26 Aprel 2024

Cümə, 05:03

RİFAH İNDİKATORU

İpoteka kreditləri üzrə faiz dərəcələrinin gözlənilən azaldılması əmlak bazarında fəallığı artıracaq

Müəllif:

15.07.2018

Bakının görkəmi sürətlə dəyişir, paytaxtda istismar müddəti bitmiş xutorları və beşmərtəbəli binaları müasir göydələnlər əvəz edir. Tarixi yerlər istisna olmaqla, paytaxtın həm mərkəzi, həm də kənar ərazilərində inşaat kranlarını görmək olur, bu rayonlarda özəl tikinti şirkətləri tərəfindən böyük işlər görülür.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2018-ci ilin yanvar-may aylarında bütün ölkə üzrə 640,8 min kvadratmetr mənzil sahəsi istifadəyə verilib. Bu, ötən ilin eyni dövrünə nisbətən 11,1 min kvadratmetr və ya 1,8% çoxdur.

Qeyd edək ki, son dörd il ərzində mənzil tikintisində artım ilk dəfə olaraq 2017-ci ildə qeydə alınıb, çünki həmin il Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 saylı qərarı ilə təsdiq edilmiş köhnə və istismar müddəti bitmiş mənzillərin sökülməsi və əvəzlənməsi üzrə proqramın praktiki gerçəkləşdirilməsinə başlanıldı. Ötən il 1,7 milyon kvadratmetrdən çox mənzil sahəsi istifadəyə verilib ki, bu, 2016-cı ilin statistik göstəricisindən bir qədər artıqdır. Buna baxmayaraq, bu göstərici 2013-cü ilin səviyyəsindən aşağıdır və onda ölkədə 2,1 milyon kvadratmetrdən artıq mənzil sahəsi istifadəyə verilmişdi. Ancaq istifadəyə verilən mənzil həcminin 4 milyon kvadratmetrə çatacağı dövrlərdən danışmaq hələ tezdir.

Şübhəsiz ki, mənzil tikintisi templəri bu sektorun biznes dairələri üçün nə dərəcədə cəlbedici olmasından asılıdır. Hökumət tərəfindən stimullaşdırıcı tədbirləri nəzərə alınmaqla, köhnə mənzillər üzrə yuxarıda göstərilən proqram çərçivəsində işgüzar dairələr evlərin tikintisinə yatırdıqları sərmayələri artırıblar.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin ilk beş ayı ərzində əsas kapitala qoyulan investisiyalar 5,2 milyard manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10,5 faiz azdır. Bu fonda işgüzar dairələr mənzil tikintisində 319,3 milyon manat investisiya yatırıblar ki, bu da ötən ilin eyni dövrünə nisbətən 25 milyon manat və ya 8,5 faiz çoxdur. Xatırladaq ki, 2017-ci ildə mənzil tikintisində yatırılan sərmayələrin həcmi 891 milyon manat təşkil edib.

Bəlli olduğu kimi, inşaat sektoruna yatırılmış hər bir manat qonşu sahələrdə 4 manat yaradır. Buna görə tikinti sektoru əlavə işlər yaratmaq baxımından əhəmiyyətli bir sənayedir.

Əhalinin ödəmə qabiliyyətinin artması - mənzil tikintisinin inkişafının özəklərindən biridir, çünki biznes dairələri, çətin ki, öz maliyyələrinin betonda "donması" ilə razılaşsınlar.

Əvvəlki ilin müvafiq dövrünə nisbətən 2018-ci ilin yanvar-may aylarında əhalinin nominal gəlirləri 9,3% artıb. İnflyasiyanın cilovlaşdırılmasını nəzərə aldıqda, əhali gəlirlərə qənaət edərək onların bir hissəsini mənzil şəraitini yaxşılaşdırmaq üçün yönəltmək imkanı qazanıb.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədri Nüsrət İbrahimov bildirib ki, son bir neçə il ərzində mənzil tikintisinin artması hesabına qiymətlər nəinki artmayıb, hətta bir qədər azalıb. Orta hesabla təkrar bazarda mənzilin qiyməti 1630 manat /kv.m təşkil edib ki, bu, əvvəlki ilə nisbətən 6,16% azdır. İlkin bazarda isə bir kvadratmetr, orta hesabla, 1221 manat olub ki, bu da ötən illə müqayisədə 5,94%-dən aşağı düşüb.

Əvəzində mənzil kirayəsi qiymətlərində artım görmək mümkündür ki, bu da köhnə mənzillərin sökülməsi və tikinti şirkətləri tərəfindən mənzilləri söküləcək sakinləri müvəqqəti yaşayış yeri ilə təmin etmək üçün pul kompensasiyası verilməsi ilə bağlıdır.

İbrahimovun hesablamalarına görə, ötən illə müqayisədə, əhalinin daşınmaz əmlak bazarında fəallığı 8% artıb.

Ölkədə turizmin inkişafının xarici, xüsusilə də ərəb sərmayəçilər tərəfindən mənzil alınmasına gətirib çıxara biləcək proqnozların özünü doğrultmadığını da özəl olaraq qeyd edək. Azərbaycanda xaricilərə mənzil tikmək və mənzil sahibi olmaq icazəsi verilir, lakin onun altında olan torpaq dövlət mülkiyyəti olaraq qalır. Bu da əksər hallarda xarici sərmayəçiləri qane etmir.

Buna görə tikinti şirkətləri də ölkənin əhalisinin ödəmə qabiliyyətinə güvənirlər. Əmlak bazarında əhalinin fəallığına ipoteka kreditləri üzrə aşağı faiz dərəcələri də təkan verə bilər ki, Mərkəzi Bankın sədri Elman Rüstəmov də bunun mümkün olmasına işarə vurub.

Baş nazir Novruz Məmmədov ipoteka kreditlərinin veriləsi şərtlərini müəyyən edən maddələrə dəyişiklikləri təsdiqləyib.

Yeri gəlmişkən, 2018-ci ilin may ayında Nazirlər Kabineti ipoteka kreditləşməsi üçün borcalanlara tələbləri əhəmiyyətli dərəcədə sadələşdirib. Baş nazir Novruz Məmmədov ipoteka şərtlərini müəyyən edən bəndlərə aid dəyişiklikləri imzalayıb: "Borcalanın (borcalanların) aylıq ümumi gəlirinin hesablanması" - borcalan üçün məcburi olan iş stajı müddətinin dəyişdirilməsi (24 aydan 12 aya qədər azaldılır), həmçinin sadələşdirilmiş vergi ödəyicisi olan sahibkarların məcmu gəlirlərinin dəyişdirilməsi (əvvəllər yuxarı hədd dövriyyənin 40%-inə bərabər götürülürdü, indi dövriyyənin 70%-ni təşkil edir).

İyunun 24-nə kimi İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə 1,040 milyard manatlıq 22 min 638 ədəd ipoteka krediti verilib.

Bütün proqnozlar göstərir ki, yaxın zamanlarda dünya bazarları əvvəlki illərdə olduğu kimi titrəyəcək, onda neft qiymətləri üç dəfəyə qədər azalmışdı.

Digər tərəfdən Azərbaycan hökuməti tərəfindən qeyri-neft sektorunda fəal şəkildə islahatlar həyata keçirilir ki, bu da neft gəlirlərindən asılılığını azaldacaq. Bu, son nəticədə Azərbaycanın iqtisadi sabitliyində əks olunacaq və müvafiq olaraq mənzil tikintisinin artmasına təsir göstərəcək.


MƏSLƏHƏT GÖR:

352