9 May 2024

Cümə axşamı, 00:57

İŞ PROSESİ

Azərbaycan əmək bazarında yeni çağırışlara cavab vermək üçün çətinlikləri aradan qaldırır

Müəllif:

01.02.2019

Azərbaycanda 2019-cu ildə gözlənən institusional islahatlar dövlət büdcəsindən maliyyələşdirilən bir sıra sahələri əhatə etməklə başladı. Miqyaslı islahatlar, bir sıra strukturların qaçınılmaz ləğvi - iş yerlərinin ixtisarı baxımından qeyri - populyar addımlar sayılsa da, iqtisadi idarəetmənin səmərəliliyinin artırılması baxımından əsaslandırılıb.

 

Struktur islahatları

Ölkə iqtisadiyyatı artıq çoxdan bazar idarəetmə prinsiplərinə keçidi tamamlayıb. Deməli, dövlət tərəfindən maliyyələşdirilən qurumların çoxluğu iqtisadi baxımdan əsassızdır. Məşğulluq siyasəti də ticari əsaslandırma üzərində qurulmalıdır. Yəni hər bir kadr əslində iştehsal prosesinin iştirakçısı olmaqla, yekunda müəssisəyə maliyyə mənfəəti gətirməlidir və bu mənfəət işçilərin əməkhaqqının formalaşmasında istifadə olunmalıdır.

Eyni şey büdcə təşkilatlarına da aiddir. Məlumdur ki, dövlət büdcəsinin böyük hissəsi vergilərdən formalaşır, yəni büdcə vəsaitlərinin xərclənməsinin səmərəliliyi yalnız bütövlükdə dövlətin deyil, həm də vergi ödəyən hər bir vətəndaşın maraqlarına uyğundur.

Etiraf edilməlidir ki, əvvəllər məşğulluq sahəsində islahatlar aparılsa da, onların miqyası böyük olmayıb. Ölkədə yüz minlərlə yeni iş yerləri açıldığı halda, zamanın tələbinə cavab verməyən, aktuallığını itirən bir çox ştatlar ləğv olunmayıb. Buna əsas səbəb prosesin sosial baxımdan ağrılı olmasındadır - işsizlər ordusu yaratmaq iqtisadiyyata gərəksiz iş yerlərinin maliyyələşdirilməsindən daha çox zərər vura bilər. Amma gec-tez, şərait yetişməli idi və proses başlamalı idi.

Düzdür, hökumət islahatları mümkün qədər yumşaq şəkildə yerinə yetirməyi və sosial təsirlərin azaldılmasını vəd edir. "Bu islahatların bir məqsədi var: işi daha yüksək səviyyədə qurmaq. Həm də qeyd etmək istəyirəm ki, ixtisar olunan strukturlarda çalışan vətəndaşlar mövcud strukturlarda işlə təmin olunacaqlar. Kənd təsərrüfatında heç bir ixtisar gözlənilmir və digər strukturlara da tapşırılıb ki, islahatlar ixtisarlara gətirib çıxarmasın. Yəni, o müəssisələrdə, o xidmətlərdə, agentliklərdə çalışan vətəndaşlar bilsinlər ki, onların məşğulluğu daim diqqət mərkəzindədir ", - deyə Azərbaycan Prezidenti İlham Əliyev bildirib.

Bu diqqətin ilk nümayişi özünü çox gözlətmədi. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva “Hərbiləşdirilmiş Mühafizə Dəstəsi” MMC-də çalışan və işdən ixtisar olunan əməkdaşların müvafiq işlə təmin edilməsi barədə “Azərenerji” ASC-yə göstəriş verdi.

Məsələ bundadır ki, 2018-ci il iyulun 3-də Mingəçevir şəhərindəki Azərbaycan İstilik Elektrik Stansiyasında baş vermiş qəza ilə əlaqədar bu obyektlərin mühafizəsinin Daxili İşlər Nazirliyinin Mühafizə polisi tərəfindən aparılması barədə qərar qəbul edilib. Həmçinin Mingəçevir və Varvara Su Elektrik Stansiyalarının mühafizəsinin böyük hissəsinin Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilməsi, eləcə də “Azərbaycan İES” və bir sıra stansiyalarda ağıllı müşahidə kameraları quraşdırılması və hasarlama işləri aparılması nəzərə alınaraq bəzi işçilərin ixtisarı barədə qərar qəbul olunub. Birinci vitse-prezidentin göstərişindən sonra onların işlə təmin olunması məsələsi dərhal həll olundu.

