27 Aprel 2024

Şənbə, 07:29

FRANSA OF İÇİNDƏ

«Sarı jiletlilər» hərəkatı daha miqyaslı xarakter almaqdadır

Müəllif:

15.12.2018

«Sarı jiletlilər» adlandırılan etirazçı hərəkat Fransanı çalxalamaqdadır. Dövlət başçısı Emmanuel Makron bu üzdən ölkədə fövqəladə iqtisadi və sosial vəziyyət elan edib. 

 

Makron üçün imtahan

«Sarı jiletlilər» hərəkatının çatdığı miqyas hakimiyyət üçün əsl «sürpriz»ə çevrilib. Onların istəklərinə, ilk növbədə, gələn ilin əvvəlindən yanacağın qiymətinin artırılmasını nəzərdə tutan qərarın ləğvinə nail olmaqda nə dərəcədə israrçı olduqlarını Parisdə hələ dekabrın 1-də baş verənlər göstərmişdi. O anda bütün ölkədə «Sarı jiletlilər»ə (hərəkat adını ictimai nəqliyyat vasitəsi sürücülərinin geyiminin rənginə əsasən götürüb) qoşulmuş insanları sayı 250-300 min nəfərə çatırdı. Fransa paytaxtında baş verənlər yalnız kütləviliyi və ya onların polislə toqquşmaları ilə yox, həm də nümayişçilərə qoşulmuş vandalların dağıdıcı əməllərilə yadda qalıb. Onlar avtomobilləri yandırıb, mağazaları talan edib, hətta Napoleonun Zəfər tağının muzeyindəki heykəlinin başını belə, qoparıblar.

Nümayişlər düz 1 həftə sonra – dekabrın 8-i, şənbə günü bərpa olunub. Nümayişçilərin özləri ona «Sarı jiletlilər» hərəkatının «dördüncü aktı» adını verib. Üstəlik, onların tələbləri artıq aşkar siyasi müstəviyə keçib. Hərəkat liderlərindən olan Erik Drue tərəfdarlarını bütün məsələləri «prezident Makronun iqamətgahında həll etmək üçün» Yelisey sarayına yürüşə çağırıb. «Jiletlilər»in daha bir lideri Andre Lanni isə iki nümayəndənin seçilməsi, onların hökumət nümayəndələrilə görüşərək bütün tələbləri rəsmi dairələrin diqqətinə çatdırması təşəbbüsü ilə çıxış edib. Üstəlik, Lanni bildirib ki, «tələblərinə əməl olunmazsa, hər şey darmadağın edilməlidir».

Bütün bunların fonunda «Sarı jiletlilər»in radikal qanadının tələbləri də konkretləşib: Makron istefaya getməli, parlament buraxılmalı və növbədənkənar seçki keçirilməlidir.

Beləlikdə, Fransız ictimaiyyətinin əhəmiyyətli bir hissəsinin prezident Makronun fəaliyyətindən narazı olduğu ortadadır. Son sorğulara əsasən, Fransa vətəndaşlarının 72%-i «Sarı jiletlilər»i dəstəkləyir. Hərəkat prezidenti özünü Mariya Antuanetta kimi kral saymaqda təqsirləndirir. Fəallar deyir ki, vaxtilə Antuanetta çörək almağa pul tapmayan fransızlara piroq yeməyi məsləhət görürdüsə, Makron benzinin bahalaşması üzündən vətəndaşları elektromobil almağa çağırır. Etirazçılar bildirir ki, Makron «zənginlərin prezidenti»dir, Rotşildlər klanının adamıdır və xalqdan, onun problemlərindən çox uzaqdır. Onun 2017-ci ildə keçirimiş prezident seçkisində əldə etdiyi parlaq qələbə belə, siyasi texnoloqlar tərəfindən ictimai rəylə manipulyasiya edilməsilə əlaqələndirilir. Onlar hesab edir ki, Makron daha çox elektorat tərəfindən dəstəkləndiyi üçün deyil, seçicilərin ultrasağçı «Milli cəbhə»nin hakimiyyətə gəlişini istəməməsi üzündən qələbə çalmışdı.

