Səudiyyə Ərəbistanının ərazisi də olacaq (kanal boyunca 1 kilometr enində). Burada Ər-Riyad hərbi bazalarını yerləşdirəcək və… radioaktiv tullantıların saxlanacağı anbar tikəcək.

 

13 tələb

Ötən ilin mayında Donald Trampın Ər-Riyadda regional liderlərin görüşünə qatıldığı vaxt Səudiyyə Ərəbistanı düşünürdü ki, onu Qətərin beynəlxalq terrorçuluğu maliyyələşdirdiyinə, Fars körfəzinin ərəb dövlətlərinin daxili işlərinə qarışdığına, bu üzdən də Dohanın cəzalandırılmasının vacibliyinə inandıra bilib. Görüşdən bir neçə həftə sonra isə bir sıra ərəb ölkəsinin dəstəyini alan Ər-Riyad Doha ilə diplomatik və iqtisadi əlaqələri kəsib. Eyni vaxta Qətərlə quru sərhədi də bağlanıb. Halbuki Doha xaricdən gətirilən ərzaq məhsullarının 80%-i məhz bu sərhəddən keçirirdi.

Səudiyyə Ərəbistanı ilə eyni vaxtda BƏƏ-nin ticarət limanları da Qətərin üzünə bağlanıb (Qətərin öz limanları, hələ ki, ağırtonnajlı gəmiləri qəbul etmək iqtidarında deyil). «Qatar Airways» aviaşirkətinə isə Bəhreyn, SƏ və BƏƏ-nin aeroportları və hava məkanından istifadə qadağan olunub.

Bütün bunların ardınca Dohaya 13 tələb irəli sürülüb. Üstəlik, tələblər elə formada irəli sürülüb ki, qarşıdurma istəyini, hətta güc tətbiqinin istisna olmadığını görməmək mümkün deyildi. Bəzi məlumatlara görə, o zaman silahlı qarşıdurmadan yalnız Küveyt əmirinin vasitəçiliyi sayəsində qaçmaq mümkün olmuşdu.

Maraqlıdır ki, əvvəlcə Qətərə qarşı qurulan koalisiyaya Tramp da dəstək vermişdi. «Səudiyyə Ərəbistanına səfərimin, kral və daha 50 dövlət nümayəndələrilə görüşlərimin artıq nəticələr verdiyini görmək xoşdur. Onlar ekstremizmin maliyyələşdirilməsinə qarşı sərt mövqedə olduqlarını dedi və hamısı Qətəri nişan verdi. Bəlkə də, bu, terror dəhşətinin sonunun başlanğıcıdır!» - deyə Ağ Ev sahibi o vaxt «Twitter» səhifəsində yazmışdı. Bir neçə gün sonra isə Tramp daha sərt danışmışdı: «Təəssüf ki, Qətər tarixən terrorçuluğu ən yüksək səviyyədə maliyyələşdirən dövlət olub».

Əslində isə Fars körfəzi ölkələrindən hansının terroru dəstəkləyib, hansının dəstəkləmədiyini demək asan məsələ deyil. Bu işə onların hər birinin müxtəlif səviyyələrdə aidiyyəti var. Bu üzdən də, Trampın bəyanatları, xüsusilə də Amerikanın müttəfiqi olan ölkələr arasında qarşıdurmanın güclənməsində özünündə rol oynadığı haqda etirafları o qədər də düşünülmüş açıqlama təsiri bağışlamır. Üstəlik, Qətərdə ABŞ-ın hərbi bazası və Mərkəzi Komandanlığının qərargahı var. Dövlət katibi Rekst Tillersonun dərhal Dohaya yollanaraq müttəfiqlik bağlarının sarsılmaz olduğunu bəyan etməsi də bununla bağlı idi. Dövlət katibi ilə qətərli həmkarı vəziyyəti düzəltmək məqsədilə terrorçuluqla birgə mübarizəyə dair saziş də imzalayıblar. Lakin bu, blokada müəlliflərində xüsusi təəssürat yaratmayıb.

