27 Aprel 2024

Şənbə, 07:13

YAXIN ŞƏRQİN ÜÇBAŞLI ƏJDAHASI

Fələstinlə İsrailin 3 çətin maneəni aşması lazımdır

Müəllif:

01.12.2018

Qəzza sektorunda vəziyyətin yenidən gərginləşməsi ərəb-İsrail münaqişəsi mövzusunu növbəti dəfə dünyanın aparıcı informasiya agentliklərinin əsas mövzusuna çevirib. 3 gün davam edən hərbi qarşıdurma nəticəsində hər iki tərəfdən onlarla insan ölüb, yüzlərlə yaralı var. Lakin İsrail radikal ərəblərə qarşı növbəti miqyaslı hərbi əməliyyatlara başlamaq qərarı versəydi, hər şey daha pis nəticələnə bilərdi.

Xatırladaq ki, İsrailin HƏMAS-ın hərbi qanadının komandirlərindən birini öldürməsi təşkilatın yəhudi dövlətinin ərazisini raket atəşinə tutmasına səbəb olub. Nəticədə, İsrail hərbi əməliyyata başlayıb. Artıq dünya SAXAL-ın növbəti yerüstü əməliyyatlara başlayacağını gözlədiyi bir vaxtda, gözlənilmədən tərəflərin Misirin vasitəçiliyilə atəşkəs razılaşması əldə etdikləri məlum olub. Bəs, görəsən, İsrail «təmizləmə»yə başlamağa nədən ehtiyac duymayıb və ümumiyyətlə, ərəb-yəhudi qarşıdurmasının kökü haraya gedib çıxır?

 

Qatil köstəbəklər

İsraillilər üçün bu gün bir sıra digər problemlərlə yanaşı, əsas təhlükə məhz Qəzza sektorundan gəlir. Son 17 ildə buradan Cənubi İsrail ərazisində 15 mindən çox raket və mina atılması nəticəsində yüzlərlə dinc sakin həlak olub. Bu illər ərzində ərəblərin «Kassam» və digər tipli raketləri daha da təkmilləşdirilib və indi onlar 20 kilometrədək məsafəni vura bilir. Lakin raketlərin dəqiqliyində problem qalmaqdadır: onların 80%-i səhraya düşür.

Eyni dövrdə İsrail Qəzza zolağında aviareydlər keçirməklə yanaşı, 3 dəfə yerüstü hərbi əməliyyat da aparıb. Əraziyə girən SAXAL qüvvələri ərəb anklavının həyati əhəmiyyətli bütün infrastrukturunu ələ keçirir, raketlərin atıldığı yerləri dağıdır, təchizat yollarını bağlayır, lakin HƏMAS liderlərini yaxalaya bilmir: radikal islamçılar əvvəldən hazırlanmış bunkerlərdə və tunellərdə gizlənirlər. Bu, hər dəfə təkrar olunur: növbəti barışıqdan sonra israillilər bölgəni tərk edir, bir müddət sonra qarşı tərəf yerin altından çıxaraq yenidən «Kassam»lara cumur. Beləliklə, İsrail bu dərdin dərmanını heç cür tapa bilmir. Vəziyyət kəskin haymoriti xatırladır: polipləri kəsdikcə, yerinə yeniləri çıxır. Bəlkə də, İsrail növbəti yerüstü əməliyyatlara bu üzdən getməyib.

Bütün bunlar İsrailin rusdilli əhalisinin lideri olan Aviqdor Libermanın müdafiə naziri postundan getməsilə nəticələnib. Radikal mövqeyilə tanınmış siyasətçi HƏMAS-a qarşı miqyaslı hərbi əməliyyatlara başlanmasının tərəfdarı idi.

«Barışıq terrora təslim olmaqdan başqa bir şey deyil», - deyə Liberman bildirib və vəzifəsindən istefa verdiyini bəyan edib.

