27 Aprel 2024

Şənbə, 08:25

RƏSSAMIN RUHUNDAKI EMALATXANA

İntiqam AĞAYEV: «Çəkirlər, sonra konsepsiya düşünürlər – məgər, bu, fəlsəfədir?»

Müəllif:

15.12.2018

Pəncərədən bayırda yağış yağırdı, hava buludlu və tutqun idi. Soyuq idi. Belə bir küçədən məşhur Azərbaycan rəssamı İntiqam Ağayevin emalatxanasına düşmək xüsusilə xoş idi. Burda sanki başqa bir planetdəsən - qışdan yaya düşürsən. Adama elə gəlir ki, hər şeydən, hətta emalatxananın içərisindəki ən kiçik şeylərdən Günəş süzülür. Boyalardan, kətanlardan - hər yerdən sevinc və müsbət əhval qaynayır. Əlbəttə, bu əhval təkcə ustadın rəsmləri ilə bağlı deyildi, burada onların yaradıcının səmimi təbəssümü də rol oynayırdı. İntiqam Ağayevlə söhbət o qədər rahat və yumorlu idi ki, adam bu isti və rahat yerdən ayrılmaq istəmirdi. Ancaq heç də hər şey ilk baxışda görünən kimi sadə deyildi. Hər dəfə müharibədən söhbət gedəndə ustad İntiqam kədərlənirdi. Onun baxışları ağırlaşırdı, gözləri sonsuzluğa dikilirdi –hər halda rəssam müharibənin canlı iştirakçısı olub. Onun yaradıcılığında müharibənin təsviri əsas yerlərdən birini tutur. Müharibənin yer aldığı dünyaya - kətan üzərinə acı və dərin kədər də hopub. Amma İntiqam bu mövzuda danışmaq istəmir.  

Müharibədən kənarda, cəbhə arxasında o, yaddaşında özünəməxsus, doğma olan hər şeyi qoruyub saxlamağa çalışır. Rəssam üçünsə doğma olanlar nənəsinin təzə bişmiş isti çörək çıxardığı təndiri, qayğısız uşaqlığı, uşaqların qışqırıqları, nərd və zərlərin özünəməxsus səsidir – bütün bunlar bu istedadlı xalqın əsrlər boyu yaratdığı Abşeron hüdudsuzluğu və Azərbaycan çalarlarıdır. Abşeron rəssamlıq pleyadasının ən parlaq nümayəndələrindən birinin yaradıcılığı və şəxsiyyəti optimizmlə və həyatın gözəl olduğuna, onu sevinclə, yumor və günəş işığı ilə yaşamağın vacibliyinə inamla doludur. Yaşamaq və onun hər hüceyrəsini ciyərlərinə çəkmək. Və bu gözəl həyatın ən gözəl həlqəsindən biri - təzə, tünd və ətirli, kömür tamı çökmüş samovar çayıdır. Çay Azərbaycan ənənəsidir. Əgər bir gürcünü görüşdə çaya qonaq edərsənsə, bunu başa düşməyəcək və soruşacaq: "Çaxırınız yoxdur?" Ancaq Azərbaycanda çay qonaqpərvərlik mədəniyyətinin ayrılmaz tərkib hissəsidir – onu hətta soruşmadan gətirirlər. Aydın oldu ki, İntiqam bəy çayı da çox gözəl dəmləyir, həyatın müxtəlif çalarlarını öz əsərlərində əks etdirdiyi kimi.

- İntiqam müəllim, sizin emalatxanada sənətkar dağınıqlığı görünmür, halbuki rəssamların çoxunda belədir...