Lakin tədricən Donald Trampın da münaqişə ilə bağlı ritorikası dəyişməyə başlayıb. Bu ilin aprelində isə o, Ağ Evdə Qətər əmiri ilə görüşərək qonağı «dost» və «səmimi centlmen» adlandırıb.

 

Ciddi effekt yoxdur

Hadisələrdən bir il sonra BVF Qətərin blokadasının ciddi effekt vermədiyini, ölkədə iqtisadi inkişafın sabit qaldığını etiraf edib. Ötən il 2,1% təşkil etmiş iqtisadi inkişafın bu il 2,6% olacağı gözlənilir.

Blokada Qətərin öz bazarını xarici investisiyalara açması ilə nəticələnib. İslahatlar xaricilərə Əmirlikdə daşınmaz əmlak almaq, yerli tərəfdaşların iştirakı olmadan şirkət açmaq icazəsini, həmçinin digər imtiyazları nəzərdə tutur. Qətər əmiri əl-Taninin təşəbbüsü olan ərzaq təhlükəsizliyi proqramı isə əhali arasında vətənpərvərlik ruhunu yüksəldib və əmirin populyarlığını artırıb.

 

Qarışıqlıq

Qətərin blokadası ilə Yaxın Şərqdə maraqlar yumağı daha da dolaşıb. Səudiyyə Ərəbistanının gənc vəliəhdi Məhəmməd inadkar Qətərə qarşı hədələr kombinasiyasını düşünən zaman onun mümkün fəsadlarını düz hesablaya bilməyib. Yaxın perspektivdə o, burdan, məsələn, ölkə daxilindəki opponentlərini zərərsizləşdirmək üçün (Qətər kartından istifadə etməklə) faydalanıb. Lakin əvəzində ümumilikdə regionda vəziyyət daha da qəlizləşib.

Səudiyyə Ərəbistanının yalnız Ərəbistan yarımadasında deyil, bütünlükdə ərəb dünyasında lider mövqeyini gücləndirmək arzusunda olan şahzadə hələlik yalnız Fars Körfəzi Ölkələrinin Əməkdaşlıq Şurası (GCC) və 39 islam ölkəsini özündə birləşdirən hərbi koalisiyada (IMAFT) parçalanmaya nail olub. Məsələn, Küveytlə Oman Qətərə qarşı koalisiyanı dəstəkləməyərək, əksinə, Dohaya problemlərin həllində yardım göstərməyi lazım bilib. IMAFT üzvlərinin əksəriyyəti Doha ilə münasibətləri kəsməkdən imtina edib.

İranla Türkiyə isə Qətər ətrafındakı böhrandan regional nüfuzlarının artırılmasında yararlanmaq şansını əldən verməyib.

Blokadanın əsas məqsədlərindən biri də Qətəri İranla siyasi və iqtisadi əməkdaşlığı dayandırmağa məcbur etməkdir. Lakin iş elə gətirib ki, əvvəllər İranla «ərəb həmrəyliyi» üzündən Tehranla o qədər də sıx münasibətdə olmayan Doha, ötən il ərzində onunla möhkəm hərtərəfli (təhlükəsizlik sahəsi də daxil olmaqla) münasibətlər qurub.

Bu günlərdə isə Qətər boykot şəraitində ona göstərdiyi dəstəyə görə İrana təşəkkür edib, Tehranla uzunmüddətli əməkdaşlıq etmək niyyətini dilə gətirib. «Biz Tehranla münasibətlərimizi bütün istiqamətlərdə inkişaf etdirmək niyyətindəyik. Biz qardaş İran dövləti və xalqının Qətərin blokadası ilə bağlı göstərdiyi mövqeyi yüksək qiymətləndiririk. Doha bunu heç vaxt unutmayacaq», - deyə Qətər əmiri əl-Tani İran prezidenti Həsən Ruhani ilə telefon danışığı zamanı bildirib.

