26 Aprel 2024

Cümə, 08:57

«GÜCLÜ DÖVLƏT»İN TƏƏSSÜBKEŞLƏRİ

ADR hökuməti iqtisadi böhranın aşılması üçün ciddi tədbirlər görmüşdü

Müəllif:

15.07.2018

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) elan edilməsilə, onun dövlət orqanları qarşısında əsas vəzifələrdən biri kimi, ölkənin ağır iqtisadi böhrandan çıxarılması da var idi. Ölkədə təsərrüfat bərbad vəziyyətdə idi, satış bazarlarını itirmiş Azərbaycan faktiki olaraq təcrid duruma düşmüşdü. Bütün bunlara səbəb keçmiş Rusiya imperiyası ərazisində Birinci Dünya müharibəsi və inqilablardan sonra yaranmış qarışıqlıq idi.

 

Sağçı kurs

Bakının azad olunmasına cəlb edilmiş Türkiyə hərbi komandanlığının birbaşa təzyiqilə 1918-ci il iyunun ortalarında Milli Şuranın buraxılması və Azərbaycanın ilk koalision hökumətinin istefaya getməsindən sonra AXC-də Fətəli xan Xoyskinin başçılıq etdiyi sağçı hökumət qurulub. Müstəqil şəxsləri, «İttihad» partiyasının üzvlərini və sağçı müsavatçıları özündə birləşdirmiş bu hökumət dövlətin siyasi, iqtisadi və sosial kursunun əsasını qoymaq üçün addımlar atmağa başlayıb.

İkinci kabinetin iqtisadi sahədə atdığı son dərəcə əhəmiyyətli addımlar kimi, xarici ölkələrlə nəzarət edilən ticarət dövriyyəsinə başlanılmasını, bank-uçot əməliyyatlarının bərpasını, respublikada tədavüldə olan kağız pullara vahid kursun tətbiqini, müstəqil vergi sisteminin yaradılmasına başlanılmasını göstərmək olar. Torpaq məsələlərinə gəlincə, hökumət hələ Zaqafqaziya orqanlarının qəbul etdiyi aqrar qanunları ləğv edib, ticarət və sənaye sahəsində neft sektorundakı milliləşdirməni aradan qaldırıb, əməyə isə ümumiyyətlə, ikinci dərəcəli məsələ kimi baxmağa başlayıb. Hökumət sistemində əməyin mühafizəsinə məsul olan qurumun ləğvi də bunun təsdiqi olub. Bütün bunlarla yanaşı, sağçıların əksəriyyəti sosial məsələləri hökumətin siyasətində əsas məqam saymasalar da, iqtisadiyyata nəzarətdə, onun tənzimlənməsində əsas rolu dövlətə vermişdilər.

Sağçı hökumətin əsas fiqurlarından biri «İttihad» partiyasının sədri Xosrov bəy Sultanov idi. O, hökumətdə əkinçilik naziri postunu tuturdu. İlk dilemma qarşısında qalan da Xosrov bəy olub - torpaqların təmənnasız olaraq kəndlilərə verilməsi ideyasını bütün siyasi qüvvələr dəstəkləsə də, aqrar sahədə islahatlar planı mülkədarların ciddi müqavimətilə üzləşmişdi. Bununla yanaşı, mühafizəkar dairələrin təmsilçisi olan Sultanovun özü onların mövqeyini ifadə etsə də, strateji baxımdan torpaqların kəndlilərə verilməsinə alternativ görmürdü.

İqtisadi böhranla mübarizədə heç bir partiyanın üzvü olmayan demokratların təmsilçisi kimi çıxış edən Ağa Aşurov oynayıb. O, hökumətin tərkibində 1918-ci il oktyabrın əvvəlində baş vermiş dəyişikliklər zamanı ticarət, sənaye və ərzaq naziri olub. Spekulyasiyalarla mübarizədə sərt addımların tərəfdarı olan Aşurov hesab edirdi ki, fəaliyyəti dövlətin maraqları ilə ziddiyyət təşkil edən özəl sektor nümayəndələrilə də sərt davranılmalıdır.

