26 Aprel 2024

Cümə, 18:30

ƏNƏNƏLƏRİN BƏRPASI

İtaliya ilə Azərbaycan dərin tarixi köklərə bağlı ikitərəfli münasibətləri inkişaf etdirmək niyyətindədir

Müəllif:

01.08.2018

İtaliya prezidenti Sercio Mattarellanın Azərbaycana iyulun 18-19-da baş tutmuş ilk səfəri son dərəcə dolğun keçib. Səfər çərçivəsində ikitərəfli münasibətlərin perspektivləri müzakirə olunub, müxtəlif sahələrdə əməkdaşlığın gələcək inkişafı üçün hüquqi əsaslar qoyulub.

İtaliya Azərbaycanın ticarət tərəfdaşları arasında ənənəvi olaraq ilk yeri tutur. 2017-ci ilin yekunlarına görə, Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin 21%-i məhz onun payına düşüb. Eyni dövr üçün iki ölkə arasında qarşılıqlı ticarət dövriyyəsi 4,7 milyard dollar təşkil edib. Bu, Azərbaycanın bütünlükdə Avropa İttifaqı (Aİ) ölkələrilə ticarət dövriyyəsinin tam yarısıdır. Üstəlik, Azərbaycandan İtaliyaya ixrac idxalı üstələyir. Doğrudur, ticarətdə müsbət saldo Azərbaycan neftinin İtaliya limanları vasitəsilə reallaşdırılması sayəsində yaranıb. Lakin İtaliyanın özü də «qara qızıl»a olan tələbatının 15%-ni Azərbaycan nefti hesabına ödəyir. Bundan başqa, istər İtaliyadan, istərsə də kənardan bəzi qüvvələrin səylərinə baxmayaraq, Cənub Qaz Dəhlizinin tikintisindən sonra bu ölkə Azərbaycan qazının əsas alıcılarından birinə çevriləcək.

Bütün bunlarla yanaşı, Azərbaycanın postneft dövrünə aid iqtisadi siyasətini nəzərə alsaq, yaxın gələcəkdə İtaliya ilə qeyri-neft sektorunda da qarşılıqlı ticarətin artması tamamilə realdır. Hələliksə İtaliya şirkətləri Azərbaycan yataqlarının işlənməsində fəal iştirak edir. Azərbaycan-İtaliya biznes forumunda çıxış edən İtaliya prezidenti Sercio Mattarella bildirib ki, son 10 ildə İtaliya şirkətlərinin Azərbaycanın neft sənayesinə investisiya və texnologiyalar şəklində yatırımı 5 milyard avronu ötüb.

 

İtaliya texnologiyalarına «stavka»

Son illərdə neft və qazın enerji mənbəsi kimi əhəmiyyətinin azalacağı, lakin karbohidrogen resurslarının gündəmdən çıxmayacağı haqda çox fikirlər səsləndirilir. Belə düşünənlər fikrini onun neft-kimya müəssisələri üçün vacib xammala çevriləcəyilə əsaslandırır. Azərbaycanda da neft-kimya sahəsinin inkişafına milli iqtisadiyyatın şaxələndirilməsi, yerli məhsulun satışı üçün yeni bazarların açılması ilə nail olmaq mümkündür. Lakin bu sahənin inkişafı ilə bağlı hədəflərə çatmaq, rəqabət qabiliyyətli məhsulların istehsalı üçün yalnız ciddi maliyyə resurslarına deyil, həm də müasir texnologiyalara sahib olmaq vacibdir.

Bu kontekstdə İtaliya prezidentinin Azərbaycana səfəri çərçivəsində «Maire Tecnimont» polipropilen zavodunun açılışı vacib hadisə sayıla bilər. Qeyd edək ki, zavod İtaliyanın «Maire Tecnimont» şirkətinin layihəsi əsasında inşa olunub.

