26 Aprel 2024

Cümə, 10:29

MARAQLARIN BALANSI

Bakı ilə Moskva regionun geosiyasi simasını dəyişir

Müəllif:

01.10.2018

Rusiya prezidenti Vladimir Putinin Azərbaycana sentyabrın 27-də etdiyi işgüzar səfər qısa olmasına rəğmən, son dərəcə məzmunlu və dolğun keçib. O, Bakı ilə Moskva arasında strateji tərəfdaşlığın getdikcə güclənməkdə olduğunu, iki ölkənin dost münasibətlərini bir daha təsdiq edib. Bu isə öz növbəsində, regional siyasi və iqtisadi proseslərdə böyük rol oynayacaq hadisədir.

 

Bir nömrəli tərəfdaşlar

Putinin Bakı səfəri Azərbaycan və Rusiya prezidentlərinin sentyabrın 1-də Soçidə keçirdikləri görüşün özünəməxsus davamı da sayıla bilər. O zaman tərəflər arasında 16 dövlətlərarası və hökumətlərarası sənəd imzalanmışdı. Azərbaycan Prezidenti İlham Əliyev həmin sənədlərin «uzun illər əvvəlcədən bizim münasibətlərimizin gələcəkdə daha da inkişafını müəyyənləşdirəcəyini» bildirmişdi.

Putinin Bakıya Soçi danışıqlarından 1 aydan da az müddət sonra növbəti səfərini xarakterizə edən İ.Əliyev onu «aramızdakı münasibətlərin səviyyəsinin parlaq göstəricisi» kimi qiymətləndirib. Bu mənada, Rusiya prezidentinin son 5 ildə Azərbaycana 4-cü səfərini etməsi Bakı ilə Moskva arasında dostluq münasibətlərinin, ən yüksək səviyyədə əlaqələrin intensivliyinin göstəricisi sayıla bilər.

İki dövlət başçısının səfər çərçivəsində verdikləri bəyanat belə deməyə əsas verir ki, prezidentlər ikitərəfli əməkdaşlığın, demək olar ki, bütün sahələrinə dair müzakirə aparıblar. Bundan başqa, İlham Əliyev ilə Vladimir Putin Bakıda keçirilən cüdo üzrə dünya çempionatının final qarşılaşmalarını izləyiblər. Yeri gəlmişkən, cüdo Rusiya liderinin idman təcrübəsində ciddi yer tutur.

Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlığın dərinləşməsi, üstəlik, onun getdikcə aşkar müttəfiqlik xarakteri alması Cənubi Qafqaz və Xəzər regionunun geosiyasi simasını dəyişir. Putinin Bakıda verdiyi bir bəyanat bu mənada diqqətəlayiqdir. Kreml sahibi bildirib ki, Rusiya-Azərbaycan münasibətləri qarşılıqlı hörmət və maraqlar balansının axtarışı prinsipləri üzərində qurulub. Bu mənada, demək olar ki, Bakı ilə Moskvanın «maraqların balansı»nı əmin etmək hədəfi regional təhlükəsizliyə də müsbət mənada böyük təsir göstərəcək. Bu, özünü regionun ən ağrılı probleminin həllinə - Ermənistanın Azərbaycana hərbi təcavüzünün aradan qaldırılmasına da öz təsirini göstərə bilər.

Güman ki, Əliyev ilə Putinin Bakı görüşündə məhz Dağlıq Qarabağ münaqişəsi əsas müzakirə mövzularından olub. Eyni zamanda tərəflər hərbi-texniki sahədə gələcək əməkdaşlıq haqda da danışıb. Tərəflərin regional təhlükəsizliyin möhkəmləndirilməsinə yönəlmiş birgə səyləri Rusiya-Türkiyə-Azərbaycan, Rusiya-İran-Azərbaycan kimi üçtərəfli formatlarda da davam etdirilir. Bu fakt isə öz-özlüyündə, Qafqaz-Xəzər regionunda sülh və sabitliyin təminində Azərbaycanın vacib, əlaqələndirici rolunu təsdiqləyir.

Azərbaycanla Rusiya arasında mehriban qonşuluq və dost münasibətlərinin inkişafında humanitar sahə xüsusi əhəmiyyət daşıyır. İlham Əliyevin də dediyi kimi, «bizim münasibətlərimizin təməlində tarixi, mədəni əlaqələrimiz, xalqlarımızın yaxınlığı durur. Əlbəttə, biz birlikdə humanitar əlaqələrin inkişafı üzərində çox fəal işləyirik».

Bu kontekstdə Vladimir Putinin Azərbaycanda rus mədəniyyəti və dilinə olan dəstəyi bir daha yüksək qiymətləndirdiyini vurğulamaq lazımdır. Bu gün Azərbaycanda 340-dan artıq məktəbdə tədris rus dilindədir. Bundan başqa, Bakıda M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin və İ.M.Seçenov adına Tibbi Universitetinin filialları fəaliyyət göstərir. Bu və Azərbaycandakı tolerantlığa dair digər faktlar Rusiya üçün xüsusilə qiymətlidir. Hər halda, bir sıra postsovet ölkəsində rus dili və mədəniyyətinə hörmətlə yanaşılmadığı bəllidir. Məsələn, Ermənistanda SSRİ-nin dağılmasından bu yana «rus elementləri»ndən təmizlənmə sahəsində cidd-cəhdlər var. Nəticədə, orada az qala nə bir nəfər rus, nə də rus məktəbi qalıb.