Sağçı siyasi qüvvələr, ticarət-sənaye dairələrinin təmsilçiləri bir şeyə əmin idilər: iqtisadi problemlərin həllinin yeganə yolu normalaşmış ticarətin ləğvi və tam azad iqtisadi sistemə keçiddir. Lakin solçular, fəhlələr və kooperativlər buna qarşı idi. Onlar sənaye və ərzaq sektorunda dövlətin inhisarçı olmasını istəyirdilər.

Bu məsələ ətrafında mübarizə hökumət daxilində də gedirdi və 1918-ci ilin avqustunda kabinetin əksər üzvləri dövlət inhisarının yaradılması perspektivindən imtina etdi. Nazirlər Kabineti Azərbaycan daxilində bütün məhsullara azad ticarətin tətbiqinə qərar verdi. Eyni zamanda xarici ticarətlə bağlı «icazə sistemi» də tətbiq edildi. Bu, fərdi sənayeçilərin xarici sahibkarlarla yalnız hökumətin icazəsilə əlaqə yarada biləcəyi demək idi.

 

Əməklə kapital arasında

1918-ci il noyabrın ortalarında Birinci Dünya müharibəsində məğlub olmuş Osmanlı İmperiyası qoşunlarının Azərbaycandan çıxarılması və ingilis qoşunlarının AXC-yə gəlişindən sonra Azərbaycan parlamentinin qurulması haqqında qərar qəbul edilib. Elə həmin il dekabrın 7-də parlamentin fəaliyyətə başlaması ilə AXC-də hakimiyyət sol-mərkəzçi koalisiyanın əlinə keçib. Bu koalisiyanın özəyini qanunverici orqandakı müsavatçı-sosialist çoxluq təşkil edirdi. İki sol-mərkəzçi kabinet də məhz onların birliyi olub.

Yenə də Xoyskinin başçılıq etdiyi yeni hökumət də qarşısında əsas hədəf kimi ölkədəki iqtisadi böhranın aradan qaldırılmasını qoymuşdu.

Əmək Nazirliyinin bərpası ilə sosial siyasət dövlətin prioritetlərindən birinə çevrilib. Əmək naziri postuna isə işçi əhalinin sosial müdafiəsi sahəsində ciddi tədbirlərin görülməsini vacib sayan Aslan bəy Səfikürdski təyin olunub.

Sol-mərkəzçi koalisiyanın bu istiqamətdə 1919-cu ilin əvvəllərindən gördüyü tədbirlər arasında Əmək Nazirliyi yanında Xüsusi Məşvərətin yaradılması olub. Məqsəd fəhlələrlə sahibkarlar arasında mübarizəyə son qoyulması, əməyin mühafizəsi üçün tədbirlərin hazırlanması idi. Səfikürdskinin 1919-cu il yanvarın 26-da çıxardığı qərar sosial münaqişənin aradan qaldırılmasında böyük rol oynayıb. Qərar kollektiv müqavilələrin, sənaye-zavod komitələrinin, demək olar ki, tam bərpasını, həmçinin yaşlı fəhlələrə 360 rubl məbləğində əlavə vəsait verilməsini nəzərdə tuturdu.

Lakin 1919-cu ilin fevralından hökumət böhranı başlayıb. Həm qatı solçu, həm də qatı sağçı dairələrin getdikcə artan təzyiqi qarşısında baş nazir Xoyski istefa verib.

1919-cu ilin aprelində qurulmuş ikinci sol-mərkəzçi hökumətə Nəsib bəy Yusifbəyli başçılıq edib. Baş nazir bazarda qiymətlərin aşağı salınması məqsədilə bazara kifayət qədər məhsulun buraxılacağını, həmçinin daxili ticarətdə tam azadlıq yaratmaqla, kənardan məhsulların gətirilməsinə şərait yaradılacağını bəyan edib. O, bununla, ölkədə ərzaq probleminin çözüləcəyini düşünürdü.