«Maire Tecnimont» zavodu miqyasına görə 40 ildə Azərbaycanın neft-kimya sektorunda tikilmiş ən nəhəng müəssisədir. Yalnız bir məqamı qeyd etmək kifayətdir ki, onun ərsəyə gəlməsinə 816 milyon dollar investisiya tələb olunurdu. Bu məbləğin 768 milyonu artıq xərclənib.

SOCAR Polymer Azərbaycanın neft-kimya sənayesində dövlət və özəl sektorun əməkdaşlığı ilə ərsəyə gəlmiş ilk layihədir. Onun tikintisi üçün nəzərdə tutulmuş investisiyanın 60%-ni «Qazprombank» ayırıb. Yerdə qalan məbləğ SOCAR, Vitol, «Paşa Holdinq», «Gilan Holdinq» və «Azərsun Holdinq» tərəfindən ayrılıb. Bir məqam da qeyd edilməlidir ki, layihənin reallaşdırılması üçün «layihə maliyyələşdirilməsi» prinsipi əsasında əsas səhmdarın zəmanəti olmadan 489 milyon dollar kredit də götürülüb. Bu, Azərbaycanda maliyyələşmə ilə bağlı ilk belə təcrübədir.

Zavod tam gücü ilə fəaliyyətə başladıqdan sonra ildə 19 növ polipropilen (184 min tondan artıq), 12 növ (120 min ton) yüksək sıxlıqlı polietilen istehsal edəcək. Miqyasın tam aydın olması üçün qeyd edək ki, zavodda gündə, təxminən, 60 yüksək tonnajlı yük avtomobili yüklənəcək. Bununla yanaşı, istehsal olunacaq məhsulun 70%-i ixrac olunacaq, bu isə Azərbaycanın ümumi ixracında neft sektorunun payının 19%-dək azalmasına imkan verəcək. Şirkətin ildə 6,3 milyard dollar gəlir əldə edəcəyi, bunun üçdə birinin təmiz mənfəət olacağı proqnozlaşdırılır.

SOCAR prezidenti Rövnəq Abdullayev bildirib ki, «Maire Tecnimont» şirkətinin Sumqayıtdakı polipropilen zavodunun inşasında nümayiş etdirdiyi yüksək peşəkarlıq nəzərə alınaraq, Heydər Əliyev adına Neft Emalı Zavodunun müasirləşdirilməsi üçün 14 yeni qurğunun layihələndirilməsi, alınması və tikintisi də bu quruma həvalə olunub. Daha bir İtaliya şirkəti «Technip Italy» isə SOCAR Polymer zavodunun əsas xammal tədarükçüsü olan «Azərkimya»nın yenidən qurulması layihəsinin baş podratçısıdır.

 

Sərfəli istiqamət

İtaliya prezidentinin Azərbaycana səfəri çərçivəsində Bakıda imzalanmış sənədlər arasında «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyəti ilə İtaliya Dövlət Dəmir Yolları arasında Anlaşma Memorandumu” da böyük əhəmiyyət daşıyır. Sənəd İtaliyanın işgüzar dairələri üçün Azərbaycandan tranzitlə Çin, İran, Hindistan və digər ölkələrə yük daşımaları baxımından yeni perspektivlər açır.

Azərbaycan Prezidenti İlham Əliyevin də dediyi kimi, bir müddət əvvəl istismara verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu italyan məhsullarının Asiyaya və geri daşınması üçün ən qısa yoldur. Bunun üçün ənənəvi dəniz yolu ilə daşımalara 30-35 gün tələb olunurdusa, yeni dəmir yolu şəbəkəsi yüklərin Asiyadan Avropaya cəmi 2 həftəyə çatdırılmasına imkan verir.

2018-ci ilin mayında Bakının Ələt qəsəbəsində Xəzər dənizinin ən nəhəng beynəlxalq dəniz ticarət limanı da istismara verilib. O, ilkin dövrdə ildə 15 milyon, sonradan isə 25 milyon tonadək yüklərin dövriyyəsinə imkan verəcək. Bundan başqa, ən iri ticarət donanması da Azərbaycandadır. O, 200 gəmidən ibarətdir.