 

Əməkdaşlıqda müsbət dinamika

Rusiya ilə Azərbaycan arasında tərəfdaşlığın gücləndiyinin parlaq nümunələrindən biri də iqtisadi sahədə əməkdaşlıqdır. Yalnız onu qeyd etmək kifayətdir ki, Bakı ilə Moskva artmaqda olan iqtisadi əməkdaşlığa əsaslanaraq, qarşıya 2024-cü ilə ticarət dövriyyəsi həcminin 10 milyard dollara çatdırılması vəzifəsini qoyub. Vladimir Putin böyük məmnunluqla bildirib ki, Azərbaycan bazarında rusların iştirakı ilə 700 birgə müəssisə fəaliyyət göstərir, Azərbaycan iqtisadiyyatına qoyulmuş birbaşa rus investisiyasının həcmi isə 1,5 milyard dollardan artıqdır. Bütün bunlar Azərbaycanın Cənubi Qafqazda Rusiyanın əsas iqtisadi tərəfdaşı olduğunu təsdiqləyən əsaslı faktların yalnız bir hissəsidir.

İki ölkə arasındakı sıx iqtisadi əlaqələr IX Azərbaycan-Rusiya Regionlararası Forumunun gedişində də təsdiqlənib. Tədbirin açılış mərasimində İlham Əliyev ilə Vladimir Putin də iştirak ediblər.

Forumu açan Azərbaycan Prezidenti bildirib ki, iki ölkə münasibətlərinin bütün istiqamətlərində müsbət dinamka müşahidə olunmaqdadır. Forumun işinə rekord sayda nümayəndənin qatılması da bunu təsdiq edib. Foruma Azərbaycan və Rusiyadan rekord sayda binzes təmsilçisi, siyasətçi, elm adamı qatılmışdı.

Bu tədbirin məqsədəuyğun olduğunu təsdiqləyən daha bir məqam Azərbaycanın artıq Rusiya Federasiyasının, təxminən, 80 subyektilə uğurlu ikitərəfli əməkdaşlıq qurmasıdır. Regional forumda Rusiya Federasiyası subyektləri ilə Azərbaycanın regionları arasında sahibkarlıq, humanitar və digər sahələrdə yaxınlaşmanı təmin edəcək konkret layihələr müzakirə olunur.

İkitərəfli əməkdaşlıqda enerji sahəsi də xüsusi yer tutur. Bununla bağlı, ciddi nümunələr göstərən Putin Azərbaycanda Rusiya enerji şirkətlərinin uğurlu fəaliyyətini qeyd edib. Məsələn, «Rosneft» ARDNŞ ilə birlikdə tezliklə Azərbaycanın «Qoşadaş» neft-qaz yatağının kəşfiyyatına və işlənməsinə başlamağı planlaşdırır. Bu mənada Azərbaycan neftinin Bakı-Novorossiysk kəmərilə etibarlı tranzitini təşkil edən «Transneft»i də qeyd etmək olar.

Bakı ilə Moskva Avropa ilə Asiya bazarlarını birləşdirməyi nəzərdə tutan «Şimal-Cənub» beynəlxalq nəqliyyat dəhlizinin yaradılması çərçivəsində miqyaslı infrastruktur layihələri də həyata keçirir. Tərəflər dəmir yolu, avtomobil və dəniz yolu ilə yük daşımalarının həcmini də artırır. Layihə çərçivəsində Samur çayı üzərində sutkada 37 mindən artıq avtomobilin keçə biləcəyi körpü inşa olunur. Üstəlik, hazırda Azərbaycan və Rusiya limanları arasında birbaşa bərə əlaqəsinin qurulması imkanları müzakirə edilir.

İlham Əliyev bildirib ki, Azərbaycan, Rusiya və İranın iştirak etdiyi «Şimal-Cənub» layihəsi sayəsində bu dəhlizlə yük daşımaları artıq dəfələrlə artıb.

Nəqliyyat infrastrukturunun inkişafı üçün yeni perspektivlər bu yaxınlarda Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın imzalanması ilə meydana çıxıb. «Sözsüz ki, bu, irəliyə doğru gedən qərardır», - deyə Rusiya prezidenti Bakıda bildirib: «O, Xəzər regionunda əməkdaşlıq üçün bizə yaxşı baza yaradır. Ümid edirik ki, Rusiya və Azərbaycan şirkətləri Xəzər regionunda perspektivli layihələrin reallaşdırılması ilə fəal məşğul olacaqlar. İlk növbədə, nəqliyyat, yük daşımaları, neft-qaz hasilatı, ekologiya və sözsüz ki, Xəzərin bioehtiyatlarının və biomüxtəlifliyinin qorunması sahəsində».

