27 Aprel 2024

Şənbə, 02:56

«MƏN SADƏCƏ VASİTƏÇİYƏM»

Emil Əfrasiyab: «Konsert vermək, əlbəttə, əladır. Amma bu ən asanıdır. Gələcək musiqiçiləri yetişdirmək daha maraqlıdır»

Müəllif:

15.11.2018

Hər birimizin həyatında musiqi yer alır, amma çox nadir hallarda musiqi həyatın bir hissəsinə çevrilir. Emil Əfrasiyab - Azərbaycanın əməkdar artisti, pianoçu, beynəlxalq festivalların laureatı - məhz həyatı musiqidən yoğrulmuş biridir. Onun istedadı uşaqlıqdan özünü göstərməyə başlayıb. 2.5 yaşlı bir uşaq olaraq, o, bacısının pianoda çalmasını heç anlamadan təkrarlayır və bu, mütləq musiqi istedadından xəbər verirdi. 13 yaşında isə Caz Klubda işləyərək dünya cazının ulduzlarının canlı ifasını görmək imkanı qazanır.

Bu gün Emil Əfrasiyab Azərbaycanı beynəlxalq konsertlərdə, Yunanıstan, Yaponiya, Budapeşt, ABŞ, Kuba, Meksika və Gürcüstanda keçirilən festivallarda layiqincə təmsil edir. İfaçının peşəkarlığı, onun emosional çıxışları təkcə Azərbaycan dinləyicilərini deyil, dünyanın bütün musiqisevərlərinin qəlbini fəth edib. Və bu, təəccüblü deyil.  

Milli musiqi mühitində böyümüş, muğamı və Azərbaycan bəstəkarlarının ən yaxşı əsərlərini öyrənmiş Emil Əfrasiyab öz biliklərini Amerika Birləşmiş Ştatlarının Berkli Musiqi Kollecində (Berklee College of Music) gücləndirərək, burada görkəmli cazmenlərdən biri, «Qremmi» mükafatı laureatı Danilo Peresdən dərs alıb.  

Emil Əfrasiyabı Bakıda tapmaq elə də asan məsələ deyil. Daimi səfərlərdə olması, festivallarda iştirakı və Amerika Birləşmiş Ştatlarında təhsili üzündən

musiqiçi vaxtının çoxunu vətəndən uzaqda keçirir. Və bu gün biz Bakıda onun studiyasında olaraq musiqiçi və bəstəkarla daha yaxından tanış olma imkanı qazandıq...

- Siz bizi studiyanızda qəbul etdiniz. Bura sizin üçün xüsusi bir yerdir...

- Bəli. Studiyam yüksək keyfiyyətli səsyazmaların aparılması üçün bütün şəraitə malik olması iləunikaldır. Onun yaradılması altı il çəkdi - ən yaxşı texnoloji ənənələr əsasında hazırlanıb. Mənim əsas məqsədim və arzum odur ki, mümkün olan hər şeyi edək və Azərbaycan musiqisi, janrından asılı olmayaraq, yaşasın və inkişaf etsin. Zamanında internetin, informasiyanın və sosial fəallığın olmaması üzündən biz çox böyük çətinliklərlə üzləşdik. Bu gün biz milli musiqimizə dəstəküçün öz bilik və bacarıqlarımızı bölüşməyə çalışırıq. Bizim studiya da bu baxımdan önəmli bir vəzifə yerinə yetirir. Bu yolla biz gənc ifaçıların inkişaf etməsi üçün onlara kömək etməyə çalışırıq.

- Müsahibələrinizdən birində siz caz məktəbinin yaradılmasından danışmışdınız …

- Açıq desək, hələ ki, mən ABŞ-da Berkli Musiqi Kollecində təhsilimi bitirməliyəm. Artıq beşinci kursdayam, geri qayıtmaq və ölkəmizdə bu sistemin tətbiqi prosesinə başlamaq üçün çox az qalıb. Biz dövlətin dəstəyi ilə və müvafiq tənzimləmə orqanları ilə razılaşdıraraq musiqi müəssisəsi açmağı planlaşdırırıq. Əsas məqsədimiz Amerika caz təhsil sisteminin Azərbaycanda tətbiqidir, mən əminəm ki, bu, öz bəhrəsini verəcək.

