27 Aprel 2024

Şənbə, 04:23

ERMƏNİSTAN: NASİZMİN İCAZƏLİ OLDUĞU ÖLKƏ - VI HİSSƏNIN SONU

Erməni millətçiliyi təcrübədə bəzi cəhətlərinə görə alman nasizmini geridə qoyub

Müəllif:

15.12.2018

Praqmatik insan olan Qaregin Njde yaxşı bilirdi ki, dövlətini və milli dövlətçilik hissini itirmiş yaşıdlarını yolundan döndərə bilməyəcək. Bu üzdən o, ayrı-ayrı ölkələrdəki erməni diasporunun gənc nümayəndələrinin milli ruhda böyüməsinə daha çox önəm verirdi. Njde düşününrdü ki, o, xalq uğrunda ölmək idealını yalnız bu təbəqəyə qəbul etdirə bilər.

1933-cü ilin yazında o, Bolqarıstanı tərk edərək ABŞ-a köçür. İyulun 16-da Bostonda (Massaçusets ştatı) daşnak partiyasının gənclərdən ibarət qanadının qurultayını keçirərək ona «Tseqakron» adını verir. Qərbi Avropadan, həmçinin erməni diasporundan olan müəlliflər (Volker Yakobi, Tomas de Vaal, Vane Saakyan) elmi əsərlərində onun ideologiyasını protofaşizm və irqçilik kimi qiymətləndirir. Njde «Tseqakron»u «Daşnaksutyun» partiyasına qarşı qoymuşdu. Çünki daşnakların siyasətini «cəsarətsiz» sayırdı. Məhz bu üzdən 1935-ci ilin ortalarında «Tseqakron»la «Daşnaksutyun» arasında münasibətlər gərginləşir. Bununla bərabər, vahid liderlik uğrunda mübarizə aparan Njde ilə daşnak partiyası aparatının rəhbəri Ruben Ter-Minosyanın münasibətləri də korlanır. Sonuncu hesab edirdi ki, Njdenin yaratdığı təşkilat ermənilik üçün təhlükədir və partiyanın daxildən parçalanmasına yol aça bilər.

1933-1938-ci illərdə Njde Asatryanın yardımı ilə bir sıra broşür və qəzet məqaləsi hazırlayır. Orada daşnakların siyasəti sərt tənqid olunur. Njde onları «yarımçıq», erməni xalqının tələblərinə tam cavab verməyən təşkilat sayır, daşnakların alman nasistlərindən nümunə götürərək, radikallığı artırmasını tələb edirdi.

Lakin radikal sağçı erməni millətçilərinin bir qismi «Tseqakron» nəzəriyyəsinin bu cür şərhi ilə razı deyil. Ermənistan Respublika Partiyasının «Qaregin Njde və onun təlimi» adlı ideoloji broşürünün redaktoru Müşfiq Lalayan onun müqəddiməsində «Tseqakron»un ilkin dövrlərinin nasizmlə və faşizmlə müqayisəsinə üstüörtülü də olsa, etiraz edib: «1919-cu ildə müharibə Njdeyə müharibə andı içənlər qara kəfən geyinib öz sparapetindən kişilik dərsi aldıqları vaxt hələ faşizm və hitlerizm haqda söhbət belə, getmirdi. O dövrdə Mussolini özünün «Qaraköynəklilər» hərəkatına hələ yeni başlayırdı».

Erməni millətçilərinin bənzər fikirlərinə əvvəllər də rast gəlinib. Məsələn, 1926-cı ildə daşnak Ermənistan Respublikasının sabiq baş naziri Simon Asatryan erməni millətçilərinin Parisdə nəşr olunan «Droşak» jurnalında Benito Mussolinini onların faşizm ideyalarını oğurlamaqda, «Daşnaksutyun» partiyasının proqramından istifadədə günahlandırırdı. Buna cavab olaraq, Azərbaycan SSR-in mərkəzi kommunist qəzeti olan «Bakinski raboçi» qəzetinin 1927-ci ilin aprelində dərc olunmuş bir neçə nömrəsində S.Ağamirovun «Erməni şovinizminin sonbeşiyi (erməni mətbuatının materialları əsasında)» həcvi yer almışdı. Orada erməni baş nazirinin fikirləri ələ salınır, əsassız adlandırılır, daha çox lovğalıq göstəricisi kimi qiymətləndirilirdi.

