26 Aprel 2024

Cümə, 20:44

GEOSİYASİ ANOMALİYA

ABŞ ilə Avropa arasındakı ziddiyyətlər İranın qarşısında «imkanlar pəncərəsi» açır

Müəllif:

01.10.2018

İranın Əhvaz şəhərində bu günlərdə törədilmiş terror aktı Yaxın Şərqdəki vəziyyəti təhlükəli həddə bir qədər də yaxınlaşdırıb. İran-ABŞ münasibətlərində Birləşmiş Ştatların prezidenti Donald Trampın bu ilin mayında İranla bağlı birgə fəaliyyət planından çıxdıqlarını bəyan etməsindən sonra yaranmış yeni gərginlik narahatlığa ciddi əsasdır. Trampın bu qərarından sonra Vaşinqton Tehrana qarşı köhnə sanksiyaları bərpa etməklə yanaşı, yeni sanksiyalara da əl atıb. Əksəriyyət isə hesab edir ki, «fəaliyyət planı», sadəcə, İrana təzyiq göstərmək üçün bəhanədir. Əsl səbəb onun Suriyada mövcudluğudur. Çünki Tehranın Yaxın Şərqdə nüfuz dairəsini genişləndirməsi Ağ Evin və xüsusilə onun indiki administrasiyasının mövqeyinə ziddir. Bütün bunların fonunda Tehran sanksiyalara sinə gərməyə hazır olduğunu bildirir və Qərbin İranda vəziyyəti daxildən qarışdırmağa çalışdığını düşünür.

 

Parad zamanı faciə

Terror aktı şənbə səhəri, sentyabrın 22-də «Müqəddəs müdafiə həftəsi» münasibətilə təşkil olunmuş hərbi parad zamanı törədilib. Bu, İran ordusunun 1980-1988-ci illər İraq müharibəsindəki qələbəsi şəninə təşkil olunan silsilə tədbirlərin bir hissəsi idi.

Motosikletlərlə hərəkət edən silahlı şəxslər paradda iştirak edən hərbçiləri və onları izləyən mülki şəxsləri atəşə tutub. Nəticədə, 28 nəfər həlak olub, 60-dan çox insan yaralanıb. Söhbət həm hərbçilərdən, həm də mülki şəxslərdən gedir.

İran Silahlı Qüvvələrindən verilən məlumata görə, hadisəni törətmiş bütün terrorçular zərərsizləşdirilib. İranın Kəşfiyyat Nazirliyi isə hadisənin təşkilində şübhəli bilinən 22 nəfərin saxlandığını bəyan edib. Onlarda partlayıcı maddələr, silah və rabitə vasitələri götürülüb.

Terror aktına görə, məsuliyyəti separatçı «Əl-Ahvaziyə» təşkilatı öz üzərinə götürüb. Lakin bəzi mənbələr baş verənlərə «İslam Dövləti» (İD) təşkilatının aidiyyəti olduğunu düşünür.

Əgər İD dünyada tanınırsa, «Əl-Ahvaziyə» haqda yalnız ekspertlər məlumatlıdır. Ümumi «Əl-Ahvaziyə» adı altında fəaliyyət göstərən ayrı-ayrı qruplaşmaların ərəb dilində olan adlarından baş açmaq asan deyil. Onların bir-birindən nə ilə fərqləndiyini aydınlaşdırmaq isə daha da çətindir. Bir şey bəllidir ki, söhbət Xuzistan əyalətinin (eyni zamanda ərəb əhalinin yaşadığı bir sıra digər əyalətlərin) «fars militaristləri»ndən «müstəqilliyi» və Fars körfəzinin, faktiki olaraq, «ərəb gölü»nə çevrilməsi uğrunda mübarizə aparan təşkilatlar şəbəkəsindən gedir. Bu qruplaşmalar İranın dövlət qurumlarına və ona aid şəxslərə dəfələrlə hücum edib.

