26 Aprel 2024

Cümə, 13:43

«DOST» DARDA BURAXMAZ

2019-cu il Azərbaycanda sosial islahatların gerçəkləşdirilməsi sahəsində dönüş ili olacaq

Müəllif:

01.01.2019

2018-ci ili sözün həqiqi mənasında Azərbaycan üçün sosial sahədə iri islahatların başlanğıcı saymaq olar. ASAN mərkəzlərin və onun törəmə qurumlarının uğurlu fəaliyyəti hökuməti əhaliyə xidmət üçün digər sahələrdə də bu təcrübədən yararlanmağa həvəsləndirib. Belə ki, Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi yaradılıb ki, onun da mərkəzlərində «ASAN Xidmət»ə oxşar şəkildə, əmək pensiyalarının hesablanmasından məşğulluq və sosial təminat problemlərinin həllinə qədər, demək olar ki, bütün sosial xidmətlər göstəriləcək. Beləliklə, 2019-cu il korrupsiyaya qarşı mübarizədə və sosial xidmətlərin göstərilməsi sahəsində bütün mənfi məqamların və ictimaiyyətin narazılığının aradan qaldırılması ilə bağlı yeni bir mərhələ olmağı vəd edir.

 

Bütün sosial xidmətlərin avtomatlaşdırılması 

DOST mərkəzlərinin yaradılması ideyası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemində ötən il ərzində aparılan islahatlar dalğası ilə bağlı olub. Avqust ayında Prezident İlham Əliyev tərəfindən "Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi" adlı publik hüquqi şəxsinin yaradılması haqqında fərman imzalanıb. Həmin sənədlə ölkə Prezidentinin Ehtiyat Fondundan Agentliyin və yerli bölmələrinin fəaliyyəti üçün 2 milyon manat məbləğində vəsait ayrılıb. Daha sonra noyabr ayında bu məbləğə daha 3,5 milyon manat da əlavə etmək qərarına gəlib.

İlham Əliyev öz çıxışlarının birində qeyd etmişdi ki, yeni agentliyin adı təsadüfi deyil. Sosial sahədə maksimum şəffaflığın təmini və istənilən pozuntunun qarşısının alınması yolu ilə sosial ədalətin təmin edilməsi üçün nəzərdə tutulan ciddi islahatların aparılmasından danışarkən o, vurğulayıb ki, yaradılan təşkilatın "yaxşı ad və mənası" var: "İnanıram ki, vətəndaşlar tezliklə bu sahədə müsbət dəyişiklikləri görəcəklər. Onsuz da artıq bunu görürlər. Ancaq biz hələ də islahatın birinci mərhələsindəyik ".

Elə bu yaxınlarda - 11 dekabrda dövlət başçısı daha bir fərman imzalayıb, sənədə əsasən DOST-un nizamnamə kapitalı 10 milyon manat məbləğində təsdiq edilib və bu, dövlət büdcəsi hesabına formalaşacaq. Fərmanda bildirilir ki, agentliyin və DOST mərkəzlərinin saxlanılması xərcləri dövlət büdcəsi vəsaitləri, fəaliyyətdən əldə olunan gəlirlər, İşsizlikdən Sığorta Fondunun və Dövlət Sosial Müdafiə Fondunun vəsaitləri hesabına ödənilir. Agentliyin idarəetmə orqanları kimi Müşahidə Şurası və İdarə Heyəti də yaradılıb. 

"DOST" layihəsi əmək, məşğulluq, sosial müdafiə və təminat sahələrində xidmətlərin təmin edilməsinə dair innovativ həllərin tətbiqinə imkan verəcək, "bir pəncərə" prinsipinin tətbiqi səmərəlilik, şəffaflıq, nəzakət, məsuliyyət və rahatlığı təmin edəcək", - deyə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev elə özü rəhbərlik edəcəyi təşkilatın Müşahidə Şurasının ilk toplantısında bildirib.

O, qeyd edib ki, növbəti 7 il ərzində Azərbaycanda 31 DOST mərkəzinin açılması planlaşdırılır ki, burada vətəndaşlara 126 müxtəlif növ sosial xidmət, o cümlədən proaktiv xidmətlər də göstəriləcək. Belə ki, ölkə vətəndaşları bu və ya digər xidmətlərin elektron sistemlərindən istifadə və ya mərkəzlərdə sosial təminat növlərindən (pensiya, müavinət, sosial yardım və s.) istifadə hüququ barədə əvvəlcədən xəbərdar ediləcəklər. Bu xəbərdarlıq elektron poçt vasitəsilə və sms vasitəsilə mobil telefonla göndəriləcək. Yəni vətəndaş heç bir yerə müraciət etmədən, məsələn, pensiya və ya sosial müavinət almaq hüququ olması barədə məlumat ala biləcək. Həm də proaktif formada əlilliyin qiymətləndirilməsinin nəticələri haqqında xəbərdar ediləcək.