- (gülür) Bu, yalnız bu gün belədir. Sizin gəlişinizin şərəfinə. Evdəkilər yaxınlıqda yaşayır və qonağım olacağını bilən kimi dərhal gəlib buraları təmizlədilər. Mən bir rəssam kimi buna qarşı idim. Gördüyünüz kimi, heç kim bunu vecinə almadı (gülür). Adətən, burada xaos olur ki, bu mənim üçün gerçək nizam sayılır. Siz gedəcəksiniz və mən nəyin harda olduğunu axtarmalı olacam. Lakin ümumiyyətlə, əlbəttə ki, rəssamın emalatxanası onun ruhundadır, yaradıb yaşatdığı aləmdə.

- Sizin əsərlərinizin əsas mövzusu Bakıdır. Bu, nə ilə bağlıdır?

- Mən öz rəsmlərim vasitəsilə təsvir edilən yer və ya əşya haqqında məlumat çatdırmaq istəyirəm. Yəni onlar təkcə estetik qavrayış üçün yaradılmır. Məsələn, önünüzdə "İçərişəhər" rəsmini görürsünüz. Əgər diqqətlə baxsanız, şəhərin dəniz sahilində yerləşdiyini anlamaq olar, məscidlərdən və çadra geyinmiş qadınlardan isə başa düşmək olar ki, bu, müsəlman ölkəsidir. Ancaq öndə gedənlərə diqqət yetirin - onlar XVIII-XIX əsrin Avropa geyimlərindədirlər, şlyapa geyiniblər və əllərində çətir var. Onda Azərbaycanın paytaxtı Bakı olmasa da, şəhər maraqlı və cəlbedici olub. Bu şəkildən belə nəticə çıxarmaq mümkündür ki, xalqımız həmişə qonaqpərvərliyi və xariciləri öz torpaqlarında qəbul etmək istəyi ilə fərqlənib. Mənim "Məhəllə uşaqları" adlı bir rəsmim var, orada Bakı rəqsi təsvir edilib. Qeyd edim ki, o, elementlərinə və ritminə görə digər bölgələrin rəqsindən fərqlənir. Mən parlaq dənizli və günəş çalarları olan Abşeronu çəkirəm. Bütün bunlar, demək olar ki, kətandan oxuna bilən müəyyən məlumatlardır. Özü də, mən şəhər rəsmlərinin əksəriyyətini quş uçuşu yüksəkliyindən, yəni yuxarıdan aşağıya təsvir edirəm.

- Niyə məhz bu rakursdan?

- Bəlkə də, bunun səbəbi uzun müddətdir müharibədə olmağımla bağlıdır. Zabit olmuşam. Həmin vaxt biz xəritələrlə işləyirdik və məlum olduğu kimi, bütün xəritələrdə ərazi yüksəklikdən görünən kimi təsvir edilib. Xəritədə biz qarşımızdakı və dağların arxasındakı yerlərin necə olmasını müəyyənləşdirə bilirdik. Topoqrafiyanı yaxşı bilməyim məni özüm də bilmədən təsviri incəsənətə yönəldir – quş uçuşu baxışından rəsmləri belə çəkməyə başladım. Yeri yüksəklikdən təsvir etməklə, izləyiciyə özünü hadisələrin ortasında hiss etmək imkanı yaradıram. Bu rəsmləri sərgiyə çıxarmağa hazırlaşıram. Amma mənim bir az da işlməyə ehtiyacım var. Dürüst olsaq, mən sərgi xatirinə rəsm çəkmirəm. Sərgi mənə yaratdıqlarımı bölüşmək üçün gərəkdir.

- Sizin təxəllüsünüz "göy üzü" mənasını verən "Asiman"dır. İndi səbəbi aydındır...

- Hə, bu təxəllüslə məni "cəbhə" mükafatlandırıb.

- Azərbaycan tarixində hansı dövrləri daha çox təsvir etmək sizin xoşunuza gəlir?

- 60-cı illərdən başlayaraq düz 90-cı illərə kimi.

- Ancaq əsərlərinizdə çağdaş binalar da var - Heydər Əliyev Mərkəzi, Alov qüllələri...