Nasistlərin Təhlükəsizlik Xidmətində erməni millətçiləri üzrə kurator, onların ələ alınması ilə məşğul olmuş əsas şəxs Pyotr Kamsarakanın 1948-ci il 21 oktyabr tarixli ifadəsində bildirilir ki, nasistlərlə əməkdaşlığa dair 1940-cı ildə aparılmış danışıqlarda Fransa daşnaklarının lideri Arşak Camalyan (Fransa hərbi kəşfiyyatı ilə fəal əməkdaşlıq edib, Fransanın şimalının işğalından sonra isə hitlerçilərə qoşulub) açıq şəkildə deyirmiş ki, nasional-sosializmin banisi Nasional Sosialist Alman Fəhlə Partiyası yox, «Daşnaksutyun»dur.

İfadədən sitat: «Camalyan… almanlarla aparılan bütün danışıqlarda durmadan deyirdi ki, əslində ilk nasional-sosialist partiyası onlar, yəni daşnaklardır. O, hər zaman almanlarla əməkdaşlığın tərəfdarı olduğunu bildirirdi». Bu gün nasistlərin erməni millətçilərinin bu cür bəyanatlarına hansı reaksiyanı verdiklərini göstərən etibarlı mənbələr yoxdur. Lakin bu cür biçimsiz loyallığın belə, qəbul edildiyinə şübhə yoxdur. Hər halda, onların arasında əməkdaşlıq son dərəcə sıx və fəal olub.

Pyotr Kamsarakanın sovet dövlət təhlükəsizliyi orqanlarına ifadələrilə tanış olan zaman bir məqam istər-istəməz nəzərə çarpır: onun nasist Almaniyası kəşfiyyatı ilə əməkdaşlığa cəlb etdiyi ermənilərin, demək olar ki, hər biri Üçüncü reyxə və onun fürerinə birmənalı heyranlığını ifadə edirmiş. Bu, Bolqarıstanda yaşamış Karegin Ter-Arutyunyana («Njde») və Hayk Assaturyana da aiddir, Rumıniyada biznesi olmuş Sarkis Araratyanla Drastamat Kananyana («Dro») da. Eyni sözləri Fransadakı erməni diasporunun rəhbəri olmuş Arşak Camalyana da aid edə bilərik. Onlar Nasional Sosialist Alman Fəhlə Partiyasının üzvü olmasalar da, Kamsarakana inansaq, özlərini səmimi qəlbdən nasist, nasizmə bərabər ideologiyanın daşıyıcıları sayıblar, üstəlik, bunu hər imkanda açıq şəkildə dilə gətiriblər.

Onların açıq ifadə etdikləri bu cəhət – alman nasizmi ilə erməni millətçiliyinin doğmalığı, bənzərliyi bu insanların alman kəşfiyyatı ilə asanlıqla əməkdaşlıq etməsinin səbəbini ortaya qoyur. Onlar məhz bu üzdən nasistlərlə əməkdaşlığı sonadək – özlərinin həbsinə və ya Almaniyadakı Hitler rejiminin süqutunadək davam etdiriblər. Bununla yanaşı, onlar yaşadıqları dövlətləri də asanlıqla satıb, onlara qarşı casusluq kimi dövləti cinayətlərə gediblər.

Həqiqətən də, alman nasizmi ilə erməni millətçiliyi ideologiyalarını müqayisə etsək, onların arasında fərqlərdən çox ümumi cəhətlər tapmaq olar. Adolf Hitlerin ideologiyasında «alman xalqının ariliyi» haqda deyilənləri kənara qoysaq, o, 3 əsas praktik məsələyə əsaslanırdı: 1) Partiya dövlətinin qurulması, bürokratiyanın inzibati fəaliyyətinin və biznesin bütün maliyyə-kommersiya aktivlərinin partiya və fürer tərəfindən müəyyənləşdirilən siyasi vəzifələrin icrasına yönəldilməsi; 2) Almani xalqının hökmran olacağı yaşayış məkanının ələ keçirilməsi; 3) «Yəhudi məsələsi»nin həlli, yəni almanların yəhudilərdən ayrılması.

«Daşnaksutyun» partiyası ilə Njdenin «Tseqakron» nəzəriyyəsində də demək olar ki, eyni fikirlər yer alırdı: 1) Ermənistanda partiya dövlətinin qurulması, bütün əsas vəzifələrə daşnakların, yaxud Njde tərəflərlarının təyin olunması; 2) Qonşu Türkiyə, Gürcüstan və Azərbaycan ərazilərinin də ələ keçirilməsilə erməni xalqı üçün yaşayış məkanının qurulması; 3) «Türk məsələsi»nin həlli, yəni Cənubi Qafqazda ermənilərlə türk-müsəlman xalqlarının bir-birindən ayrılması (onların Ermənistan ərazisindən kütləvi şəkildə qovulması ilə).

