27 Aprel 2024

Şənbə, 05:11

NÜVƏ QOXULU ÇIXIŞ

Geosiyasi mübarizə Orta və yaxı mənzilli raketlərin ləğvi haqqında Müqaviləni yox edir

Müəllif:

15.11.2018

Təxminən, bir aydır ki, Vaşinqtonla Moskvanın geosiyasi qarşıdurmasına nüvə «təam»ı da əlavə olunub. Səbəb ABŞ prezidenti Donald Trampın ölkəsinin Orta və yaxınmənzilli raketlərin ləğvi haqqında Müqavilədən (OYMRM) çıxmaq niyyətini bəyan etməsidir. Xatırladaq ki, bu müqavilə 1987-ci ildə ABŞ və SSRİ prezidentləri Ronald Reyqan ilə Mixail Qorbaçov tərəfindən imzalanıb.

Tramp məqsədini Rusiya tərəfinin illərdir ki, müqavilənin tələblərini pozması ilə əsaslandırıb. Hətta deyib ki, ABŞ-ın sabiq prezidenti Barak Obamanın bununla bağlı nədən danışıqlar aparmadığı və ya müqaviləni hansı səbəbə tərk etmədiyini anlamır. İndi Vaşinqton razılaşmadan çıxmaqla belə silahların istehsalına başlayacaq. O vaxta qədər ki, Rusiya, Çin və digər dövlətlər amerikalılara «minnətçi» düşsün…

Qeyd edək ki, dünyanın ən qüdrətli iki nüvə fövqəldövləti arasında OYMRM-in imzalanmasına aparan yol özü də asan keçilməmişdi. Moskva prinsipial olaraq ABŞ və Rusiyanın Avropadakı ortamənzilli raketlərinin ləğvi məsələsinə baxılmasını, həmçinin strateji nüvə qüvvələrində ciddi ixtisarların aparılmasını istəyirdi. ABŞ isə «Strateji müdafiə təşəbbüsü» (SMT) kosmik raketdən müdafiə proqramından imtinadan boyun qaçırırdı. Lakin Reyqan ilə Qorbaçovun 1986-cı ilin oktyabrında Reykyavikdə keçirilən görüşündən sonra Moskva məsələnin SMT nəzərə alınmadan müzakirəsinə razılıq verdi və nəticədə, tərəflər arasında OYMRM imzalandı. 1988-ci ilin iyununda qüvvəyə minən müqavilə, SSRİ-nin dağılmasından sonra çoxtərəfli sənədə çevrildi və onun iştirakçıları sırasına keçmiş Sovet respublikaları olan Belarus, Ukrayna və Qazaxıstan da qoşuldu.

Tarixdə böyük bir sinfə aid bütün silahların ləğvini nəzərdə tutan ilk sənəd - OYMRM-də tərəflər üzərlərinə orta (1000-5500 km) və yaxınmənzilli, (500-1000 km) yer tipli ballistik və qanadlı raketlərin tamamının ləğvinə dair öhdəlik götürüblər. Artıq 1991-ci ilin iyununda müqavilənin tələblərinə tam əməl olunub. Sənəd tərəflərin üzərinə bu cür yeni silahların istehsalından, sınağından qaçmaq öhdəliyi də qoyur. Üstəlik, o, müddətsizdir. Lakin tərəflərin razılaşmadan çıxmaq, qadağan edilmiş raketlərin istehsalına aparıb çıxarmayacaq tədqiqat işlərilə məşğul olmaq hüquqları var. Tərəflərdən hər hansı müqavilədən çıxmaq qərarına gələrsə, bu niyyətini ən azı yarım il əvvəl açıqlamalı, üstəlik, ortaya bu addımı atmasının vacibliyini sübut edən tutarlı dəlillər qoymalıdır. Məhz bu üzdən D.Tramp ölkəsinin müvafiq strukturlarına Konqres üçün xüsusi məruzənin hazırlanmasını tapşırıb. Orada Rusiyanın müqaviləni pozmasına mümkün cavablar yer almalıdır.