"Yeni praktikanın tətbiqi müxtəlif sənədlərin toplanması ilə bağlı yorucu işi aradan qaldıracaq. Məlum olduğu kimi, ölkədə fərdi uçot 2006-cı ildən aparılır. Həmin vaxta qədər məlumatlar yalnız kağızlarda və əmək kitabçalarında olub. Dövlət başçısının tapşırığına əsasən, 2019-2020-ci illərdən təqaüdə çıxan şəxslər üçün 25 illik sığorta stajı veriləcək. Bütün bunlar heç bir maneə və bürokratik gecikmə olmadan baş verəcək ", - deyə S.Babayev qeyd edib.

Yeri gəlmişkən, nazir deyib ki, sosial sığorta haqlarının artması, o cümlədən dövlət büdcəsindən daxilolmaların artması ilə əlaqədar olaraq, artıq 2019-cu ildə Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə daxilolmaların ciddi artması gözlənilir. Bu, pensiyaların 240 manatdan yuxarı səviyyəyə çatdırılmasına imkan verəcək, 2018-ci ildə bu göstərici 226,8 manat təşkil edib. Eyni zamanda daha öncə bildirildiyi kimi, gələn il üçün minimum pensiya 133,6 manat səviyyəsində proqnozlaşdırılır (bu, 2018-ci ilin sonuna nisbətən 14,9 faiz artım deməkdir) və 2019-cu il üçün pensiyaçılar üçün yaşayış minimumunun səviyyəsi dövlət büdcəsində 149 manat nəzərdə tutulub (3,5% artım var).

Pensiyaların hesablanması prosesinin avtomatlaşdırılması təkcə hər il, təxminən, 70 min nəfər əhatə edən prosedurun sadələşdirilməsi olmaqla qalmır. Burada həmçinin məqsəd reyestrində ölkənin 4 milyona yaxın vətəndaşının məlumatlarının toplandığı E-sosial portalın yaradılması da əks etdirilir. Nazirin sözlərinə görə, «E-sosial»ın "vahid pəncərəsindən" istifadə edərək, vətəndaşların hər biri özünü maraqlandıran məlumatları birbaşa əldə edə bilər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, «E-sosial» həmçinin DOST məşğulluq mərkəzlərinin gələcək fəaliyyətində mühüm elektron infrastruktur alətinə çevriləcək.

 

Yeni məşğulluq strategiyası

Digər bir innovasiya əmək bazarını təkmilləşdirmək üçün yaradılacaq avtomatlaşdırılmış vakansiyalar bankıdır. "Ölkənin əmək bazarının inkişafına və əhalinin məşğulluğunun təmin edilməsinə kömək edəcək digər tədbirlər arasında əmək bazarı üzrə Milli Rəsədxananın yaradılmasına diqqət yetirilə bilərik. Bu struktur əmək bazarında tələb və təkliflərin proqnozlaşdırılmasına, bazarın tələblərinin və mövcud əmək ehtiyatlarının təhlili ilə yeni iş yerlərinin yaradılmasını stimullaşdıracaq" - deyə S.Babayev dekabr ayında Bakıda Dünya Bankının təşkil etdiyi İnsan Kapital Forumunda bildirib. 

Əslində, oktyabr ayında Dünya Bankı yeni "İnsan kapitalı indeksi"ni təqdim edib və Azərbaycan 157 dövlət arasında 69-cu yeri tutub. DB-nin eksperti Cem Metenin sözlərinə görə, əgər ölkənin ÜDM-i və gəlirləri qiymətləndirilsə, bu, normal göstəricidir. "Lakin əgər ölkənin xüsusiyyətlərini və onun neft gəlirləri potensialı nəzərə alınarsa, gələcəkdə Azərbaycan daha yüksək yer tuta bilər", - ekspert əlavə edib. 

Bununla bağlı, Dünya Bankı Azərbaycan hökumətinə insan kapitalının yaxşılaşdırılması üçün bir sıra tədbirlər təklif edib. Onları iki qrupa ayırmaq olar - sosial müdafiənin gücləndirilməsi və təhsilə subsidiyaların genişləndirilməsi. Bu sahəyə, xüsusilə də məktəbəqədər və ali təhsil sahələrinə maliyyə yatırımları vacibdir. "Sosial müdafiəyə gəldikdə, bu sahənin yeni alətlərin tətbiqi ilə subsidiyalaşdırılması vacibdir", - deyə Mete bildirib.