 

Tarixi köklər

İtaliya ilə Azərbaycan arasında siyasi, iqtisadi və mədəni münasibətlərin tarixi XV əsrin əvvəllərinə gedib çıxır. Azərbaycan dövləti olan Ağqoyunlu ilə Venesiya Respublikası arasında siyasi-diplomatik əlaqələr məhz o zaman qurulub. 1469-cu ildən 1478-ci ilədək Azərbaycanda Venesiya Respublikasının səfirliyi belə, fəaliyyət göstərib. Həmin dövrdə azərbaycanlı diplomatlar Neapol krallığında danışıqlar aparıblar.

İtaliya prezidentinin Azərbaycana səfəri çərçivəsində Heydər Əliyev Mərkəzinin İtaliyanın Uffitsi Qalereyası ilə birgə təşkil etdiyi sərgi də açılıb. Sərgidə Azərbaycan xalqının böyük oğlu, şair və sərkərdə Şah İsmayıl Xətai və Şah Təhmasibin Kristofano del Altissimo tərəfindən çəkilmiş və indiyədək Uffitsi Qalereyasında saxlanılan portretləri də nümayiş olunub.

İtalyan izi azərbaycanlı milyonçuların Bakıda XIX-XX əsrlərin kəsişməsində inşa etdirdikləri görməli yerlərin memarlığında da görünür. Söhbət vaxtilə neft maqnatı Murtuza Muxtarovun həyat yoldaşı Liza Tuqanova üçün tikdirdiyi və hazırda Səadət sarayı adlanan binadan gedir. O, Venesiyadakı Palassio de Locenin «surəti»dir. Binanın gözəlliyi Venesiyada səfərdə olan Tuqanovanı valeh edibmiş

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin binası yanından da etinasız keçmək çətindir. Bu binada da Venesiya qotikası açıq-aydın nəzərə çarpır.

Neft maqnatı Musa Nağıyevin tikdirdiyi İsmailiyyə sarayının tarixisə də son dərəcə kədərlidir. Milyonçu binanı vaxtsız vəfat etmiş oğlu İsmayılın şərəfinə tikdirib. Bakı sarayı özündə Venesiyanın qızılı dekorlu, rəngarəng mərmərli Ka Doro sarayının memarlığını əks etdirir.

Gələcəkdə Bakıda İtaliya memarlığının izlərini özündə əks etdirəcək yeni binaların da tikiləcəyi istisna deyil. Azərbaycanın Memarlıq və İnşaat Universiteti ilə Milanın Politexnik Universiteti arasında Mattarellanın Bakı səfəri çərçivəsində imzalanmış qarşılıqlı anlaşma memorandumu bu xoş və ənənəvi əməkdaşlığın davam etdirilmsinə imkan verəcək.

Sonda onu da qeyd edək ki, Bakıda İtaliya ilə Azərbaycanın müvafiq qurumları arasında baytarlıq sahəsində qarşılıqlı əməkdaşlığa dair texniki razılaşma və ali təhsil sahəsində əməkdaşlığa dair bəyannamə də imzalanıb. İtaliya Azərbaycanla ətraf mühitin mühafizəsi və yenidən qiymətləndirilməsi, kənd təsərrüfatı və təkrar emal sənayesinin tranformasiyası, infrastruktur, nəqliyyat, logistika, tikinti kimi sahələrdə də əməkdaşlığa hazırdır.

Bir sözlə, İtaliya prezidentinin Azərbaycana səfəri göstərib ki, Bakı ilə Roma nəinki qarşılıqlı ticarət dövriyyəsini iqtisadiyyatın ənənəvi sektorları sayəsində artırmaq, həm də ikitərəfli əməkdaşlıq sahələrini artırmaq niyyətindədir.



MƏSLƏHƏT GÖR:

375