27 Aprel 2024

Şənbə, 08:25

SAĞLAMLIĞA APARAN YOL

Azərbaycan müalicə turizmi ənənələrini bərpa edir

Müəllif:

15.01.2019

Son illər Azərbaycanın turizm sektorunda gerçəkləşdirilən islahatların yüksək templəri bu seqmenti iqtisadiyyatın qeyri-neft sektorunun liderlərindən birinə çevirib. Həmçinin turizm sənayesinin müxtəlif seqmentlərinin inkişafı gerçəkləşdirilir, bu seqmentlər üzrə yüksək keyfiyyətli infrastrukturu və savadlı kadr potensialı yaradılır. Azərbaycanda xarici turistlərin marağına səbəb olan prioritet sahələrdən biri də müalicə turizmidir və islahatların fonunda bu sahədə də dirçəliş müşahidə edilir.

 

İkinci nəfəs

Dünya turizm sənayesində tibbin mühüm rol oynadığı sirr deyil. İnsanlar hələ qədimlərdən xəstəliklərdən xilas olmaq üçün digər ölkələrə səfərlər edirlər. Özü də bu, yalnız sosial xidmətlərin zəif inkişaf etdiyi ölkələrin sakinlərinə aid deyil, varlı ölkələrdə tibbi xidmətlər bəzən belə bahalı olur ki, vətəndaşlar üçün başqa ölkədə oxşar müalicəni almaq daha asan başa gəlir. Coğrafi motivasiya - sağalmaq üçün lazım olan iqlim şəraiti, müalicəvi mineral su qaynaqlarının mövcudluğu və s. də rol oynayır.

İqtisadiyyatın bir hissəsi kimi səhiyyə sahəsinin də qloballaşması şəraitində, getdikcə daha çox ölkə tibbi turizmə sərmayə yatırır. Onlar dünyanın ən yaxşı tibb məktəblərində yüksək səviyyəli mütəxəssislər yetişdirir, ən yeni texnologiya ilə təchiz olunmuş komfortlu klinikalar tikirlər. Bu siyasət pasientlərə - bu ölkələrin qonaqlarına yalnız sağlamlıq problemlərini həll etməkə yanaşı,  istirahət etmək, ölkənin görməli yerləri ilə tanış olmaq və s. imkanı yaradır. Bundan əlavə, sağlamlıq turizmi ölkədə turistlərin daha uzun müddətə qalmasını nəzərdə tutur, çünki bu kurortlarda müalicə prosedurları 12, 18, 21 və 28 günə qədər davam edir.

Sirr deyil ki, Azərbaycanda sağlamlıq turizminin inkişafı üçün yetərincə imkanlar var. Ölkəmiz nə vaxtsa bütün postsovet məkanında populyar olmuş Naftalan, Duzdağ, Qalaaltı, İstisu və s. kimi sağlamlıq turizmi mərkəzləri ilə həmişə tanınıb. Əlbəttə, onlar hətta bu gün də öz sağlamlığını yaxşılaşdırmaq istəyən insanları cəlb edir, lakin göstərilən xidmətlərin keyfiyyəti və həcmi hələ də arzuolunandan çox aşağıdır. Baxmayaraq ki, son illərdə təkcə Naftalanda bir neçə müasir istirahət kompleksi inşa olunub.

Mütəxəssislərin fikrincə, bu sahədə kadr potensialının və infrastrukturun yaxşılaşdırılmasına ehtiyac var. Bütün bu məsələlər Dövlət Turizm Agentliyi tərəfindən hazırlanmış turizmin inkişafı üzrə yeni strategiyada öz əksini tapıb.

Azərbaycanın Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının prezidenti Ruslan Quliyevin sözlərinə görə, strategiya çərçivəsində innovasiya və marketinq kampaniyalarından istifadə edərək ölkəyə yeni turist axınına nail olmaq üçün postsovet məkanında nə vaxtsa çox populyar olmuş müalicə kurortlarının və sanatoriyaların bərpasına başlanılacaq.