Beləliklə, Fransa rəhbərliyinin dekabrın 8-də mümkün hakimiyyət çevrilişindən ciddi şəkildə narahat olmağa başlaması əsassız deyil. Bu səbəbdən də, «Sarı jiletlilər»lə mübarizəyə çox sayda asayiş keşikçisi, zirehli maşın, gözyaşardıcı qaz və s. vasitələr cəlb edilmişdi. Amma bu, Parisin müxtəlif küçələrində tonqallar qalanmasına mane olmayıb. Mənzərə yarım əsr əvvəl Beşinci respublikanın banisi general de Qollun istefası ilə bitmiş hadisələri xatırladırdı. Baş verənlərdən sonra yeni, Altıncı respublikanın qurulması ilə nəticələnəcək inqilabın qaçılmaz olduğuna dair fikirlərin aktuallaşmasına yol açıb.

Dekabrın 8-də yaşananlar zamanı Parisdə 17-si polis olmaqla, 135 nəfər yaralanıb. Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, etiraz aksiyaları zamanı saxlanılmış şəxslərin sayı 1726 nəfərə çatıb.

Hadisələrin bu cür miqyas almasını «dördüncü akt» öncəsi hökumətin bəzi güzəştlərə getməsi də əngəlləməyib. Hakimiyyət yanacaq üçün aksizin qiymətinin artırılması qərarının yarım illik təxirə salındığını açıqlasa da, bu, nəticə verməyib. «Sarı jiletlilər» etirazları dayandırmaqdan imtina edib, üstəlik, minimum əməkhaqqının 100 avro, pensiyalarınsa 1300 avroyadək artırılması tələblərini də irəli sürüblər. Bundan başqa, onlar pensiya yaşının 60 yaş elan olunmasını, zənginlər üçün ləğv olunmuş verginin bərpasını, kiçik şəhərlərə və dövlət müəssisələrinə dotasiyaların ayrılmasını istəyir.

Artıq o anadək susmağa üstünlük verən prezident Makronun məsələyə münasibət bildirməli olduğu ortada idi. Yeri gəlmişkən, dövlət başçısının uzun müddət susqunluq nümayiş etdirməsi onun xalqa yad biri olduğu, özünə inamının, dəqiq siyasi strategiyasının olmadığı haqda fikirləri daha da artırıb.

Nəhayət, dekabrın 10-u, bazar ertəsi prezident televiziya vasitəsilə vətəndaşlara müraciət edib. Nümayişçilərin tələblərinin əsaslı olduğunu deyən, öz yanlışlıqlarını, konkret desək, mövqeyini həmvətənlərinə izah edə bilmədiyini etiraf edən Makronun sözlərinə görə, o, xalqı, əslində onların maraqlarını təmin etməyə çalışdığına inandıra bilməyib. Ölkədə fövqəladə iqtisadi və sosial vəziyyət elan edən Makron deyib ki, 2019-cu ildə minimum əməkhaqqı 100 avro artırılacaq, fəhlələrə ilin yekununda verilən mükafatdan isə vergi tutulmayacaq.

Bununla yanaşı, prezident etirazçıları sakitliyə çağırıb, zorakılığa yol verən şəxslərə heç bir güzəştin olmayacağını bildirib. Zənginlər üçün verginin bərpası tələbinisə prezident rədd edib. Onun fikrincə, keçmişdə ölkə bu üzdən bir çox vergi rezidentindən, müvafiq olaraq isə investisiyalardan məhrum olub. Bununla yanaşı, Makron ölkənin nəhəng müəssisələrinin, zəngin vətəndaşlarının böhranın aradan qaldırılmasında dövlətə yardım etməli olduğunu söyləyib.

