8 May 2024

Çərşənbə, 20:52

BÖYÜK NAİLİYYƏT

Bu, Ərdoğanın və onun siyasi təşəbbüslərinin seçicilərin yarısının dəstəyini qazandığı 9-cu səsvermədir

Müəllif:

01.07.2018

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dövlət başçısı postuna keçirilən son seçkidə seçicilərin 52,5%-nin səsini toplayaraq, ilk turda qələbə qazanıb. Bununla da, o, yeni hökumət sistemində ilk Türkiyə prezidenti olub.

Seçkidə Ərdoğanın əsas rəqibi, Cümhuriyyət Xalq Partiyasının (CXP) namizədi Mühərrəm İncə 30,6, kürdpərəst Xalqların Demokratik Partiyasının (XDP) lideri Səlahəddin Dəmirtaş 8,3%, Yaxşı Partiyanın (YP) namizədi Meral Aşkener isə 7,3% səs qazanıb. Beləliklə, seçkinin əsas nəticəsi ölkədə 1923-cü ildən qüvvədə olan parlament idarəçiliyindən prezident üsul-idarəsinə keçid olub. R.T.Ərdoğan yeni sistemdə ölkənin ilk prezidenti kimi tarixə düşüb.

 

Niyə növbədənkənar?

Türkiyə 2016-cı il iyulun 15-də üzləşdiyi dövlət çevrilişi cəhdindən sonra, təxminən, 2 ildir ki, Fətullah Gülənin FETÖ terror təşkilatı və etnik-separatçı Kürd Fəhlə Partiyası (PKK) ilə istər ölkə daxilində, istərsə də xaricdə mübarizə aparmaqdadır.

2016-2017-ci illərdə ölkə iqtisadiyyatında artım müvafiq olaraq 4,0 və 2,9% təşkil edib. Halbuki belə miqyaslı dövlət üçün bu göstərici 5% civarında olmalıdır. 2017-ci ildə ölkənin ticarət balansında kəsir 77 milyard dollar olub. İqtisadi şərtlər növbədənkənar prezident seçkisinin elan olunmasının əsas səbəblərindəndir.

Türkiyənin FETÖ və PKK-ya qarşı gördüyü antiterror tədbirləri ölkəyə xarici təzyiqləri də gündən-günə gücləndirirdi. Bütün bunların fonunda iyunun 24-nə növbədənkənar seçkinin təyin olunmasının daha bir səbəbi R.T.Ərdoğanın sözügedən terror təşkilatları ilə mübarizəsinin xalq tərəfindən nə qədər dəstəkləndiyini bilmək istəyi idi.

Hakim Ədalət və İnkişaf Partiyası (ƏİP) ilə yanaşı, növbədənkənar seçkinin keçirilməsində əsas rol oynamış Millətçi Hərəkat Partiyası (MHP) da 2017-ci ildə ciddi daxili böhran yaşamışdı. Nəticədə, Türkiyənin bir sıra iri şəhərlərinin bələdiyyə başçıları ilə MHP-nin bir qrup keçmiş üzvü bir araya gələrək Yaxşı Partiya adlı yeni siyasi təşkilat yaratmışdılar. Bununla əlaqədar olaraq, növbədənkənar seçki həm ƏİP, həm də CXP-nin heyətinin yenilənməsi üçün yaxşı alət sayıla bilərdi.

 

Müxalifətin mövqeyi

Ölkənin əsas müxalifət partiyası olan CXP hakim partiyanın növbədənkənar seçki elan etməsini özünəməxsus çağırış kimi qəbul etsə də, əvvəlki seçkilərdə olduğu kimi, bu dəfə də prosesə bayağı yanlışlıqla başladı - prezidentliyə namizədinin adını kifayət qədər gec açıqladı. CXP namizədinin Mühərrəm İncə olduğunu bütün digər partiyaların namizədlərini irəli sürməsindən sonra elan etdi. M.İncə kifayət qədər yüksək və gözlənilməz fəallıq nümayiş etdirsə də, bu, aşkar nöqsan idi.

Yaxşı Partiyaya gəlincə, o, Meral Akşener tərəfindən (keçmiş MHP üzvü) MHP sədri Dövlət Baxçalının yerinə keçmək cəhdinin uğursuzluğa düçar olmasından sonra yaradılıb. Akşener prezidentliyə öz namizədliyini irəli sürməklə, yarışa CXP ilə Yaxşı Partiyanın vahid namizədi kimi, sabiq prezident Abdullah Güllə gedilməsinin qarşısını alıb.