Kremlin ünvanına OYMRM-yə əməl etmədiyinə dair ittihamlar hələ 2014-cü ilin iyulunda, ABŞ-ın ozamankı prezidenti Barak Obamanın rusiyalı həmkarı Vladimir Putinə yazdığı məktubunda irəli sürülmüşdü. O zaman Vaşinqton bəyan edirdi ki, Moskva hələ 2008-2011-ci illərdə müqavilənin tələbinə məhəl qoymayaraq, 500 kilometrdən uzaq məsafəni vura biləcək yer tipli qanadlı raketin sınağını keçirib. Lakin Rusiya tərəfi sözügedən raketin uçuş məsafəsinin 500 kilometrdən az olduğunu deyərək «9M729» raketinin sınaq məlumatlarını Vaşinqtona təqdim etmiş, üstəlik, ABŞ-ın özünü OYMRM-ni pozmaqda günahlandırmışdı. Məsələn, Moskvada hesab edirlər ki, Amerikanın uzun müddətdir istehsal və istismar etdiyi, uçuş radiusu 500 kilometrdən artıq olan pilotsuz uçan aparatlar texniki xarakteristikasına görə yer tipli qanadlı raketlərlə eyni cərgədə dayanır. Üstəlik, rusların ABŞ-ı OYMRM-in tələblərini pozmaqda ittiham etməsi Vaşinqtonun ittihamlarından daha əvvəl ortaya çıxıb. Hələ 2000-ci ilin iyununda Rusiya prezidenti V.Putin ölkəsinin müqavilədən çıxa biləcəyini demişdi. O, bu bəyanatı ABŞ-ın Hava Hücumundan Müdafiə (HHM) sistemlərinin məhdudlaşdırılması haqqında müqaviləni tərk edə biləcəyinə dair xəbərdarlığına cavab olaraq vermişdi. 2007-ci il fevralın ortalarında, Putinin məşhur Münhen çıxışından bir neçə gün sonra isə Rusiya Silahlı Qüvvələri Baş Qərargahının rəisi, ordu generalı Y.Baluyevski ölkəsinin OYMRM-i birtərəfli qaydada tərk edə biləcəyini bir daha dilə gətirmişdi. O, bunu Amerikanın Şərqi Avropa ölkələrində HHM sistemləri yerləşdirməsilə əlaqələndirmişdi. Bununla yanaşı, general Moskvanın mövqeyini amerikalıların bu gün səsləndirdiyi bir fikirlə də əsaslandırmışdı: «Bu gün bir çox ölkələr ortamənzilli raket istehsal edir və ya onları təkmilləşdirir, Rusiya isə OYMRM-ə əsasən bu tipli silahlarını itirib».

Hər zaman belə məsələlərdə sərt mövqeyilə tanınmış Rusiyanın sabiq müdafiə naziri Sergey İvanov isə Dövlət Dumasında təşkil olunmuş «Hökumət saatı»nda OYMRM-i, ümumiyyətlə, «soyuq müharibənin qalığı» və «yanlışlıq» kimi qiymətləndirmiş, Rusiyanın belə silahlar istehsal edə biləcəyini demişdi: «Ən azı ona görə ki, Hindistan, Pakistan, Koreyalar, ÇXR, İran və İsrail belə raketlərə malikdir. Bu ölkələr bizim sərhədlərimizdən o qədər də uzaqda yerləşmir və biz bunu nəzərə almaya bilmərik. Bu gün bu cür raketlərə sahib olmaq hüququ yalnız iki dövlətdə yoxdur: Rusiya və ABŞ-da. Bu, daim belə davam edə bilməz».