Göründüyü kimi, erməni millətçiliyi nəzəriyyəsində prinsipial olan cəmi bir fərqli məqam var: 1 nömrəli düşmənin kimliyi. Qalan bütün məsələlərdə fikirlər tam üst-üstə düşür.

Alman nasistlərilə erməni millətçilərinin bu planları reallaşdırmasında da fərq çox az olub. Hitlerlə tərəfdarları əvvəlcə 6 il ərzində partiya dövləti qurmuş, dünyaya hökmranlıq etməyə hazırlaşmış, daha sonra hərbi-siyasi cəhətdən tam məhv olanadək 6 il döyüşmüşdülər. Erməni millətçilərisə əvvəlcə Sovet İttifaqının xarabalıqlarında özlərinə ərazi qurmağa çalışıb (bu, tarixdə 1988-1994-cü illərin Qarabağ müharibəsi kimi qalıb), daha sonra ələ keçirdikləri Azərbaycan ərazilərindən 1,2 milyon etnik azərbaycanlını qovub, yalnız bundan sonra partiya dövlətinin qurulmasına başlayıblar. Bu zaman Ermənistanda hakimiyyətə 1999-cu ilin noyabrında təşkil olunmuş dövlət çevrilişi nəticəsində Dağlıq Qarabağdakı separatçı, qeyri-qanuni erməni silahlılarının səhra komandirlərindən ibarət xunta gəlib. Ona azərbaycanlı və keçmiş Azərbaycan vətəndaşları olmuş Robert Koçaryanla Serj Sarqsyan başçılıq edirdi.

Onlar 18 il ərzində ölkələrində Ermənistan Respublika Partiyasının diktaturasını qura və yaşada biliblər. Bu dövrdə ölkənin bütün digər partiyaları, sadəcə, dekorativ rol oynayıb. Nasist Almaniyasının Nasional Sosialist Alman Fəhlə Partiyası kimi, Ermənistanda da hakim partiya «Könüllülər ittifaqı» (yerkrapa) kimi mühafizə dəstələrinə malik olub. Ona yalnız Qarabağ müharibəsinin veteranları və ya Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərində yerləşən işğalçı korpusunun ehtiyatda olan hərbçiləri qoşula bilərdi. Yarımhərbi qurum olan «Könüllülər ittifaqı» sonradan Ermənistan silahlı qüvvələri sisteminə inteqrasiya olunub. Bundan sonra ona mövcudluğunu və fəaliyyətini tənzimləyəcək ayrıca hüquqi əsaslar verilib. Onlar öz mülklərinə, o cümlədən hərbi mülklərə və atributlara da malik olublar. Bu, Nasional Sosialist Alman Fəhlə Partiyasının Almaniyada nasist rejiminin qurulduğu illərdə mövcud olmuş SA və SS dəstələrini xatırladır.

Alman nasistlərindən fərqli olaraq, müasir erməni millətçiləri SSRİ-nin dağılmasından sonra Azərbaycanın işğal olunmuş torpaqları da daxil olmaqla, nəzarət etdikləri ərazidə Njdenin nəzəriyyəsinin, demək olar ki, bütün postulatlarını reallaşdıra bilib. Söhbət, əlbəttə ki, hitlerizm ideyalarına son dərəcə bənzər olan postulatlardan gedir. Son 30 ildə məqsədli və planlı şəkildə həyata keçirilmiş bu siyasət nəticəsində Ermənistan təkmillətli dövlətə çevrilib. Bu gün onun əhalisinin strukturunda milli azlıqlara məxsus icmalar 2%-i keçmir. Onlar bu istiqamətdə ilk addımı 1989-1992-ci illərdə Ermənistandan və Azərbaycanın işğal olunmuş rayonlarından bütün azərbaycanlı əhalinin qovulması ilə atıb. Bundan sonra ölkəni yəhudilərlə ruslar tərk edib. Bu gün Ermənistandakı yəhudi icmasının üzvləri 100 nəfərə çatmır, rus icması isə 5 min nəfərdən ibarətdir. Onların da əksəriyyəti erməni millətindən olan insanlarla nikahdadır. Bütün bunlar ölkədə tədrisin rus dilində olduğu ümumtəhsil məktəblərinin əksəriyyətinin, Azərbaycan dilinin tədris olunduğu məktəblərinsə hamısının bağlanmasına səbəb olub. Təhsil üçün dil seçiminin olmaması, təbii ki, Ermənistanda yaşayan ayrı-ayrı millətlərin nümayəndələrinin – aysorların və yezidi kürdlərin assimiliyasiyasına, yaxud erməniləşməsinə səbəb olur.

