26 Aprel 2024

Cümə, 04:36

DÖVLƏTÇİLİYİN ƏN VACİB ATRİBUTU

Vətənin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə ilə möhkəmlənmiş Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasına 100 il əvvəl başlanılıb

Müəllif:

01.07.2018

Miqyaslı siyasi təlatümlər, milli faciələr şəraitində yaradılmış Azərbaycan Demokratik Respublikası (ADR) yarandığı ilk gündən xalqın və dövlətin təhlükəsizliyi uğrunda mübarizə aparmaq, müxtəlif xarici təhlükələrə sinə gərmək məcburiyyətində qalmışdı. Bu mənada onun yaratdığı ən vacib dövlətçilik atributları arasında Milli Ordu xüsusi yer tutur. Məhz onun qəhrəmanlığı sayəsində 1918-1920-ci illərdə strateji əhəmiyyətli bir sıra işlərin öhdəsindən gəlinib. Beləliklə, müasir dövlətçiliyimizin tarixində ilk hərbi hissə düz 100 il əvvəl yaradılıb.

 

Azərbaycan korpusu və Göyçay uğrunda savaş

1918-ci il iyunun 26-da ADR hökuməti Rusiyanın Qərb cəbhəsinin 10-cu ordusunun sabiq komandanı, general-leytenant Əli ağa Şıxlinskinin rəhbərlik etdiyi Müsəlman korpusunun Əlahiddə Azərbaycan korpusuna çevrilməsi haqda qərar qəbul edib. Bununla da, Azərbaycan Silahlı Qüvvələrinin (SQ) əsasını qoymuş ilk hərbi hissə yaranıb.

Əlahiddə Azərbaycan korpusu Türkiyə-Azərbaycan birgə ordusu qismində çıxış edən Qafqaz İslam Ordusunun ADR-in paytaxtı Bakını və Bakı quberniyasını Bakı Soveti hakimiyyətindən azad etmək uğrunda savaşa başladığı bir vaxtda yaradılıb. Bu, ölkəmiz üçün həyati əhəmiyyətli hadisə idi. Çünki Stepan Şaumyanın başçılıq etdiyi daşnak-bolşevik rejimindən ibarət Bakı Soveti Bakı quberniyasını müstəqil Azərbaycandan qoparmağa çalışır, bu məqsədlə Azərbaycan Milli Hərəkatının sosial bazası olan Azərbaycan xalqına qarşı soyqırımı siyasəti aparırdı.

1918-ci il iyunun ortalarında ADR-in müvəqqəti paytaxtı elan olunmuş Gəncəyə hücuma keçən Bakı Soveti bir sıra hərbi uğurlar qazanıb. Daşnak-bolşevik ordusu cəbhənin Kürdəmir istiqamətində möhkəmlənib və Göyçaya doğru hərəkətə başlayıb. Belə olan təqdirdə, Nuru Paşanın başçılıq etdiyi Qafqaz İslam Ordusu cəbhəyə əlavə qüvvələr göndərib. İyunun 19-da dağ-artilleriya divizionuna malik 130-cu türk piyada polku Azərbaycana gəlib. Bununla eyni vaxtda Qafqaz İslam Ordusu Azərbaycanın hərbi dəstələrilə də möhkəmlənməyə başlayıb. Elə həmin gün - iyunun 19-da 600 azərbaycanlı əsgərdən ibarət dəstə cəbhəyə göndərilib. Bir qədər sonra isə onlara Azərbaycan könüllülərindən ibarət dəstə də qoşulub.

Beləliklə, əlavə dəstək alan Qafqaz İslam Ordusu əks-hücuma hazırlaşmağa başlayıb. 5-ci Osmanlı diviziyasının komandiri Mürsəl Paşa Nuru Paşaya hərbi dəstələrin Göyçaydan Bərdəyə göndərilməsini təklif edib. O, hesab edir ki, bu, düşmənə cinahlardan zərbə endirilməsi üçün vacibdir. Mürsəl Paşa Şəkidəki qoşun dəstələrinin 5-ci diviziyanın arxa cəbhəsinə çəkilməsi təklifilə də çıxış etmişdi. Nuru Paşa bu təklifi qəbul edib. Lakin əsas zərbənin endirilməsilə yanaşı, o, erməni silahlı dəstələrinin əsas hədəfinə çevrilmiş Şuşaya doğru hərəkətə keçilməsinə də qərar verib.

Tezliklə Ağsunun cənubunda döyüşlər başlayıb. İyunun 30-da Bakı Sovetinin qoşunları əvvəlki mövqeyinə - Göyçay yaxınlığındakı Qaraməryəm kəndinin şərqinə çəkilməyə məcbur olub. İyulun 1-də onların bir hissəsi Göyçaya soxulsa da, orada duruş gətirə bilməyib.

