3 May 2024

Cümə, 08:40

SİYASƏTDƏN ÇOX YUMOR

Ukraynada keçirilmiş prezident seçkisində seçicilər inqilabların, müharibələrin və sosial təlatümlərin əleyhinə səs verdi

Müəllif:

01.04.2019

Ukraynada prezident seçkisinin ikinci turuna çoxsaylı sosial sorğuların və ekzit-polların da göstərdiyi kimi, şoumen Vladimir Zelenski ilə (təxminən, 30% səs) hazırkı prezident Pyotr Poroşenko (təxminən, 16%) yüksəliblər. Təxminən, 13% səslə üçüncü olan Yuliya Timoşenko bunu açıq-aydın çaşqınlıqla qarşılayıb. Hətta keçirdiyi brifinqdə ikinci tura Poroşenkonun deyil, özünün yüksəldiyini elan etmiş Timoşenkonun nəticələrlə bağlı məhkəməyə müraciət edəcəyi istisna deyil.

Seçkidə dördüncü pilləni «Müxalifət bloku»nun rəhbəri Yuri Boyko (11%-dən artıq), beşinci yeri «Vətəndaş mövqeyi» partiyasının lideri Anatoli Qritsenko (7%-dən artıq) tutublar.

Ümumilikdə prezidentlik uğrunda 39 namizəd mübarizə aparıb. Seçici fəallığı 63,52% təşkil edib. Səsvermənin gedişində ciddi qanun pozuntularına rast gəlinməyib. İkinci tur aprelin 21-də keçiriləcək.

Bu, Ukraynada Avromaydandan sonra təşkil olunmuş sayca ikinci prezident seçkisi idi. Onun Rusiya amilinin ciddi şəkildə kənarda qaldığı şəraitdə keçirildiyini söyləmək olar (seçkiqabağı kampaniya da artıq Moskvanın «tərəfdarları» ilə «əleyhdarları» arasında sərt qarşıdurma ilə müşahidə olunmayıb). Bununla yanaşı, Qərb də prosesə ciddi maraq göstərməyib (səbəb onların başlarının «Brexit» kimi bitmək bilməyən problemlərə qarışması da ola bilər).

Ukrayna daxilinə gəlincə, orada ənənəvi elitanın qəbul olunmadığı tam çılpaqlığı ilə ortaya çıxıb. Bütün seçki kampaniyasının leytmotivi də bu olub. 2019-cu il seçkisinin əsas fərqliliyi isə təbii ki, ortaya Vladimir Zelenski kimi sistemdən kənar, tipik olmayan namizədin çıxması sayılmalıdır. Ən azı ilk turadək o, jurnalistlərlə ünsiyyətdən qaçır, seçkiqabağı mitinqlər əvəzinə isə faktiki olaraq, stendaplar və şou-proqramlar aparırdı.

Zelenski martın 31-də keçirilmiş səsvermənin nəticəsini «böyük qələbəyə doğru ilk addım» adlandırıb. Şoumenin sözlərinə görə, ona mübarizəni hazırkı siyasətçilərdən hansı ilə davam etdirəcəyinin əhəmiyyəti əvvəldən olmayıb: «Bizim köhnə hakimiyyətlə danışacağımız heç nə yoxdur».

Zelenskinin ilk turdan qələbə ilə çıxmasının səbəblərinə gəlincə, əsas səbəb Ukraynanın ağır, çətin işlərdən yorulmasıdır. Söhbət inqilablardan, müharibələrdən, sosial təlatümlərdən gedir. Odur ki, teleprodüser deyəsən, «siyasətdən çox yumor» şüarını seçməkdə, doğru formulu tapıb. O, seçkiqabağı kampaniyasını rol aldığı populyar «Xalqın xidmətçisi» serialında canlandırdığı Vasili Qoloborodko personajının əsasında qurub. Orada müəllim sonradan prezident seçilir. İndi, aktyor ikinci turda da qələbə qazanarsa, bu, politologiya kitablarında yer almış seçkiqabağı nəzəriyyələrin ciddi şəkildə təkzibi sayılacaq.

Zelenski deyir ki, o, Braziliya və Fransa prezidentləri Jair Bolsonarla Emmanuel Makrondan ilhamlanır. Amma Qərbdə onu tez-tez Donald Trampla müqayisə edirlər – onların hər ikisi hakimiyyətə biznesdən gəlib. Onların hər ikisinin öz teleşouları və «populizm 2.0» adlandırıla biləcək vədləri olub.

Zelenskinin prezidentlik proqramı, həqiqətən də, son dərəcə yayğındır – o, ümumxalq referendumu təcrübəsindən yararlanmağa çağırır, vergi amnistiyasından, səhiyyədə islahatların vacibliyindən danışır, ən başlıcası isə məmurların toxunulmazlığının ləğv edilməli olduğunu deyir. İndi Zelenskinin ölkənin əsas kürsüsünə cəmi bir neçə addımlıq yolu qalsa da, çoxları onu siyasətçi yox, bu rolu oynayan aktyor kimi qəbul edir. Belə bir fikir də var ki, şoumenin seçkidən qalib çıxacağı təqdirdə Kiyevlə Moskva arasında dialoqun bərpası şansı yaranacaq. Amma burada da məsələ tam aydın deyil: Zelenskinin indiyədək səsləndirdiyi fikirlərdən onun Moskva ilə çətin münasibətlərdə hansı xəttə üstünlük verdiyini anlamaq çətindir.

