26 Aprel 2024

Cümə, 19:34

AZƏRBAYCANIN «QIZIL DAĞLARI»

Qiymətli metallara tələbatın gözlənilən artımı fonunda Azərbaycanda yataqların kəşfiyyatı və işlənməsi fəallaşır

Müəllif:

01.08.2018

Son aylar qızılın ucuzlaşması meyllərinə baxmayaraq, bu mühüm ehtiyyata olan maraq hələ də yüksəkdir. Bəzi analitiklərin fikrincə, dünyanın müəyyən bölgələrində hərbi-siyasi qeyri-sabitlik, "ticarət müharibələri"nin yeni dalğası, Çində kredit bumunun zəifləməsi, eləcə də ABŞ və Avropa İttifaqının dövlət istiqrazlarına tələbatın tədricən azalması, artıq yaxın yarım ildə qızıl bazarında vəziyyəti yaxşılaşdıracaq. Bu isə sərmayəçilərin təhlükəsiz yatırım kimi qiymətli metala marağını artıra bilər. Uzunmüddətli perspektivdə yataqların ehtiyatının tükənməsi və dünya üzrə qızıl hasilatının nəzərəçarpacaq dərəcədə azalması bu trendi daha da gücləndirir.

Bu mənada "AzerGold" QSC-nin və Azərbaycanda fəaliyyət göstərən digər şirkətlərin qiymətli metalların hasilatının artırılması və yeni yataqların mənimsənilməsi üzrə səyləri çox perspektivli görünür.

 

Əlverişli trend

Xammala tələbatın azalması, enerji böhranı və bundan sonra dünya iqtisadiyyatında baş verən dəyişikliklər qiymətli metalların, xüsusilə də qızılın birja məzənnəsinə mənfi təsir göstərib. Əgər böhrandan öncəki 2013-cü ilin əvvəlində bir Troya unsiyasının (31,1 qram) qiyməti 1676 $ olubsa, hazırda bu, 1242 $ səviyyəsində qərarlaşıb. Bu ilin aprel-iyun aylarında qızıl qiymətlərinin növbəti eniş dalğası müşahidə edildi ki, bəzi analitiklərə görə, bu, Çin ÜDM-nin mənfi statistikası ilə bağlıdır - Çində iqtisadi fəallığın azalması xammala tələbatın azalmasına gətirib çıxarır. Qızılın bu dəfəki ucuzlaşmasında ABŞ dollarının məzənnəsinin artımı, bir sıra mərkəzi bankların qızıl ehtiyatlarının satışı, eləcə də, ilk növbədə, zərgərlik məhsullarının dünya üzrə ən böyük istehlakçısı olan Hindistanda fiziki qızıla tələbatın azalası da rol oynayıb.

Buna baxmayaraq, ekspertlər hesab edirlər ki, yaxın gələcəkdə qızıla marağı artıracaq bəzi amillər formalaşaqdadır. Belə ki, «Scotiabank» investisiya bankının analitikləri hesab edirlər ki, dolların möhkəmlənməsi prosesinin dayanması və ticarət müharibələrinin davam etməsi sərmayəçiləri ABŞ dövlət istiqrazlarının satışına məcbur edə bilər.

Belə olan halda, qızıl yenidən kapitalın qorunması üçün ən etibarlı aktiv kimi gundəmə gələcək. Nüfuzlu investor və analitik Maykl Pento da oxşar fikirdədir. O, hesab edir ki, Avropa Mərkəzi Bankı dövlət istiqrazlarının aylıq satışının 30 milyard avrodan 15 milyard avroya qədər azalması, ABŞ-la Çin və bir sıra digər ölkələr arasında "ticarət müharibələri"nin kəskinləşməsi, Çində kredit bumunun yavaşıması, eləcə də ABŞ-ın korporativ borcunun rekord səviyyəyə (ÜDM-in 45%-nə) çatması bu ilin sonunadək növbəti maliyyə böhranına səbəb olacaq ki, yaranmış vəziyyətdə qızıla tələbat artacaq.

"Bu gün qızıl yatırımlarını artırmaq, şirkətlərin və bankların investisiya portfelində onun payını 5-10%-ə qədər çattırmaq üçün əlverişli bir zamandır", - deyə Maykl Pento hesab edir,- "Qızıl qiymətlərinin daha da düşməsi üçün böyük bir təhlükə olduğunu düşünmürəm".