Makronun telemüraciəti vəziyyəti bir qədər sakitləşdirə bilər. Lakin «Sarı jiletlilər»in ən nüfuzlu təmsilçilərinin məsələyə reaksiyası göstərir ki, etiraz aksiyalarının dayandırılacağını gözləmək tezdir. Məsələn, «Ram edilməyən Fransa» partiyasının lideri, Makronun prezident seçkisindəki rəqiblərindən biri Dan-Lyuk Melanşon bildirib ki, dövlət başçısı xalqın böyük etirazını «pul paylamaqla» yatırmaq istəyir. Onun fikrincə, Makron yenə də işsiz insanların, qismən işləyənlərin, pensiyaçıların, dövlət qulluqçuları və tələbələrin problemlərinə diqqət ayırmayıb. «Gələn şənbə vətəndaş inqilabının «Beşinci aktı»dır və xalq səfərbər olmalıdır», - deyə o, qeyd edib.

Fransanın aparıcı həmkarlar ittifaqı təşkilatlarından olan Ümumi Əmək Konfederasiyasının rəhbəri Filipp Martinez isə Makronun xalqa müraciətini belə qiymətləndirib: «Prezident heç nəyi anlamayıb. O, son həftələrdə daha güclü ifadə olunan qəzəbi başa düşmək istəmir. Beləliklə, qapı örtüldü və biz «Sarı jiletlilər»lə birlikdə xalqı səfərbərliyə çağırırıq».

Beləliklə, etirazçı dairələr Makronun vəd etdiyi tədbirlərlə kifayətlənmək istəmir. Onların fikrincə, prezidentin addımları məhdud xarakter daşıyır. Demək, Makron və komandasının üzləşdiyi sosial imtahan hələ bitməyib. Hadisələrin gələcək inkişafı «Sarı jiletlilər»in ciddi islahatlar tələbində nə qədər ardıcıllıq nümayiş etdirməsindən asılı olacaq. Onlar bu islahatlara nail olarlarsa, bəlkə də, Fransa dövlətinin sosial siması dəyişəcək.

 

«Xalqımızdan əl çəkin!»

Bütün yaşananların fonunda baş verənlərə xarici amillərin mümkün təmiri haqda da danışılır. Əslində, belə fikirlərin yaranmasına xarici qüvvələrin özləri də əsas verir.

Məsələn, ABŞ prezidenti Donald Tramp Fransada yaşananları durmadan «Twitter» sosial şəbəkəsi vasitəsilə şərh edir. Fransa prezidenti Makronun «ABŞ da daxil olmaqla, xarici qüvvələrdən qorunmaq üçün nəzərdə tutulacaq» ümumavropa ordusu yaratmaq ideyasını davamlı pisləyən Ağ Ev sahibi elə təəssürat yaradır ki, sanki bu həssas məqamda o, fransalı həmkarının mövqeyinə təsir göstərməyə çalışır. Makronun ABŞ-ın 2015-ci ildə Paris İqlim Sazişindən çıxmasını tənqid etməsi də Trampın daimi «hədəf»lərindəndir.

«Paris sazişi Paris üçün heç də yaxşı nəticə vermir. Etirazlar və iğtişaşlar bütün Fransanı bürüyüb. İnsanlar ətraf mühitin mühafizəsi üçün əsasən üçüncü dünya ölkələrinə böyük həcmdə pul ödəmək istəmir. Bəlkə, mənasız və çox bahalı Paris Sazişinə son qoyulmasının, pulların daha aşağı vergi şəklində insanlara qaytarılmasının vaxtıdır?» - deyə Tramp qeyd edib.