"İlkin mərhələdə Naftalan, Duzdağ, İstisu, Qalaaltı və s. kimi termal və sağlamlıq turizmi mərkəzləri də daxil olmaqla, müalicə turizm ocaqlarının mükəmməl xəritəsini yaratmaq vacibdir. Sonrakı mərhələdə Azərbaycan Milli Elmlər Akademiyası və Səhiyyə Nazirliyinin Kurortologiya İnstitutu və digər qurumlarla birlikdə müalicəvi su qaynaqlarını müəyyənləşdirmək, yerli və xarici sərmayəçiləri cəlb etməklə bu yerlərdə müvafiq turizm infrastrukturu yaratmaq planlaşdırılır ", - deyə R.Quliyev vurğulayıb.

Əvvəllər Azərbaycanda daha çox sağlamlıq məkanı olub, lakin bu gün ölkədə 10 müalicəvi kurort və 30 müəssisə var. Ekspertin sözlərinə görə, sağlamlıq turizminin inkişaf modelini yaratmaq sahəsində müxtəlif ölkələrin müsbət və mənfi təcrübələrini  təhlil etmək planlaşdırılır - məqsəd bunları yerli bazarda tətbiq edərək Azərbaycan modeli yaratmaqdır.

Keçən il təkcə Naftalanı ziyarət edən turistlərin sayı, demək olar ki, 50 min nəfərə çatıb və bu da əvvəlki ilin göstəricilərindən  30% çoxdur. Naftalana gələn turistlərin reytinq siyahısında ilk üç yeri Rusiya, Qazaxıstan və Özbəkistan tutur.

 

İlboyu işləyən sağlamlıq ocağı

Qeyd etmək lazımdır ki, Azərbaycanı mövsümi turist səfərləri üçün deyil, ilboyu işləyən turizm ölkəsinə çevirmək məsələsinin həllində məhz sağlamlıq istiqaməti əsas halqadır. Bu, həm də hazırda sağlamlıq üçün müxtəlif xarici kurortlara gedən azərbaycanlı turistlərin özlərinin də ölkə daxilindəki oxşar sağlamlıq ocaqlarına yönəldilməsində yardımçı olacaq.

Belə ki, keçən il Azərbaycan vətəndaşları xaricdə 1,5 milyard dollardan çox pul xərcləyiblər,  özü də bu pulun böyük hissəsi kurort və sanatoriyaların payına düşüb. Azərbaycanlılar arasında Türkiyə və Birləşmiş Ərəb Əmirliklərinin sağlamlıq ocaqları, Ukrayna və Rusiyanın termal və müalicə mərkəzləri özəlliklə məşhurdur. Bundan başqa, əldə olan məlumatlara görə, Truskavets sanatoriyalarında müalicə olunanların 80%-i Azərbaycan vətəndaşlarıdır. Çox sayda həmvətənimizi Karlovı Varı, Mineralnıe Vodı, Yessentuki, Pyatiqorsk, Kislovodskda görmək olar və onlar oralarda uzunmüddətli müalicədən keçirlər. Son zamanlarda ölkə vətəndaşları Sinqapur və Malayziyada, Mərkəzi və Latın Amerikasında istirahətə və müalicəyə maraq göstərməyə başlayıblar, orada rəngarəng festivallara və idman yarışlarında iştirakla yanaşı, tibbi müayinədən də keçirlər.

"Təbii ki, biz bütün növ daxili turizmin inkişaf etdirilməsində maraqlıyıq və bəlkə də, bu, ölkəmizdən xaricə gedən turist sayını azalda bilər, lakin bu, önəmli bir dəyişiklik olmayacaq, çünki insanlar yeni təəssüratlara və əvvəllər heç olmadıqları turizm yerlərinə can atırlar. Buna görə, biz xaricdə istirahət etmək istəyən insanları Azərbaycanın bölgələrinə göndərə bilmərik ",- deyə R.Quliyev bildirib.

