7 May 2024

Çərşənbə axşamı, 05:58

«AVROPA TƏHLÜKƏDƏDİR!»

Emmanuel Makron populistlərin öhdəsindən necə gələcək?

Müəllif:

18.03.2019

«Avropada vəziyyət İkinci Dünya müharibəsindən bu yana heç zaman indiki qədər çətin olmayıb. Eyni zamanda Avropa heç zaman bu dərəcədə təhlükədə qalmayıb». Bu fikirləri Fransa prezidenti Emmanuel Makron Avropa İttifaqı (Aİ) sakinlərinə müraciətində səsləndirib.

Onun «Aİ üçün yol xəritəsi» adlanan və bir neçə miqyaslı islahatın aparılmasını nəzərdə tutan planı martın 5-də Aİ-nin 28 ölkəsində 24 dildə yayılıb.

 

Təşəbbüsün məğzi

Makronun təşəbbüsü 3 əsas hissədən ibarətdir: qitənin birgə müdafiəsi və miqrasiya əleyhinə olan partiyaların mövqelərini gücləndirən miqrant axınına nəzarət üçün sərhədlərin möhkəmləndirilməsi; azadlıqların və seçki demokratiyasının müdafiəsi; Aİ-nin sənaye rəqabətindən tutmuş, ətraf mühitədək – bütün sahələrdə siyasət və qaydalarında islahatlar.

Sənəddə Böyük Britaniyada keçirilmiş referendumun («Brexit») nəticəsi Avropa böhranının rəmzi kimi göstərilir. Bildirilir ki, Aİ-yə «tarixi nailiyyət, viran qoyulmuş qitənin analoqu olmayan sülh layihəsində birləşdirilməsi, çiçəklənmə və azadlıq məkanı» kimi deyil, «ölü bazar» kimi baxıldıqda, insanlar ondan bu cür üz döndərə bilər. Bununla yanaşı, Makron Mərkəzi və Şərqi Avropa dövlətlərini demokratik dəyərlərə hörmət olunan Avropaya «supermarket» kimi baxmamağa da çağırıb.

Fransa prezidenti hesab edir ki, «Brexit» Avropanın «öz xalqlarını müasir dünyanın əsas təlatümlərindən qoruya bilməməsi»nin rəmzidir. Eyni zamanda o, bunu təxribatçıların, saxtakarların Aİ-ni məhv edə biləcək tələsi də sayır: «Britaniyalılara «Brexit»dən sonrakı gələcəkləri haqda həqiqətləri kim söyləyib? Əvvəlki sərhədlərin bərpasından sonra İrlandiyada sülhün risklə qarşı-qarşıya qalacağını deyiblərmi?»

Təhlükəsizlik məsələsində Fransa prezidenti əvvəlki ideyasından – vahid büdcəyə əsaslanan ümumi silahlı qüvvələrin yaradılması fikrindən vaz keçib. İndi o, bunun üçün «müdafiə, təhlükəsizlik və qarşılıqlı müdafiə» haqqında müqaviləyə tərəfdardır. Makron hesab edir ki, həmin sənəddə hər bir ölkənin müdafiə xərclərini artırmasına dair öhdəlik yer almalıdır.

«Financial Times» yazır ki, E.Makron sülh rəmzi olan «zeytun budaqları»ndan birini hətta Britaniyaya da uzatmağa çalışır. Prezident hesab edir ki, Britaniya yeni Avropa Təhlükəsizliyi Şurasına üzv ola, orada kollektiv qərarların hazırlanmasında iştirak edə bilər.

Ticarətə gəlincə, Makron Avropanın ekoloji standartlar,informasiyanın qorunması, vergilərin ödənilməsi kimi strateji maraqlarını, fundamental dəyərlərini təhlükə altına qoyacaq şirkətlərin cərimələnməsini və ya ümumiyyətlə, onların fəaliyyətinin qadağan olunmasını təklif edir.