- Hə, bu binaları çox sevirəm. Yaxşıya "yaxşı" demək lazımdır. Amma bununla yanaşı, şəhəri daha koloritli, daha maraqlı edən və ona xüsusi özəllik qatan köhnə memarlıq binalarının qorunması lazımdır. Mənim üçün «Sovetski»nin, Yasamalın yenidən qurulması müsbət hadisə oldu. «Basin»də əvvəl bir doğum evi və bir-birinin belində 2-3 ev var idi. Amma orada salınmış park göz oxşayır. Həm də binaların köhnədəki kimi ağ daşlarla üzlənməsi meylini də sevirəm. Bütün bunlar çox yaxşıdır.

- Tbilisi – işlərinizdən görünür ki, siz bu mövzunu da sevirsiniz. Gürcüstan və Azərbaycan paytaxtlarının rəngləri fərqlənirmi?

- Köklü fərqlənir. Rəsmlərə baxırsınız – imza sanki eynidir, ancaq Abşeron akrili sarı rəngli oxradır, Tbilisininki isə qırmızı-kərpic çalarlı yaşıldır.

 - Rənglərin mənasını necə izah edirsiniz?

- Rənglər rəssamın əhvalını əks etdirir. Bir yerdə qara mənfi ola bilər, başqasında isə düşünməyə məcbur edər! Onda artıq o, kədərli görünməyəcək. Mənim "Şuşa" rəsmim var, əsasən tutqun rənglərdir, lakin eyni zamanda heç bir mənfi enerji daşımır. Yaxud "Karvan" rəsmimdə (əsəri göstərir) mən qara rəngdən istifadə etmişəm. Amma başqa rənglərlə ahəngdə qara rəngə diqqət yetirmirsiniz. Buna görə də, hər şey sizin hansı rəngləri uyğunlaşdırmağınızdan asılıdır.

-Buna baxmayaraq, sizin yaradıcılığınız parlaq və şirəli rənglərlə, savadlı seçilmiş rəng qamması ilə sanki "qışqırır". Sizin işlərinizin heyrətamiz özəlliyi insanı gözəl ruh halına gətirir. Bu, sizin rəsmləri həmişə ruh halınız gözəl olan zaman çəkməyinizlə bağlıdır?

- Bəli. Kədərləndiyim zaman kətana yaxın belə getmirəm. Bəlkə də, bu, bir az pafoslu səslənir, amma mən öz işlərimin vasitəsilə insanlara mənfi enerji ötürmək istəmirəm. Əksinə, mən insanların mənim rəsmlərimə baxanda gülümsəməsini istəyirəm. Qoy, onlar həyatın gözəl olduğunu ürəklərinin telləri ilə hiss etsinlər. Üstəlik, mən kədərləndiyim zaman, rəsmi tamamilə korlaya bilərəm. Buna görə də anı gözləyirəm. Hətta özümü müsbətə kökləmək çox çətin olanda belə. Mənim rəsmlərimdə özümdən asılı olmayaraq, həmişə dəniz peyda olur, hüdudsuzluğun, müstəqilliyin və azadlığın rəmzi dəniz. Rəsmlər ruhun əhvali-ruhiyyəsidir. Onların, demək olar ki, hamısı mənim ürəyimdə olanlardır.

- İncəsənət insanı tərbiyə etməlidirmi və düşünməyə məcbur etməlidirmi?

- Mənə deyirlər ki, sənin fəlsəfi rəsmlərin yoxdur. Amma istənilən halda mənə elə gəlir ki, əgər insan, heç olmasa, bir dəqiqə bir rəsm qarşısında dayanırsa, artıq düşünür. Bax, elə bu da fəlsəfədir. Amma bir də heç bir məna vermədən anlaşılmaz bir fiqur çəkirlər və deyirlər: mən elə bir şey çəkdim ki, siz onu anlaya bilməzsiz. Çəkirlər və sonra konsepsiya uydururlar – məgər, bu, fəlsəfədir?

