30 Aprel 2024

Çərşənbə axşamı, 09:51

PENSİYA, MÜAVİNƏT VƏ KREDİTLƏR

Azərbaycan Prezidenti yeni inqilabi sosial islahatlar paketinə imza atıb

Müəllif:

01.03.2019

2019-cu ilin yeni başlamasına baxmayaraq, Azərbaycan hökumətinin həyata keçirdiyi irimiqyaslı islahatlar artıq öz nəticələrini verməyə başlayıb. Bu ilin yanvar ayında ümumi daxili məhsulun artımı, təxminən, 3 faiz təşkil edib. «Son 2-3 il ərzində bu, ən yüksək göstəricidir və onu göstərir ki, 2019-cu ildə Azərbaycanda iqtisadi artım yüksək templərlə təmin ediləcək və davam etdiriləcək», - deyə Prezident İlham Əliyev iqtisadi və sosial məsələlərlə bağlı müşavirədə bildirib.

 

İqtisadi artım

Dövlət başçısının dediyi kimi, 2017-ci il iqtisadi sabitləşmə, 2018-ci il isə dərin iqtisadi islahatlar ili olub. «2019-cu ilin sonrakı aylarında da çox ciddi islahatlar aparılacaq və dərinləşdiriləcək», - deyə İlham Əliyev vurğulayıb.

O, bildirib ki, bu ilin birinci ayında qeyri-neft sektorunda sənaye istehsalı, təxminən, 14 faiz artıb ki, bu da dünya miqyasında ən yüksək göstəricilərdən biridir.

«İqtisadi, makroiqtisadi vəziyyət sabitdir, manatın məzənnəsi bir ildən çoxdur ki, sabit olaraq qalır, inflyasiya ən aşağı səviyyədədir. Yəni bütün bunlar görülmüş işlər nəticəsində mümkün olub və bir daha onu göstərir ki, sosial və iqtisadi islahatlara alternativ yoxdur. 2019-cu ilin sonrakı aylarında da çox ciddi islahatlar aparılacaq və dərinləşdiriləcək ki, ölkəmizin hər bir sahəsində inkişaf, tərəqqi olsun, vətəndaşlar daha da yaxşı yaşasınlar», - deyə prezident bildirib.

Beləliklə, 2019-cu il əhalinin sosial inkişafı və sosial müdafiəsi baxımından əvvəlki illərdən köklü fərqlənəcək. Bütün islahatların, o cümlədən iqtisadi islahatların əsasında dövlətin vətəndaşların mövcud sosial problemlərini həll etmək istəyi dayanır. Bu, vergi və gömrük siyasətində böyük dəyişikliklər paketini, özəl sektor üçün yeni güzəştləri və təşviq mexanizmləri və s. tədbirlərdə əksini tapır. Nəticədə, onların hamısı dövlət büdcəsinə daxilolmalara müsbət təsir göstərir və bu da əhalinin gəlirlərini ciddi şəkildə artırmağa imkan verir.

«Təkcə ilin birinci ayında daxilolmalar kəskin artmışdır. Vergi orqanları plandan əlavə 80 milyon manatdan çox vəsait toplamışlar. Gömrük orqanları isə plandan əlavə 20 milyon manatdan çox vəsait toplamışlar və ümumi daxilolmalar 105 milyon manat artmışdır», - deyə İlham Əliyev bildirib.

Dövlət başçısı bildirib ki, bu ilin birinci ayında Dövlət Neft Fondunun gəlirləri də əhəmiyyətli dərəcədə artıb. «Bu, əlbəttə, bizə imkan verir ki, əlavə gəlirləri, ilk növbədə, vətəndaşların sosial müdafiəsinə yönəldək. Təqribən, 2 milyon 200 min əhali dövlətin sosial təşəbbüslərinin icrasından böyük dərəcədə faydalanacaq», - deyə prezident vurğulayıb.

 

Sosial problemlərin həlli

Yalnız ötən aylar ərzində Prezident İlham Əliyev tərəfindən minimum əməkhaqqı və minimum pensiyaların, təxminən, 38 faiz artımı ilə bağlı çox ciddi qərarlar qəbul edilib. Yalnız minimum əməkhaqqının 130 manatdan 180 manata qədər artması 600 min adamı əhatə edib. «Ancaq onu da bilməliyik ki, bu, son hədd deyil. Əlbəttə ki, əməkhaqlarının, pensiyaların artırılması gündəlikdə duran əsas məsələlərdən biridir», - deyə Prezident İ.Əliyev vurğulayıb.