SPA salonlarına və müalicəxanalara malik olan ixtisaslaşmış sanatoriyalara və hotellərə gəldikdə isə, bu gün ölkədə beşulduzlu hotellərin hamısında, o cümlədən Quba və Qəbələdəki hotellərdə də SPA xidmətləri göstərilir. Dördulduzlulara gəldikdə isə, hotellərin, təxminən, 70%-i bu xidmətləri təklif edir. Ekspertlər hesab edirlər ki, daxili turizmin inkişafı üçün daha çox ucuz mehmanxanalar tikmək,  termal və sağlamlıq turizmi istiqamətində yeni imkanlar aşkarlamaq, bu yerlərdə yeni müalicəxanalar yaratmaq, xidmət səviyyəsini yüksəltmək, göstərilən xidmətlərin qiyməti və keyfiyyəti arasında uyğunluğunu təmin etmək lazımdır. Məsələn, Truskavets ilə müqayisəyə uyğun olan Qalaaltıda beşulduzlu hotel var, lakin heç bir ucuz mehmanxana yoxdur, onların yaradılması bu bölgədə kurort xəttini önəmli dərəcədə inkişaf etdirə bilər.

Amma əks nümunə də var. Müalicə turizminin çoxdan inkişaf etdiyi Almaniya, İsrail, ABŞ, Çexiya və Macarıstan kimi ölkələrdə də kurortlar qiymət baxımından elə də hər zaman əlverişli olmur. Azərbaycanda Naftalan və ya Duzdağ kimi tibb müəssisələrində qiymətlər kateqoriyadan asılı olaraq gündə bir nəfər üçün cəmi 35-100 manat təşkil edir. Bu qiymətə gündə üç dəfə yemək, nömrədə yerləşdirmə və müalicə daxildir. Doğrudur, müalicəyə gələn turistlər üçün istirahətin təşkili də vacibdir və bu istiqamətdə işlər aparılır.

Turizmin inkişafı üzrə yeni Strategiyaya əsasən, 2020-ci ildən Azərbaycan bütün dünyada yeni turizm mərkəzi kimi təqdim olunacaq. 2025-ci ildə və sonrakı illərdə ölkəmiz bu sahədə aparıcı 20 ölkəyə daxil olmalıdır.

R.Quliyevin sözlərinə görə, bu məqsədlərə nail olmaq üçün dövlət təşviqi və subsidiyalar siyasəti gərəkdir, həmçinin vergi islahatları davam etdirilməlidir, çünki bu, turizm sahəsində sahibkarlıq fəaliyyətinin inkişafına kömək edəcək. Bununla yanaşı, Azərbaycanda hansı xidmətlərin uğurla tətbiq oluna biləcəyini və inkişaf etdiriləcəyini müəyyən etmək üçün, ilk növbədə, qonşu ölkələrdə, eləcə də Avropanın və Asiyanın turizm bazarlarında marketinq tədqiqatları aparmaq lazımdır.

Sonda qeyd edək ki, hətta dünya maliyyə böhranı şəraitində belə tibbi turizm inkişaf edir və gəlir gətirir. Bu, milli səhiyyə sistemlərinə və müştərilərin xarici klinikalarda müalicəsi üçün vəsait ödəməyə daha çox meyilli olan sığorta şirkətlərinin fəaliyyətinə təsirini ildən ilə artırır. Uyğun olaraq, turizmin  inkişafı üzrə Strategiyada bu seqmentə diqqətin yönəldilməsi ümid etməyə imkan verir ki, yaxın illərdə Azərbaycanın kurortları və müalicəxanaları da bütün turizm sektoru kimi sürətlə inkişaf edəcək.



MƏSLƏHƏT GÖR:

306