26 Aprel 2024

Cümə, 10:35

QƏLƏBƏ GÜNÜ YAXINLAŞDIQCA

Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyini möhtəşəm hərbi paradla qeyd etdi

Müəllif:

01.07.2018

Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100-cü ildönümü ilə bağlı hərbi parad iyunun 26-da Bakının Azadlıq meydanında keçirilib. Paradı Azərbaycan Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev qəbul edib. Tədbirə ölkənin birinci xanımı Mehriban Əliyeva, hökumət, parlament və ictimaiyyət nümayəndələri, müharibə veteranları, müxtəlif dövlətlərin 100-dək rəsmisi də qatılıb.

Hərbi paradda Müdafiə, Daxili İşlər, Fövqəladə Hallar nazirliklərinin, Dövlət Təhlükəsizliyi, Dövlət Sərhəd və Xüsusi Dövlət Mühafizəsi xidmətlərinin 4000-dək şəxsi heyəti, həmçinin Türkiyə Silahlı Qüvvələrinin hərbçiləri iştirak ediblər.

Təntənəli mərasimdə 240-dan artıq hərbi texnika, gəmi, 70-dən çox uçuş aparatı, o cümlədən Azərbaycan Silahlı Qüvvələrinin bu yaxınlarda əldə etdiyi yeni və ən müasir zirehli texnika, silah, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, vertolyotlar, pilotsuz uçuş aparatları nümayiş olunub.

Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətini yubiley münasibətilə təbrik edən Prezident İlham Əliyev bildirib ki, ordunun yaradılmasının 100 yaşı mayın sonunda qeyd edilmiş Azərbaycan Demokratik Respublikası rəhbərliyinin ən vacib qərarlarından olub.

Dövlət başçısı Azərbaycanın müstəqilliyini yeni qazandığı dövrdə qonşusunun hərbi təcavüzü ilə qarşılaşdığını xatırladıb. İlham Əliyev bildirib ki, həmin dövrdə nizami ordu olmadığından, pərakəndə formada fəaliyyət göstərən silahlı birləşmələr ölkənin ərazi bütövlüyünü qoruya bilməyib və Ermənistan Azərbaycan ərazisinin 20%-ni işğal edib. İşğalın davam etməsinin qarşısı Azərbaycanın ümummilli lideri Heydər Əliyevin hakimiyyətə gəlişi ilə alınıb. Onun rəhbərliyilə hətta Ermənistanın işğal etdiyi bəzi ərazilər işğaldan azad olunub. Dövlət başçısı H.Əliyevin vacib qərarlarından biri kimi, məhz nizami ordunun qurulmasını göstərib. «Nizami ordunu yaratmaq üçün iqtisadi imkanlar olmalı idi» - deyən İ.Əliyev ordu quruculuğunun Bakı üçün bu gün də əsas prioritet olduğunu söyləyib.

«Azərbaycan işğalla heç vaxt barışmayacaq. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməlidir və bərpa edəcək. Bunun üçün güclü ordu yaratmalı idik. Bu gün tam əminliklə deyə bilərəm ki, buna nail ola bilmişik. Bu gün Azərbaycan ordusu dünyanın güclü orduları sırasındadır. Ordu quruculuğu əsas vəzifəmizdir. Güclü ordunu yaratmaq üçün güclü iqtisadiyyatımız olmalıdır. Biz bu istiqamətdə çox fəal işləmişik. Son 15 il ərzində iqtisadi sahədə Azərbaycan qədər inkişaf edən ikinci ölkə olmayıb. İqtisadiyyatımız 3,2 dəfə artıb», - deyə İ.Əliyev qeyd edib.

Prezident 2003-cü ildən Azərbaycanın hərbi xərclərinin 15 dəfə artdığını da bildirib. Son illər ərzində ölkədə onlarla hərbi şəhərcik yaradılıb, hərbi hissələrin, şəhərciklərin 80%-i sökülərək yenidən inşa olunub və ya əsaslı təmir edilib. Qarşıdakı bir neçə ildə isə yerdə qalan hərbi şəhərciklər də tam təmir olunacaq: «Hərbçilərin mənzil-məişət məsələləri həll olunur. Qəbul edilmiş qərar əsasında 20 il orduda qüsursuz xidmət etmiş hərbçilərə dövlət tərəfindən pulsuz mənzillər verilir. Bu gün bizim hərbi hissələrimizdə 20 mindən çox mülki vətəndaş çalışır. Əvvəllər bu işlərdə əsgərlər işləyirdilər. Biz əsgərləri məişət işlərindən azad etdik. Eyni zamanda mülki vətəndaşlar üçün 20 mindən çox iş yeri yaradıldı».

Parad Azərbaycan Ordusunun ən müasir silah və texnika ilə təchiz olunduğunu nümayiş etdirib. Üstəlik, bu gün ordu təchizatında söhbət yalnız xarici ölkələrin hərbi məhsullarından yox, həm də yerli istehsaldan gedir. Bu gün Azərbaycanda 20-dən artıq hərbi zavod fəaliyyət göstərir. Bu zavodlarda 1200 adda hərbi təyinatlı məhsul istehsal olunur. Paradda bu məhsulların yalnız kiçik bir hissəsi nümayiş etdirilib.

