2 May 2024

Cümə axşamı, 01:41

İYİRMİ DƏQİQƏLİK İŞ

Vergilər Nazirliyi Azərbaycanda MMC qeydiyyatını bir prosedura qədər sadələşdirib

Müəllif:

01.02.2019

Bu ildən başlayaraq Azərbaycan hökuməti tərəfindən həyata keçirilən genişmiqyaslı vergi islahatları həm də ölkədə özəl müəssisələrin yaradılmasının və işləməsinin asanlaşdırılmasına yönəlib. Bu baxımdan, bəlkə də, ən əhəmiyyətli dəyişikliklərdən biri hüquqi şəxslərin qeydiyyatı prosedurunun sürətləndirilməsi olacaq: indi bunu cəmi 20 dəqiqə ərzində etmək mümkündür.

 

Onlayn rejimdə

"Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında" qanuna dəyişikliklərdən sonra bu sistem o qədər sadələşdirilib ki, bundan sonra hüquqi şəxslər tək prosedur vasitəsi ilə elektron qaydada qeydiyyatdan keçə bilərlər. Vergilər Nazirliyinin Dövlət qeydiyyatı və uçotuna nəzarət departamentinin baş direktoru Ələkbər Məmmədovun sözlərinə görə, 2019-cu ilin əvvəlindən elektron ərizənin elektron imza ilə təsdiq edilməsi zərurəti aradan qaldırılıb. Bundan əlavə, qeydiyyatla bağlı bütün digər prosedurlar aradan qaldırılıb. Nəticədə, hüquqi şəxsin qeydiyyatı üçün lazım olan manipulyasiyaların sayı üçdən birə endirilib və buna sərf olunan vaxt 20 dəqiqəyə qədər azaldılıb, biznesə başlamaq üçünsə tələb olunan pul vəsaitlərinin miqdarı sıfıra endirilib. Hətta «Asan İmza»nın və ya qeydiyyat üçün müraciətin olması da tələb edilmir.

Bütün bunlar fəaliyyətini məhdud məsuliyyətli şirkət kimi davam etdirmək istəyən gələcək sahibkarlar üçün son dərəcə əlverişlidir. "Əgər bundan əvvəl, vergi ödəyicisinin verifikasiya nömrəsini əldə etmək üçün «Asan İmza» üçün 18 AZN ödəyərək üç gün yarım ərzindən üç prosedurdan keçmək məcburiyyəti vardısa, indi bunu yarım gün ərzində 0 manat xərclə edə bilərsiniz. Məlumat sistemə daxil edildikdən sonra onun əsasında nizamnamə sənədləri və MMC səhmdarların qərarı hazırlanır. Bu sənədlər hazır şəkildə elektron kabinetdə yerləşdirilir və səhmdarlar onları təsdiq edərsə, dərhal qeydiyyat və uçot üzrə idarəetmə bazasına göndərilir. Məlumat vahid mərkəzə yığılır və dərhal müvafiq dövlət qurumlarının göstəricilər bazasına yönəldilir. Onlar həm də avtomatik olaraq onlayn rejimdə bank və notarial xidmətlərin serverinə daxil olur. Nəticədə, qeydiyyat prosesi hüquqi tamamlanmış sayılır", - deyə Ələkbər Məmmədov bildirib.  

Burada qeyd edirik ki, bir müddət əvvəl «Asan İmza» xidmətinin qiyməti artmışdı ki, bu da sahibkarlar arasında narazılığa səbəb olmuşdu. Belə ki, ötən il avqustun 15-dən etibarən «Azercell» mobil operatoru hər hesab-faktura dövrü üçün aylıq abunə haqqı 2,5 manata (ƏDV daxil olmaqla) qaldırıb, daha əvvəl isə o, 1 manat təşkil edirdi. Eyni zamanda əhali üçün, sahibkarlıqla məşğul olan hüquqi və fiziki şəxs təmsilçiləri üçün «Asan İmza» xidmətinə üçillik qoşulma haqqı ƏDV daxil 18 manatdır, dövlət və yerli özünüidarəetmə orqanlarının əməkdaşları üçünsə 54,46 manat təşkil edir.

A.Məmmədovun sözlərinə görə, əgər ilkin mərhələdə Azərbaycanda MMC qeydiyyatı üçün «Asan İmza» tələb edilmirsə və bu, FIN kod (fərdi identifikasiya nömrəsi) vasitəsilə həyata keçirilirsə, gələcəkdə asanlığı təmin etmək üçün sahibkarlar «Asan İmza» əldə etməli olacaqlar. "Əminəm ki, bu xidmətin istifadəçilərinin sayının artması ilə onun qiyməti aşağı salınma istiqamətində yenidən nəzərdən keçiriləcək", - deyə departament başçısı bildirib. Onun fikrincə, bütün bu islahatlar Azərbaycana «Doing Business» hesabatında daha da irəliləməyə kömək edəcək.

