26 Aprel 2024

Cümə, 08:55

DÖYÜŞƏ CAVANLAR GEDİR

Boks üzrə Azərbaycan yığmasının tərkibi yenilənəcək

Müəllif:

15.12.2018

Boks Azərbaycanda ən sevilən idman növlərindən olsa da, son vaxtlar idmançılarımız azarkeşləri nüfuzlu yarışlarda qazandıqları böyük uğurlarla sevindirə bilmir. Azərbaycan boksunun hazırkı vəziyyətini öyrənmək üçün ilin son yarışı hesab edilən ölkə çempionatına yollandıq. Qeyd edək ki, ölkənin müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən yarışda 28 komandanın 138 boksçusu qüvvəsini sınayıb. Turnirdə 10 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşsə də, güclü rəqabət hiss olunmayıb.

Həlledici döyüşlərdə qalib gələn Yadigar Əliyev (49 kq), Məsud Yusifzadə (52 kq), Tayfur Əliyev (56 kq), Cavid Çələbiyev (60 kq), Elvin İsayev (64 kq), Elnur Süleymanov (69 kq), Kamran Şahsuvarlı (75 kq), Rauf Rəhimov (81 kq), Rövşən Yaqubzadə (91 kq) və Məhəmməd Abdullayev (+91 kq) çempion tituluna sahib oldular. Elnur Süleymanov birinciliyin ən texnikalı, onun finalda məğlub etdiyi Nicat Həsənov isə ən əzmkar boksçusu adına da layiq görüldü.

Beləliklə, çempionat bütövlükdə sürprizsiz başa çatdı. Yalnız Lorenzo Sotomayorun yarımfinalda Elnur Süleymanova nokautla uduzması məşqçiləri təəccübləndirdi. Məşqçilər Elnurun çıxışının gözlənilən olduğunu qeyd etsə də, milliləşdirilmiş boksçumuz, Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı, İslam Həmrəylik Oyunlarının qalibi Sotomayorun acınacaqlı məğlubiyyəti geniş rezonans yaratdı. Son zamanlar “ulduz xəstəliyi”nə tutulan kubalı idmançının hazırlığı aşağı səviyyədədir. Ona görə onun millidəki gələcək karyerası sual altına düşüb. Bu fikirləri “R+”a açıqlamasında boks üzrə Azərbaycan millisinin yeni baş məşqçisi Vaqif Şirinov da təsdiqlədi: “Sotomayor beynəlxalq səviyyədə nəticə verən idmançıdır. Onu siyahıdan silmək tezdir. Lorentsodakı təcrübə heç bir idmançımızda yoxdur. Sotomayorun üzərində işləyəcəyik. Onun problemi "ulduz xəstəliyi"nə tutulmasıdır. Bu barədə özü ilə həm bizim, həm də psixoloqu tərəfindən söhbətlər aparılıb və çox şeyi başa düşüb. Bir görüşdə uduzmaqla boksçunun üstündən xətt çəkmək düzgün deyil. Bəzən bu cür məğlubiyyətlər böyük qələbələrə yol açır”.

Baş məşqçidən liderlər – Elvin Məmişzadə, Teymur Məmmədov, üçqat dünya çempionu Məhəmmədrəsul Məcidovun ölkə çempionatında çıxış etməməsinin səbəbini soruşduq. Vaqif Şirinov onların icazəli olduğunu belə əsaslandırdı: “Məhəmmədrəsul Məcidovun dizində ağrılar var. Ona görə çempionatda iştirak etməməsinə icazə verdik. Elvin Məmişzadənin artıq çəkisi olduğuna görə yarışa buraxılmadı. Teymur Məmmədov burnundan əməliyyat olunacaq. Ona görə çempionatı kənardan izlədi. Belə halda iştirakını vacib saymadıq”.

Azərbaycan çempionatında güclü rəqabətin olmaması fikriylə razılaşan Vaqif Şirinov, eyni zamanda yığmadakı problemlərdən danışdı: “Çempionatda çıxış edən bəzi gənclərdən xoşum gəlsə də, yarış narahatlıq doğurdu. Aparıcı boksçuların il ərzində yarışlarda iştirak etmədikləri aşkar hiss olunurdu. Əsas narahatlıq lider boksçuların yarışa davamlılığı və döyüş bacarıqlarının zəif olmasıdır. Dünya boksundan geri qalırıq.