HƏMAS-ın cavabı da, təxminən, eyni məzmunda olub: «Libermanın istefası İsrailin Fələstin müqaviməti qarşısında gücsüzlüyünün göstəricisidir». İndi «köstəbəklər» Qəzza sektorunda mövqelərini gücləndirməklə məşğuldur. Onlar daha bir terror təşkilatı olan «Hizbullah»la əməkdaşlığı da genişləndirir.

 

Netanyahu Libermana qarşı

Liberman istefa verməklə yanaşı, rəhbəri olduğu «Bizim evimiz - İsrail» partiyasını da hakim koalisiyadan çıxarıb və Knessetə növbədənkənar seçki tələbilə çıxış etməyə başlayıb. Bu, ölkədəki siyasi qüvvələr nisbətində ciddi dəyişikliyə yol aça bilər. İsrailin yəhudi əhalisi hakimiyyətdən HƏMAS probleminin uzunmüddətli həllini tələb edir və buna nail olunması üçün kimə gəldi səs verməyə hazırdır. Netanyahu isə bunun fonunda ərəb dünyası ilə yaxınlaşmaya yönəlmiş siyasi xəttini sona çatdırmaq niyyətindədir. Omana səfər etmiş baş nazir Netanyahu yaxın zamanlarda Bəhreynə yollanmağa hazırlaşır. Baş nazirin dəftərxanasından bildiriblər ki, bu səfər «yeni münasibətlərin başlanğıcı»dır: «Bu, bizim tarixi sahmana salmaq istiqamətində doğru yolda olduğumuzun göstəricisidir». İsrailin ərəb dünyası ilə yaxınlaşması terrorçuların maliyyələşdirilməsini önləməklə yanaşı, İsrailə antiiran kartı kimi əlavə imtiyazlar da qazandıra bilər. Məsələ ondadır ki, Fars körfəzi monarxiyalarından İranın ekspansionist siyasətindən narazılıq artır və bu məqamda Binyamin Netanyahunun qəfil «ərəb sevgisi» İrana əlavə təzyiq vasitəsi kimi qəbul olunur.

 

Fələstin beynəlxalq hüququn obyekti kimi

İsraillə yaxın münasibətləri olan daha bir müsəlman dövləti Azərbaycandır. Halbuki Bakı Fələstin xalqının öz dövlətini qurmaq cəhdlərini dəstəkləyir. Bu yaxınlarda fələstinli səfirlərin Bakıda keçirilmiş toplantısı da bunun təsdiqidir. Tərəfləri yaxınlaşdıran əsas amil Cenevrə Konvensiyasında əksini tapmış və BMT qətnamələrilə təsdiqlənmiş «ərazilərin işğaldan azad olunması» prinsipidir.

Əgər 1988-ci ildə elan olunmuş «Fələstin dövləti» o zaman ərazisi olmayan dövlət idisə (onun bütün ərazisi İsrailin nəzarətində idi), artıq 1993-cü ildə Təl-Əviv İordan çayının qərb sahili ilə Qəzza sektoruna yeni yaradılmış Fələstin Milli Administrasiyasının nəzarətinə verməyə razılaşıb. Beləliklə, burada düz 20 il muxtariyyət hökm sürüb. 2012-ci ildə isə BMT Baş Assambleyası Fələstinə «təşkilat yanında müşahidəçi dövlət» statusu verib. Bu qərar, eyni zamanda öz bayrağının, gerbinin, himninin, icraedici və qanunverici hakimiyyətinin, hərbi strukturunun olması Fələstini beynəlxalq hüququn subyektinə çevirib. Bununla yanaşı, BMT Fələstin ərazilərinin İsrail tərəfindən «işğal olunduğunu» təsdiqləyir. Çünki o, bütün ərazisi üzərində suverenliyə malik deyil. İsrail Silahlı Qüvvələri (SAXAL) de-fakto İordan çayının qərb sahilinin, Şərqi Qüdsün böyük hissəsinə nəzarət edir. Qəzza sektoru isə uzun illərdir nə İsraili, nə də Fələstinin Rəmallahda yerləşən mərkəzi hakimiyyətini tanıyan HƏMAS yaraqlılarının əlindədir. Beləliklə, bu gənc dövlət bitmək bilməyən daxili və xarici təhdidlər şəraitində öz iqtisadiyyatını, ictimai-siyasi həyatını qurur, həmçinin xarici siyasi arenada tanınması istiqamətində uğurlu iş aparır.

