27 Aprel 2024

Şənbə, 01:33

BUENOS-AYRESƏ DOĞRU

Yeniyetmələrin Üçüncü Yay Olimpiya Oyunlarında Azərbaycanı 9 idman növü üzrə 17 idmançı təmsil edəcək

Müəllif:

15.09.2018

Beynəlxalq Olimpiya Komitəsinin səkkiz il əvvəl təsis etdiyi Yeniyetmələrin Yay Olimpiya Oyunları bu il üçüncü dəfə keçiriləcək. Qeyd edək ki, ilk dəfə yeniyetmələr arasında Olimpiada Sinqapurda, ardınca isə Çinin Nankin şəhərində təşkil olunan olimpiada bu il Argentinaya həvalə olunub. Oktyabrda Buenos-Ayresdə baş tutacaq yarışlarda Azərbaycan da təmsil olunacaq. Ölkəmizin idmançıları mötəbər yarışa 9 idman növü üzrə 17 lisenziya əldə edib.

Üzgüçülük idman növündə Fatimə Alkərəmova çıxış edəcək. Üzgüçülüyün bütün növlərində iştirak edəcək gənc xanım idmançımız hazırda son hazırlıq toplanışındadır. Mütəxəssislər əmindirlər ki, onun oyunlarda çıxış etməsi ölkədə peşəkar üzgüçülüyə marağı artıracaq.

Stolüstü tennisdə Ninq Jinq və Yu Xinhanq ölkəmizin adından çıxış edəcək. Yeniyetmələrin qitə miqyaslı turnirlərində böyük təcrübə qazanan tennisçilərimiz Argentinada medala namizəd sayılır. Hərçənd Buenos-Ayresdə rəqabət çox yüksək olacaq. Ona görə nəticələrlə bağlı əvvəlcədən proqnoz vermək çətindir.

Taekvando idman növündə Yeniyetmələrin Olimpiya Oyunlarında iki idmançıyla təmsil olunacayıq. 44 kq-da Minayə Əkbərova və 63 kq-da Cavad Ağayev tatami üzərinə çıxacaq. Hər iki taekvandoçu iki aylıq təlim-məşq toplanışında iştirak edib və demək olar ki, karyeralarının ən böyük yarışına tam hazır vəziyyətdədir.

Bütün yarışlarda medal ümidimiz olan boks növündə Argentinaya iki idmançımız yollanacaq. Bunlar Nurlan Səfərov (60 kq) və Nicat Həsənov (69 kq) olacaq. Beynəlxalq turnirlərin mükafatçısı olan yeniyetmə boksçularımız medal qazanmağa real namizəd sayılır. Məşqçilər həm Nurlan Səfərov, həm də Nicat Həsənovdan medal gözləyir.

Argentinaya yollanacaq nümayəndə heyətində iki güləşçimiz olacaq. Söhbət sərbəst güləşçilər Turan Bayramov (65 kq) və Şəhanə Nəzərovadan (43 kq) gedir. Turan Bayramov fiziki göstəricilərinə görə həmkarlarından yaxşı mənada fərqlənir. Ona görə də 65 kq-da komandamız üçün medal qazanacağına ümid böyükdür.

Azərbaycan gimnastikada maksimum sayda lisenziya qazanıb. Yeniyetmələrin Olimpiya Oyunlarında hər ölkə gimnastika növündə yalnız iki gimnastla təmsil oluna bilər. Buenos-Ayresdə Yelizaveta Luzan və Səməd Məmmədli çıxış edəcək. Artıq təlim-məşq toplantısına başlayan atletlər oktyabrın ilk günlərində Argentinaya yollanacaq.

Cüdoda Azərbaycanın idman şərəfini Vüsalə Kərimova (44 kq) və Vüqar Talıbov (66 kq) qoruyacaq. Xüsusilə Vüqar Talıbovun karyerasında ən böyük uğura imza atmaq şansları yüksək qiymətləndirilir.

Ağır atletikada Tamerlan Babayev (85 kq) və Lalə Rzazadə (58 kq) körpücük üzərinə çıxacaq. Yüngül atletikada isə Rüstəm Məmmədovla Fəxriyyə Tağızadə medal uğrunda yarışacaq.

Xatırladaq ki, ilk dəfə 2010-cu ildə Sinqapurda keçirilən Yay Olimpiya Oyunlarında Azərbaycan idmançıları 12 lisenziya qazanıb. Həmin turnirdə güləşçilər Murad Bazarov, Elman Muxtarov, Əli Məhəmmədov, Patimat Baqomedova, eləcə də ağır atletikada çıxış edən Nicat Rəhimov qızıl medala layiq görülmüşdü. Daha üç idmançımız Kənan Quliyev, Elvin İsayev və Salman Əlizadə fəxri kürsünün ikinci pilləsində yer alıb.

2014-cü ildə Çinin Nankin şəhərində baş tutan ikinci olimpiadada isə 24 idmançımız çıxış edib. Güləşdə İslambek Dadov, Teymur Məmmədov, İqbal Hacızadə, həmçinin taekvandoçu Səid Quliyev, boksçu Rüfət Hüseynov çempionluq sevinci yaşayıb. Altı idmançımız gümüş, bir atlet isə bürünc medalla kifayətləndi.

Buenos-Ayresdə təşkil olunacaq Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında Azərbaycan nümayəndə heyətinin rəhbəri Milli Olimpiya Komitəsinin marketinq direktoru Mehman Kərimov yarışla bağlı «R+»a açıqlama verib: "Bu il 17 idmançımız bu Oyunlarda iştirak edəcək. Nankinlə müqayisədə iştirakçılarımızın sayı azdır. Çində 21 idmançı və daha uşu üzrə üç təmsilçimiz oyunlara yollanmışdı. Bu dəfə 17 idmançıyla təmsil olunmağımızın səbəbi var. Rəqabət artıb. Artıq bütün ölkələr lisenziya uğrunda ciddi mübarizə aparır. Üstəlik, bu oyunlar yeniyetmələr arasında keçirilməsinə baxmayaraq, qaydalar, demək olar ki, böyüklərin yarışında olduğu kimidir. Yeniyetmələr oyunlarda iştirak etmək üçün mütləq şəkildə lisenziya qazanmalıdır. Bu oyunlar daha da populyarlaşıb. Ona görə lisenziya qazanmaq çətinləşib. İlk dəfə stolüstü tennis və gimnastikada Yeniyetmələrin Olimpiya Oyunlarında Azərbaycan təmsil olunacaq.

Oktyabrın 2-də atletlər kəndinin açılışı nəzərdə tutulub. Həmin gün iştirakçı ölkələrin bayraqlarının qaldırılma mərasimi təşkil olunacaq. Açılış mərasimi Buenos-Ayresdəki mərkəzi meydanda olacaq. İlk dəfə oyunlara bilet satılmır. Həm yerli sakinlər, həm də qonaqlar qeydiyyatdan keçməklə yarışlarda tamaşaçı qismində pulsuz iştirak edəcəklər. Azərbaycanın Milli Olimpiya Komitəsi yarışla bağlı xəbərləri mütəmadi olaraq sosial şəbəkələrdə yerləşdirəcək.



MƏSLƏHƏT GÖR:

311