Aİ-nin bu məsələdə artıq müəyyən səlahiyyətləri var. Məsələn, məlumatların qorunması prinsipinin pozulmasına, yaxud dövlət yardımı forması sayılan korporativ vergi sövdələşməsinin pozulmasına görə cərimələr nəzərdə tutulur. Lakin Fransa prezidenti bu sahədə daha geniş səlahiyyət istəyir. O, bu işdə Çin və ABŞ-ın təcrübəsinə əsaslandığını da gizlətmir.

Xarici dövlətlərin Aİ-də keçiriləcək seçkilərə mümkün müdaxiləsi və kiberhücumlardan narahat olan Makron Avropada beynəlxalq kiberhücumlarla və seçki kampaniyaları ilə manipulyasiyaya qarşı mübarizə agentliyinin yaradılmasını təklif edir. Onun fikrincə, Avropanın siyasi partiyalarının xaricdən maliyyələşdirilməsi də qadağan olunmalıdır. Burada Fransada Marin Le Penin, İtaliyada isə Matteo Salvininin seçki kampaniyasının Rusiya tərəfindən mümkün maliyyələşdirilməsi haqda xəbərlərə açıq eyham var.

Makronun ən cəsarətli təklifləri arasında isə 22 ölkəni özündə birləşdirən Şengen razılaşmasına yenidən baxılması təşəbbüsünü göstərmək olar. Onun fikrincə, özünü vizasız məkana aid saymaq istəyən hər ölkə xarici sərhədlərinə ciddi nəzarət etməli, miqrantlara sığınacaq verilməsi məsələsində ümumi siyasətə uymalıdır.

Hazırda Şengen zonası üzvləri sığınacaq və immiqrasiya sahəsində tam fərqli siyasət yürüdürlər. Məsələn, Almaniya 2015-2016-cı illər böhranı zamanı, təxminən, 1,2 milyon insana sığınacaq veribsə, Macarıstan sığınacaq axtaranlara yardım göstərəcək vətəndaşlara cinayət işinin açılmasına imkan verən qanun qəbul edib.

Avropada «Frontex» adlanan sərhəd nəzarəti agentliyi fəaliyyət göstərir. O, milli sərhəd qüvvələrini koordinasiya edir və dəstəkləyir. Ona milli agentliklərin işinə müdaxilə səlahiyyətinin verilməsi hökumətin immiqrasiyanı nəzarətdə saxlamağa çalışdığı ölkələrin xoşuna gəlməyə bilər.

Makron Avropa vətəndaşlarının yalnız seçkilər zamanı deyil, istənilən vaxt Aİ-nin həyata keçirdiyi islahatlara münasibət bildirəcəyi, bu haqda məsləhətləşmələr aparacağı daimi məkanın yaradılmasını da təklif edir. Onun fikrincə, belə «Avropa konfransı» ictimai və dövlət institutlarına «vətəndaş qrupları, alimlər, biznes dairələri, həmçinin dini liderlərlə əməkdaşlıq etmək» imkanı yaradacaq. Bu zaman onlar «bizim «Avropa İttifaqı» adlı siyasi layihəmizə lazım olan dəyişikliklərlə bağlı təkliflərini irəli sürə biləcəklər».

Fransa prezidentinin ən mübahisəli və tənqid olunan təklifisə sosial müdafiə sahəsində ümumavropa proqramının hazırlanmasıdır. Makron hesab edir ki, bu, Aİ vətəndaşlarına eyni işə görə eyni maaş almağa, həmçinin hər bir ölkəyə uyğun minimal əməkhaqqı müəyyənləşdirməyə kömək edərdi. Amma, məsələn, Bolqarıstanda 260 avro olan minimal əməkhaqqını Almaniyadakı minimal həddə – 1498 avro həddinə necə çatdırmaq olar? Makron bu haqda susur.

Bu yerdə ona öz ölkəsi olan Fransada Əmək Məcəlləsinin müasirləşdirilməsi cəhdlərinə görə tənqid atəşinə tutulduğunu da xatırladırlar. Ekspertlər hesab edir ki, Fransanın Əmək Məcəlləsinə prezidentin dediyi dəyişikliklər edilərsə, o, işə götürənlərə xeyir, işçilərə isə zərər gətirəcək.

