27 Aprel 2024

Şənbə, 19:50

GƏLƏCƏYƏ «DÖNÜŞ»

«Qazprom»un Gürcüstan bazarına qayıdışı qonşu ölkədə SOCAR-ın aparıcı mövqelərinə təsir göstərməyəcək

Müəllif:

15.05.2019

Qaz tədarükünün şaxələndirilməsi "mavi yanacağı" idxal etmək məcburiyyətində olan istənilən ölkə üçün ən vacib məsələdir. Lakin hər bir dövlət onu fərqli şəkildə - yalnız iqtisadi maraqlarına uyğun deyil, çox vaxt həm də siyasi maraqlarına uyğun şəkildə həll edir.

Azərbaycan SOCAR-ına öz qaz bazarında alternativ kimi Rusiyanın "Qazprom" şirkətini cəlb edən qonşu Gürcüstanın vurğunu hansı cəhətə yönəltdiyini söyləmək çətindir. İstənilən halda, bu qərar Azərbaycan qazının aparıcı mövqelərinə təsir göstərməyəcək.

 

Mürəkkəb danışıqlar  

«Qazprom»la müqavilə artıq hazırlanıb və biz Rusiyadan kiçik həcmlərdə qaz alacağıq", - deyə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Georgi Kobuliya apreldə bəyan edib. Doğrudur, hansı qaz həcmlərindən söhbət gedir və bu, Gürcüstana neçəyə başa gələcək, nazir dəqiqləşdirməyib.

G.Kobuliya hələ bu ilin fevralında ölkə parlamentində çıxış edən zaman Rusiyadan qaz almaq niyyəti barədə danışıb. O, bunu hazırda, demək olar ki, tamamilə Azərbaycandan alınan qaz tədarükünün şaxələndirilməsinə olan ehtiyacla izah edib.  

"Qaz alınmasının şaxələndirilməsi və optimallaşdırılması – bu, önəmli təşəbbüsdür. Biz imkan yaratmaq istəyirik ki, təchizatçı sayı birdən çox olsun. Rusiya ilə danışıqlar aparılır və ehtimal ki, Rusiya Federasiyasından enerji təhlükəsizliyini və enerji müstəqilliyini qorumağa imkan verəcək qədər qaz alacağıq", - deyə G.Kobuliya qeyd edib.

Nazirin sözlərinə görə, tədarükün şaxələndirilməsi bazarda rəqabət yaradacaq ki, bu da qaz tariflərinin azalmasına kömək edəcək. "İnhisarçılıq yolverilməzdir və Azərbaycan Gürcüstan üçün yeganə qaz tədarükçüsü olmamalıdır", - deyə nazir mətbuata müsahibəsində bildirib.

Burada qeyd edək ki, Gürcüstanın qaza illik tələbatı 2,5 milyard kubmetr təşkil edir, bunun 90 faizi Azərbaycandan edilən idxal hesabına təmin edilir. SOCAR-ın məlumatına görə, 2018-ci ildə Azərbaycandan Gürcüstana qaz ixracatı 2,2 milyard kubmetr təşkil edib ki, bu da 2017-ci ilin göstəricisindən 22,8 faiz çoxdur.

Bu gün Gürcüstan "Qazprom"dan Rusiya qazının Ermənistana tranzit həcminin yalnız 10%-ni alır. Özü də, Rusiya 2017-ci ildə bu tranzit üçün haqqı Gürcüstana əsasən pulla və qismən xammalla ödəyib, 2018-ci ildə isə yalnız nağd şəkildə ödəyib. İki illik (2017-2018) müqavilə şərtlərinə görə, "Qazprom Eksport" Gürcüstan ərazisindən ildə 2-2,2 milyard kubmetr həcmində qazın Ermənistana tranzit nəqli üçün ödənişə, həmçinin bu dövrdə Gürcüstana çevik şərtlərlə - 2016-cı illə müqayisədə 1 min kubmetr üçün 30 dollar ucuza, yəni 1 min kubmetr üçün 185 dollara qaz nəqlinə zəmanət verir. Müqavilənin müddəti 2018-ci il dekabrın 31-də başa çatıb və artıq bu ilin mart ayında ölkə "Qazprom Eksport" ilə Rusiya qazının Ermənistana tranziti üzrə yeni iki illik müqavilə imzalayıb. Bu, 2019-cu ilin 1 fevral tarixindən 2020-ci ilin sonuna qədər qüvvədə olacaq.