Halbuki rəsmi hakimiyyətin bu siyasəti Avropa Şurasının 1995-ci il 1 fevral tarixli Milli azlıqların hüquqlarının müdafiəsi haqda Çərçivə Konvensiyasına tam ziddir. Ermənistanın 1997-ci il iyulun 25-də imzaladığı sənəd ölkə parlamenti tərəfindən 1998-ci il iyulun 20-də ratifikasiya olunub, 1998-ci il noyabrın 1-dənsə rəsmən qüvvəyə minib. Lakin qeyd etdiyimiz kimi, Ermənistan hakimiyyətinin siyasəti sənədin tələblərinə qətiyyən cavab vermir. Söhbət xüsusilə onun 4-cü (ayrı-seçkiliyin qadağan olunması), 5-ci (assimiliyasiyanın qadağan olunması), 11-ci (ictimai yerlərdə və şəxsi adlarda azlıqların dilindən istifadə), 16-cı (əhalinin strukturunun dəyişdirilməsinə hesablanmış addımların qadağan edilməsi), 17-ci (transsərhəd əlaqələri) və 18-ci (transsərhəd əməkdaşlığı) maddələrindən gedir.

Müasir Ermənistanın tam monoetnik dövlət olduğu faktını ölkənin xarici işlər nazirinin müavini Aşot Xovakimyan da etiraf edib. O, bunu BMT Baş Assambleyasının Üçüncü komitəsinin 25-28 aprel 2017-ci ildə keçirilmiş iclasında, İrqi ayrı-seçkiliyin istənilən formasının aradan qaldırılmasına dair Beynəlxalq Konvensiyanın tələblərinə əməl edilməsi haqda müzakirələr zamanı edib. Nazir müavini açıq şəkildə etiraf edib ki, onun ölkəsində bir nəfər də olsun, etnik azərbaycanlı qalmayıb. Halbuki SSRİ-nin süqutu ərəfəsində orada yarım milyondan çox azərbaycanlı yaşayırdı. Xovakimyan bununla, əslində, Ermənistanın sabiq prezidenti Robert Koçaryanın Avropa Şurası Parlament Assambleyasının 2003-cü il yanvarın 30-da keçirilmiş 1-ci sessiyasının iclasında dediklərini təkrarlayıb. Koçaryan o zaman tam irqi sayılacaq, Njdenin «Tseqakron» nəzəriyyəsinə tam uyğun gələn fikir səsləndirmişdi: ermənilərlə azərbaycanlıların geni bir-birinə uyğun deyil!

Erməni millətçiliyinin praktiki tətbiq zamanı ayrı-ayrı məsələlərdə alman nasizmini geridə qoyduğunu göstərən daha bir məqam var. Nasistlər «həyati əhəmiyyətli əraziləri» ələ keçirdikdən sonra onun total şəkildə almanlaşdırılmasına başlamışdı və bunu bütün coğrafi məkanların adının dəyişdirilməsilə də etməyə çalışırdılar. Lakin onlar buna nail ola bilmədilər. Ermənistan isə buna da gedib – bütün toponimlərə, hidronimlərə erməni dilində olan yeni adlar verilib. Üstəlik, onlar bunu yalnız ənənəvi türk, fars və rus adlarını dəyişməklə etmir. Erməni millətçiləri bu məqsədlə 2000-dək tam yeni ad da uydurub ki, onların qədim erməni ərazilərilə heç bir əlaqəsi yoxdur. Bu isə BMT-nin tərkib hissəsi olan UNESCO-nun prinsiplərinə tam ziddir.

Əlbəttə ki, ermənilərin Ermənistandan kənarda uydurduqları yeni coğrafi adları heç kəs qəbul etmir və həmin ərazilərin Azərbaycanın yurisdiksiyasına qaytarılmasından sonra onların əsl adı bərpa olunacaq. Bununla yanaşı, ən azı ermənilərin şüurunda həmin ərazilər artıq erməniləşdirilib. Demək, bu insanlar orada yaşaya bilməsələr belə, həmin torpaqları «özününkü» sayacaq.



MƏSLƏHƏT GÖR:

524