İnzibati mərkəzi Əhvaz olan Xuzistan əyalətinin əhalisinin əksəriyyəti ərəbdir. O, ölkənin cənub-qərbində, İraq sərhədi yaxınlığında yerləşir. Ötən əsrin 80-ci illərində İranla İraq bu əyalət uğrunda da savaşıb. Aydındır ki, İranın geosiyasi rəqibləri ənənəvi ərəb-İran rəqabəti çərçivəsində «əl-Əhvazın ərəb xalqının problemi»ndən də istifadə etməyə çalışır. Üstəlik, ölkənin əhəmiyyətli neft ehtiyatı, metallurgiya sənayesi bu əyalətdədir. O, həmçinin əhəmiyyətli kənd təsərrüfatı regionudur. Buna baxmayaraq, əhalisi çox sıx olan bu bölgə problemlərlə də «zəngin»dir (məsələn, Əhvaz dünyanın az qala ən çirkli şəhəri sayılır).

Xuzistanda yeni separatçı hərəkat 2005-ci ildə başlayıb. O zaman prezident seçkisi öncəsi törədilmiş silsilə terror aktlarına görə iranlılar məsuliyyəti xarici xüsusi xidmət orqanlarının dəstəklədiyi sünni separatçı təşkilatların üzərinə qoyub. Tehran «əl-Əhvaz» hərəkatını terrorçu hərəkat sayır və onun Səudiyyə Ərəbistanı tərəfindən maliyyələşdirildiyini, bir neçə Avropa ölkəsi tərəfindən də dəstəkləndiyini düşünür. Müxtəlif mənbələr «əl-Əhvaz» nümayəndələrinin Böyük Britaniyada, Danimarkada, Hollandiya və İsveçdə yaşadığını bildirir. Hərəkatın fəalları bu ölkələrdə vaxtaşırı etiraz aksiyaları da keçirir. Təxminən, 1 il əvvəl hərəkatın yaradıcılarından olan Əhməd Molla Nisi iranlı agentlər tərəfindən məhz Hollandiyada qətlə yetirilmişdi.

Odur ki, İran hakimiyyətinin baş verənlərə reaksiyada vahid mövqedən çıxış etməsi təəccüblü deyil. Tehranın son terror aktına görə məsuliyyəti «terrorçuluğun regional sponsorlarının və onların amerikalı təlimatçılarının» üzərinə qoyduğu ölkənin xarici işlər naziri Məhəmməd Cavad Zərifin hadisədən dərhal sonra verdiyi bəyanatdan bəlli olub.

«Məlumata görə, bu qorxaq hərəkəti ABŞ-ın Suriya və İraqda xilas etdiyi, Səudiyyə Ərəbistanı və BƏƏ-nin maliyyələşdirdiyi şəxslər edib». Bunu isə İranın ali dini lideri Əli Xamenei bəyan edib.

İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) komandanının müavini Hüseyn Salami də baş verənlərə görə İsraillə ABŞ-ın məsuliyyət daşıdığını bildirib. İİKK rəsmisi Ramazan Şərif isə «əl-Əhvaz»ın Səudiyyə Ərəbistanı tərəfindən təchiz olunduğunu, maliyyə dəstəyi aldığını söyləyib.

Bundan başqa, hadisədən dərhal sonra Niderland və Danimarkanın səfirləri, Böyük Britaniyanın müvəqqəti işlər vəkili İran XİN-nə çağırılıb. Diplomatlara ölkələri «muzdlu terrorçu qruplarına sığınacaq verdiyi» üçün etiraz bildirilib. Tehran həmin şəxslərin dərhal həbs olunaraq, qanunauyğun şəkildə deportasiyasını tələb edib. Lakin Avropa ölkələri bu tələbi qəbul etməyib. «Bu təşkilatın üzvləri Avropa ərazisində terror aktları törətmədiyindən, Avropa İttifaqının terrorçular siyahısına salınmırlar. Bu, yolverilməzdir», - deyə İran XİN-nin rəsmisi bildirib.

Təbii ki, İran tərəfi sərt cavab addımları da vəd edir. Məsələn, ölkənin müdafiə naziri Əmir Hatəmi deyir ki, «İranın cavabı gözlənilməz və sərt olacaq». Eyni «vəd»i İran prezidenti Həsən Ruhani də səsləndirib. «Hücum açıq şəkildə göstərdi ki, düşmənlərimizin yeganə hədəfi İranı və iranlıları məhv etməkdir. Onlar qan axıtmaqdan çəkinməyərək, qadınları, uşaqları, qocaları, gəncləri, fəhlələri və əsgərləri, sadəcə, iranlı olduqları üçün öldürürlər», - deyə İran prezidentinin rəsmi saytında yer almış bəyanatda bildirilir.

