26 Aprel 2024

Cümə, 23:05

KƏND İNNOVASİYALARI

Fermer təsərrüfatları çağdaş istehsal və biznes üsullarına keçməkdə yardımçı ola bilərlər

Müəllif:

01.08.2018

Azərbaycanın aqrar sektoru yeni inkişaf mərhələsinə qədəm qoyur və burada əsas diqqət innovasiya texnologiyalarının istifadəsinə yönələcək. Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin yeni rəhbərliyi bəyan edir. "Əsas vəzifələr sırasına vətəndaşların keyfiyyətli kənd təsərrüfatı məhsulları ilə təmin edilməsi, ölkədən valyuta axınını qarşısını almaqdır. Nazirliyin qarşısında üç əsas prinsipə riayət etməklə bağlı tapşırıq qoyub: kəndlilərə və fermerlərə dəstək olmaq, kənd təsərrüfatında düzgün idarə etməyə nail olmaq və innovasiyaları tətbiq etmək", - deyə nazir İnam Kərimov vurğulayıb.

Aqrar qurum öz düşüncələrini yerinə yetirməyə başladığı bu günlərdə ölkə yay biçini bitir və fermerlər onun əsas nəticələrini açıqlayırlar. Verilən məlumatlara əsasən, işin gedişində bir sıra problemləri həll etmək lazım gəlməsinə baxmayaraq, taxıl yığımı və tədarükü üzrə plan yerinə yetiriləcək.

 

Elektron sistemə keçid

Bu yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, kənd təsərrüfatının qarşısında duran əsas vəzifə bu sahəni yüksək texnologiyalı sənaye sahəsinə çevirməkdir. "Bu gün dünyada məhsuldarlığı bir neçə dəfə artıran texnologiyalar var. Biz Azərbaycana aqrotexniki tədbirlər və su təchizatı texnologiyaları ilə bağlı olan texnologiyaları gətirməliyik. Yerin hər qarışını maksimum səmərə ilə istifadə etməyə imkan verən müasir suvarma sistemləri var. Biz bu texnologiyaları Azərbaycana gətirməliyik və nəhayət, elektron kənd təsərrüfatı sistemini tətbiq etməliyik", - deyə dövlət başçısı bildirib.

Sonuncuya gəldikdə, İ.Əliyev artıq Kənd Təsərrüfatı Nazirliyinə elektron kənd təsərrüfatı sisteminin inkişafı üçün Prezidentin Ehtiyat Fondundan ilkin mərhələdə 2 milyon manat ayrılması barədə sərəncam verib.

Qeyd etmək lazımdır ki, son illərdə bu cür sistemin tətbiqinin vacibliyi fəal şəkildə müzakirə olunub və dəstəklənib. Əvvəldən ehtimal edilib ki, ölkədə kənd təsərrüfatı fəaliyyətinin tam monitorinqinə və səmərəliliyinin təhlilinə imkan verən bir sistem yaradılacaq. Bu sistem kənd təsərrüfatı məhsulları istehsalçılarını (fermerləri) qeydiyyatdan keçirmək üçün istifadə olunan alt sistemləri birləşdirəcək, kənd təsərrüfatı işləri üçün ayrılmış torpaq sahələrinin identifikasiyasını aparacaq, heyvanların qeydiyyatını və identifikasiyasını gerçəkləşdirəcək, onların sağlamlıq vəziyyətini və məhsuldarlığını qeydə alacaq.

Bundan başqa, aqrar layihələrinin maliyyələşdirilməsi üçün ərizə verilməsinin idarə edilməsi, fermerlərin kreditləşdirilməsi sistemi, habelə lizinq əməliyyatları və kənd təsərrüfatı texnikasının qeydiyyatı bura daxil olacaq. Bütün bu məlumatlar prosessinq mərkəzinə onlayn göndəriləcək ki, bu, Azərbaycanın kənd təsərrüfatı sektorunda problemli yerləri ən qısa zamanda müəyyən etməyə və ölkənin kənd təsərrüfatının səmərəliliyinin artırılmasına dair qərarlar qəbul etməyə imkan verəcək.

Bundan başqa, Avropa İttifaqının ekspertləri ilə birgə işin nəticələrinə əsasən, Azərbaycan ölkədəki fermer təsərrüfatları haqqında bütün məlumatların toplanacağı geniş onlayn məlumat bazasının yaradılmasını artıq elan edib. İşlər Avropa Birliyi tərəfindən maliyyələşdirilən texniki yardım layihəsi çərçivəsində 1,24 milyon avro büdcə ilə 2016-2017-ci illərdə həyata keçirilib. Bu elektron bazasının məqsədi kənd təsərrüfatının inkişafı üçün subsidiyaların ədalətli və şəffaf ayrılmasını təmin edilməsi, kənd təsərrüfatı siyasətinin formalaşması və onun səmərəliliyinin qiymətləndirilməsi üçün etibarlı və dəqiq məlumatların təmin edilməsi olduğu bildirilib.