Böyük filosoflar demişkən, ən böyük kəşflər həddindən sadə və aydın olur. Buna görə də, dostlar, şəkillər anlaşılan olmalıdır. Sən artıq heç bir şey uydura bilməzsən - bütün ağıllı şeylər bizə qədər düşünülüb. Düşünürəm ki, mənim rəsmlərim anlaşılandır. Məsələn, mənim rəsmlərimdən birində Səbail qalasını təsvir etmişəm - xarabalıqları suyun səthində görünən. Özü də o, "Crystal Holl"un yanında yerləşir. Bu da müəyyən məlumatdır. Əgər Soltan Hacıbəyovun eyniadlı simfoniyasına həsr edilmiş "Karvan" rəsmimə diqqət yetirsəniz, İpək yolu ilə irəliləyən ikihörgüclü dəvələr görərsiniz. Amma ərəb dəvələri təkhörgüclüdür. Mən düşünmək üçün açar verirəm, qalanını isə izləyici özü oxumalıdır. Yuxarıda qeyd etdiyim kimi, mənim fəlsəfəm tarixdir.  

- Azərbaycanda hansı yerlər sizə daha çox ilham verir?

- Bizim torpağımız sözün həm gerçək, həm də dolayı anlamında məhsuldardır. Azərbaycan o qədər çoxçeşidli gözəldir ki, onu təsvir etmək çox çətindir. Abşeronda heç zaman açıq-bənövşəyi, mavi-bənövşəyi rəngləri görməmişəm, onları  Rusiyada da görməmişəm. Təbii ki, onları gördüyüm yer Səttar Bəhlulzadənin rəsmləridir. Onlar hardan gəlir? Daha sonra mən Hegelin işıq kölgələrini izlədim və sonra onları kətan üzərinə köçürdüm. Aydın oldu ki, bu boyalar gerçəkdən mövcuddur. Mən bir dəfə Naxçıvanda beynəlxalq simpoziumda olmuşam. Etiraf edirəm ki, həmişə bu yeri düzənlik, qayalı çöllük kimi təsəvvür etmişəm. Ancaq orada olduqdan sonra fikrimi köklü dəyişdim. Bundan sonra mən Batabat gölünün - bu inanılmaz gözəlliyin rəsmini çəkdim (əsəri göstərir).

- Özünüzü Abşeron rəssamları pleyadasına aid edirsinizmi?

- Bəli, amma bir çoxları mənimlə razı olmaya bilər.

- Öz işlərinizi dünya səviyyəsində təqdim etmək üçün nələrsə edirsinizmi?

- Demək olar ki, heç nə. Azərbaycan rəssamları çox güclü və istedadlıdırlar. Dünya incəsənətində bizim öz sözümüz var. Amma bizdə piar yoxdur. Bizdə Əzim Əzimzadə kimi güclü bir məktəbin yetişdirdiyi savadlı gənclik və yaşlı nəsil rəssamlar var. Dünyada məşhur Tahir Salahov bu məktəbin məzunudur. Bu gün bizim ustalarımız Türkiyədə hörmətli müəllimlərdir. Təəssüf ki, ölkəmizdə art-diler sahəsi çox zəifdir. Buna görə, biz "ölkə" məkanı çərçivəsinə sıxılmaq məcburiyyətində qalırıq və yalnız yaxın xaricə çıxışla kifayətlənirik.

- Sizin yaradıcılığınız kommersiya xarakteri daşıyırmı?