Gələcək nəsillər bu sahədə bizim və bizim korifey sənətçilərimizin hiss etdiyi məlumat azlığını hiss etməməlidir. Həyatda çox istedadlı insanlar var ki, müəyyən şərtlər üzündən bütün düşüncələrini və planlarını həyata keçirə bilmirlər. Bu məsələyə görə heç kəsi və ya heç nəyi günahkar saymıram. Sadəcə, zamanında bu istedadlar kifayət qədər bilik ala bilməyiblər və boşluqları doldura bilməyiblər.

Təəssüf ki, Qafqazda caz məktəbi yoxdur. Bu məsələdə biz yalnız Gürcüstanı və Azərbaycanınəzərdə tutmuruq. Söhbət bütün postsovet məkanından, düz Avropaya qədərdən gedir. Əminəm ki, Azərbaycanda caz məktəbinin açılması müsbət hadisə olacaq və çoxlarının maraqına səbəb olacaq. Çünki hər adamın ABŞ-da təhsil almaq imkanı yoxdur. Kimlərsə maddi cəhətdən bunu edə bilmir, kimlərsə mənəvi cəhətdən ora köçməyi bacarmır. Beləliklə, bu məktəbin yaradılmasının əsas məqsədi qəbul edilmiş peşəkar standartlara cavab verəcək caz təhsili almaq prosesini Azərbaycanda asanlaşdırmaqdır.

- Bizim musiqidə amerikalılara verilə biləcək bir şey varmı? Ümumiyyətlə, bizim melodiyaları ABŞ-da necə qiymətləndirirlər?

- Bir dəfə ABŞ-da dərs zamanı müəllimim üçün bizim melodiyanı ifa etdim və o, musiqinin melizmatikasına mat qaldı (bu melodiyada bir takta dörd və daha çox səs düşür - müəllif). Müəllim bunun necə çalına bildiyini (ənənəvi Azərbaycan cazı çalır) anlamırdı."Necə gözəl və şirin səslənir, mən bunu edə bilmərəm",- deyə o bildirdi. Dedim ki, bunun üçün Azərbaycanda doğulmaq, oranın çörəyini yemək, muğamın nə olduğunu bilmək lazımdır. Yəni demək istəyirəm ki, Azərbaycan musiqisinin öz çəkisi və statusu var, biz onu inkişaf etdirməliyik və lazımi səviyyədə təqdim etməliyik. Onlar, hətta belə çalmağı bacarmasalar da, ən azından sübut etmiş olarıq ki, Baxın «Tokkata və fuqa re minor» əsəri «Bayatı-Şiraz»a əsaslanır (bu əsərləri həmahəng çalır). Əgər bir neçə il bundan əvvəl ABŞ-da Azərbaycan kimi bir ölkənin mövcudluğundan xəbərsizdirlərsə, bu gün onlar artıq öyrənirlər və maraqlanırlar. Bu baxımdan, «Eurovision» mahnı müsabiqəsinin, caz festivallarının və Azərbaycanın birbaşa iştirak etdiyi digər beynəlxalq tədbirlərin böyük rolu var. ABŞ-da çox ölkələr öz mədəniyyətlərini təqdim edirlər və onlar öz milli musiqilərini caz ilə sintez etdirdikdə, görürsən ki, bu, bizim sintezimiz kimi gözəl səslənmir. Axı, bizim melodiyalar – dahi bəstəkarlarımız tərəfindən yazılmış melodiyalar gözəldir. Harmoniya olmadan da, onlar möhtəşəm səslənir.

- ABŞ-da təhsil alan zaman ölkəmizi təmsil edirsiniz, Bakıda olarkən özbiliklərinizi tələbələrinizə verirsiniz. Harada özünüzə daha çox ehtiyac hiss edirsiniz?

- Bu gün, nə etdiyimizdən – öyrətməyimizdən və ya xaricdə ölkəni təmsil etməyimizdən asılı olmayaraq, biz hamımız ümumi məqsədə xidmət edirik. Mən işıq sürəti ilə irəliləyən, çox böyük yaradıcılıq potensialına sahib olan hörmətli və sevilən xalq artisti Siyavuş Kəriminin rəhbərliyi altında Azərbaycan Milli Konservatoriyasında müəllim işləyirəm.Önəmlidir ki, o, Milli Konservatoriya yaradaraq xalq musiqiçisini və «xalqçıları» klassik köhnə konservatoriyadan ayırdı. Burada o, hər şəraiti yaradıb ki, gənclər həm də müasir musiqi ilə maraqlansınlar. Belə vəziyyətdə mən müasir musiqini, fyujnı və ya cazı seçirəm. Müasir musiqiyə həm romantika, həm də klassika daxildir. Sizə elə gələ bilər ki, bunların müasir dövrlə heç bir əlaqəsi yoxdur.