Beləliklə, CXP, Səadət Partiyası və Yaxşı Partiya seçkiyə qatılmaq üçün Milli Alyans yaratmışdı. Onlar aralarında ikinci tura yüksələcək namizədi dəstəkləyəcəklərinə dair razılıq da əldə etmişdilər.

XDP isə Səlahəddin Dəmirtaşı prezidentliyə namizəd göstərmiş, lakin partiyanın özü nə Milli Alyansa, nə də ƏİP, CXP və Böyük Birlik Partiyasının (BBP) yaratdığı Xalq Alyansına qəbul olunmuşdu.

 

İkinci tur gözləntisi

Seçki prosesinin gedişində ƏİP prezident seçkisinin ilk turdaca yekunlaşacağını dəfələrlə bəyan etmişdi. Müxalifət isə bunu demək olar ki, mümkünsüz sayırdı. Müxalifətçilər hesab edirdilər ki, hər partiya seçkiyə öz namizədi ilə qatıldığından, məsələni ilk turda bitirmək çətin olacaq. Bununla yanaşı, onlar 2014-cü ildə keçirilmiş seçkini də nümunə göstərirdilər. O zaman Ekmələddin İhsanoğlu bir neçə partiyanın vahid namizədi kimi qatıldığı seçkidə 39% səslə faktiki olaraq, ikinci yeri tutmuşdu.

2014-cü ildə seçkiyə CXP ilə birlikdə qatılmış MHP isə bu dəfə prosesə Xalq Alyasında ƏİP-lə birgə qoşulmuşdu. Hər iki partiyanın (ƏİP və MHP) seçiciləri «etibarsız» olduğundan, Xalq Alyansının «kənar» seçicilərin dəstəyini qazana bilib-bilməyəcəyinə dair diskussiyalar səngimək bilmirdi.

 

Parlament seçkisi

Prezident seçkisilə paralel parlament seçkisinin də keçirilməsi Xalq Alyansında yer alan partiyaları seçki prosesində fəal iştiraka daha çox həvəsləndirirdi. Nəticədə, parlament seçkisinin nəticəsinə görə, ƏİP ilə MHP (Xalq Alyansı) müvafiq olaraq 42,56% (295 deputat) və 11,10% (49 deputat) səs yığıb. CXP, YP və SP isə (Milli Alyans) müvafiq olaraq 22,64 (146), 9,9 (43) və 1,35% səs qazana bilib.

Göründüyü kimi, ƏİP parlamentdə təkbaşına çoxluq qazana bilməyib. Başqa sözlə, bu şəraitdə MHP onun fəaliyyətində aparıcı rol oynaya bilər. Şübhəsiz ki, sonuncuların seçki kampaniyası zamanı verdiyi əsas vəd məhbuslara ümumi amnistiyanın veriləcəyilə bağlıdır. Onun yeni parlamentdəki «rolu» da bu vədini yerinə yetirib-yetirməyəcəyindən asılı olacaq.

Büdcənin formalaşdırılmasında da ƏİP MHP ilə birgə işləməlidir. Əks təqdirdə, o, büdcə layihəsini parlamentdən keçirə bilməyəcək. Beləliklə, görünən odur ki, Türkiyə parlamentinin fəaliyyəti bundan sonra da ƏİP-MHP koalisiyasının iradəsindən və birgə qərarlarından asılı olacaq. Bu kontekstdə ƏİP-MHP parlament alyansının perspektivi həm də ikincinin hökumətdə nazir postları istəyib-istəməyəcəyinə bağlıdır. CXP nazirliklərdə məsul vəzifələri tutmaq təklifini qəbul edərsə, bu, alyansı daha da gücləndirəcək.