1919-cu ilin yazından sol-mərkəzçi hökumətin fəaliyyətinin müəyyən sağlaşma hiss olunmağa başlayıb. Ticarət, sənaye və ərzaq naziri olan müsavatçı Ağa Aminov iqtisadi sahədə müəyyən dərəcədə liberallaşmaya gedilməsi təşəbbüsü ilə çıxış edib. 1919-cu ilin mayında hökumət Azərbaycan daxilində azad ticarətin qurulması, «icazə sistemi»nin ləğvi kursunun icrasına başlayıb. Məqsəd «spekulyasiyalara son qoyulması» idi. Sentyabrın 1-dən neftin ölkədən sərbəst şəkildə çıxarılmasına da icazə verilib. Daha 2 ay sonra hökumət pambıq, yun və digər xammalların da ölkədən sərbəst çıxarılmasına «hə» deyib. Lakin xammalı xaricə çıxarmaq istəyən şəxslər və müəssisələr onun dəyərinin 25%-ni dövlətin büdcəsinə keçirməli idilər.

Qeyd etmək lazımdır ki, hökumət bu addımları son dərəcə çətin şəraitdə atırdı. Bir tərəfdən ingilis qoşunlarının 1919-cu ilin avqustunda Azərbaycanı tərk etməsindən sonra respublikada hər hansı kənar hərbi qüvvə yox idi. Digər yandan, hakim koalisiya iqtisadi böhranın durmadan dərinləşməsi fonunda işləyirdi. Nəticədə, fəhlə hərəkatı böyüyür, müstəqil Azərbaycan dövlətini məhv etməyə çalışan bolşeviklərin nüfuzu durmadan artırdı.

Lakin bütün çətinliklərə baxmayaraq, sol-mərkəzçi koalisiya sosial islahatlar siyasətini davam etdirirdi. Görülmüş işlər arasında dövlət qulluqçularının maaşının artırılmasını, parlamentin dövlət qulluqçularının əməkhaqqına müvəqqəti əlavələrin edilməsi və yaşayış minimumunun artırılması haqda qəbul etdiyi qanunları və s. göstərmək olar. Məhz bu tədbirlər sayəsində gəliri 5 min rubldan artıq olmayanlar gəlir vergisindən də azad olmuşdu.

1919-cu ilin sentyabr-oktyabr aylarında əmək naziri Səfikürdski Bakının sənaye müəssisələrində çalışanların, o cümlədən fəhlələrin əməkhaqqının artırılması ilə bağlı məsələləri həll etmək üçün xüsusi komissiya yaradıb. Bundan başqa, o, Əmək Nazirliyi yanında müəssisə sahiblərindən, həmçinin Sosialist bloku və Müsavat Partiyasının parlament fraksiyalarının üzvlərindən ibarət xüsusi komissiya da formalaşdırıb. Komissiyanın vəzifəsi neft sənayesində çalışan fəhlələrin iqtisadi vəziyyətinin yaxşılaşdırılması idi.

Əmək Nazirliyinin əsas fəaliyyət istiqamətləri arasında fəhlələrlə sahibkarlar arasındakı münaqişənin həlli də var idi. Bu məqsədlə 1919-cu ilin mayında yenə də Səfikürdski tərəfindən yaradılmış Arbitraj orqanı da fəaliyyətə başlamışdı.

Azərbaycanın dövlət bankının yaradılması da sol-mərkəzçi koalisiyanın həyati əhəmiyyətli nailiyyətlərindən biridir. Lakin bununla yanaşı, hökumətin rublun ucuzlaşmasına və inflyasiyanın artmasına səbəb olmuş emissiya təcrübəsi tənqid olunurdu.