Lakin qızıla marağın sabit artımına zəmanət verən ən mühüm və uzunmüddətli trend bu qiymətli metalın dünya ehtiyatlarının azalması ilə bağlıdır. Xüsusilə də, son illərdə hasilatçı şirkətlər tükənən yataqları kompensasiya etmək üçün yüksək tərkibdə qiymətli metala malik yeni yataqlar aşkar edə bilmirlər. «Franco-Nevada» şirkətinin qiymətləndirməsinə görə, son 15 ildə qızıl ehtiyatı 15 mln. unsiya olan yalnız bir neçə böyük yataq aşkar edilib. Halbuki 1970-90-cı illərdə ehtiyatı 50 milyon unsiya olan yataqları aşkar etmək adi bir iş idi.

Bu, o deməkdir ki, gələcəkdə dünya bazarında qızıl təklifi azalacaq və, deməli, onun dəyəri istər-istəməz artacaq. Belə olan halda, sərmayəçilərin Cənub-Şərqi və Mərkəzi Asiyanın, Türkiyənin və əlbəttə ki, Azərbaycanın çoxsaylı kiçik və orta qızıl yataqlarının mənimsənilməsinə marağı əhəmiyyətli dərəcədə artacaq.

 

Qızıl, gümüş, mis

Təxminən, 9 il əvvəl irimiqyaslı qızıl hasilatına başlayan Azərbaycanda geoloji-kəşfiyyat işləri mərhələli şəkildə aparılır, əlvan və qiymətli metalların yeni yataqları açılır və bu baxımdan ölkənin perspektivləri çox müsbət görünür. Belə ki, Azərbaycandakı bütün yataqların ümumi potensialı, təxminən, 1,5-2 min ton təmiz qızıl səviyyəsində qiymətləndirilir.

Azərbaycanın altı qızıl yatağının kəşfiyyatı və işlənməsi üzrə 25 illik ilk müqavilə hökumətlə Amerikanın «R.V. Investment Services Grour LLC» şirkəti arasında hələ uzaq 1997-ci ildə imzalanıb. Azərbaycanın müqavilədə payı 51%, «Anglo Asian Mining PLC» şirkətinin payı isə 49% təşkil edir. Müqaviləyə əsasən, bu altı yataqdan 400 ton qızıl istehsal etmək planlaşdırılır.

Bununla yanaşı, keçən əsrin sonlarında və yeni əsrin ilk illərində qiymətli metalların son dərəcə aşağı qiymətləri qızıl yataqlarının işlənmə prosesini ləngitdi. "Gədəbəy" yatağında qiymətli metalların və misin irimiqyaslı sənaye istehsalı yalnız 2009-cu ilin ortalarında dünya bazarında qiymətlərin artım dövründə başladı. Hasilatın Pay Bölgüsü Sazişi (PSA) çərçivəsində 2013-cü ilin üçüncü rübündən həmçinin Tovuz rayonundakı «Qoşa» qızıl və mis yatağından qiymətli metal hasilatı həyata keçirilir.

Ötən illər ərzində layihənin operatoru - «Anglo-Asian Mining PLC» (AAM) şirkəti "Gədəbəy" və "Qoşa" qızıl yataqlarının işlənməsində nəzərəçarpacaq uğurlar əldə edib. 2015-ci ilin yayında şirkət həmçinin «Qadir» qızıl mədənini istismara açıb və 2017-ci ilin sentyabrından «Uğur» yatağının işlənməsinə başlayıb. Konsentrat yerli kombinatda zənginləşdirildikdən sonra affinaj üçün İsveçrəyə göndərilir. «Ayrım» markası altında dünya bazarında satılan külçələrin bir hissəsi də hasilatın pay bölgüsü sazişi çərçivəsində Azərbaycan Mərkəzi Bankının ehtiyat fonduna daxil olur.

«Anglo-Asian Mining PLC» qiymətli metalların hasilatı ilə yanaşı mis istehsalını da gerçəkləşdirir: 2014-cü ilən may ayında AAM və İsveçrənin «Industrial Minerals SA» qrupu arasında "Gədəbəy" yatağından istehsal edilmiş və şirkətin flotasiya zavodunda emal edilmiş mis konsentratının satışı üzrə üç illik müqavilə imzalanıb. 2016-cı ilin mart ayında isə 2018-ci ilin sonuna qədər fəaliyyət göstərəcək ikinci müqavilə imzalanıb.

AAM şirkəti tərəfindən ötən il 9,33 min ton, bu ilin birinci yarısında isə 587 ton mis konsentratı istehsal edilib. Qızıl istehsalının həcmi bu ilin əvvəlindən 33,3 min unsiya qızıl təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 43% çoxdur. Gümüş hasilatı 84,8 min unsiyaya bərabər olub, yəni 0,36% azalıb. Bunlardan 7,1 min unsiya Dore ərintisinin içərisində olub. "İstehsal göstəricilərinin əhəmiyyətli artımı 2017-ci il ərzində həyata keçirdiyimiz işlərin optimallaşdırılması və genişləndirmə təşəbbüsləri ilə izah edilə bilər, ən əsası isə "Uğur" yatağında istehsalın başlamasıdır", - deyə «Anglo-Asian Mining PLC»nin baş direktoru Reza Vəziri bildirib.