Rusiyanın OYMRM-i tərk edə biləcəyini dəfələrlə ölkənin xarici işlər naziri Sergey Lavrov da dilə gətirib. O da bunu Çexiya və Polşa kimi ölkələrdə Amerikanın HHM sisteminin yerləşdirilməsi perspektivinə münasibət bildirərkən söyləyib. Rusiya prezidenti Vladimir Putin isə 2013-cü ilin iyununda ölkəsinin hərbi-sənaye kompleksinin nümayəndələrilə görüşdə SSRİ-nin ortamənzilli raketlərdən imtina qərarını «ən azı mübahisəli qərar» adlandırmış, Rusiyanın OYMRM-i tərk edə biləcəyini demişdi. Ötən ilin oktyabrında keçirilən Valday forumunda isə o, ABŞ-ın müqavilədən çıxmağa cəhd göstərəcəyi təqdirdə Moskvanın da «dərhal eyni addımı atacağını» bildirmişdi.

Göründüyü kimi, Vaşinqtonla Moskvanın bu müqaviləyə aidiyyəti olmayan və rahat şəkildə ortamənzilli raket arsenalını genişləndirən dövlətlərin hesabına üst-üstə düşüb. BMT Baş Assambleyasının 2007-ci ilin oktyabrında keçirilmiş 62-ci sessiyasında onlar hətta OYMRM-ə qlobal xarakterin verilməsi təşəbbüsü ilə çıxış etmiş, lakin dəstək ala bilməmişdilər. Lakin əgər əvvəllər bu problemi daha çox Rusiya ortaya atır, müqavilədən çıxa biləcəyini daha çox ruslar dilə gətirirdisə, indi, bu, Vaşinqtonun əsas «silah»ına çevrilib. Bununla yanaşı, son illərin xronologiyası göstərir ki, əslində, bu, ABŞ və şəxsən Tramp üçün Rusiya ilə geosiyasi mübarizədə daha strateji hədəflərə nail olunması üçün bir vasitədir.

Birincisi, Vaşinqton hələ 2002-ci ilin iyununda HHM haqqında müqaviləni birtərəfli qaydada tərk edib. Söhbət SSRİ ilə ABŞ arasında 1972-ci ildə imzalanmış sənəddən gedir. Putinin 2007-ci ilin fevralında Beynəlxalq Münhen konfransında ABŞ-ın himayəsi altındakı birqütblü dünyaya qarşı çıxması ilə vəziyyət bir qədər də qəlizləşib. 2008-ci ilin avqustunda Gürcüstanda baş vermiş müharibə isə odun üzərinə yağ töküb. Məhz bu hadisələrdən sonra Vaşinqton bir sıra Şərqi Avropa ölkəsində (əvvəlcə Çexiyada, daha sonra Polşa və Rumıniyada) HHM sisteminin yerləşdirilməsi istiqamətində daha real siyasət yürütməyə başlayıb. Bununla da, OYMRM-i tərk etmək ehtimalı haqda bəyanatlar daha tez-tez səsləndirilməyə başlayıb.

İkincisi, Moskvanın Suriya məsələsindəki inadkarlığı və Ukrayna hadisələri də OYMRM ətrafında ehtirasların coşmasında katalizator rolu oynaya bilər. Əgər belədirsə, ən azı 3 il gözləməyə nə gərək varmış? Bəlkə, Vaşinqton xəbərdarlığını daha baha satmaq üçün uyğun vaxt gözləyirmiş və Suriya ilə Ukraynadakı hazırkı durum bu şəraiti yaradıb? Bu hədəflərə nail olmaq üçün, yəqin ki, OYMRM-dən çıxmaq mövzusundan da yararlanmaq olar.

Üçüncüsü, Rusiyanın bu il nadir silah növləri əldə etməklə hərbi-texniki imkanlarını nə qədər artırdığını nümayiş etdirməsinə ABŞ və müttəfiqləri, yəqin ki, laqeyd qala bilməz. İndi Vaşinqton, yəqin ki, bunun əvəzini, ilk növbədə, onun əl-qolunu bağlayan müqavilədən (bu halda OYMRM) imtina etməklə çıxmağı düşünür.