Beləliklə, Fələstində ərəb-İsrail qarşıdurması 70 ildən artıqdır davam edir. Münaqişənin həllinə zaman-zaman dünyanın ən görkəmli siyasətçiləri girişsə də, istəklərinə nail ola bilməyiblər. Tunelin sonunda isə işıq bu gün də görünmür. Bu isə təəccüblü deyil. Çünki az-çox dayanıqlı sülhə nail olunması üçün 3 əsas və çətin maneə aşılmalıdır.

Birincisi, qanunsuz silahlı birləşmələr problemi. Başqa sözlə, istər yəhudi, istərsə də ərəb dövlətinin təhlükəsizliyi məsələsi. Ərəb-İsrail qarşıdurmasının ilk günlərindən radikal islamçı qruplaşmaların qarşıya bir hədəf qoyduqları heç kəs üçün sirr deyil – Fələstin ərazisində yəhudi dövləti olmamalıdır. Birincisi, söhbət qeyri-qanuni silahlı birləşmələrdən, yəni istər yəhudi, istərsə də ərəb ölkəsinin təhlükəsizliyindən gedir. Bu münaqişənin ilk günlərindən radikal islamçı qruplaşmaların qarşılarına bir məqsəd qoyduğu hər kəsə bəllidir: Fələstin ərazilərində yəhudi dövlətinin yaradılmasına imkan verməmək. Son 70 ildə İsrail ordusunun uğurları və ərəb dünyasında birliyin olmaması radikalları bir qədər sakitləşdirib. Artıq ən «barışmaz» qüvvələr belə, əmindir ki, yəhudi dövləti qurulub və müqəddəs torpağı tərk etməyəcək. Bundan başqa, israillilər Fələstin xalqının iki aparıcı hərbi-siyasi təşkilatı olan HƏMAS ilə FƏTH arasında problem yaratmağa da nail olub. Bu təşkilatlar arasındakı ziddiyyət 2007-ci ildə az qala açıq vətəndaş müharibəsinə keçəcəkdi. Dünyanın əksər dövlətlərinin terror təşkilatı kimi tanıdığı HƏMAS nəinki Qəzza sektoruna nəzarət edir, həm də İordan çayının qərb sahilində ciddi nüfuza malikdir. Ərəblərin sosial problemlərindən istifadə edən HƏMAS fələstinlilərin həyatının bütün sahələrinə kök atıb.

Təşkilatın hərbi qanadı olan «İzəddin əl-Kassam briqadası» digər radikallarla birlikdə İsraillə sülhü əngəlləyən əsas qüvvələrdəndir: onlar SAXAL-a məxsus blok-postlara hücumlar edir, müxtəlif terror aktları törədir, İsrail ərazisinə raket zərbələri endirir və s. Öz ordusu olmayan Fələstin isə hələ ki, terrorçularla uğurlu mübarizə aparmaq iqtidarında deyil. Demək, onun ərazisində İsrail ordusunun olması tamamilə qanunauyğundur. Onun Fələstini nə vaxt tərk edəcəyisə məlum deyil.