Amma istənilən halda, pedaqoji fəaliyyətdən və solist fəaliyyətindən danışarkən mən qeyd etməliyəm ki, bunlar tamamilə fərqli şeylərdir. Qeyd edim ki, bu gün bizim çox sayda musiqiçilərimiz var ki, xariciölkələrdə mədəniyyətimizi və ölkəmizi mükəmməl təmsil edirlər. Ancaq razılaşaq ki, nə qədər çox olsa, bir o qədər yaxşı olar. Bunun üçün gənclərimiz doğru biliklər almalı və doğru istiqamətdə inkişaf etməlidirlər. Fərq etməz: istər xaricdə ifa edərək ölkəmizi təmsil edən zaman, istərsə də "öz evimizdə" peşəkarlar hazırlayan zaman – bunun hamısı ölkəmizin inkişafına xidmət edəcək. Mən dünyada gəzib konsert verə, turneyə çıxa bilərəm - bu, çox gözəldir. Ancaq bu olduqca asan bir yoldur. Yəni konsertdə çıxış etdin və iş bitdi. Amma gələcək musiqiçiləri yetişdirmək daha maraqlıdır.

- Bölüşməyi və başqalarının inkişafına kömək etməyi sevən adam üçün rəqabət anlayışı yaddır, lakinrəqabət - insanları zirvəyə doğru hərəkət etdirən bir mexanizm olmadan da mümkün görünmür. O zaman sizi nə hərəkət etdirir?

- Rəqabət barədə düz qeyd etdiniz, musiqidə mənim üçün qəbuledilməz bir şeydir. Əllər bizim avtomatımızdır, barmaqlarımız isə güllələrimiz. Hesab edirəm ki, rəqabət ölkəmizin layiqli təmsilçiliyində olmalıdır. Bu, ura-patriotizmdən uzaq sağlam bir rəqabət olmalıdır. Hər şeyi işdə göstərmək lazımdır. Bu yaxınlarda mən musiqi sahəsindən çox uzaq olan yaxın dostuma "incəsənət" sözünün Azərbaycan dilində mənasını izah etmişəm. Bildiyimiz kimi, "incə" və "sənət" sözlərinin bağlanmasından yaranan mürəkkəb sözdür, "incə yaradıcılıq" mənasını verir.Buna görədə musiqi və mədəniyyət incə anlayışdır. Bu, bizim üçün bir idman deyil ki, rəqabət aparasan. Burda başqa qaydalar var. Allah hər birimizə zəruri olan qədər verir. Mən kim olduğumu və nə edə biləcəyimi gözəl anlayıram, buna görə sakitcə başımı aşağı salıb və öz işimlə məşğulam. İnandırım sizi, 100 ildən sonra heç kim caz mədəniyyətini kimlərin təmsil etdiyinə, idarəetmə işləri ilə kimin məşğul olduğuna maraq göstərməyəcək. Onlar üçün bizim ümumi səylərimizin gətirdiyi nəticə önəmli olacaq.

Məni nə hərəkət etdirir? Mənim 7 oğlum var - ağ klavişlər və 5 qızım var – qara klavişlər. Buradakı hər şey (royalın klaviaturasını göstərir) irəli getmək, ənənələrimizin üslubunda təhlil etmək və yaratmaq, Azərbaycan klassiklərini, caz və mədəniyyəti düzgün şəkildə qəbul etməyə dəstək vermək üçün əsas motivasiyadır.Bu mənim ən böyük arzumdur. Əslində, bu, heç arzu da deyil. Arzu daha çox əlçatmaz bir şeylə əlaqəli edilir. Mənim üçün arzu əslində işdir, məqsəddir, əgər ona doğru istiqamətli, "mən nail olacağam" düşüncəsi ilə gedərsənsə, bu, gec-tez baş verəcək.

- Mədəniyyətimizin və musiqimizin inkişafı yolunda nə kimi problemlər görürsünüz?