Bütün bunlarla yanaşı, Tramp sözügedən məsələdə milli maraqlardan əlavə, şəxsi maraqlarını da güdür.

Birincisi, o, seçkiqabağı kampaniyası dövründə bəyan etdiyi kimi, Rusiyaya münasibətdə sələfi Barak Obamadan xeyli sərt olduğunu bir daha ortaya qoyur. Yeri gəlmişkən, Trampın Obamanın vaxtilə bu müqavilədən niyə çıxmadığını «anlamadığını» deməsində də məqsəd aydındır. Ağ Ev rəhbəri bununla demokratlardan fərqli olaraq, daha praqmatik və cəsarətli siyasətçi olduğunu göstərməyə çalışır.

İkincisi, Donald Tramp bu addımı ilə Amerika ictimaiyyətinin diqqətinə bir daha «Moskvanın adamı» olmadığını, prezident seçkisində hər hansı kənar müdaxilə olmadan təmiz qələbə qazandığını çatdırmaq istəyir.

Üçüncüsü, OYMRM-dən imtina Trampın siyasi kursuna tam uyğundur. Hər halda, o, prezident kürsüsünə əyləşəndən bu yana saysız-hesabsız razılaşmadan tərəddüd etmədən çıxıb. Trampın fikrincə, həmin müqavilələr indiki şəraitdə ABŞ-ın milli maraqlarına cavab vermir. Yeri gəlmişkən, bu əzmkarlıq Trampın qatılmaq fikrində olduğunu açıqladığı növbəti prezident seçkisində onun xeyrinə işləyə bilər.

Dördüncüsü, Tramp OYMRM-i tərk edə biləcəklərinə dair bəyanatı ABŞ Konqresinə aralıq seçkisi ərəfəsində verib və prinsipcə bu, seçicilərin onun partiyasına dəstəyini artırmalı idi.

Beşincisi, OYMRM-dən imtina hərbi-sənaye komplesi sahəsində ciddi dövlət sifarişlərinə yol açacaq. Bu isə Trampın amerikalı seçicilərə vəd etdiyi yeni iş yerlərinin yaranması deməkdir.

Altıncısı, Vaşinqtonun sözügedən müqavilədən çıxması təbii olaraq, Moskvanın cavab addımlarına yol açacaq. Bu isə öz növbəsində, avropalılar üçün «rus təhlükəsi» mövzusunu yenidən aktuallaşdıracaq.

Beləliklə, sanki bir tilsimli dairə yaranır və bu halda Avropanın ABŞ-dan onun ərazisində HHM sistemləri yerləşdirməsini xahiş etməkdən başqa yolu qalmayacaq.

Yeri gəlmişkən, bütün bu qarışıqlıqda ən çətin durumda qalan məhz Avropadır. Çünki bu halda o, yenidən potensial nüvə qarşıdurması üçün meydana çevrilə bilər. Hər halda, Rusiya prezidenti Vladimir Putin belə deyib: «Avropa ölkələri silahları qəbul edərsə, ərazilərinin mümkün cavab zərbələri təhlükəsi qarşısında qalacağını anlamalıdır».

Deyəsən, bu təhlükəni ən çox Parislə Berlin hiss edir. Fransa prezidenti E.Makron bildirib ki, ABŞ-ın OYMRM-i tərk etməsi Avropanın təhlükəsizliyinə təhdid yaradacaq. Almaniyanın xarici işlər naziri X.Maas isə Trampın bəyanatına münasibət bildirərkən ölkəsinin bundan təəssüfləndiyini söyləyib. Onun sözlərinə görə, Berlin Vaşinqtonu bu addımın fəsadları haqda yaxşı düşünməyə çağıracaq.