 

Seçkidən sonrakı xarici siyasət

YP ilə MHP Türkiyənin sağ-millətçi dairələrini təmsil edir. İki partiyanın ümumi seçici baxası, təxminən, 21% təşkil edir. Nəzərə alsaq ki, ƏİP-MHP ittifaqı qarşıdakı 5 ildə də mövcud olacaq, Ankaranın xarici siyasətində də millətçi ritorikanın yer alacağını düşünmək olar. Prezident R.T.Ərdoğan bildirib ki, Avropa İttifaqı ilə iş Nazirliyi Xarici İşlər Nazirliyilə birləşdirilir. Bu, Türkiyə ilə Aİ arasında xüsusi ikitərəfli münasibətlərin sona çatdığı anlamına gəlir. Güman ki, növbəti 5 ildə Ankara-Aİ münasibətləri o qədər də sıx olmayacaq. Başqa sözlə, Aİ Türkiyədə müsbət addımları yalnız o halda gözləyə bilər ki, özü Ankaraya tərəf adekvat addımlar atsın. Bütün digər variantlarda münasibətlərin inkişaf etmə ehtimalı çox azdır.

Türkiyənin Suriya və İranla münasibətləri zaman-zaman gərginləşə bilər. Çünki hər iki ölkədə terror təşkilatları kifayət qədər fəaldır. Əvəzində, Ərdoğanın yeni prezidentliyi dönəmində Ankara-Tehran münasibətlərində yaxınlaşma mümkündür. Yeri gəlmişkən, İran prezidenti Həsən Ruhani Azərbaycanın dövlət başçısı İlham Əliyevlə birlikdə Ərdoğanı qələbə münasibətilə ilk təbrik edənlərdəndir. Türkiyə prezidentinin seçkidən sonrakı ilk rəsmi səfərinisə ya Şimali Kiprə, ya da Azərbaycana edəcəyi gözlənilir.

Regional hadisələr və prezident Ərdoğanın bəyanatları fonunda Türkiyə-Rusiya münasibətərinin də artan xətt üzrə inkişaf edəcəyini söyləmək olar. Məsələn, Ankaranın Rusiyadan S-300 zenit-raket kompleksləri alması buna təkan olacaq. Bundan başqa, rusların Türkiyə ərazisində atom elektrik stansiyaları tikməsi də gündəmdədir.

Türkiyə-ABŞ münasibətlərinə gəlincə, hazırda tərəflər arasında müşahidə olunan qarşılıqlı inamsızlıq bundan sonra da davam edə bilər. Xüsusilə ABŞ-ın FETÖ terror təşkilatının lideri Fətullah Güləni Türkiyəyə ekstradisiya etməkdən boyun qaçırması iki ölkə münasibətlərini daha da korlayacaq. Türkiyə-Amerika münasibətlərində daha bir həlledici amil Birləşmiş Ştatların Suriyanın gələcəyinə dair mövqeyidir. Başqa sözlə, bu ölkələr arasında münasibət ABŞ-ın bundan sonra da PKK-nın regiondakı qəyyumu olan PYD-yə dəstək verib-verməyəcəyindən asılıdır.

Bütün sadalananları nəzərə alaraq güman etmək olar ki, qarşıdakı 5 ildə Türkiyə praqmatik yanaşmaya əsaslanan real xarici siyasət yürüdəcək.

 

Və sonda…

Gözlənildiyi kimi, R.T.Ərdoğan iyunun 24-də keçirilmiş prezident seçkisinin ilk turundaca inamlı qələbə qazanıb. Aydındır ki, «köhnə-yeni prezident»in gündəmində əsas yeri iqtisadi problemlər tutacaq. Bununla yanaşı, dünya birliyi yeni prezidentin xarici siyasətdə atacağı addımları da diqqətlə izləyəcək.

Seçkidə məğlub tərəf isə CXP-dir. Partiyanın namizədi Mühərrəm İncənin qazandığı əlavə səslərin CXP daxilində liderlik debatlarını canlandıracağı istisna deyil. Qeyd etmək lazımdır ki, bu, Ərdoğanın qeyd-şərtsiz qələbə qazandığı sayca 9-cu seçkidir. Bu seçkilərin hər birində o, seçicilərin 40%-dən çoxunun dəstəyini əldə edib. Bu, cənab Ərdoğanın dahi siyasətçi olduğunun təsdiqidir. O, faktiki olaraq bütün seçkilərdə böhranlı vəziyyətdən öz xeyrinə yararlanmağı bacarıb. Müxalifətin psixoloji durumuna gəlincə, onun öz gücünə inamını necə itirdiyini görməmək mümkün deyil. Artıq CXP və İP daxilində partiya sədri postu uğrunda kəskin mübarizə müşahidə olunmaqdadır.



MƏSLƏHƏT GÖR:

384