Eyni zamanda baş məşqçi gənclərin bir sıra beynəlxalq turnirlərdə iştirakının ölkə çempionatında da özlərini yaxşı tərəfdən göstərmələrinə imkan verdiyini deyib. Bu mənada o, Məhəmməd Abdullayev və Nicat Həsənovun çıxışını müsbət qiymətləndirib. “Artıq yığmada cavanları da irəli buraxmaq lazımdır. Millinin heyəti bir çox çəkidə yenilənə bilər. Bu mənada lider boksçular mövqelərini qorumağa çalışmalıdırlar. Əks halda, onların yerlərini gənclər tutacaq”, - deyə V. Şirinov vurğulayıb.  

Onun fikrincə, milli komandanı yenidən formalaşdırmaq lazımdır: “91 kq-dan yuxarı çəkidə Məhəmmədrəsul Məcidovla ölkə çempionatında qızıl medal qazanan Məhəmməd Abdullayev rəqabət aparacaq. 81 kq-da Rauf Rəhimovla Pedro Alfonso, 69 kq-da Sotomayorla Elnur Süleymanovu qeyd edərdim. Həmçinin 75 kq-da Kamran Şahsuvarlı yer alıb. Nisbətən zəif çəkilərimiz var. Məsələn, 49 kq-da problem hiss edilir. 52 kq-da Məsud Yusifzadə hərbi xidmətdə olduğu üçün yaxşı hazırlaya bilməmişik. 56 kq-da Tayfur Əliyevlə Ümid Rüstəmov hələ beynəlxalq yarışlar üçün tam yetişməyiblər. Bizi çətin iş gözləyir. Amma bu bizim işdir”.

Millinin baş məşqçisi bir neçə ay əvvəl yığmaya rəhbərlik edən ukraynalı Leonid Loivskinin işdən uzaqlaşdırılmasına da toxunub. V.Şirinov həmkarının işinin ölkə boksuna faydalı olduğunu bildirib: “Onun işini yüksək qiymətləndirirəm. Çox yaxşı mütəxəssisdir, komandanın inkişafında böyük əziyyəti var. Məsələn, işlədiyi qısa müddətdə Məhəmmədrəsul Məcidov üçüncü dəfə dünya çempionu oldu, Kamran Şahsuvarlı mundialda bürünc, Avropa Çempionatında gümüş medal qazandı. Hazırda ölkəsində işləyir. Bizimlə olmasa belə onu pisləmək düzgün olmazdı”.

Qeyd edək ki, hazırda dünya boksu yaxşı günlərini yaşamır. Beynəlxalq Olimpiya Komitəsi (IOC) ilə Beynəlxalq Həvəskar Boks Assosiasiyası (AIBA) arasında bəzi məsələlərdə narazılıqlar var. Hakimliklə bağlı bir çox ölkələrdən şikayətlər getdiyi üçün problem yaranıb. IOC bu cür narazılıqların olmamasına çalışır. Həmçinin Qafur Rəhimovun AIBA-nın prezidenti seçilməsi IOC tərəfindən müsbət qarşılanmayıb. Ona görə də boks üzrə beynəlxalq yarışlar dayandırılıb. Belə vəziyyətdə AIBA-nın müstəqil turnirlər keçirəcəyi gözlənilir. Lakin həmin Avropa və dünya çempionatları olimpiadaya lisenziya verməyəcək. Yəqin ki, bu gedişlə IOC-a tabe olacaq yeni Beynəlxalq Boks Federasiyası yaradılacaq. Hələlik IOC tərəfindən AIBA-nın bütün işləri dayandırılıb. Ümumiyyətlə, iki il sonra Yaponiyada keçiriləcək Yay Olimpiya Oyunlarında boksun idman proqramında qalacağı böyük sual altındadır.



MƏSLƏHƏT GÖR:

293