Ancaq etiraf etmək lazımdır ki, bəzən ixtisar edilmiş kadrlara analoji iş tapmaq, xüsusilə də onların bilik və bacarıqları müasir tələblərə cavab vermədikdə, müəyyən dərəcədə çətin olur. Məsələn, dövlət idarələrində kompüter operatorları ixtisara düşməlidir - bəli, hal-hazırda idarələrin ştat cədvəlində bu cür vakansiyalar hələ mövcuddur, baxmayaraq ki, bugünkü dünyada, demək olar ki, hər bir təhsilli şəxs kompüterdə mətn yığmağı bacarır. Buna görə məşğulluq xidmətləri bir sıra mütəxəssislərin ixtisas dəyişdirməsini təşkil etmək üçün böyük işlər görməlidirlər. Son məlumatlara görə ötən il 2559 nəfər peşə hazırlığına cəlb edilib, onlardan 1 447 nəfəri qadın, 1270 nəfəri gənc, 215 nəfəri məcburi köçkün, 85 nəfəri əlil olub.

Lakin bu prosesin miqyası önəmli dərəcədə artırılmalıdır. Çünki Azərbaycanda işsizlikdən sığorta sistemi yeni-yeni yaradılır və təşkil olunur. Xatırladaq ki, işsizlikdən sığorta haqqı iş yerinin müəssisənin ləğvi və ya işçilərin sayını azaltması nəticəsində itirənlərə, həmçinin müvafiq rayon (şəhər) məşğulluq mərkəzlərində işsiz kimi qeydə alınmış şəxslərə ödənilir. Azərbaycanda bu sistemin tətbiqi 2018-ci ilin birinci rübündə başlayıb və keçən il bu proses yalnız 2449 nəfəri əhatə edib, həmçinin 6331 nəfər işsizliyə görə müavinət alıb.

 

Gərək olandan çox

Əslində, əmək bazarında islahatlar gənclərdən başlamalıdır, çünki orta yaşlı insanlar və pensiya yaşına yaxın olanlar üçün çağdaş tələblərə uyğunlaşmaq, yeni və ya əlavə bacarıqlar əldə etmək daha çətindir.

Lakin son illərdə təhsil sistemində müəyyən islahatlar aparıldığı nəzərə alınarsa, gənc nəsil artıq əmək bazarı çağırışlarına hazır olmalıdır. Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli "Gənclərin məşğulluğu: işəgötürənlərin baxışları, çağırışları və perspektivləri" adlı konfransda bildirib ki, Azərbaycanda 14-29 yaş arasında gənclər arasında işsizlik səviyyəsi 9,2% təşkil edir. Bu rəqəm ölkə üzrə işsizlik səviyyəsindən iki dəfə çoxdur. Doğrudur, nazir müavini xatırladıb ki, Azərbaycan MDB və Şərqi Avropa məkanında əhalisinin strukturunda gənclərin üstünlük təşkil etdiyi azsaylı dövlətlərdən biridir. "Azərbaycan əhalisinin 25 faizindən çoxunu 14-29 yaşlı gənclər təşkil edir. Əgər on dörd yaşınadək olan uşaqları nəzərə alsaq, onda Azərbaycanın əhalisinin, təxminən, 50%-i 29 yaşınadək olanlardır", - deyə M.Kərimli bildirib ki, hər il Azərbaycanda əmək bazarına daha 100 min nəfər əlavə olunur.

Niyə gənc kadrlara iş tapmaq daha çətindir? Təhsil nazirinin müavini İdris İsayevin sözlərinə görə, gənclərin məşğulluğu problemi təkcə Azərbaycana xas çətinlik deyil. Dünyada hər beşinci təhsilli gənc əmək bazarında təmsil olunur və gənc nəslin dörd təmsilçisindən üçü qeyri-rəsmi şəkildə işləyir.

Ölkəmizə gəldikdə isə, əhalinin məşğulluğun təmin edilməsində çətinlik yaradan əsas amillərdən biri kadrların bazardakı tələbdən artıq miqdarda hazırlanması və peşə hazırlığı səviyyəsinin işəgötürənlərin tələblərinə uyğun olmamasıdır. Gənclərin məşğulluğuna dair problemlərin əsas səbəbi təhsil sistemi ilə əmək bazarı arasında mövcud olan uyğunsuzluqla bağlıdır ki, ekspertlər bu barədə uzun illərdir danışırlar.

Son illərdə dövlət qurumları bu problemlə fəal şəkildə məşğul olublar və ilk növbədə, əmək bazarının ehtiyacları əsasında peşə təhsili sahəsinin inkişafı qərara alınıb. Məsələn, keçən il peşə təhsili sahəsində 20 yeni ixtisas açılıb. "Turizm sektorunda kolleci bitirənlərin 62,3%-i, informasiya texnologiyaları sahəsində 73%-i, xidmət sektorunda isə 69%-i işlə təmin olunub", - deyə İ.İsayev bildirib.