Qafqaz İslam Ordusunun Göyçay uğrundakı savaşda qalib gəlməsi Bakının azadlığı uğrunda müharibənin dönüş nöqtəsi olub. Bundan sonra strateji üstünlük Türkiyə-Azərbaycan qüvvələrinin əlinə keçib.

 

Bakının azad edilməsi

İyulun 7-dən Kürdəmir uğrunda döyüşlərə başlanıb. Belə savaşlardan birində düşmən Moskvadan gətirilmiş zirehli maşınları da döyüşə atsa da, türk artilleriyası onlardan 2-ni dərhal sıradan çıxarıb. İyulun 10-da isə Türkiyə və Azərbaycan əsgərləri Kürdəmiri azad edib.

Artıq Qafqaz İslam Ordusunun cəbhədəki mövqeyi fərqli idi: sol və sağ cinahlarda türklər, mərkəzdə - Kürdəmir istiqamətində isə polkovnik Həbib bəy Səlimovun başçılıq etdiyi Azərbaycan hərbçiləri işləyirdi. Kürdəmir və Hacıqabula qələbə gətirmiş hücumlara da məhz o rəhbərlik edib. Elə həmin cəbhədə Azərbaycanın 150 əsgərdən ibarət atlı dəstəsi də döyüşürdü. Kürdəmir və Hacıqabul uğrunda döyüşlərdə Azərbaycan hərbçiləri düşmənin 6 topunu, 18 pulemyotunu, həmçinin silah və döyüş sursatlarının olduğu böyük anbarlarını ələ keçirib.

Eyni vaxtda Şamaxı istiqamətində, Ağsu yaxınlığında, Meysari, Mədrəsə və Mərəzədə də döyüşlər gedirdi. İyulun 20-də Qafqaz İslam Ordusunun hissələri Şamaxını azad edib. Cəbhənin cənub hissəsində isə mayor Həmid bəyin başçılıq etdiyi türk hərbçiləri Bankə balıq vətəgələrini ələ keçirib.

Qafqaz İslam Ordusunun hərbi nailiyyətləri Bakı Soveti daxilində böhrana səbəb olub. Bolşeviklər sonradan daşnakların da qoşulduğu eserlərlə menşeviklərin təzyiqləri qarşısında geri çəkilməyə məcbur olub. Nəticədə, Sovetin 1918-ci il iyulun 25-də keçirilən iclasında türk-azərbaycanlı ordusunun qarşısının alınması üçün ingilis qoşunlarının Bakıya çağırılması haqda qərar çıxarılıb. Lakin Şaumyanın başçılıq etdiyi Bakı Soveti Xalq Komissarlığı bu qərara əməl etməkdən boyun qaçıraraq, səlahiyyətlərini dondurub. Bununla da, Bakıda hakimiyyət eser-menşevik-daşnak blokuna keçib. Onlar avqustun 1-də «Sentrokaspi və Fəhlə-əsgər deputatları Soveti Müvəqqəti Komitəsinin diktaturası» hökumətini elan edib. Elə həmin gün «Sentrokaspi Diktaturası» öz nümayəndələrini ingilislərin İrandakı komandanlığının qərargahına göndərib. Avqustun 4-də polkovnik Stoksun başçılıq etdiyi Britaniya hərbi dəstəsi Ənzəlidən hərbi nəqliyyatla Bakıya gəlib. Bir neçə gün sonra buraya general Denstervilin komandanlığı ilə Britaniya hərbi kontingenti də «təşrif buyurub».

Beləliklə, Qafqaz İslam Ordusunun qarşısına yeni maneə çıxıb. Lakin qəhrəman türk-azərbaycanlı qoşunu bu maneəni də aşıb və sentyabrın 15-də Bakı düşmənlərdən azad olunub. Bu, yeni yaranmaqda olan Azərbaycan Milli Ordusunun ən əhəmiyyətli uğurlarından biridir. O, bu nailiyyətləri mövcud olduğu ilk aylarda qardaş və müttəfiq Türkiyənin dəstəyilə qazanıb.

 

«Vətənin müdafiəsi hər bir azərbaycanlının müqəddəs borcudur»

Sonrakı aylarda hərb naziri Səməd bəy Mehmandarovun, Azərbaycan korpusunun komandiri Əli ağa Şıxlinskinin, Baş Qərargah rəisi Maqomet Sulkeviçin, Həbib bəy Səlimovun səylərilə Azərbaycanın minlərlə əsgər və zabitdən ibarət döyüş qabiliyyətli ordusu yaradılıb.