- Özünü iki hissəyə bölmək - "ruh üçün" tək-tək əsərlər yaratmaq və "satış üçün" kütlə rəsmləri, yəni tələb olunan işlər çəkmək çox çətindir. 2007-ci ildən etibarən mən rəsmlə ciddi məşğul olmağa başlamışam və öz əsərlərimi çox nadir hallarda satdım. Özümü tərifləməyəcəm, amma mənim əsərlərimə tələb böyükdür. Bir dəfə mən öz əsərimin satış üçün kopiyasını çıxardım. Sadəcə, möhtəşəm alınmışdı. Daha sonra rəssam dostlarımın fikirlərini öyrənmək üçün onu sosial şəbəkəyə yerləşdirdim. Mən özüm elə bir atmosfer yaradıram ki, onlar öz fikirlərini sərbəst ifadə edə bilsinlər. Hamısı eyni səslə dedilər: "İntiqam, bu işin texniki cəhətdən daha gözəldir, amma birincidə ruh hiss edilir". Buna görə əsərlərimi satışa çıxarmaq kopiyalarını çıxarmaq mənim üçün çox çətindir, sanki özümün əksinə gedirəm.  

- Siz Vaqif Mustafazadə və Çingiz Mustafayev kimi görkəmli şəxsiyyətlərin rəsmini çəkmisiniz. Bu xətti davam etdirmək niyyətiniz varmı? Növbəti kim olacaq?

- Çox sayda ad çəkə bilərəm. Ancaq mən portret janrında işləmirəm. Çingiz Mustafayevi təsvir etmişəm, çünki o, vətənpərvərliyi ilə mənə yaxındır. Vaqif Mustafazadə isə bəstəkar, görkəmli cazmendir. Caz və muğam sintezinin yaradıcısıdır - mənim üçün o, dahi və istedadlı bir insandır. Azərbaycan onunla fəxr edir. Onun rəsmini çəkərək, yaradıcıığına hörmətimi ifadə etmək istəmişəm. Mənim üçün o da böyük vətənpərvərdir.

- Sizi də böyük vətənpərvər adlandırmaq olar. Qarabağ müharibəsində iştirak etmisiniz. Sizin üçün müharibə mövzusu çox ağrılıdır. "Şuşa" əsəriniz barədə danışın.

- Şuşada mən 1992-ci ildə olmuşam və şəhərə iki yol vardı - Laçından və dağların arxası ilə Xankəndidən. Mən Şuşanın Laçın tərəfdən görüntüsünü təsvir etmişəm. O sanki uçurum kənarında dayanmışdı. Bu mənzərə yaddaşda peyda olmuşdu. Yerin gözəlliyi və çalarları mənim üçün təbiətin incisi idi. Bəzən düşünürəm ki, dünyanın heç bir yerində buna bənzər gözəllik yoxdur. Biz Şuşanı bacardığımız qədər əlimizdə saxlamağa çalışdıq, amma kömək gəlmədi (düşünür). Amma bu başqa hekayədir və mən bu barədə danışmaq istəmirəm. Yaxşısı budur, bu mövzuya toxunmayaq (yenə düşünür).

- Qarabağdakı hərbi əməliyyatlarda iştirakınız bir insan və rəssam kimi formalaşmağınıza təsir edibmi?

- Cəbhə məni 180 dərəcə dəyişdi. Bu yaxınlarda almanlarla müharibə zamanı sağ qalmış professor Lixaçovun əhvalatını oxumuşam. Kəndin bütün uşaqlarını güllələmək əmr verilibmiş. Nəticədə, bu amansız qətlin icrası zamanı 300 uşaq ölüb, ancaq o gizlənib və sağ qaldı. Bu əhvalat düşünməyə məcbur edir. Əgər sən cəbhədə ölməmişsənsə, ölənlərin yerinə həyat yaşayırsan. Ona görə həyatını elə ləyaqətlə yaşamalısan ki, ölənlər də səninlə qürur duya bilsin. Həyatda öyünmək və lovğalanmaq lazım deyil. Belə şeylər həyatı zənginləşdirmir, əksinə onu yoxsullaşdırır. Həyata şükr etmək, onu sevmək lazımdır. Bəzi rəssamlar Apokalipsisi və ya digər mənfi hadisələri təsvir edirlər... Lakin Apokalipsisi görmədən, onu necə təsvir etmək olar? İnanın, əgər onu görsəydilər, onu təsvir etməzdilər. Mən etməzdim!



MƏSLƏHƏT GÖR:

347