Pyotr Poroşenko isə əsas rəqibini dövlətin qəzəbinə gəlmiş oliqarx İqor Kolomoyski ilə əlaqələrdə ittiham edir. Kolomoyskinin Zelenskini (eyni zamanda, həm də Timoşenkonu) dəstəklədiyi əslində, əvvəldən bəllidir. «Xalqın xidmətçisi», sonradan prezident olan Qoloborodko da məhz Kolomoyskinin «1+1» telekanalında göstərilir. Kolomoyskinin özünə gəlincə, bu biznesmen Pyotr Poroşenkonun şəxsi, siyasi və iqtisadi düşmənidir. Məhz Poroşenko vaxtilə onu Dnepropetrovsk vilayətinin qubernatoru postundan kənarlaşdırıb və iş adamına məxsus bankı milliləşdirib.

Poroşenko ölkəsində keçirilmiş prezident seçkisinin ilk turunu «analoqu olmayan» seçki adlandırıb. Onun fikrincə, bu, Ukrayna üçün «avropalılıq testi» olub. Prezident səsvermənin azad, ədalətli və ATƏT-in standartlarına tam uyğun keçdiyini bildirib. Deyəsən Poroşenko ilk turun nəticələrindən də razıdır – ən azı, o, ilk turun nəticəsinin qələbəyə doğru atılmış böyük addım olduğunu bəyan edib. Hazırkı dövlət başçısı tərəfdarlarına ona «Moskvanın planını pozmaqda» yardım etdikləri üçün təşəkkürünü də bildirib: «Moskvanın məni ikinci turda görmək istəmədiyinə şübhə yox idi».

Bütün bunların fonunda P.Poroşenko diqqəti siyasi təcrübəsinin olduğuna çəkir, Ukrayna prezidentinin Maksim Qalkinlə deyil, Vladimir Putinlə danışıqlar aparmalı olacağını deyir (burada eyham təbii ki, Zelenskinin aktyor keçmişinədir). Poroşenko Rusiyanın təcavüzündən müdafiə olunmaları üçün Ukrayan ordusunu yeni səviyyəyə yüksəltdiyini də bildirir, Kiyevi əminliklə Avropa İttifaqı və NATO-ya doğru apardığını söyləyir. İndi, Poroşenko üçün ən vacibi gənclərin səsini qazanmaqdır. O, ilk turdan sonra məhz gənc seçicilərə müraciət edib: «Mən sizin etirazlarının motivini anladım. Sizi eşitdim. Xahiş edirəm ki, siz də məni eşidəsiniz. Beş ildə gördüyümüz bütün işlər gələcək nəsillər üçündür».

Ukraynalı ekspertlər hesab edir ki, ölkə başçısı inzibati resurslardan da bacarıqla istifadə edib. Əksər qubernator və mer, həmçinin güc strukturları onu dəstəkləyir. Poroşenkonun seçki qərargahının sədri Oleq Medvedev bildirib ki, «seçkilərdə «lağlağı» səs verənlər də var idi, ciddi səs verənlər də. «Lağlağı» səs verənlər artıq tükənib, indi yalnız ciddi səs verənlər qalıb və düşünürəm ki, bu mübarizədə Poroşenkonun şansı daha böyükdür».

Bəs, Timoşenko? Ekspertlərin onunla bağlı fikirləri haçalanır. Əksəriyyət hesab edir ki, xanım siyasətçinin özünün siyasi keçmişi onun ziyanına işləyib. Lakin o, Ali Radaya oktyabrın 27-də keçiriləcək seçkidə yenidən özünü göstərmək imkanı qazanacaq. Bəziləri düşünür ki, Timoşenko Zelenski ilə birləşə, ona sanki «müəllimlik» edə bilər. Şoumenin özü isə bunu qəti şəkildə rədd edir.

İndi ilk turda üç və dördüncü olmuş namizədlərin kimi dəstəkləyəcəyindən çox şey asılıdır. Əsas hadisələr ikinci turdan sonra baş verəcək. Yarış Poroşenkonun qələbəsilə bitərsə, o, öz reytinqini artırmaq, insanların hakimiyyətə inamını yüksəltmək üçün çox iş görməli olacaq. Yox, qalib Zelenski olarsa, o, daha çətin vəziyyətlə qarşı-qarşıya qalacaq. İndi o, siyasətdən kənarda olduğunu nümayiş etdirə bilirsə, prezident seçiləcəyi təqdirdə belə imkanı qalmayacaq. Ukraynanın beynəlxalq kreditorları (serialda Qoloborodkonun «rədd etdiyi») ilə razılığa gəlmək, siyasi elita və oliqarxlarla dil tapmaq mütləqdir. Zelenskinin uğur qazana bilib-bilməyəcəyi ətrafına yığacağı komandadan asılı olacaq. Amma əsas təhlükə də elə bundadır. Zelenskinin siyasi təcrübəsinin olmadığı bəllidir. Bu halda ətrafına toplayacağı güclü, nüfuzlu və təcrübəli şəxslər fonunda onun prezident kürsüsündə nə qədər qalacağı, bunun kollektiv idarəçiliyə çevrilib-çevrilməyəcəyi bəlli deyil.

İstənilən halda, Ukraynanın növbəti prezidenti bir çox çətin, bəzən kifayət qədər ziddiyyətli məsələləri həll etməli olacaq. Bu gün Ukrayna Avropanın ən yoxsul ölkələrindəndir və bu vəziyyətdə ən ciddi iqtisadi problemlərin həlli üçün hakimiyyətin səfərbər olması, daxili fikir ayrılıqlarının aradan qaldırılması ən vacib məsələdir.



MƏSLƏHƏT GÖR:

303