Bütün bunların fonunda Azərbaycanın sosial-iqtisadi həyatının əsas problemi aqrar sektor olaraq qalırdı. 1919-cu ilin yayında parlamentin sosialist Səmədağa Ağamalovun başçılıq etdiyi aqrar komissiyası torpaqların qarşılıqsız olaraq dövlətin mülkiyyətinə keçməsini, mülkədarlarda torpaqların yalnız bir hissəsinin qalmasını nəzərdə tutan qanun layihəsi üzərində işi başa vurub. Lakin, ilk növbədə, sağçı qüvvələrin müqaviməti qanun layihəsinin qəbuluna imkan verməyib. Parlament Əkinçilik Nazirliyinin hazırladığı qanun layihəsini qəbul etməyib. Əhrarçı Aslan bəy Qardaşovun başçılıq etdiyi bu nazirlik sayırdı ki, torpaqların sahiblərindən qarşılıqsız alınması, ümumilikdə, şəxsi mülkiyyətə zərbədir. Bu üzdən nazirlik bu işin torpağın istismarı nəticəsində əldə ediləcək gəlirdən torpaq sahiblərinə ödəniş olunması ilə görülməsini istəyirdi. Bu layihə isə solçuları qane etmirdi. Qanun layihəsinin iflasa uğramasına 1919-cu ilin payızında baş qaldırmış yeni hökumət böhranı da səbəb olub.

 

Münaqişə nöqtələri və islahatçıların məqsədi

Sol-mərkəzçi koalisiyadakı parçalanma baş nazir Yusifbəylini 1919-cu iln sentyabrın ortalarında Nazirlər Kabinetinin istefasını elan etmək məcburiyyətində qoyub. Dekabrın sonunda Müsavat Partiyası, müstəqil demokratlar, «Əhrar», «İttihad» və Sosialist blokunun hümmətçi hissəsi geniş koalisiyanın qurulması haqda razılığa gəlib.

AXC-nin 5-ci hökumətinə yenidən Yusifbəyli başçılıq edib. O, fəaliyyətini bir tərəfdən respublikanın dünya birliyi tərəfindən tanınmağa başlaması, digər yandan isə Sovet Rusiyasının Azərbaycanı güc yolu ilə özünə tabe etməyə çalışması fonunda start verib.

Geniş koalisiyanın da aqrar islahatlar cəhdi iflasa uğrayıb. Əkinçilik naziri Əhməd bəy Pepinovun sosialist ruhlu qanun layihəsi, həmçinin Müsavat Partiyasının iri torpaq mülkiyyətçilərilə kəndlilərin maraqlarını bir araya gətirmək üzərində hazırlanmış layihəsi də əvvəlki aqrar təşəbbüslər kimi, uğursuz olub.

Hökumətin ticarət-sənaye və ərzaq siyasəti daha effektiv idi. 1920-ci ilin yanvarında partiya mənsubiyyəti olmayan Xudadat bəy Məlikaslanovun rəhbərlik etdiyi Ticarət, Sənaye və Ərzaq Nazirliyi işçi və fəhlələrin əsas ərzaq məhsulları, ilkin tələbat malları ilə təminatının vacibliyini bəyan edib. «Sosial dövlət» tərəfdarı olan Məlikaslanovun sayəsində məhz onun rəhbərliyilə keçirilən ərzaq probleminə həsr olunmuş iclasda bir sıra sərt addımların atılması haqqında qərar qəbul edilib. Toplantıda böyük həcmdə taxılı olan şəxslərdən məhsulun müsadirə edilməsi haqda belə, qərar çıxarılıb. Bundan başqa, nazirlik ehtiyacın duyulduğu məhsulların, ilkin tələbat mallarının alınmasına, spekulyantlara qarşı repressiv tədbirlərin görülməsinə də qərar verib.

Bakının qradonaçalniki Puda Qudiyev 1920-ci ilin əvvəllərində varlılara yoxsulların xeyrinə vergi tətbiq olunması təşəbbüsü ilə çıxış edib, bu məqsədlə xüsusi komissiya yaradıb. O, çörəyin və digər ərzaq məhsullarının ucuzlaşmasına nail olmaq üçün Bakı burjuaziyasından 136 milyon rubl kontribusiya da toplayıb.

Nəhayət, AXC-nin süqutu ərəfəsində daxili işlər naziri Mustafa bəy Vəkilov («Müsavat») əhalinin zəngin təbəqəsindən pul yığımına başlayıb. Burada da məqsəd məhsulların ucuzlaşmasına nail olmaq idi. O, zəngin insanlardan Məhsulların Ucuzlaşdırılması Komitəsi üçün pul yığmaqla yanaşı, xüsusi şöbə də yaratmışdı.