 

Reaksiya

Avropa isteblişmenti, ümumilikdə, Fransa prezidentinin təkliflərini müsbət qarşılayıb. Məsələn, Belçikanın baş naziri Şarl Mişel, Finlandiya hökumətinin başçısı Yuxa Sipiliya, Avropa İttifaqı Komissiyasının prezidenti Jan-Klod Yunker, Avropa İttifaqı Şurasının rəhbəri Donald Tusk bu təşəbbüsləri dəstəkləyiblər. Makronun təklifləri almaniyalı siyasətçilər tərəfindən də müsbət qarşılanıb və bu, bəlkə də, onun bu dəfə Almaniya üçün ağrılı mövzu olan avrozona probleminə toxunmaması ilə bağlıdır. Almaniya hökuməti bəyan edib ki, o, Yelisey sarayından gəlmiş təkliflərin çoxunu, o cümlədən vahid Avropa Təhlükəsizlik Şurasının yaradılması, Aİ-nin müdafiə siyasətinin gücləndirilməsi, miqrantlar məsələsində ümumi yanaşmanın hazırlanması, iqtisadiyyatda innovasiyalara üstünlük verilməsi kimi təşəbbüsləri bəyənir.

Lakin tənqidçilər də az deyil. Onlar Aİ-də yenilənmənin lazımsız olduğunu demir, amma hesab edirlər ki, hazırda Aİ üçün ən vacibi daha zəngin olmaqdır. Layihəyə haqq qazandıra bilmək üçün ciddi iqtisadi nailiyyətlərə ehtiyac var. Onların fikrincə, miqyaslı inteqrasiya bu problemi həll edə bilmək və odur ki, yeniliklər işləməyəcək.

Makronun Şengen zonası, ümumi sərhəd qüvvəsinin yaradılması, sığınacaq verilməsilə məşğul olacaq Avropa bürosunun təsis edilməsilə bağlı təkliflərisə qatı sağçı qüvvələr tərəfindən heç zaman qəbul olunmayacaq. Onlar hesab edir ki, immiqrasiya siyasəti milli səlahiyyət olmalıdır.

Bundan başqa, «The Irish Times» yazır ki, Makronun təklifləri arasında sağçı populistlərin uzun illərdir irəli sürdüyü tələblərə yaxın təkliflər də az deyil. «Makronun nəinki heç nəyə nail olmamaq, hətta əksinə populizm alovunun üzərinə yağ tökməsi riski də var. Halbuki o, populizmə müharibə elan edib», - deyə Fransanın «Contrepoints» nəşri yazır.

İngiltərənin «The Guardian» qəzeti bu haqda belə yazır: «Makronun lap Böyük Karl ruhunda olan, geosiyasi rəqiblər – ABŞ, Çin və Rusiyaya qarşı hesablanmış daha sıx birləşmək, inteqrasiya etmək, tənzimlənən, kollektivləşdirilmiş Avropa haqda ideyası naftalin qoxusu verir».

Sloveniyanın «Dennik N» nəşri: «Makron bütün qitə üçün vahid sosial modelin, iqtisadi tənzimlənmənin tətbiqini ona görə tələb edir ki… onun öz ölkəsinin əli hər şeydən çıxıb – o, təklif etdiyi sosial modelin üstünlüklərinə öz vətəndaşlarını belə, inandıra bilmir».

Həqiqətən də, çoxları hesab edir ki, Emmanuel Makron, ilk növbədə, Fransa iqtisadiyyatındakı zəifləmənin qayğısına qalmalı, «Sarı jiletlilər»lə qarşıdurmanı aradan qaldırmalıdır. «Sarı jiletlilər» Fransada 1968-ci ilin mayında baş qaldırmış və 1 ilin sonunda prezident de Qollun istefası ilə nəticələnmiş tələbə etirazından sonra ən uzun davam edən etiraz hərəkatına çevrilib.