 

Növbəti mərhələ  

İstənilən halda, Vergilər Nazirliyi tərəfindən atılan bu addım, şübhəsiz ki, Azərbaycanda biznesin aparılması üçün əlverişli şərtlər yaratmaq işində mühüm bir irəliləyişdir. Ümumiyyətlə, ilkin mərhələdə asanlaşdırmaq üçün daha bir şey yoxdur. Ancaq bir məqam unudulmamalıdır.

Ə.Məmmədovun sözlərinə görə, 2019-cu il yanvarın 1-nə olan vəziyyətə görə vergi orqanlarında 970,3 min vergi ödəyicisi qeydə alınıb, onlardan 125,2 mini hüquqi, 845,2 min fiziki şəxsdir. Ümumiyyətlə, bu gün fiziki şəxslərin 45% -i fəaldır və bu rəqəm hüquqi şəxslər üçün daha yüksəkdir - 60%-dir. Vergilər Nazirliyi hesab edir ki, ilin sonuna bu nisbət dəyişə bilər - biznesin canlandırılması istiqamətində genişmiqyaslı vergi islahatları nəzərə alınır ki, bu, mikro, kiçik və orta sahibkarlığın (SME) bütün təmsilçilərini əhatə edir.  

Xüsusilə, KOS reyestrində qeydiyyata alındıqdan sonra 7 il ərzində gəlir vergisi, torpaq vergisi və ƏDV-dən azad olmaq kimi müəssisələr üçün ciddi güzəştlərdən söhbət gedir. Texnika və avadanlıqların ƏDV-siz idxalı azad edilməsinə və s. kimi dolayı güzəştlər də var.  

Mikro sahibkarlıq subyektləri üçün nəzərdə tutulmuş güzəştlər fiziki şəxslərin gəlir vergisindən, həmçinin sahibkarlıq fəaliyyətindən gələn gəlirlərin və qazancın 75%-ni mənfəət vergisindən azad edilməsini nəzərdə tutulur. Bundan əlavə, mikro sahibkarlıq subyektləri olan hüquqi şəxslər və sahibkarlar əmlak vergisindən azad edilirlər. Ümumiyyətlə, bu güzəşti biznes subyektləri üçün sadələşdirilmiş verginin digər forması hesab etmək olar, çünki 4%-lik sadələşdirilmiş vergidə 1000 manat gəlirdən vergi 40 manat təşkil edirdi. Sadələşdirilmiş verginin əhatə dairəsinin əhəmiyyətli dərəcədə məhdudlaşdırılması nəzərə alınarsa, mikrobiznes subyektləri üçün bu cür müavinətlərin təmin edilməsi bir növ alternativdir.

Xatırladaq ki, 2019-cu ildən etibarən vahid sadələşdirilmiş vergi dərəcəsi 2% səviyyəsində müəyyən edilib, amma o cür ödəməyə haqqı olan hüquqi və fiziki şəxslərin sayı azaldılıb.

Bundan başqa, düzəlişlər pərakəndə ticarətlə məşğul olan və ya iaşə sahəsində fəaliyyət göstərən sahibkarlar üçün vergi güzəştləri nəzərdə tutur – POS terminallar vasitəsilə həyata keçirilən əməliyyatlardan əldə edilən mənfəətə və ya gəlirə görə vergi tam yox, müəyyən hissə ödəniləcək. Verginin bu hissəsinə görə güzəşt 25% olacaq. Bu məsələ bir tərəfdən nağdsız ödənişlərin stimullaşdırılmasına, digər tərəfdən real ticarət dövriyyəsinin müəyyənləşdirilməsinə yönəlib.

Vergilər Nazirliyinin Vergi Siyasəti Departamentinin baş direktoru Samirə Musayevanın sözlərinə görə, 2019-cu ildə Azərbaycanda mikro biznes subyektləri vergini artıq hesablanmış güzəştlərlə ödəyəcəklər.

Bir sözlə, vergi orqanları sahibkarlarla ünsiyyəti asanlaşdırmaq üçün öz tərəflərindən addım ataraq, qarşı tərəflərdən uyğun cavab almağa ümid edirlər. Nəticədə, vergi güzəştləri üzündən büdcə gəlirlərinin azalmasını vergi ödəyicilərinin sayının artması kompensasiya etməlidir. Birincisi, yeni biznesə başlamaq üzrə bütün şübhəli məqamlar həll edilib, ikincisi, ödənilməli vergilərdə yayınmağa görə ilişməkdənsə, fiskal qurumlarla "dost olmaq" daha sərfəlidir.


MƏSLƏHƏT GÖR:

328