Buna baxmayaraq, bu cür faydalı perspektivlərinə baxmayaraq, layihədən heç bir real nəticə yoxdur. "Elektron kənd təsərrüfatı sistemi Azərbaycanda istədiyimiz formada, lazım olan formada mövcud deyil. Problemlər də məhz bundan qaynaqlanır. Ona görə, ən müasir texnologiyalar tətbiq edilməlidir. Xarici mütəxəssislər cəlb edilməlidir. Bu istiqamətdə artıq işlər görülür. Biz hər bir qarış torpaqdan səmərəli istifadə etməliyik", - deyə Prezident İlham Əliyev kənd təsərrüfatı sahəsində səmərəli yanaşmalara ehtiyac olduğunu vurğulayıb.

Bununla yanaşı, xarici ekspertlərin fikrincə, kənd təsərrüfatında elektron sisteminin tətbiqini sürətləndirmək üçün onlayn ərizə verilməsi prosesini sadələşdirmək lazımdır ki, fermerlər özləri asanlıqla tək bu prosedura keçə bilsinlər, çünki bir çoxları kimi onların da yeni texnologiyalarla bağlı qorxusu var.

Hətta Hollandiya kimi inkişaf etmiş aqrar ölkədə kənd təsərrüfatının idarə edilməsi sistemlərinin elektron platformaya keçidi çətinliklərlə və fermerlərin onlayn hesabatla "ünsiyyət"dən qaçması ilə yaddaqalan oldu. Buna görə də mütəxəssislər, ilk növbədə, onlayn ərizələrin inkişafını stimullaşdırmaq üçün elektron platforma seçimi edənlər üçün müəyyən üstünlüklər tətbiq etməyi təklif edirlər.

 

Elmi yanaşma

Qeyd edək ki, elektron kənd təsərrüfatı yaradılması "Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üzrə strateji yol xəritəsi"nin doqquz hədəfindən biridir. Xəritədə müəyyən edilmiş vəzifələrin icrasının monitorinqi üzrə məlumatlara görə, 1 yanvar 2018-ci il vəziyyətinə bu bənd üzrə işlərin 30%-i tam və 30%-i qismən yerinə yetirilib.

Qalan səkkiz bəndə gəldikdə isə, ümumiyyətlə, onlar da yarıdan az yerinə yetirilir. Beləliklə, ən yaxşı vəziyyət ərzaq təhlükəsizliyinin sabitliyini təmin etməkdədir - bu istiqamətdə işlər, təxminən, 70% başa çatıb. Amma eyni zamanda, "dəyər zənciri" əsasında kənd təsərrüfatı sektorunun istehsal potensialını artırmaq sahəsində cəhdlər elə də uğurlu deyil, bu, kənd təsərrüfatı kooperativlərinin yaradılmasını və müxtəlif bitkiçilik sahələri üzrə elmi əsaslandırılmış əkin rayonlaşdırılmasının tətbiqini nəzərdə tutur.

Yeri gəlmişkən, elmin aqrar sektor fəal cəlbi yaxın gələcək üçün daha bir vacib məqsədlərdən biridir. Üstəgəl peşə təhsil səviyyəsi artırılmalıdır. Bu məqsədlə "yol xəritəsi" üzrə işlərin icrası, hələ ki, yalnız 23%-dir, bu, yaxın gələcəkdə yeni layihələrin həyata keçirilməsində fəallığının artırılmasının lazım olduğunu göstərir.

İxtisaslı aqronomların çatmaması, fermerlərin istehsal prosesinin incəlikləri və imkanları barədə bilik səviyyəsinin bəzən çox aşağı səviyyədə olması çox sahədə aqrar sektorun inkişaf tempinə mane olur. Məsələ bundadır ki, əkin üçün uğursuz bitki seçimi, düzgün olmayan suvarma sistemi, kimyəvi gübrələrdən həddindən artıq istifadə edilməsi, təbii toxumlarla genetik cəhətdən modifikasiya edilmiş toxumlar arasında fərqi müəyyən edə bilməmək kiçik fermer biznesini dağıtmaqla yanaşı, həm də uzun illər boyu torpağın yararsız hala gətirilməsinə səbəb ola bilər.

