26 Aprel 2024

Cümə, 13:58

«SOSİAL İNQİLAB»

Mahir Abbaszadə: «Artıq prezidentin anonsunu verdiyi islahatların keyfiyyətcə yeni bir mərhələsini yaşamaqdayıq»

Müəllif:

15.04.2019

Bu ilin əvvəlindən Azərbaycanda irimiqyaslı iqtisadi və sosial islahatlara start verilib. Bu sırada Ermənistan-Azərbaycan münaqişəsindən zərərçəkmiş insanların həyat şəraitinin və maddi rifahının yaxşılaşdırılması üçün görülən işlər xüsusilə diqqət cəlb etməkdədir.  Erməni işğalı nəticəsində dözülməz həyat şəraitinə məhkum olunmuş məcburi köçkünlər üçün yeni şəhərciklərin inşası indiyədək görünməmiş bir miqyas alıb.

Bu səbəbdən, biz də «Parlament saatı» rubrikasının ilk müsahibəsini məhz sosial islahatlara həsr etmək qərarına gəldik. Bu rubrikada millət vəkilləri ilə birlikdə gündəmdə olan ən aktual suallara cavab axtaracağıq.

Rubrikamızın ilk qonağı Milli Məclisin deputatı, İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin, həmçinin Gənclər və İdman Komitəsinin üzvü, Məcburi Köçkünlərin Sosial İnkişafı Fondunun direktoru Mahir Abbaszadədir.

Mahir müəllim, aprelin əvvəlində Bakı ətrafında məcburi köçkünlər üçün daha bir şəhərciyin açılışı oldu. Ümumiyyətlə, son bir ildə əhalinin bu kateqoriyasının yeni mənzillərlə təminatında böyük intensivlik müşahidə edilir. Prosesin belə sürət alması necə mümkün olub?

Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində ölkəmiz özü də istəmədən 1 milyondan artıq qaçqın və məcburi köçkün problemi ilə üz-üzə qalıb. Hələ ulu öndər Heydər Əliyev yenidən hakimiyyətə gəldikdən sonra Azərbaycanda bütün sosial məsələlərin həlli, o cümlədən dediyimiz kateqoriyadan olan insanların problemləri ilə ciddi şəkildə məşğul olunmağa başlanılıb.

O vaxtdan məcburi köçkün həyatına məhkum olunmuş insanların həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı kifayət qədər işlər görülüb. Sonradan həmin siyasət cənab Prezident İlham Əliyev və Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilib. İndiyədək bu məsələlərin həlli ilə bağlı iki dövlət proqramı qəbul olunub. Bu dövlət proqramlarına əsasən dövlətimizin özünün maliyyə imkanları çərçivəsində məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması siyasəti həyata keçirilib. Ölkədə çadır şəhərcikləri mərhələlərlə ləğv edilib. Ölkə iqtisadiyyatı inkişaf etdikcə proses daha böyük miqyas alıb.  Bu proqramlar çərçivəsində məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, onların məşğulluq problemlərinin həlli, sağlamlıq problemlərinin həlli ilə bağlı işlər görülməkdədir. İndiyə qədər onlar üçün 100-dən artıq qəsəbə tikilib, onlarda 300 minə yaxın məcburi köçkün yeni evlərlə təmin olunub.

Eyni zamanda Mehriban xanım Əliyevanın birinci vitse-prezident təyin edildikdən sonra ilk iclasını məcburi köçkünlərin problemlərinə həsr etməsi, orada məsələləri konkret qoyması bu məsələnin həllinə əlavə bir təkan verməkdədir. Dövlətin bu təşəbbüsləri özəl sektorun da dəstəyini qazanıb. Onların da prezidentin çağırışına qoşularaq köçkünlər üçün yeni qəsəbələrin inşasını dəstəkləməsi bu siyasətin daha sürətlə həyata keçirilməsinə təkan verməkdədir.

Odur ki, müşahidələrinizdə haqlısınız. Son illər bu proseslər çox böyük miqyas alıb. Əgər indiyədək bu tikinti layihələri yalnız Dövlət Neft Fondunun maliyyəsi hesabına Dövlətqaçqınkomun sifarişi əsasında Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən həyata keçirilirdisə, indi bu işlərə həm Heydər Əliyev Fondu, həm də özəl sektor qoşulub. Bu imkan verib ki, biz 2018-ci ildə heç bir ildə olmadığı sayda köçkünü evlə təmin edək və bu dinamika artmaqdadır.

Aparılan işlərin miqyasını görmək üçün son ilin statistikasına nəzər sala bilərikmi?