Ağ Ev sahibinin Makrona ünvanladığı məsləhət Fransa prezidentinin yanacağın bahalaşması qərarını məhz Paris İqlim Sazişilə əlaqələndirməsi üzündən ortaya çıxıb. Makron hesab edir ki, bu, atmosferə atılan çirkli qazların azaldılması, bununla da, qlobal istiləşmənin tempinin aşağı salınması üçün vacibdir. Fransa liderinin fikrincə, yanacağın bahalaşması sayəsində benzindən, dizeldən, daxili yanma mühərriklərindən istifadənin azalması alternativ enerji mənbələrindən istifadəni artıracaq. Onun hədəfi Fransanın 2030-cu ilə atmosferə zəhərli qazların buraxılmasını 30% azaltmasıdır. Makron 2040-cı ildən berzin və dizel mühərrikilə çalışan avtomoblilərin satışının ümumiyyətlə qadağan edilməsini vacib sayır. Onun son addımları planının reallaşdırılması çərçivəsində ölkə daxilində müəyyən sosial güzəştlərə getməyə hazır olduğunu göstərirsə, Parisin kənar, xüsusilə Vaşinqtondan gələn təzyiqlərə boyun əyəcəyini göstərən heç bir əlamət yoxdur.

Fransanın xarici işlər naziri Jan-İv Le Drian deyib: «Biz ABŞ-ın daxili işlərinə qarışmırıq və istəyirik ki, bu, qarşılıqlı olsun. Mən bunu Donald Trampa deyirəm. Fransa prezidenti də eyni şeyi deyir: xalqımızdan əl çəkin!».

Fransada baş verənlərə kənar təsirlə bağlı geniş yayılmış daha bir tezis Rusiya ilə əlaqəlidir. Britaniyanın «Times» nəşri yazır ki, «Twitter»də Rusiya ilə əlaqəli yüzlərlə akkaunt yaradılıb və onlar Fransada etirazların miqyasının artırılmasına çağırış edən 1500-dən artıq mesaj yayır. Qəzetin iddiasına görə, həmin akkauntlar dezinformasiya yaymaqla məşğuldur. Buraya əvvəllər keçirilmiş aksiyalar zamanı çəkilmiş fotolar da daxildir. Bu yolla Fransa polisinin davranışındakı sərtlik dərəcəsi ictimaiyyətə şişirdilərək çatdırılır.

Bu haqda da danışan Jan-İv Le Drianın sözlərinə görə, Fransanın Müdafiə və Milli Təhlükəsizlik üzrə Baş Katibliyi Rusiyanın Parisdə, həmçinin ölkənin digər şəhərlərində təşkil olunmuş etiraz aksiyalarına aidiyyəti araşdırılır. Nazir deyib: «Faktlar ortaya çıxanadək nəsə söyləmək istəmirəm». Le Drianın sözlərinə görə, «hazırda Fransa ilə Rusiyanın fərqli yanaşdıqları məsələlər var. Lakin elə məsələlər də var ki, tərəflərin mövqeyi üst-üstə düşür və biz həmin məsələlər üzərində birgə işləyirik».

Nəzərə alsaq ki, Makron Rusiyanın Ukrayna siyasətilə bağlı sərt mövqe tutur və Moskvaya qarşı sanksiyaların sərtləşdirilməsini istəyir, Kreml Fransada hakimiyyət dəyişikliynin baş verməsində maraqlı ola bilər. Lakin eyni dərəcədə ehtimal etmək olar ki, Fransadakı son olaylarda Moskvanın rolu haqda xəbərlər Kremllə Yelisey sarayı arasında münasibətlərin daha da pisləşməsinə çalışan qüvvələr tərəfindən yayılır.

İstənilən halda, dünya KİV-nin və ekspert dairələrinin baş verənlərdə kənar təsir axtarışı əsl səbəbin daxildə olduğuna zərrə qədər də kölgə salmır. Azadlıq, Bərabərlik və Qardaşlıq ideallarını dövlət ideologiyası ranqına qaldırmış Fransa demokratik düzəninin nə dərəcədə dayanıqlı olduğuna dair ciddi imtahan verməkdədir. Onun bu sınaqdan necə çıxacağı, şübhəsiz ki, həm Fransanın, həm də qurulmasında və inkişafında aparıcı rol oynadığı Avropa cəmiyyətinin gələcək taleyinə ciddi təsir göstərəcək.



MƏSLƏHƏT GÖR:

318