Belə layihələr, əlbəttə ki, turizm sahəsində də daha fəal əməkdaşlığa təkan olacaq. Vladimir Putinin sözlərinə görə, Rusiya ilə Azərbaycan Xəzər dənizində gəmi turizmini birgə inkişaf etdirmək niyyətindədir. Bununla yanaşı, Putin Azərbaycanın Rusiya ərazisində, məsələn, Yessentukidə turizm obyektlərinin yaradılmasında iştirakını alqışlayıb. Qeyd edək ki, Yessentukidə məhz azərbaycanlı iş adamlarının sayəsində sanatoriya-kurort mərkəzi tikilib.

İlham Əliyev isə öz növbəsində, Azərbaycana üz tutan Rusiya vətəndaşlarının sayındakı artımdan danışıb. «Hələ başa çatmamış 9 ay ərzində 700 minədək rusiyalı Azərbaycanı ziyarət edib. Əminəm ki, bu rəqəm də gələcəkdə artacaq», - deyə o, bildirib.

Azərbaycan-Rusiya əməkdaşlığında perspektivli sahələr arasında avtomobil istehsalı sahəsi də var. İlham Əliyev Azərbaycan ərazisində qurulmuş konveyerlərdən artıq Rusiyanın «KamAZ», «Ural» markalı maşınlarının buraxılmasını yüksək qiymətləndirib. O, ölkədə «QAZ» markalı avtomobillərin də buraxılmasına dair razılığın olduğunu xatırladıb.

Azərbaycan, öz növbəsində, Rusiyanın regionlarında aqrar müəssisələrin yaradılması ilə məşğuldur. Misal kimi, Nijeqorod vilayətindəki şüşəbənd kompleksini, Krasnodar vilayətində ərzaq istehsalı ilə məşğul olan birgə müəssisəni göstərmək olar. V.Putin Bakıdakı çıxışında deyib: «2017-ci ildə Azərbaycanın kənd təsərrüfatı məhsullarının Rusiyaya satışı, demək olar, 12 faiz artıb. Bu, yarım milyard dollarlıq ümumi həcmdir».

Bütün bu amilləri nəzərə alsaq, İlham Əliyevin «Rusiya Azərbaycan üçün idxal üzrə bir nömrəli tərəfdaşdır və bizim qeyri-neft sektorunun məhsullarının ixracı üzrə də bir nömrəli tərəfdaşdır» bəyanatı təəccüblü deyil. İki ölkə arasında münasibətlər sözün əsl mənasında çoxtərəfli xarakter alıb və bu, onların strateji tərəfdaşlığın inkişafında yeni mərhələyə qədəm qoyduqlarını göstərir. Üstəlik, söhbət yalnız ikitərəfli dialoq kontekstində deyil, Qafqaz-Xəzər regionu, daha da geniş yanaşsaq, bütünlükdə Avrasiya kontekstində yeni mərhələdir.

Bakının beynəlxalq arenada mövqeyini əhəmiyyətli dərəcədə gücləndirdiyini təsdiqləyən bu reallıq Azərbaycana düşmən olan yeganə dövlətin öz taleyi haqda düşünməli olduğunu bir daha ortaya qoyur. Azərbaycan ərazilərinin işğalına son qoymaq istəməyən Ermənistan regional lider olan Bakı ilə rəqabətdə bütün siyasi və iqtisadi cəbhələrdə iflasa uğrayır. Putinin Bakıya kifayət qədər uğurlu səfəri də bunu təsdiqləyir. Hər halda, erməni tərəfinin davamlı anonslarına baxmayaraq, Rusiya prezidenti Azərbaycandan sonra Ermənistana yollanmayıb. Putin Bakıdan MDB-nin sammitinə qatılmaq üçün birbaşa Düşənbəyə gedib və bununla da, köməkçisi Yuri Uşakovun proqnozunu doğruldub - Uşakov V.Putinin bu il Ermənistana səfər etmək ehtimalının az olduğunu demişdi. Yeri gəlmişkən, onun bu bəyanatında yer almış arqument Yerevana Putinin ən azı yaxın aylarda Ermənistana yollanmaq istəməməsindən az zərbə olmayıb. Uşakov Kreml başçısının Ermənistana yəqin ki, gələn il gedəcəyini deyib və bunu Putinin Ermənistanın baş naziri Nikol Paşinyanla son görüşünü «bu yaxınlarda» keçirməsilə əsaslandırıb. Halbuki, Putinin Paşinyanla görüşdən bir həftə əvvəl Soçidə İlham Əliyevlə danışıqlar aparması Rusiya prezidentinin qısa müddət sonra Bakıya gəlişinə mane olmayıb.

Ermənistan regional və dünya səviyyəli proseslərdə tutduğu əhəmiyyətsiz yerə görə, yəqin ki, yalnız özünü günahlandırmalıdır



MƏSLƏHƏT GÖR:

349