Bununla belə, Azərbaycan hökuməti hər il dövlət büdcəsi xərclərinin sosial yönümünü elan edir, lakin qeyri-sabit neft qiymətləri və əksər hallarda sosial sektora ayırmaların geri qayıtmaması planlaşdırılmış proqramların bütünlüklə gerçəkləşdirilməsinə imkan vermir.

Hökumətdə gözləyirlər ki, yeni ildən vəziyyət kökündən dəyişəcək. Vergilər nazirinin müşaviri Xaqani Abdullayev qeyd edib ki, vergi islahatları sırasına kölgə iqtisadiyyatına qarşı mübarizə üzrə müxtəlif tədbirlər də daxildir. Abdullayev bildirir ki, bu tədbirlərin həyata keçirilməsi, ən azından, kölgə iqtisadiyyatının dövlət büdcəsinə böyük mənfi təsirini minimuma endirməyə imkan verəcək. Nazir müşavirinin sözlərinə görə, dünya təcrübəsi göstərir ki, vergi siyasəti əsasən insan kapitalına sərmayələrin təşviq mexanizmini dəstəkləyir. Bu baxımdan, ölkənin Vergi Məcəlləsində, məsələn, əlilliyi olan insanlara dərs keçildiyi təhsil müəssisələrinin əlavə gəlir vergisindən azad edilməsi bağlı müvafiq maddələr mövcuddur. "2019-cu ildə bu cür fayda və istisnalar genişləndiriləcək", - deyə X. Abdullayev qeyd edib.

Dövlət başçısının 2018-ci il 30 oktyabr tarixli fərmanı ilə təsdiqlənmiş «2019-2030-cu illər üzrə Azərbaycanın məşğulluq strategiyası»nın həyata keçirilməsi də insan kapitalının inkişafına xidmət edəcək. Yeni məşğulluq strategiyası məşğulluq üzrə dövlət siyasətinin daha da güclənməsini, ekstensiv inkişafdan intensiv inkişafa keçidi təmin edəcək. Sənəddə 2019-2030-cu illər üzrə prioritetləri əks etdirir ki, bu sıraya məşğulluğa yönəlmiş iqtisadi inkişaf siyasətinin həyata keçirilməsi, mikro-, kiçik və orta sahibkarlığın dəstəklənməsi, əmək bazarının tənzimlənməsi sahəsində nomativ-hüquqi bazanın və institusional strukturun təkmilləşdirilməsi, işçi qüvvəsinin bacarıqlarının inkişafı və əmək standartlarının təkmilləşdirilməsi daxildir.

Bu strategiya, həmçinin, DOST mərkəzlərində məşğulluq üzrə çağdaş standartlara cavab verən yeni xidmət modelinin tətbiqini əks etdirir ki, bu, vətəndaşların bu xidmətlərlə vahid standartlar əsasında operativ və tam şəffaf bir şəkildə təmin edilməsinə imkan verəcək.

Bu strategiya çərçivəsində Azərbaycanda özünü məşğulluğun maliyyələşdirilməsi də genişlənəcək. "Gələn il ölkə üzrə bu sistemə 7-8 min kiçik ailə təsərrüfatları cəlb olunacaq ki, bu, ölkədə kiçik sahibkarlığın inkişafına böyük töhfədir", - deyə daha öncə S. Babayev qeyd edib.

Onun fikrincə, bu tədbirlər kiçik sahibkarlığın inkişafına təkan verəcək və kənd yerlərində məşğulluq probleminin həllinə imkan verəcək. "Bu gün özünü məşğulluq kurslarını 7 min adam bitirib. Onların əksəriyyəti əlil insanlar, ünvanlı sosial yardımların əhatə etdiyi vətəndaşlar, məcburi köçkünlər, çoxuşaqlı ailələr, şəhid ailələri və əhalinin aztəminatlı təbəqəsinin digər təmsilçiləridir", - deyə nazir vurğulayıb. Onun sözlərinə görə, məşğulluq proqramı artıq ünvanlı sosial yardım alan 1,2 min insanı əhatə edib.

Göründüyü kimi, yeni sosial islahatlar Azərbaycan vətəndaşlarının praktiki olaraq bütün mühüm sosial problemlərini əhatə edir və sosial xidmətlərə çıxış imkanlarını önəmli dərəcədə asanlaşdırmağa yönəlib. Əgər bu layihələr ASAN mərkəzləri kimi uğurlu olacaqsa, nəticədə əhalinin rifahının yaxşılaşmasına yetərincə müsbət təsir göstərəcək. Məhz bu məqsəd hər il əsas dövlət proqramlarında və layihələrində başlıca istiqamət olaraq götürülür.



MƏSLƏHƏT GÖR:

299