ADR-in mövcud olduğu illərdə Azərbaycanda piyada və süvari polkları, artilleriya briqadası və divizionları, həmçinin digər hərbi-texniki hissələr də yaradılıb. Bundan başqa, Hərbi liman formalaşdırılıb, Xəzər Hərbi Flotiliyası yenidən qurulub. 1920-ci ilin aprelinə Azərbaycan Silahlı Qüvvələrində, təxminən, 30 min hərbçi var idi.

ADR öz hərbi sənayesini yaratmaq istiqamətində də cəhdlər göstərib. 1920-ci ilin yanvarında Hərb Nazirliyi tərəfindən hərbi zavod layihəsinin smetası və ştat cədvəli hazırlanaraq parlamentə təqdim olunub. Onun Gəncə şəhərində tikilməsi nəzərdə tutulurdu. Zavodda artilleriya qurğularının təmiri həyata keçirilməli, lazımi ehtiyat hissələri hazırlanmalı idi. Parlament də öz növbəsində, hərbi zavodun yaradılmasına dair xüsusi qanun qəbul etmiş və bu məqsədlə maliyyə ayrılmışdı.

Orduda ideoloji işlərin aparılmasına xüsusi diqqət ayrılırdı. Hökumət bu işə ziyalıları və ruhaniləri cəlb etmişdi. Hərbi hissələrin ştat cədvəlində imamlarla mollalar da yer alırdı. Hərb Nazirliyinin 2 aprel 1919-cu il tarixli məruzəsində bildirilirdi ki, «ziyalılarımızın ən vacib vəzifələrindən biri xalqın və ordunun tarixi keçmişimizlə tanış edilməsidir».

Hərbi kadrların hazırlanması istiqamətində də böyük işlər görülüb. Qeyd edək ki, ilkin dövrdə məhz bu kadrların çatışmazlığı faciəvi xarakter almışdı (bunun əsas səbəbi çar dövründə azərbaycanlıların hərbi xidmətdən kənarlaşdırılması idi).1918-ci ilin iyununda türk zabitlərinin dəstəyilə Gəncədə Praporşiklərin hərbi məktəbi açılmışdı. Elə həmin ilin oktyabrında məktəb ilk məzunlarını buraxmış, 1919-cu ilin noyabrında Hərbi məktəbə çevrilmişdi. Artıq o, 3 şöbədə (ümumi, artilleriya və mühəndis) 250 zabitin hazırlanmasını nəzərdə tuturdu.

Şəki şəhərinin nümayəndələri hərb nazirinə müraciət edərək, şəhərin büdcəsi hesabına burada da Gəncədəki tipli zabit məktəbinin yaradılmasını istəmişdilər. Müraciətdə deyilirdi: «Vətənin müdafiəsini hər bir azərbaycanlının müqəddəs borcu sayır və istəyirik ki, məktəb yaşında olan övladlarımız hərbi məktəbdə kurs keçməklə, Vətənin müdafiəçilərinə qoşulsunlar».

1919-cu ilin sonu, 1920-ci ilin əvvəllərində respublikada süvari, artilleriya və istehkamçı məktəbləri, aviasiya və hərbi-feldşer məktəbləri də açılmışdı. Bakıda isə zabitlərin hazırlanması üçün yunker məktəbi fəaliyyət göstərirdi.

Beləliklə, Milli Ordu müstəqil Azərbaycanın ən vacib dövlətçilik atributuna çevrilib. Bu gün bir şeyi qürurla söyləyə bilərik: 100 il əvvəl yaranmış Silahlı Qüvvələrimiz xalqımızın və dövlətimizin təhlükəsizliyinin qarantıdır! 

 

 

ƏLİ AĞA ŞIXLİNSKİ

(1865-1943)

Əfsanəvi Azərbaycan sərkərdəsi Əli ağa Şıxlinski dövrünün ən nəhəng hərbi xadimlərindən olub. Onun parlaq hərbi karyerası 1883-cü ildə Tiflis Hərbi Gimnaziyasını bitirməsilə başlayıb. Şıxlinski Sankt-Peterburqda Mixaylov artilleriya məktəbinin yunkeri olub. 1891-ci ilin aprelində ilk mükafatı olan 3-cü dərəcəli Müqəddəs Stanislav ordeninə layiq görülmüş Əli ağa Şıxlinski cəmi 3 il sonra ştabs-kapitan rütbəsi alaraq briqada təlim komandasının rəhbəri təyin olunub.

1900-cü ildə Şıxlinski Əlahiddə Zabaykalye artilleriya divizionunda xidmətə başlayıb. O dövrdə bu divizionun batareyalarından birinə podpolkovnik, Azərbaycan Demokratik Respublikasının (ADR) gələcək müdafiə naziri Səməd bəy Mehmandarov rəhbərlik edirmiş.