Qeyd edək ki, keçən il Azərbaycanda ilk dəfə olaraq, peşə təhsili haqqında qanun qəbul edilib, işəgötürənlərin stimullaşdırılması üçün qanunda maliyyə, hüquqi və digər sahələrdə güzəştlər nəzərdə tutulub. Hazırda Peşə Təhsili üzrə Dövlət Agentliyi bu bəndlərin həyata keçirilməsi üçün mexanizmlər hazırlayır. Dövlət Agentliyinin şöbə müdiri Zamin Bədirxanovun sözlərinə görə, işəgötürənlərlə əməkdaşlıq səviyyəsindən asılı olaraq güzəştlərin təmin edilməsi planlaşdırılır.

Bundan başqa, "Məşğulluq haqqında" başqa bir qanun çərçivəsində, gənclərin işə qəbulu üzrə müəyyən kvotaların tətbiq edilməsinin vacibliyi, həmçinin vakant sosial iş yerlərini doldurulması zamanı onlara üstünlük verilməsinin vacib olması qeyd olunacaq. Milli Məclisin Gənclər və idman komitəsinin sədri Ülvi Quliyevin sözlərinə görə, 2002-ci ildə qəbul edilmiş "Gənclər siyasəti haqqında" qanunun təklif edilən dəyişikliklər, digər məsələlərlə yanaşı bu əhali qrupunun sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi və məşğulluğunun təmin edilməsi ilə bağlıdır.

Yeri gəlmişkən, gənc nəslin startapların yaradılmasına, eləcə də kiçik başlanğıclarına artan marağı nəzərə alındıqda, sonuncu yetərincə təsirli bir mexanizmə çevrilə bilər. Beləliklə, bir addımlı dərhal iki hədəfə - gənclərin məşğulluğu məsələsində dövlətin yükünü azaltmağa və qeyri-neft sektorunun inkişafına töhfə verməyə çatmaq mümkündür.

Azərbaycan Sahibkarlar Konfederasiyası da bunda maraqlı olduğunu bildirib. Konfederasiyanın rəhbəri Məmməd Musayevin sözlərinə görə, ölkə sahibkarlar üçün əlverişli şərait yaradıb: "Sadəcə, daha təşəbbüskar, cəsarətli və qərarlı olmaq lazımdır".

M. Musayev əlavə edib ki, gənclərin məşğulluğu Azərbaycanda ümumi məşğulluğun bir hissəsidir: "Yüksək keyfiyyətli orta, peşə və ali təhsil olmadan gənclərə layiqli iş yerləri barədə danışmaq əbəsdir. Buna görə də, tədris proqramlarını təkmilləşdirmək lazımdır ki, əmək bazarının tələblərinə cavab verə bilsin".

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsaqzadənin özəl sektoru öz ehtiyaclarını düzgün müəyyənləşdirməyə çağırıb və bildirib ki, əsas məqsədlər sırasına işçilər üçün uyğun şəraitin yaradılması və rəqabətin artması da daxil olmalıdır.

Daha bir vacib məqam var: iş yerləri paytaxtda cəmləşdirilməməlidir. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyevin sözlərinə görə, bunun üçün ölkəmizdə yaşayan gənclərin kənd yerlərində işləməsinin təşviq edilməsi sistemi daha da təkmilləşdirilməlidir. Onun sözlərinə görə, ordudan təxris edilən gənclərin əvvəlki işlərinə bərpa olunması üzərində nəzarət gücləndirilməlidir.

S.Mehbalıyev bildirib ki, Azərbaycanın 2019-2030-cu illər üzrə Məşğulluq Strategiyasına əsasən, əmək bazarında iştirak etməyən və təhsil almayan (15-24 yaş arası) gənclərin 2030-cu ilədək 15%-ə qədər azalacağı nəzərdə tutulur. Bundan əlavə, məqsəd 2025-ci ilə qədər əhalinin bütün qrupları, xüsusən gənclər, qadınlar və əlilliyi olan şəxslər üçün effektiv məşğulluğa və layiqli əməyə nail olmaq məqsəd kimi müəyyən edilib.

Bəli, bu gün məşğulluq problemini, demək olar ki, hər bir ölkə, hətta dünyanın ən inkişaf etmiş ölkəsi də yaşayır. Hər bir iqtisadiyyat bu problemi öz imkanları ilə və öz məqsədlərinə uyğun şəkildə həll edir. Ancaq bugünkü çağdaş dünyanın əmək bazarında yeni əlverişli şərait yaratmağın lazım olduğuna şübhə yoxdur.

Əks halda bu, Beynəlxalq Əmək Təşkilatının baş direktoru Qay Rayderin "Gənclərin məşğulluğu: işəgötürənin baxışları, çağırışları və perspektivləri" adlı konfrans iştirakçılarına müraciətində qeyd edildiyi kimi, "dünyada iş yerlərinin kəskin azalmasına səbəb ola bilər. Buna görə, bizim üçün ən vacib məsələlərdən biri əmək bazarının çağdaş dünyanın tələblərinə uyğunlaşdırılması sayılır".



MƏSLƏHƏT GÖR:

326