AAM şirkəti qiymətli metal hasilatının yüksək templərini saxlamaq üçün Azərbaycanda yeni geoloji kəşfiyyat və qiymətləndirmə proqramına 2018-ci ildə təxminən $6 milyon sərf etməyi planlaşdırır. Üçillik proqram çərçivəsində ətrafda yerləşən, tərk edilmiş və yeni sahələrdə kəşfiyyat-axtarış işləri təmin ediləcək ki, bunda məqsəd artıq çıxarılmış unsiyaların yerinə yeniləri gəlsin, mövcud şaxtaların minimum xidmət müddəti 10 ilə kimi uzadılsın, şirkətin resurslarının inventarlaşması artsın və yeni faydalı qazıntı yataqları açılsın. Xüsusilə, proqram 43,5 min kvadratmetr ərazidə yerüstü və yeraltı qazma işlərinin aparılmasını nəzərdə tutur.

Bu işlər üç iri yatağı əhatə edəcək. Birincisi Azərbaycanın qərbində yerləşən «Gədəbəy» müqavilə zonasıdır, ora "Gədəbəy" və "Uğur" yataqları, həmçinin yeraltı "Qədir" şaxtası daxildir. İşlər həm də "Gədəbəy"dən 50 km məsafədə yerləşən «Qoşa» müqavilə sahəsini və Naxçıvan MR-də yerləşən "Ordubad" müqavilə zonasını əhatə edəcək. Geniş qazma proqramından əlavə, «Qoşa» və «Ordubad» yataqlarının potensialını öyrənmək üçün aeroçəkiliş aparılacaq.

Ümumiyyətlə, 2018-ci ildə AAM 84 min unsiya qızıl istehsal etməyi planlaşdırır.

 

«AzerGold»un yeni hədəfləri

Qeyd edək ki, 2007-ci ilin iyun ayınla Milli Məclis qiymətli metal yataqlarının işlənməsi üzrə daha bir sazişi ratifikasiya etdi: 30 illlik PSA tipli müqavilə "Qaradağ", "Çovdar", "Göydağ", "Dağkəsəmən" yataqlarını, "Köhnəmədən" sahəsini və Kürəkçay hövzəsi yataqlarının işlənməsini nəzərdə tutur. Bu qrup qızıl yataqlarının işlənməsi üçün 2015-ci ilin fevral ayında dövlətə məxsus «AzerGold» QSC yaradılıb və şirkət artıq 2016-cı ildən "Çovdar" yatağında hazırlıq işlərinə başlayıb. İlkin qiymətləndirməyə görə, Azərbaycanın Daşkəsən rayonundakı "Çovdar" qızıl yatağının sənaye ehtiyatları, təxminən, 44,61 tondur.

«AzerGold» QSC-nin sədri Zakir İbrahimov bildirib ki, "Çovdar"da qısa müddət ərzində müxtəlif məqsədlər üçün təmir və tikinti işləri aparılıb, mədənin fəaliyyəti bərpa edilib və optimallaşdırılıb, bütün işlər sutkalıq istehsal rejiminə keçirilib. Artıq 2017-ci ilin aprel ayında «AzerGold» İsveçrənin «Argor-Heraeus» şirkəti ilə müqavilə imzalayıb və yataqdan hasil edilən qızıl və gümüşün ixracına başlayıb.

"2017-ci ilin aprel-dekabr aylarında yatağın işlənməsi hesabına QSC dünya bazarlarına 60,3 min unsiya qızıl və 86.4 min unsiya gümüş ixrac edərək, 131.5 milyon manatlıq gəlir əldə edib. 2018-ci ilin birinci yarısında ixracat 20,7 min unsiya qızıl, 28,2 min unsiya gümüş təşkil edib ki, bundan da əldə edilən gəlir 47.9 mln. manata bərabər olub. Bütünlükdə, yatağın işləndiyi dövr ərzində «AzerGold»un gəliri 178 milyon manat təşkil edib", - deyə Z.İbrahimov bildirib. O, əlavə edib ki, yüksək göstəricilər QSC-yə layihənin özü tərəfindən kapitallaşmasını artırmağa, həm də bank kreditlərini sürətlə qaytarmağa imkan yaradıb.

"Çovdar" yatağının filiz qatının açıq istismarı nəticəsində (birinci mərhələ 2021-ci ilə başa çatacaq) əlavə olaraq 129 min unsiya qızıl və 202 min unsiya gümüş əldə olunacaq ki, onların satılması nəticəsində ölkə iqtisadiyyatı 300 milyon manat qazanacaq



MƏSLƏHƏT GÖR:

391