Hökumətin ticarət-sənaye sahəsinə dövlət müdaxiləsini artırması, ölkənin ərzaq böhranından çıxarılması kursu əhalinin əksəriyyəti tərəfindən müsbət qarşılanırdı. Elə bu dönəmdə AXC-nin valyuta siyasətində əhəmiyyətli yenilik də baş vermişdi - ixrac və neftin yalnız Azərbaycan pulu ilə satılması yerli valyutanın məzənnəsinin tənzimlənməsinə imkan vermişdi. 1920-ci il fevralın əvvəlində isə maliyyə naziri Rəşid bəy Kaplanov («Əhrar») Bakı bonlarının AXC-nin Tiflisdə yerləşən Maliyyə Nazirliyi Agentliyi tərəfindən Zaqafqaziya bonları ilə dəyişdirilməsini qadağan etmişdi. Bundan başqa, Kaplanov Aprel çevrilişinə 1 həftə qalmış Batumiyə daşınan neft və neft məhsullarına görə aksiz vergisinin də yalnız Azərbaycan rublu ilə qəbul olunmasına qərar vermişdi.

Lakin gənc respublikanın bu qədər cəhd göstərdiyi iqtisadi islahatlar Sovet Rusiyasının 1920-ci ilin aprelində Azərbaycanı işğal etməsilə yarımçıq qaldı. Hakimiyyətə gələn bolşeviklər dövlətin və cəmiyyətin həyatının bütün sahələrinə, o cümlədən iqtisadiyyata total nəzarət kursu götürdü.

Beləliklə, AXC-nin iqtisadi inkişafının əsas problemi azad, yoxsa dövlətin nəzarət etdiyi iqtisadi modelin seçsilməsi idi. Bu iki yanaşmanı ölkənin əsas siyasi qüvvəsi olan Müsavat Partiyası öz fəaliyyətində bir araya gətirmişdi. O, dövlət inhisarçılığı, lideral iqtisadiyyat və sosial nəzarətin üstünlüklərini birləşdirmək istəyirdi. Lakin bu tarixi nailiyyəti əldə etmək mümkün olmadı.

 

 

ASLAN BƏY SƏFİKÜRDSKİ

(1881 - 1937) 

Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) görkəmli dövlət və siyasi xadimlərindən olmuş Aslan bəy Səfikürdski ölkənin solçu siyasi düşərgəsinin əsas simalarından sayılıb. Onun ictimai-siyasi proseslərə marağı hələ tələbəlik illərində - Sankt-Peterburq İmperator Universitetində təhsil aldığı dövrdə yaranıb. Məhz siyasi aksiyalara qoşulduğu üçün universitetdən də qovulub, lakin tezliklə bərpa olunaraq, ali təhsil (hüquqşünas) alıb.

1907-1911-ci illərdə Aslan bəy andlı müvəkkil köməkçisi vəzifəsində işləyib, eyni zamanda Müsəlman Xeyriyyə Cəmiyyətinin rəhbərlərindən biri kimi xeyriyyəçiliklə məşğul olub, həmçinin Aktyorlar Cəmiyyətinin sədri vəzifəsində çalışıb. Sonrakı illərdə o, Şuşa Şəhər Dumasında iş kəsmək üzrə iclasçı, sonralar isə andlı müvəkkil olub.

Səfikürdski siyasi həyatın girdabına 1917-ci ilin Fevral inqilabından sonra düşüb. O, Gəncə Qəza İcraiyyə Komitəsinin, həmçinin Gəncə Müsəlman Milli Şurasının üzvü seçilib. Zaqafqaziya Seymində Səfikürdski Müsəlman sosiolist blokuna başçılıq edib və müsəlman (azərbaycanlı) fraksiyasının ən fəal üzvlərindən olub. Seymdə o, xüsusilə Bakı quberniyasının Bakı Sovetinin daşnak-bolşevik hərbçiləri tərəfindən məhv edilən azərbaycanlı əhalisinin müdafiəsi sahəsində ciddi tədbirlərin görülməsi tələblərilə çıxış edib.