İkincisi, İordan çayının qərb sahilindəki yəhudi yaşayış məntəqələri və qaçqınlar. 1967-ci il müharibəsindən sonra İsrail bu ərazilərdə mövqelərini gücləndirmək qərarına gəlib və bu məqsədlə orada yaşayış məntəqələrinin inşasına start verib. Bu gün belə məntəqələrin sayı 50-yə çatır, orada yaşayan yəhudilərin sayı isə yarım milyonu ötür. İsraillilərin heç də hamısı düşmənlərin əhatəsində yaşamaq istəmədiyindən, buraya yerləşdirilmiş əhalinin 90%-ni radikal yəhudilər – hasidlər təşkil edir. Onlar isə İordan çayının qərb sahilini əksər yəhudi peyğəmbərin yaşadığı qədim İudeya və Samariya ərazisi sayır. SAXAL-ın əsas səyləri də Fələstin torpaqlarındakı bu anklavların müdafiəsinə yönəlib. Eyni zamanda İsrail hələ müstəqillik uğrunda müharibə zamanı yaranmış fələstinli qaçqınlar problemini də çözmək istəmir. Əsasən İordaniya və Livan ərazisində məskunlaşmış bu qaçqınların sayı «dinc» illərdə artıb və hazırda onlar 5 milyondan çoxdur. Bu sayda ərəbin İsrailə qayıtması ölkədə demoqrafik vəziyyəti, əlbəttə ki, kəskin dəyişəcək. Odur ki, İsrailin buna qarşı olması da anlaşılandır. Bununla yanaşı, BMT-nin ərəb-İsrail münaqişəsinin həllinə dair bir çox qətnaməsində qaçqınların doğma torpaqlarına qayıtmasının vacibliyi, İordan çayının qərb sahilindəki yəhudi yaşayış məntəqələrinin sökülməli olduğu birmənalı şəkildə qeyd olunur.

Üçüncüsü, Əl-Qüds ətrafındakı mübahisə. Fələstin özünü paytaxtı Şərqi Qüds olan dünyəvi dövlət elan edib. Ümumiyyətlə, Qüds bütün dünya müsəlmanları üçün müqəddəs şəhərdir. Bütün radikal islamçı qruplaşmalar da məhz bu şəhərin azad edilməsini ilk hədəf sayır. Digər yandan, o, yəhudilər üçün də müqəddəsdir. Onlar sürgündə olduqları 2000 ildə bu şəhərlə mənəvi bağlılıqlarını saxlayıblar. Şəhərin Qərb və Şərq hissələrinə bölünməsi də 1947-48-ci illərdə baş vermiş azadlıq savaşının nəticəsidir. 1967-ci ildə baş vermiş «Altı günlük müharibə»dən sonra isə İsrail Qüdsə nəzarəti tam ələ keçirib, 1980-ci ildə onu «İsrailin vahid və bölünməz paytaxtı» elan edib.

Lakin BMT bu qərarı qanunsuz elan edib və dünya birliyini bu şəhərdəki səfirliklərini bağlamağa çağırıb. Yeri gəlmişkən, ABŞ prezidenti Donald Trampın ABŞ-ın İsraildəki səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsilə bağlı bu yaxınlarda etdiyi cəhd fələstinlilərin kütləvi etiraz aksiyaları və onlarla insanın ölümü ilə nəticələnib.

Artıq İsrail fələstinlilərin müqəddəs şəhərin yarısına belə, iddiasını qəbul etmir. O, bu zaman ictimai rəyə əsaslandığını deyir – israillilərin 67%-i Qüdsü «vahid və bölünməz paytaxt» sayır. Burada təhlükəsizliklə bağlı məsələ də az rol oynamır: şəhərin şərq hissəsi yüksəklikdə yerləşir. Başqa sözlə, şəhərin böyük hissəsi, o cümlədən bütün dünya yəhudilərinin ziyarət yeri olan Ağlama Divarı da orada mövqe seçəcək potensial atıcının «ovucunun içində» olacaq.

Ərəb-İsrail münaqişəsinin nizama salınması variantları kifayət qədərdir. Amma artıq burada sülhə ümidlər sağlam düşüncəyə deyil, tez-tez dəyişən geosiyasi konfiqurasiyaya bağlıdır.



MƏSLƏHƏT GÖR:

361