Lakin Tramp müstəqil gedişləri və Moskva ilə kulisarxası oyunları ilə onu çoxdan qəzəbləndirmiş Parislə Berlini çətin ki, dinləsin. Əksinə, Vaşinqton onların ürəksiz «cəsarət»ini sındırmaq üçün bir sıra Şərqi Avropa ölkələrilə birləşə bilər. Söhbət «Rusiya təhlükəsi» qarşısında ABŞ-ın, demək olar ki, bütün təkliflərinə açıq olan ölkələrdən gedir.

Bu arada Böyük Britaniyanın müdafiə naziri Q.Uilyamson Trampın OYMRM-i tərk etmək fikrinə dərhal dəstək verib. NATO-nun baş katibi Y.Stoltenberq də öz növbəsində, ABŞ-ın mövqeyini dəstəkləyərək buna görə məsuliyyəti Moskvanın üzərinə atıb. Bununla yanaşı, Stoltenberq onu da deyib ki, NATO Rusiyanın əməllərinə rəğmən, Avropada nüvə silahı arsenalını genişləndirməyi düşünmür. Buna inanmaq isə o qədər də asan deyil. Çünki Vaşinqtonun iradəsi fərqli reallığı diqtə edir.

Burada Rusiyanın mövqeyi paradoksal təsir bağışlaya bilər. Çünki bu ölkədə ekspertlərin və siyasi elita təmsilçilərinin əksəriyyəti OYMRM-in ölkənin milli maraqlarına cavab vermədiyini çoxdan deyir (xüsusilə 2000-ci illərdə). Onlar bunu, ilk növbədə, müqavilənin yalnız yer tipli raket və qurğulara şamil edilməsilə əlaqələndirir. Ruslar deyir ki, məhz bu üzdən SSRİ müqaviləni imzalamaqla Amerikadan daha çox şey itirib. Çünki Amerika silahlarının əksəriyyəti dəniz tipli olduğundan, Vaşinqtonun bu sahədə lider mövqeyində qalmasına şərait yaranıb. Bundan başqa, generalitet təmsilçilərinin əksəriyyəti iddia edir ki, Qorbaçov amerikalılara yaltaqlandığından, o dövrdə OYMRM-in tələblərinə düşməyən yeni nadir raketlərin belə, ləğvinə qərar verib.

Belə olan təqdirdə, Vaşinqtonun müqavilədən çıxmaq istəyinə belə qəzəbli reaksiya nədən qaynaqlanır? Yəqin ki, bu narahatlıq iki vacib səbəblə bağlıdır. Birincisi, ABŞ Avropada HHM sistemləri yerləşdirməklə Rusiya sərhədlərinə maksimum yaxınlaşacaq, nəticədə, Rusiyanın önləyici sistemlərinin imkanları sıfıra düşəcək. Çünki onların mümkün raket zərbələrinə reaksiya verməyə vaxtı qalmayacaq. Digər tərəfdən ABŞ-ın ərazisinə Rusiya Strateji hücum silahlarının (SNV-3) azaldılması və məhdudlaşdırılması üzrə müqavilə hesabına “çata” bilər – ABŞ hələlik bu müqaviləni saxlamaq niyyətindədir. Bu razılaşmanın müddəti 2021-ci ilin fevralında bitir və bu, ABŞ-a Rusiyanın mövcud nüvə triadasının müfəttişlərinə total nəzarət imkanı verir.

İkincisi, Moskva, güman ki, yeni silahlanma yarışının başlaya biləcəyindən narahatdır. Çünki Rusiya iqtisadiyyatının hazırkı vəziyyətində bu, çox ağır ola bilər.

Bir çox nüfuzlu iqtisadçı bildirir ki, SSRİ-nin süqutuna səbəb məhz düşünmədən silahlanma yarışına girməsi olub və onun iqtisadi potensialı buna dözməyib. Amma indi, daha bir təhlükə var: geosiyasi savaşda məğlubiyyət. Yəqin ki, dövlətlər məhz bu üzdən bu qarşıdurmada sonadək mübarizə aparır – o, nüvə qoxusa belə.



MƏSLƏHƏT GÖR:

295