- Birincisi, xalqımızın sosial passivliyini qeyd etmək istərdim. Məsələ bundadır ki, biz Azərbaycan musiqisinin incilərini yaradanları - Üzeyir Hacıbəyovu, Qara Qarayevi, Fikrət Əmirovu, Tofiq Quliyevi və başqalarını yaxşı tanımırıq.Təəssüf ki, onların əsərləri haqqında etibarlı məlumat əldə etmək üçün sosial şəbəkələrdən və ya müəyyən proqramlardan istifadə edə bilmirik. Axı, bu, bizim antropologiyadır! Bu gün biz dünyada tanınan musiqi axtarış şəbəkəsi«Shazam»dan istifadə etməklə Qarayevin simfoniyasını tapa bilmirik. Və bu çox pisdir.

Razılaşaq ki, indi mədəniyyət sosial şəbəkələrə köçüb və mən xalqımızı sosial fəallığa çağırıram. Bu, bizim musiqi haqqında dəqiq məlumatlar yayılması üçün lazımdır. Həm də dinləyicilərin zövqlərinin təhrifi müşahidə edilir. Bu, böyükproblemdir. İnsanlar musiqi dinləyir və onu fərqləndirmirlər. Bunda - Azərbaycanda hansı musiqinin səslənməsində mənim günah payım var. Mən,gərək,sutkada altı deyil, dörd saat yataydım. Yüksək keyfiyyətli musiqi təmini məsələsində əsas yük radiostansiyaların və televiziyaların çiyninə düşür. Mən 1995-ci ildə 13 yaşındaydım və caz klubunda çalışırdım. Ora amerikalı caz pianoçusu Herbi Henkok, əfsanəvi El Cerro, caz musiqisi, bəstəkar və prodüser Markus Miller və başqaları kimi məşhur musiqiçilər gəlirdi. Biz uşaq olmağımıza baxmayaraq, heç vaxt səhnəyə can atmırdıq, çünki biz özümüzü kifayət qədər hazırlıqlı saymırdıq. Mənə görə, yetərincə hazırlıqlı musiqiçilər Salman Qəmbərov, Vaqif Gərayzadə, Cəmil Əmirov, Eldar Rzaquluzadədir. Məsələn, mən hələ də yetərincə hazırlıqlı deyiləm, buna görə də özümü peşəkar musiqiçi hesab etmirəm. Mənin özümü necəsə adlandırmağa hüququm çatmır. Qorxuram ki, Allah buna görə məni cəzalandırar.  

- Salman Qəmbərov. Bildiyim qədər, sizin Montre caz festivalına getməyinizdə onun yetərincə böyük rolu var. Bu səfərdən sonra siz daxilən dəyişdinizmi?

- Belə deyək ki, mən artıq səfərdən əvvəl dəyişmişdim. Salman Qəmbərov mənim üçün yüksək səviyyəli bir musiqiçidir və mən onun şəxsiyyətinə böyük hörmətlə yanaşıram. O, mənim üçün yalnız pianoçu və bəstəkar olaraq qalmır, o, mənim üçün ən yüksək səviyyəli peşəkardır. Mənim üçün bu adam haqqında danışmaq böyük qürurdur. Bu yaxınlarda Salman Qəmbərov bizim nümayəndələrimiz tərəfindən ABŞ-a dəvət olunub. Orda öz konsertindən sonra master-klass keçdi. Mən bu barədə oxumaqdan çox məmnun oluram, çünki əminəm ki, insanlar böyük həzz alıblar. Salman Qəmbərov inkişaf etməyim üçün mənə kömək edib - onun sayəsində mən tam rahatlaşdım və özümü tamamilə musiqiyə verdim. O, mənə çox şey öyrətdi, o cümlədən özümə qiymət verməyi də - şəxsi və peşəkar müstəvidə. Bu, həqiqətən məni dəyişdi. Mən bu hisslərlə Montreyə çıxış etməyə getdim.

- Sizin «İki dünya» melodiyanız nə barədədir?  

- Bu melodiyanı çoxdan 2007 - 2008-ci illərdə yazmışam. Bu, iki dünya arasındakı qalşılıqlı əlaqələr barədədir: biz yaşadığımız dünya və ölümdən sonrakı həyat barədə. Melodiya müsahibə şəklində yaradılıb. Bax, bu sualdır (çalır) və bu cavabdır (çalmaqda davam edir). Sonra da Allah peyda olur və dinclik gətirir (çalır).Təbii ki, mən bu melodiyanı yazanda hər hansı bir format haqqında düşünmürdüm. O, özü ortaya çıxdı, sadəcə birdən-birə musiqi axmağa başladı. İndi mən təhlil edərək, bu cür qeyri-standart formatın alınmasına heyrətlənirəm. Mən bu melodiyanı yazanda emosional və psixoloji cəhətdən köklənməmişdim, çünki həyatımda adrenalin az idi. Sakit, sabit, dinc bir həyatım var idi. Mən bütün cavabları bilməyə qadir dahi deyiləm, buna görə həyatı tədricən öyrənirik. Bundan sonra isə mənim yaradıcılığımda "Ataya məktub" peyda olur...