"Azərbaycan Dövlət Aqrar Universitetinin təkmilləşdirilməsi və beynəlxalq təcrübənin öyrənilməsi - bunlar əsas istiqamətlərdir. Kənd təsərrüfatı sahəsində elmi resursların səfərbər edilməsi ilə problemlərin həllinə nail olmaq mümkündür", - deyə nazir İ.Kərimov vurğulayıb.

Başqa sözlə, elmi yanaşmanın tətbiqinin bütün fermer təsərrüfatı kateqoriyaları üçün əlçatar olması vacibdir. Burada söhbət yalnız yetərincə sayda kadr hazırlanmasından getmir, həm də kiçik və orta sinif fermerlərin maliyyə imkanları istehsal prosesinə ekspertlər və məsləhətçilər cəlb etməyə çatmalıdır.

 

Texniki tərəqqi

Bununla belə, yuxarıda göstərilən çətinliklərlə yanaşı, Azərbaycanın bitkiçilik təsərrüfatları bu gün sırf texniki problemlərlə üz-üzə qalırlar, məsələn, yığım üçün yüksək keyfiyyətli maşınların elementar çatışmazlığı yaşanır.

Bu sahədə başqa bir problem də var: ekspertlər qeyd edirlər ki, Azərbaycanda həm də müasir texnikanı idarə edə biləcək kadrların kəskin çatışmazlıqları mövcuddur. Buna görə də mütəmadi olaraq kəndlərdən traktorların, kombaynların və s.-in düzgün idarə edilməməsi ilə bağlı qəzalar haqqında məlumatlar alınır. Həm də bu başabəla sürücülər maşınların qayğısına qalmağın elementar qaydalarını bilmirlər ki, bu da onların sürətlə sıradan çıxmasına gətirib çıxarır.

Kənd Təsərrüfatı Nazirliyində qeyd edirlər ki, keçən il 15 min ədəd kənd təsərrüfatı texnikasının nasaz olması aşkar edilib. "Bu, əsasən, 20 ildən çox müddətdə istifadə edilmiş texnikalardır. Biz ardıcıl olaraq izləmə aparırıq və nasazlıqları ortaya çıxarırıq, bu barədə texnika yiyələrini xəbərdar edirik. Ötən il, təxminən, 100 ədəd texnika xidmətdən kənarlaşdırılıb", - deyə Kənd Təsərrüfatı Nazirliyinin Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin rəhbəri Ağakişi Əliyev bildirib.

Lakin onun sözlərinə görə, fermerlər çox vaxt nasaz avadanlıqlardan istifadə etməyə davam edirlər ki, bu da məhsul yığımı zamanı itkilərə səbəb olur. Bununla yanaşı, aqrar sahə mütəxəssisləri əmin etməyə çalışırlar ki, kənd iş adamlarının bu qərarının səbəbi texnikanın olmaması ilə deyil, yetişmiş məhsulun sürətlə yığılması istəyi ilə bağlıdır. "Lakin onlar yığım ardıcıllığına əməl etsələr, köhnə avadanlıqdan istifadə etməli olmazlar", - deyə Əliyev bildirib.

Onun sözlərinə görə, ölkədə bütün taxıl məhsulunu toplamaq üçün kifayət qədər texnika var. Bununla yanaşı, bu ilin sonunda ən çağdaş tələblərə cavab verən yeni kənd təsərrüfatı maşınları partiyası gətiriləcək.

Əlavə edək ki, Prezident İlham Əliyev bu yaxınlarda deyib ki, təkcə bu il dəyəri 160 milyon manat olan 5 mindən çox texnika alınacaq. Ötən il 10 min ədəd texnika alınıb. "Ancaq bundan sonra bu sahədə şəffaflıq təmin edilməlidir. Bu məsələ Kənd Təsərrüfatı Nazirliyinin qarşısında qoyulub. Bizim texniki parkımız tam təftiş edilməlidir. Yeni avadanlıqların alınması ilə bağlı son dərəcə dəqiq təkliflərə ehtiyac var. Bu texnika kənd təsərrüfatının inkişafının ümumi dinamikasına cavab verməli və özündə prioritetləri əks etdirməlidir", - deyə dövlət başçısı vurğulayıb.

Bir sözlə, kənd təsərrüfatı problemlərinin həllinə innovativ yanaşma elmi-nəzəri məsləhətlərlə yanaşı, fermerlərin konkret praktiki problemlərinin həllinə yönəldiləcək. Yalnız bu şəkildə sahədə kəmiyyət və keyfiyyət dəyişikliklərinə nail olmaq, onun ölkə iqtisadiyyatının qeyri-neft sektorunun liderlərindən birinə çevirmək mümkündür.



MƏSLƏHƏT GÖR:

338