 

Merkelin xələfi işin öhdəsindən gəlməyə bilər

Makronun 2017-ci ilin mayında Fransa prezidenti seçildiyi vaxt Avropada çoxları onu Aİ-nin başında Merkelin varisi kimi görürdü. Fransa-Almaniya alyansı onilliklər boyu Aİ-nin aparıcı siyasi qüvvəsi olub. Makron da gənc olmasına rəğmən, aşkar varis kimi qəbul olunurdu. Hər kəs düşünürdü ki, Merkelin əvəz edəcək istənilən siyasətçi Aİ və beynəlxalq siyasət üçün təcrübəsiz olacaq və bu üzdən Makron Fransa-Almaniya alyansının, demək, həm də Aİ-nin başında dayanacaq.

Makron 18 ay əvvəlki Sorbona çıxışında daha güclü Aİ ilə bağlı şəxsi görüşünü ifadə etmişdi. Lakin onun o zaman təklif etdiyi islahatlar kağız üzərində qalıb. Makron bu işdə məhz Almaniyanın dəstəyinə bel bağlayırdı. Ancaq 2017-ci ilin sentyabrında Merkelin rəhbərlik etdiyi XDİ parlamentdə çoxluğu ələ ala bilmədi. Nəticədə, hökuməti formalaşdırmaq üçün ona yarım il lazım gəldi. Başqa sözlə, bu və digər daxili problemlər Merkelin Aİ ilə bağlı problemlərə diqqət ayırmasına imkan vermədi.

Bu ilin payızında XDİ regional seçkilərdə də pis nəticə göstərib və nəticədə, Merkel partiyanın lideri postunu tərk edib. Doğrudur, o, kansler postunda 2021-ci ildə bitəcək səlahiyyət müddətini başa vuracağını deyir. Lakin Merkelə təzyiqlər getdikcə artır.

Almaniyada ötən ilin sonunda aparılmış sorğu göstərib ki, almanların 62%-i Angela Merkelin kansler postunu tərk etməsini istəyir. Odur ki, xanım siyasətçi vəzifəsində qalsa belə, Aİ-nin problemlərinə, çətin ki, ciddi diqqət ayıra bilsin.

Bütün bunların fonunda Fransadakı daxili siyasi problemlər Makronun Avropadakı nüfuzuna ciddi zərbə vurub. Artıq siyasi impuls İtaliyadakı Matteo Salvini kimi avroskeptiklərə tərəf meyillənib. Populistlər ictimaiyyətin iqtisadi vəziyyətdən narazılığından, Aİ-nin əksər ölkələrinin həyata keçirdiyi sərt iqtisadi siyasətin yaratdığı etirazlardan yararlanmağı bacarıb.

İndi Makron irəli sürdüyü təkliflərdən hər hansını reallaşdıra bilmək üçün Avropa Parlamentində mayda keçiriləcək seçkidə ciddi nəticə əldə etməlidir. Bu, onun ölkə daxilindəki və Avropadakı müttəfiqlərindən nə dərəcədə dəstək alacağından da asılıdır. Bu isə asan məsələ deyil. Sorğular göstərir ki, Avropa Parlamentində 40 il ərzində hökmranlıq etmiş «böyük koalisiya» (Avropanın sağ-mərkəzçilərilə sol-mərkəzçiləri) populistlər qarşısında ciddi məğlubiyyətə uğraya bilər.

Emmanuel Makronun son çıxışını da 2017-ci ilin payızında etdiyi Sorbona çıxışı kimi, Uinston Çörçilin avropalılara 1945-1951-ci illərdə ünvanladığı müraciətlərlə müqayisə edirlər. O zaman Çörçill avropalıları birliyə, bitmək bilməyən müharibələrə «Avropa İttifaqı»nı yaratmaqla son qoymağa çağırırdı.

Avropa Parlamentinə mayda keçiriləcək seçki Makronun müasir millətçilər və populistlərlə mübarizəsinin Çörçilin vaxtilə Avropanın birləşməsinə etdiyi nəticəsiz çağırışlardan nə ilə fərqlənəcəyini ortaya qoyacaq.



MƏSLƏHƏT GÖR:

280