Cənab Prezidentin də qeyd etdiyi kimi, biz 2018-ci ildə rekord sayda – 5800 məcburi köçkün ailəsi yeni evlərlə təmin olunub. Bu, təxminən, 25 minə yaxın insan deməkdir. Elə təkcə bu günlərdə açılışını həyata keçirdiyimiz Kürdəxanı şəhərciyində 810 ailə təmirli mənzillərlə təmin olunacaq. Orada müasir tələblərə cavab verən 560 yerlik məktəb, 280 yerlik uşaq bağcası tikilib, bütün infrastruktur yaradılıb. Bu yaxınlarda tam təmirli mənzillər köçkünlərin istifadəsinə veriləcək. Bütövlükdə götürəndə isə Bakıda, Sumqayıtda, Abşeronda və ölkənin digər yerlərində yeni şəhərciklərin salınması ilə bağlı işlər aparılmaqdadır.

Məlumat üçün bildirmək istərdim ki, bu il prezidentin qarşımıza qoyduğu vəzifələrə əsasən 6 min ailəni yeni mənzillərlə təmin edəcəyik. Pirallahıda, Beyləqanda, Şirvanda, Kürdəmirdə, Göyçayda, Göygöldə, Ağcabədinin Taxta körpü qəsəbəsində, Füzulidə yeni şəhərciklər tikiləcək. Onlardan bəziləri artıq inşa olunmaqdadır və güman edirəm ki, ilin sonuna kimi prezidentin qarşımıza qoyduğu tələbi yerinə yetirərək, məcburi köçkünləri yeni evlərlə təmin edə biləcəyik.

Ümumiyyətlə, qeyd etmək istərdim ki, bu gün Azərbaycan dövləti müharibədən zərərçəkmiş insanların yanındadır. Bu yaxınlarda bir qrup qazimizin dünyanın ən müasir protezləri ilə təmin olunması və bu tədbirdə Mehriban xanım Əliyevanın onlarla sanki bir ailə üzvü kimi görüşməsi bunun daha bir əyani sübutudur. Ərazi bütövlüyümüzün qorunması zamanı yaralanmış qazilər ən son texnoloji yeniliklərə əsaslanan bu protezlər sayəsində həyatlarını rahat şəkildə davam etdirə biləcəklər. Bütun bunlar ölkədə sosial məsələlərin həll edilməsində Heydər Əliyev Fondunun xüsusi rolunu bir daha vurğulayır və Mehriban xanımın özünün birinci vitse-prezident kimi insanların qayğılarına yanaşmasını göstərir.

Müsahibələrinizin birində demisiniz ki, Prezident İlham Əliyev son ildə ölkədə bir sosial inqilab etməkdədir. Müharibədən zərərçəkmiş insanlardan danışdıq. İstərdim indi də Milli Məclisin deputatı kimi digər sosial sahələrdə görülən işlərdən danışaq.

Xatırlayırsınızsa, 2018-ci ildə Azərbaycan xalqı Prezident İlham Əliyevə növbəti yeddi ildə birlikdə yola davam etmək üçün mandat verdikdən sonra prezident qeyd etdi ki, biz bütün sahələrdə islahatlara start verəcəyik, ölkədə həm idarəetmə, həm iqtisadiyyat, həm siyasət, həm məhkəmə-hüquq sahəsində yeni modellər, yeni formalar tətbiq edəcəyik. O, bu islahatların anonsunu hələ seçkidən əvvəl vermişdi. Seçki bitdikdən sonra isə biz artıq bu islahatlarla bağlı verilən qərarların şahidləriyik. Bunların içərisində ən mühüm, ən böyük əhəmiyyət kəsb edəni isə sosial sahədə verilmiş qərarlardır.

2019-cu ilin dövlət büdcəsinə nəzər salsaq görərik ki, ötən ilin sonunda ölkə rəhbərliyinin təklifi ilə büdcənin, təxminən, 40 faizi sosial sahədə layihələrin dəstəklənməsinə ayrılmışdı. Bu vəsaitlər hələ ötən ildən nəzərdə tutulub. Ona görə də yanvar ayından başlayaraq sanki ölkədə bir sosial inqilab baş verməkdədir və bu inqilabın əsas koordinatoru ölkə prezidenti özüdür. Bu siyasətin nəticəsidir ki, birdən birə minimum əməkhaqqı 130 manatdan 180 manata çatdırıldı. Natural formada 50 manatlıq artım, bəlkə də, kimlər üçünsə böyük görsənməyə bilər, lakin faiz etibarilə birdən-birə 36-38 faizlik artım çox böyük bir göstəricidir. Bu, həm də özəl sektora bir mesaj idi. Çünki bu qərar təxminən, 600 mindən artıq insanı əhatə edəcək və bunun 400 mini dövlət sektorunda çalışırsa, 200 mini özəl sektorda çalışanlardır. Tələbə təqaüdlərinin, pensiyaların artırılması, məcburi köçkünlərə verilən müavinətlərin 50 faiz artırılması da ölkə başçımızın sosial islahat paketinin ayrı-ayrı hissələridir.