1904-1905-ci illər Rus-yapon müharibəsində Şıxlinski batareyanın baş zabiti olub. 1904-cü ilin fevralında polkovnik Mehmandarovun 7-ci Şərqi Sibir piyada artilleriya diviziyasına komandir təyin olunmasından sonra kapitan Şıxlinski müvəqqəti olaraq batareyaya komandirlik edib. Port-Artur qalasının müdafiəsində qəhrəmanlıq göstərdiyi üçün o, 4-cü dərəcəli Müqəddəs Georgi ordenilə təltif olunub.

1913-cü ildə Əli ağa Şıxlinski general-mayor rütbəsinə yüksəlib və Artilleriya zabitləri məktəbi rəhbərinin müavini vəzifəsinə təyin olunub. Burada çalışdığı dövrdə o, bir çox əsər yazıb və həmin əsərlər artilleriya elminin klassikasına qızıl hərflərlə həkk olunub.

1914-cü il avqustun 26-da Əli ağa Şıxlinski Artilleriya zabitləri məktəbi rəisi səlahiyyətlərinin icraçısı təyin edilib. Birinci Dünya müharibəsinin başlaması ilə isə o, Baltik sahillərinə gəmilərdən alman desantçılarının çıxarılması ehtimalına qarşı Petroqrad artilleriyasının rəisi təyin olunub.

1915-ci ilin əvvəllərində general-mayor Şıxlinskiyə Şimal-Qərb cəbhəsində ağır artilleriyaya rəhbərlik həvalə edilib. Elə həmin ilin sentyabrında o, Ali Baş Komandanın qərargahına göndərilib, oktyabrın 31-də isə Ali Baş Komandan yanında artilleriya üzrə general vəzifəsinə təyinat alıb.

1916-cı ilin aprelində Şıxlinski Qərb cəbhəsi ordusunda artilleriyanın təftişinə məsul olub. Tezliklə o, Qərb cəbhəsi qərargahı yanında topçu və təyyarəçilərin birgə təlimi üzrə məktəb yaradıb.

1917-ci ilin Fevral inqilabından sonra Əli ağa Şıxlinski geneal-leytenant rütbəsi alıb. Həmin il sentyabrın 9-da Ali Baş Komandanın əmrilə Qərb cəbhəsinin 10-cu ordusunun komandanı təyin olunub.

«Artilleriyanın Allahı» adını qazanmış Şıxlinskinin hərbi sahədə xidmətləri 1-ci dərəcəli Müqəddəs Stanislav ordeni, 1-ci dərəcəli Müqəddəs Anna ordeni, 2-ci dərəcəli Müqəddəs Vladimir ordeni və general-leytenant rütbəsilə mükafatlandırılıb.

Oktyabr çevrilişindən və Rusiyada bolşeviklərin hakimiyyətə gəlişindən sonra Əli ağa Şıxlinski Tiflisə köçüb. Tezliklə o, taleyini Vətənilə bağlayıb və onun uğrunda Azərbaycan hərbi hissələrinin yaradılması ilə məşğul olub. Xüsusi Zaqafqaziya Komitəsinin qərarı ilə Şıxlinski formalaşması 1918-ci ilin mayında başa çatmış Müsəlman (Azərbaycan) korpusunun komandiri təyin edilib.

1918-ci il iyunun 26-da ADR Nazirlər Kabinetinin qərarı ilə general Əli ağa Şıxlinskinin rəhbərlik etdiyi Müsəlman korpusu Əlahiddə Azərbaycan korpusuna çevrilib. İyulun əvvəlində korpus yenidən formalaşdırılıb və onun hissələri türkiyəli general Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun tərkibinə daxil edilib. General Şıxlinski isə türk komandanının tabeliyinə verilib.

1918-ci ilin sonunda Əli ağa Şıxlinski Azərbaycan hərb nazirinin müavini postunu tutub. O, ADR-də ordu quruculuğuna, həmçinin döyüş meydanlarında ölkənin ərazi bütövlüyünün qorunmasına, erməni təcavüzünün qarşısının alınmasına böyük töhfələr verib. Xidmətdə fərqləndiyi üçün Azərbaycan hökuməti tərəfindən artilleriya generalı rütbəsinə layiq görülüb.

Əli ağa Şıxlinski Azərbaycanda Sovet hakimiyyətinin qurulmasından sonra da müxtəlif hərbi qurumlarda və məktəblərdə çalışıb.

Şıxlinskinin adı bu gün də hərbçi istedadı, mərdliyi və azərbaycanlı zabit şərəfini təcəssüm etdirir.

 



MƏSLƏHƏT GÖR:

404