- Bu barədə danışın ...

- Bu məktub atama ünvanlanıb. Etiraf edirəm ki, bu əsərin yaradılmasında atamın rolu hədsizdir. Daha artığını deyəcəm, əsəri o, bəstələyib! Yaradılışının əsasında kiçik bir hekayə var. 14 yaşımda müəllimim Bethovenin daha çox"Ay sonatası" kimi tanınan "Sonata №14" əsərinin klassik musiqisini öyrənməyi tapşırmışdı. O vaxt kiçik ikiotaqlı mənzildə yaşayırdıq. Mən melodiyanı çalanda divanda yatan ata mənə dedi: "Bu dünyadan köçəndə, xahiş edirəm, mənim cənazəmdə bu melodiyanı çalın". Mən onda yalnız 14 yaşındaydım. Bunu eşitmək xoşagəlməz idi – mən düşünürdüm ki, mənim atamla bu, heç vaxt baş verməyəcək və mən onun sözlərini ciddi qəbul etmədim. Atamın nə vaxtsa olmayacağı fikrini ağlıma belə gətirə bilməzdim. Tezliklə bu xoşagəlməz hekayəni unutdum. Amma mənim həyatımda da bu qorxunc saat gəldi - atam dünyadan getdi. Onu dəfn edəndə mən İslam adəti ilə məzarına girdim. İnanmazsız – elə həmin anda mənim başımda bir melodiya səslənməyə başladı (çalır). Bu not dəsti daima dayandırmadan mənim başımda səslənməyə başladı. Mən özümə qəzəbləndim - atam ölüb, mənim başımda isəmelodiya çalınır. Amma sonra onu tamamilə unutdum. Çalmaq üçün xatırlamağa çalışdım, amma alınmadı.Düz bir il sonra, atamın ölümü günü yuxu gördüm. O, yuxuma girdi və bu melodiya eşidilirdi. Atam soruşurdu: "Sən bu melodiyanı deyirdin?" Məni oyanmağa məcbur edir. Mən alətə tələsirəm, klavişləri sıxaraq çalıram. Səhər oyananda heç nə başa düşmürəm: yuxu harada, gerçək harada idi. Melodiya yenə də başımdanuçdu. Amma burada, sakitcə və şübhə ilə yazısını çalıram... Bu melodiya mənim hisslərimin müəyyən partlayışından, kulminasiyasından sonra yaranıb… Bundan sonra hər şeylə ehtiyatlı davranmağa başladım.

-«Ən ideal səs, sükutun səsidir»,- deyirsiniz. Belə sükutu haradan tapırsınız?

- O, içəridə yaşayır, buna görə indiyə kimi heç kim sükutdan mükəmməl səs yarada bilməyib. Allah buyurubki, mənim nə qədər gözəl olduğumu görmək istəyirsinizsə, təbiətdən başlayıb həyat yolunda görüşdüyünüz insanlara qədər hər şeyə baxın. Məsələ necə çalmaqda deyil: məsələ bu səssizliyi daha çox harda tapmaqdadır. Bu heç də o demək deyil ki, sən çalmalısan, bu, məhz sən harda çalmalısan deməklir. Bunun böyük mənası var: sən ideal səssizliyi ya çalmalısan, ya da dinləməlisən.

- Biz ilahi gözəlliyi Allah tərəfindən yaradılan hər şey vasitəsilə hiss edirik. Sizin yaradıcılığınız vasitəsilə biz nə hiss edirik?

- Mən kiməm? Mən heç kiməm. Mənim bütün əsərlərim də Allah tərəfindən yaradılıb. Mən yalnız "İki dünya", "Atama məktub" və s. kompozisiyaları insanlara ötürən bir vasitəçiyəm. Biz yalnız təkrar yaradırıq. Biz vaxtında yaratmalı və sonra yaradıcılığı axına buraxmalı olanlarıq.Zaman keçdikcə insanlar nəyin doğru olduğunu və nəyin olmadığını anlayacaqlar.



MƏSLƏHƏT GÖR:

346