Nümayiş olunan silahlar arasında SPAYK-LR tankəleyhinə raket kompleksləri və Silahlı Qüvvələrə bu yaxınlarda verilmiş daha güclü SPAYK ER kompleksləri də olub. Xatırladaq ki, 2016-cı ilin aprel döyüşləri zamanı məhz bu silah vasitəsilə 30-dan artıq düşmən tankı və digər zirehli texnikası məhv edilmişdi.

Paradda zirehli texnika, özüyeriyən artilleriya qurğuları, ən müasir hərbi piyada maşını, dünyada ən güclü tank kimi tanınan T-90S tankları, hava hücumundan müdafiə sistemləri, yüksək sürətilə tanınan «Buk-MB» zenit-raket kompleksləri, çoxkanallı universal mobil «S-300 Favorit» zenit-raket kompleksi, «İldırım» və «Qalxan» kimi hava hücumundan müdafiə kompleksləri, Azərbaycan Silahlı Qüvvələrinə yubiley ərəfəsində verilmiş yüksək dəqiqliyə malik qanadlı «yer-hava» raketləri, artilleriya silah sistemləri, yenə də orduya bu yaxınlarda verilmiş 152 millimetrlik özüyeriyən, avtomatik idarəetmə sisteminə malik artilleriya qurğusu, 300 millimetrlik yaylım atəşi raket sistemləri, raket sistemləri silahı, 301 və 624 millimetrlik avtomatik idarəetmə sistemilə təchiz olunmuş operativ-taktiki raket kompleksləri də nümayiş etdirilib.

Azərbaycanda son dəfə belə parad 2013-cü ildə keçirilmişdi. O vaxtdan ölkə ordusunun döyüş qabiliyyəti daha da artırılıb və Azərbaycan bunu heç də yalnız paradlarda nümayiş etdirməyib. Elə 2016-cı ilin aprelində Ermənistanın Qarabağdakı döyüş bölgəsindəki növbəti təxribatı zamanı Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatı ilə Ağdərə, Füzuli və Cəbrayıl rayonlarına aid 2 min hektarlıq ərazini işğaldan azad etmişdi. Beləliklə, Ermənistanın tərifli müdafiə xətti haqqında mif darmadağın olmuşdu.

Azərbaycan Ordusunun qüdrətinin daha bir isbatı bu ilin mayında Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun keçirdiyi uğurlu əməliyyatdır. Həmin əməliyyat nəticəsində Ermənistanın 1990-cı illərin əvvəllərində işğal etdiyi 11 min hektarlıq ərazi geri qaytarılıb. Bununla da, bölgədəki strateji əhəmiyyətli yüksəkliklər, hətta Ermənistanı işğal altındakı Qarabağla birləşdirən əsas yol Azərbaycan hərbçilərinin nəzarətinə keçib.

Qarabağ və Naxçıvandakı azad olunmuş ərazilərdə ucaldılmış Azərbaycan bayraqları da Silahlı Qüvvələrinin yaradılmasının 100-cü ildönümü münasibətilə təşkil olunmuş parada gətirilmişdi.

«Bu bayraqlar döyüşdə olan bayraqlardır. Bu gün bu bayraqlar Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında dalğalanır və bu parad üçün buraya gətirilib. Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Biz bu müqəddəs günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq», - deyə İlham Əliyev bildirib.

İlk dəfə olaraq Bakıda keçirilən parada Türkiyə Silahlı Qüvvələrinin hissələri də qatılmışdı. Bu, 1918-ci il sentyabrın 15-də Bakını daşnak-bolşevik qüvvələrindən azad etmiş Türkiyə-Azərbaycan birgə qoşunlarının xatirəsinə təşkil olunmuşdu.

Paradda 2 ədəd F-16 qırıcısı, Türkiyənin «Solo Türk» və «Türk ulduzları» aviaqruplarına aid 8 ədəd F-5 təyyarəsi də Bakı buxtası üzərində uçuş keçirib. Xatırladaq ki, illər əvvəl «Türk ulduzları» Bakı səmasında bir dəfə də şou göstərmişdi. Bu, xarici təhlükələr qarşısında Azərbaycana dəstək addımı idi. Budəfəki paradda isə türk qırıcılarından əvvəl səmaya Azərbaycan HHQ-nə məxsus müasir təyyarə və helikopterlər qalxdı ki, əvvəllər bu haqda yalnız xəyal edə bilərdik.

Yeri gəlmişkən, bu paradda hərbi aviasiya tarixində ilk dəfə olaraq Azərbaycanın hərbi pilotları Su-25 bombardmançıları ilə əsl pilotaj nümayiş etdiriblər.

Prezident İlham Əliyevin də dediyi kimi, Bakı bundan sonra da hərbi qüdrətini artırmaq üçün səyləri davam etdirəcək. «Bunu ona görə edirik ki, görürük və dünyada gedən proseslər də onu göstərir ki, beynəlxalq hüquq işləmir. Əgər işləsəydi, Azərbaycan torpaqları çoxdan işğalçılardan azad olunardı. Beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş qərar və qətnamələr icra edilmir, onların icra mexanizmi yoxdur. Güc amili dünyanın müxtəlif bölgələrində əsas amil kimi çıxış edir», - deyə o, qeyd edib.

Ali Baş Komandan bildirib ki, Qarabağ müharibəsi hələ bitməyib. Onun yalnız birinci mərhələsi sona çatıb və Azərbaycanın vəzifəsi ərazi bütövlüyünün bərpasıdır.



MƏSLƏHƏT GÖR:

374