Hatəmi hesab edir ki, Əhvazda baş verənlər İran xalqının müdafiəsi üçün ölkənin müdafiə potensialının gücləndirilməsinin vacibliyini göstərib.

 

Moqerini köməyə tələsir

Bu vəziyyətdə ABŞ-ın İrana qarşı yeni saziş tələbi, əlbəttə ki, qeyri-real görünür. Vaşinqton hesab edir ki, İranın nüvə proqramı ilə bağlı fəaliyyət planının əvəzinə, Tehranın yalnız nüvə deyil, ballistik raket proqramını da əhatə edən yeni saziş imzalanmalıdır. Regionda qüvvələr nisbəti isə prinsipcə, kifayət qədər sadədir - ABŞ və müttəfiqlərinin maraqları ilə İranın maraqları bir-birinə tam ziddir. Buna ən parlaq nümunə Suriyadakı vəziyyətdir. ABŞ-da alimlər qrupu, keçmiş hökumət məmurları və jurnalistlər qarşısında çıxış edən Ruhani bildirib ki, «nə qədər ki, Suriyada terrorçuluğun kökü kəsilməyib» və Suriya hökumətinin İranın dəstəyinə ehtiyacı var, Tehran bu ölkəni tərk etməyəcək. «ABŞ özünün regionda qalmaq haqqına malik olduğunu düşünür. Lakin İranın belə haqqının olduğunu qəbul etmir», - deyə Həsən Ruhani qeyd edib.

Con Bolton isə əks fikir söyləyib: «Nə qədər ki, İran qüvvələri Suriyadadır, ABŞ oranı tərk etməyəcək. Bu, İranın adamlarına, qeyri-nizami qoşunlarına da aiddir».

Bu, Amerika-İran rəqabətinin səviyyəsini, dərinliyini kifayət qədər aydın şəkildə ortaya qoyur.

Bütün bunların fonunda ən güclü silah olan iqtisadiyyat ABŞ-ın əlindədir. Nüvə silahından fərqli olaraq, ondan sərbəst şəkildə istifadə etmək mümkündür. ABŞ prezidenti Donald Trampın vəkili Rudolf Culiani İran-Amerika İcmaları Təşkilatının bu yaxınlarda keçirilmiş forumunda bildirib ki, Vaşinqtonun Tehrana tətbiq etdiyi sanksiyalar işləyir və sonda hazırkı İran hakimiyyətinin devrilməsilə nəticələnəcək inqilaba səbəb olacaq.

«Bu, bir neçə günə də, aya da, ilə də baş verə bilər. Amma baş verəcək», - deyə Culiani bildirib. «Reuters» agentliyinin məlumatına görə, Nyu-Yorkun sabiq meri tədbirə fərdi şəxs kimi qatılsa da, onun sözlərinə diqqət etmək lazımdır. Çünki o, Trampın ən yaxın müttəfiqlərindən biridir.

Amerikanın İrana tətbiq etdiyi sanksiyaların bir hissəsi avqustun 7-nə keçən gecə qüvvəyə minib. Onlar maşınqayırma sektorunu, qızıl və bir sıra digər metal alqı-satqısı bazarını da əhatə edir. Bu, dərhal rialın ucuzlaşmasına səbəb olub və İran iqtisadiyyatında çətinliklər yaradıb. Neft məhsullarının ixracına məhdudiyyət isə noyabrın 5-dən qüvvəyə minəcək. Buna rəğmən, artıq bir çox şirkət İranı tərk edib. Çünki ABŞ-ın sanksiyaları iranlı tərəfdaşları ilə biznes əlaqələri olan üçüncü dövlət şirkətlərinə qarşı da cəzaları nəzərdə tutur. Ümumiyyətlə, İranın ən gəlirli sahəsi olan Avropaya neft ixracı may-avqust ərzində 3 dəfədən çox azalıb. Analitiklər bu azalmanın davam edəcəyini düşünür. Tramp administrasiyası isə İran resurslarını əvəz edəcək alternativ neft mənbələrinin axtarışındadır.