Eyni məsələ, minimum pensiyanın 116 manatdan 160 manatadək artırılmasına aiddir, bu, 223 min nəfərin pensiya təminatını yaxşılaşdıracaq. Beləliklə, bu gün Azərbaycan minimum pensiyanın səviyyəsinə görə MDB üzrə ikinci yerdədir.

Həmçinin, təqribən, 100 minə yaxın tələbənin təqaüdü artırılıb, yaşa görə və əlilliyə görə müavinətlər, sağlamlığı məhdud imkanlı 18 yaşına çatmamış uşaqlar üçün müavinətlər, valideynlərini itirmiş uşaqların qəyyumlarına ödənişlər, müddətli hərbi xidmətdə olan vətəndaşların uşaqlarına sosial ödənişlər, 5-dən çox uşağı olan qadınlar üçün sosial ödənişlər, uşağın doğulması üçün ödənişlər, dəfn müavinətləri və s. artırılıb. Ümumiyyətlə, bu artım 577 min nəfəri əhatə edəcək, bu il dövlət büdcəsindən bu tədbirlərin həyata keçirilməsi üçün 400 milyon manat ayrılacaq.

Şəhid ailələrini də böyük sosial qərarlar paketi əhatə edib – buraya varislərə (təxminən, 12 min 200 ailəyə) bir dəfəlik 11 min manat məbləğində ödəniş edilməsi, onlar üçün müavinətlərin 242 manatdan 300 manatadək artırılması və onların mənzillərlə təmin edilməsi daxildir.

Həm də qısa müddətlərdə məcburi köçkünlərlə bağlı genişmiqyaslı tikinti proqramları həyata keçirilir.

«Əgər keçən il 5900 köçkün ailəsi üçün mənzillər, evlər tikilmişdirsə, bu il 6 mindən 7 minə qədər köçkün ailəsi yeni mənzillərlə, evlərlə təmin ediləcək», - deyə Prezident İlham Əliyev vurğulayıb. Bundan əlavə, dövlət başçısı bu əhali qrupu üçün müavinətlərin 1 aprel 2019-cu il tarixdən 50 faiz artırılması ilə bağlı sərəncam verib.

Bundan əlavə, uzun illər ərzində vətəndaşları narahat edən problemlərdən biri - vaxtilə tikilmiş və hansısa səbəblərə görə rəsmi olaraq qəbul edilməmiş çoxmənzilli binaların sənədləşməsi məsələsi də qısa müddətdə həll ediləcək.

 

Problemli kreditlər üzrə anons

Dövlət başçısı həmçinin vətəndaşları narahat edən məsələlərdən biri kimi problemli kreditlərlə də qərarlar olacağını bildirib. «İki aydan çoxdur ki, təkliflər üzərində iş aparılır. Bu, o qədər də sadə məsələ deyil. Biz bu məsələni həll etməklə əsas vəzifəni vətəndaşların rifah halının yaxşılaşmasında, onların maliyyə yükünün azaldılmasında görürük. Bu, ilk növbədə, ciddi sosial təşəbbüs kimi qəbul edilməlidir», - deyə Prezident İlham Əliyev vurğulayıb.

O sanır ki, yaxın gələcəkdə bu məsələ də öz həllini tapa bilər və Azərbaycan bu məsələnin həlli ilə bağlı da öz liderliyini nümayiş etdirəcək və çox ciddi nümunə göstərəcək. «Biz bilirik ki, buna oxşar addımların atılması ilə bağlı bəzi ölkələrdə müvafiq qərarlar qəbul edilmişdir, ancaq onlar icra edilməmişdir. Yəni burada xoş niyyətin olması əsas şərt deyil. Burada, əlbəttə ki, düzgün təhlilin aparılması və vətəndaşlar üçün ən məqbul variantın seçilməsidir», - deyə dövlət başçısı əlavə edib.

Bir sözlə, bütün bunlardan görünür ki, 2019-cu il Azərbaycan vətəndaşları üçün sürprizlərlə doludur və ölkədəki sosial-iqtisadi durumu ciddi şəkildə dəyişəcək.



MƏSLƏHƏT GÖR:

309