Səfikürdskinin siyasi həyatında yeni mərhələ AXC-nin elan olunmasından sonra başlayıb. 1918-ci ilin sonlarında o, Qazax qəzasından parlament üzvü seçilib, 1919-cu ilin iyununda isə Dövlət Müdafiə Komitəsinin tərkibinə daxil olub. Lakin Səfikürdskinin müstəqil Azərbaycanın dövlət quruculuğuna ən böyük töhfəsi nazir postlarını tutarkən olub. Üçüncü hökumətdə o, poçt, teleqraf və əmək naziri, dördüncü kabinetdə isə ədliyyə və əmək naziri postunu tutub.

Aslan bəy AXC-nin sosial siyasətinin həyata keçirilməsində böyük rol oynayıb. Sosialist blokunun ən görkəmli nümayəndələrindən biri, Azərbaycan eserlərinin lideri olan Səfikürdski gənc dövlətin siyasi kursunda solçu ideyaların bəlkə də, ən parlaq daşıyıcısı kimi yadda qalıb.

Əmək naziri postunu tutan Aslan bəy Səfikürdski ilk olaraq fəhlələrə müraciət edib. İqtisadi sistemin pozulmasının ilkin tələbat mallarının bahalaşmasına yol açacağını deyən nazir bunun faktiki olaraq, «işçi kütlənin ac qalacağına» səbəb olacağını bildirib. Aslan bəy bu üzdən fəhlələri «bu gün bütün gücünü sənayedə normal şəraitin yaradılmasına» yönəltməyə çağırıb, sahibkarları isə «işçilərə sənayenin dirçəldilməsi, inkişafı naminə müttəfiq kimi yanaşmağa» səsləyib.

Səfikürdskinin sosial sahədə gördüyü tədbirlər nəhəng kapital sahiblərinin narazılığına səbəb olmuşdu. Neft Sənayeçiləri Qurultayı Şurası hökumət başçısına müraciətində «hökumətin əmək nazirinin simasında neft sənayesinin dövlət tərəfindən idarə edilməsinə çalışmasından dərin təəssüfünü» bildirmişdi.

Aslan bəy isə ardıcıl olaraq işçilərin iqtisadi maraqlarının müdafiəsi siyasətini yürüdür, eyni zamanda bu iki tərəf arasındakı münaqişəyə son qoymağa çalışırdı. Lakin birinci məsələ əmək nazirini ticarət-sənaye və maliyyə dairələri üçün ən arzuolunmaz siyasi fiqura çevirmişdisə, ikinci amil əhalinin aztəminatlı təbəqəsinin daha radikal hissəsini qəzəbləndirmişdi.

AXC-nin mövcudluğunun son aylarında Səfikürdski yalnız parlamentdəki işilə məşğul olub. O, fəhlə-kəndli azadlığı ideyasına sadiqliyini sonadək qoruyub. Lakin hadisələrin gedişi göstərib ki, Azərbaycan sosialistləri solçu düşərgədə liderlik mövqeyini radikal bolşeviklərə verməli imişlər.

Azərbaycanın 1920-ci ilin aprelində Sovetlər tərəfindən işğal olunmasından sonra Səfikürdski Azərbaycan SSR Xalq Ədliyyə Komissarlığında çalışıb. Lakin 1922-ci ildə «Zaqafqaziya eserlərinin işi»lə əlaqədar həbs olunub. Barəsində 3 il azadlıqdan məhrumetmə qərarı çıxarılıb. Həbsdən çıxdıqdan sonra «Azneft» birliyində hüquqi məsləhətçi kimi fəaliyyətə başlayıb. Bununla yanaşı, o, həyatının sonunadək Sovet hakimiyyəti tərəfindən təqib olunub. Çünki vaxtilə Müsavat hakimiyyətinin üzvü olduğundan, daim «etibarsız element» sayılıb.

Aslan bəy Səfikürdskinin Azərbaycanın tarixinə AXC-nin parlaq nümayəndələrindən biri kimi əbədi həkk olunmuş həyat yolu 1937-ci ildə başa çatıb. O, dünyasını bolşevik həbsxanasında saxlanılan zaman tapdığı və uzun müddət mübarizə apardığı xəstəlikdən dəyişib.



MƏSLƏHƏT GÖR:

392