Maraqlıdır ki, bu məsələdə ABŞ-ın avropalı tərəfdaşları Vaşinqtondan fərqli mövqe nümayiş etdirir. Onlar faktiki olaraq, İrana dəstək verir. Tehranla sövdələşmələri olan Rusiya, Çin, Fransa, Almaniya və Böyük Britaniya BMT Baş Assambleyasının 73-cü toplantısında Tehranla sövdələşmələrə sadiq olduqlarını bəyan ediblər. Avropanın baş diplomatı F.Moqerininin oxuduğu sənəddə bildirilir ki, İran tərəfi ümumi fəaliyyət planında nəzərdə tutulmuş öhdəliklərə tam əməl edir və bu razılaşma «nüvə silahlarının yayılmaması rejiminin arxitekturasında əsas elementdir». Bundan başqa, Aİ Avropa şirkətlərinin İranla bağlı hesablamalarının Amerika sanksiyalarından qorunması üçün mexanizm də hazırlayır. Amma Brüsselin tədbirlərinin şirkətlərin İranı tərk etməsinə nə qədər əngəl olacağı, hələ ki, məlum deyil. Bu məsələdə qeyri-Avropa şirkətlərinin, daha konkret desək, Çin, Hindistan və Türkiyə şirkətlərinin addımlarından da çox şey asılıdır.

Yeri gəlmişkən, Türkiyənin XİN başçısı Mövlud Çavuşoğlu ölkəsinin İranla ticarəti davam etdirəcəyini bildirib. Çinin xarici işlər naziri Van İ də başqa ölkələrin İranla iqtisadi münasibətlər qurmaq, ticarət aparmaq hüququna hörmətlə yanaşılmasının vacibliyini bildirib.

Bütün bunlar öz-özlüyündə artıq maraqlı mənzərə yaradır - vaxtilə mümkünsüz görünənlər baş verməkdədir. Nəticədə, ABŞ Dövlət Departamentinin rəhbəri Mayk Pompeo maraqlı etiraf etmək məcburiyyətində qalıb: «Avropanın qərarı regional və qlobal sülhə, təhlükəsizliyə ən zidd addımlardandır. ABŞ ilə Aİ-nin trans-Atlantik münasibətlər çərçivəsində Rusiya kimi rəqibə qarşı birgə çıxış etdiyi 70 ildən sonra bunu təsəvvür etmək çətin idi».

Avropa KİV-nin tonu isə göstərir ki, onlar Brüsselin qərarını tam dəstəkləyir. Mətbuat birağızdan ABŞ-a ticarət və iqlim razılaşmalarından çıxdığını, NATO-dakı tərəfdaşlarının ünvanına durmadan hədələr səsləndirdiyini xatırladır. Brüssel isə artıq ABŞ-ın xeyri üçün Yaxın Şərqdə özünü oda vurmaq istəmədiyini aydın şəkildə büruzə verir. Çünki buna görə Vaşinqtondan təşəkkür belə, eşitmir.

Bu arada Aİ-yə neftin bahalaşması da lazım deyil. Məsələn, İran Hörmüz boğazını bağlayarsa, bu, istər-istəməz baş verəcək. ABŞ-ın İranla, yaxud İranın İsraillə açıq hərbi qarşıdurması isə Avropaya heç lazım deyil. Bu, bütün region üçün Suriya problemini kölgədə qoya biləcək faciə olacaq, ciddi qaçqın axınına yol açacaq. Moqerini CNN-ə müsahibəsində bu haqda fikrini kifayət qədər açıq ifadə edib: «Dünyadakı münaqişələri, böhranları həll etmək üçün danışıqlardan yaxşı alternativiniz varmı? Diplomatiyadan, dialoqdan yaxşı vasitə bilirsinizmi? Məgər, müharibə yaxşı variantdır?».

Belə bir vəziyyətdə İranın ABŞ ilə qarşıdurmada, həqiqətən, də manevr imkanları yaranır. Bunun regiondakı, Suriyadakı və İranın daxilindəki vəziyyətə necə təsir edəcəyinisə zaman göstərəcək.



MƏSLƏHƏT GÖR:

348