Bu, Amerikanın İranla əməkdaşlıq edən dövlət və şirkətlərə yeni sanksiyalar tətbiq edəcəyinin deyildiyi vaxtda kifayət qədər cəsarətli gedişdir.

Daha bir tələb Türkiyənin Doha yaxınlığındakı hərbi bazasının bağlanması ilə bağlıdır. Ankara ilə IMAFT çərçivəsində müttəfiq olmalarına baxmayaraq, Səudiyyə Ərəbistanı Türkiyənin islam dünyasındakı lider rolunu qəbul edə bilmir. Tərəflər arasında rəsmi səviyyədə açıq qarşıdurma yoxdur. Lakin ən azı ötən ilin payızında sosial şəbəkələrdə türk məhsullarına boykot elan olunması münasibətlərin vəziyyətini ortaya qoyur.

Qətərə qarşı birləşmiş koalisiya daxilində də her şey ideal deyil. Məsələn, Bəhreynlə bağlı narahatlıq var. Bu ölkənin şiə çoxluğu hakimiyyətdə olmasa da, İrana böyük simpatiya bəsləyir.

 

Siyasət bir sənətdir

Səudiyyə Ərəbistanının son zamanlar üzləşdiyi bir sıra xarici siyasi uğursuzluğun ardından (məsələn, Yəməndə bitmək bilməyən müharibə, Suriya və Livana nəzarətin itirilməsi, Qətərin blokadasının iflasa uğraması) regional lider mövqeyinin zəifləməsi vəliəhd şahzadəni hətta imicinin korlanması hesabına belə olsa, sərt tədbirlər görməyə vadar edir. Qətərlə sərhəddə su kanalının tikintisi ideyası da, yəqin ki, bununla bağlıdır. Artıq yeni kanalın ətrafında kurortlar salınacağı, hotellər tikiləcəyi, çimərliklər salınacağı, yaxtaların yan alması üçün zonalar yaradılacağına dair vədlər də verilir. Lakin bütün bunların yaxınlıqdakı nüvə tullantıları fonunda necə görünəcəyi haqda düşünən yoxdur.

Digər münaqişə tərəfində Qətərin münaqişə, qisas istəmədiyini, hədəyə yol verilmədən bərabərhüquqlu dialoqa hazır olduğunu durmadan dilə gətirən əmir əl-Taninin ölçülüb-biçilmiş siyasəti sayəsində sabitlik hökm sürür. Üstəlik, bütün bunlar onun öz ölkəsini, xalqını sərt blokadadan xilas etmək üçün sözün əsl mənasında qəhrəmancasına atdığı addımlar fonunda baş verir.

Bu siyasətin nə qədər uğurlu olduğu BMT-nin İnsan haqları komissiyasının bu yaxınlarda açıqlanmış məruzəsində də əksini tapıb. Sənəd ərəb dövlətlərindən ibarət «dördlüyü» Qətər xalqına qarşı «ayrı-seçkilikdə, əsaslandırılmamış iqtisadi müharibədə» təqsirləndirir.

Bütün bunların fonunda Qətər dünyanın əksər ölkəsi tərəfindən terror təşkilatı kimi tanınan «Müsəlman qardaşlar»a dəstəyi də dayandırmır, ABŞ-ın sanksiyalarla hədələdiyi İranla əməkdaşlıqdan imtina etmir, Türkiyə ilə münasibətləri inkişaf etdirir. Bununla yanaşı, Doha ABŞ-ın «Qətərin ərazi bütövlüyünə yaranacaq istənilən təhlükənin önlənməsində birgə addımların atılması» kimi öhdəlik götürməsinə də nail olub…

Bir sözlə, Qətər blokadada olduğu bir ildə çox şeyə nail olub. Onun ada dövləti olmaq perspektivini də öz xeyrinə çevirəcəyi istisna deyil.

«Siyasət mümkünsüzləri mümkün etmək sənətidir», - deyə Çexoslovakiyanın sonuncu prezidenti Vatslav Qavel bildirirdi. Qətər bunu təcrübədə sübut edir.



MƏSLƏHƏT GÖR:

351