Mən digər bir məsələni də xüsusilə qeyd etmək istəyirəm. Bilirsiniz ki, 2016-cı ildə dünyada neftin qiymətinin düşməsi, qonşu ölkələrdəki iqtisadi təlatümlərin təsiri altında Azərbaycanda da devalvasiya prosesi yaşandı. Bunun nəticəsində Azərbaycanda bank – vətəndaş münasibətlərində bir gərginlik yaranmışdı. Əslində bu, vətəndaşla özəl banklar arasında bağlanmış əqdlər olduğu üçün bir müddət biz düşündük ki, tərəflər öz aralarında münasibətləri həll edəcəklər. Lakin bu münasibətlər öz həllini tapa bilmədi və ona görə dövlət məsələyə müdaxilə etməli oldu.  Prezidentin tapşırığı ilə bu problemin həlli üçün dövlət tərəfindən 1 milyard manata yaxın vəsait yönəldiləcək. Bu, ölkə başçısının yeritdiyi sosial siyasətin bir pik nöqtəsidir. Bu, həm vətəndaşların problemlərinin həll olunması, həm bank sektorunun sağlamlaşdırılması, həm də vətəndaş-bank münasibətlərində etimadın bərpası deməkdir.

Bankların likvidlik probleminin həll olunması və onların maliyyə imkanlarının artması real sektora kapital axınını sürətləndirəcək və bu da öz növbəsində yeni iş yerlərinin açılmasına təkan vermiş olacaq. Ona görə mən deyirəm ki, Azərbaycanda son dövrlər aparılan islahatlar məhz inqilab səviyyəsindidər.

Bu mənada mən bu fərmanların digər bir tərəfinə də diqqətinizi yönəltmək istərdim. Fərmanların icra müddətinə fikir versəniz görərsiniz ki, onlarda tapşırıqların icra müddəti konkret göstərilir. Yəni artıq prezidentin anonsunu verdiyi islahatların keyfiyyətcə yeni bir mərhələsini yaşamaqdayıq.

Dediklərinizdən də belə anlaşılır ki, bu sosial qərarlar zəncirvari nəticə verməklə, həm də yeni iqtisadi imkanlar açır? Elə isə bu islahatlar Azərbaycanın beynəlxalq reytinqlərdəki mövqelərinə necə təsir edəcək?

Bildiyiniz kimi, Davos İqtisadi Forumu dünyanın iqtisadi-siyasi elitasını birləşdirən bir formatdır və dünyada bunun alternativi yoxdur. Azərbaycanda aparılan iqtisadi islahatlar isə Davos Forumu tərəfindən dəstəklənməkdədir və ölkəmiz həmişə Forumun hesabatlarında ön yerlərdədir. Bundan başqa, bilirsiniz ki, 2006-cı ildən Azərbaycan Dünya Bankının «Doing Business» hesabatlarında da yer alır. O zaman biz bu hesabatda, təxminən, 90-cı yerlərlə kifayətlənməli olurduq. Lakin ötən 13 il ərzində aparılan iqtisadi islahatlar nəticəsində biz bu hesabatda ilbəil irəliləməkdəyik və bu gün 190 ölkə arasında 25-ci yerdəyik. Bilirsiniz ki, bu çox mühüm bir hesabatdır. Onun hazırlanmasında dünyanın böyük iqtisadçıları iştirak edir və orada ölkədə aparılan iqtisadi islahatların mahiyyəti izah olunur. Ölkənin ilbəil bu hesabatda irəliləməsi onu göstərir ki, islahatların aparılması, iqtsiadi imkanların artması və ən vacibi şəffaflığın təmin olunması birmənalı şəkildə beynəlxalq təşkilatlar tərəfindən müsbət qiymətini almaqdadır. Bu işdə Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan və Azərbaycan brendi olan «ASAN xidmət»in də rolu çox böyükdür.

Bir sözlə, bu islahatların bir tərəfində Azərbaycan vətəndaşların sosial mənafeyi durursa, digər tərəfində ölkənin iqtisadi imkanlarının artması dayanır. Hesab edirəm ki, bütün bunlar, ölkədə həyata keçirilən vergi, gömrük və məhkəmə-hüquq istalatları ilə yanaşı, gələcək beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyini bir az da möhkəmləndirəcək.



MƏSLƏHƏT GÖR:

315