"Yetərincə mürəkkəb və uzun danışıqlara baxmayaraq, biz iki prinsipi əsas tutduq və onun hər ikisi uğurla qorunur,"- deyə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Natia Turnava bildirib.  

Onun sözlərinə görə, bu, ilk növbədə, Gürcüstanın enerji müstəqilliyi və təhlükəsizliyidir. "Deyə bilərəm ki, bizim bazarın ən mühüm iki strateji seqmenti - əhali və elektrik enerjisi istehsalı üzrə tam təmin olunur və indən belə də Azərbaycan qazı ilə təchiz olunacaq", - deyə N.Turnava bildirib.

Nazir müavini ikinci məsələnin "Qazprom" ilə münasibətlərdə mövqelərin yaxşılaşdırılması olduğunu bildirib. "Yeni müqavilə əvvəlkinə nisbətən daha yaxşıdır. Biz hər iki mövqe üzrə ticarət şərtlərini yaxşılaşdırmağa nail olduq: tranzit haqqı artırıldı və əgər hansısa bir özəl şirkət Rusiya qazı ilə maraqlanarsa, onun üçün Rusiya qazının qiyməti azaldıldı", - deyə N.Turnava bildirib. Bununla belə, o, konkret rəqəmlər səsləndirmədi və bildirdi ki, müqavilənin detalları məxfi olaraq qalır.

 

Tarix heç nə öyrətmir  

Yeni müqavilənin detalları açıqlanmadığı nəzərə alınarsa, yəqin ki, Rusiya qazının tranzit haqqı dəyişməyib və bu da ölkənin maraqlarına elə də uyğun deyil. Gürcü mütəxəssislərinin fikrincə, 2017-ci ilə aid əvvəlki müqavilənin monetizasiyası Gürcüstana 30 milyon dollardan çox zərər vurub. Axı, qazın qiyməti neft qiymətlərinə bağlı olduğundan dəyişə bilər, buna görə də, ölkənin xammal şəklində tranzitin 10%-ni alması daha sərfəlidir.

Gürcüstanın İqtisadi İnkişaf Nazirliyi bu il təbii qaz istehlakının 2018-ci ilə nisbətən 5,8% artaraq 2,6 mlrd. kubmetrə çatacağını proqnozlaşdırır. Nazirliyin 2019-cu ilədək təsdiq etdiyi təbii qaz balansına görə, Gürcüstanda bu il 7,2 milyon kubmetr təbii qaz hasilatı nəzərdə tutulur, "mavi yanacağın" idxalı 2,6 milyard kubmetr planlaşdırılıb ki, bu da 2018-ci ildəkindən 7 faiz çoxdur. Özü də SOCAR-şirkəti tərəfindən qaz təchizatı 8,8% artaraq 1,8 milyard kubmetrə çatacaq. «Şahdəniz» layihəsi çərçivəsində isə Tbilisinin bu il 828 milyon kubmetr qaz alması planlaşdırılır (artım 3,3%-dir).

Beləliklə, 2019-cu ildə bütün qaz idxalı Azərbaycanın payına düşməli idi, ancaq "Qazprom" ilə yeni anlaşma nəzərə alınmaqla, sonradan balansda müəyyən dəyişiklik edilib. Yeri gəlmişkən, yenilənmiş balansda 2019-cu ilin sonunadək Gürcüstana Rusiya qazının kommersiya nəqli nəzərdə tutulmur.

Qeyd edək ki, Gürcüstan 2007-ci ildən bu yana Rusiyadan qaz almayıb. Bundan əvvəl iki ölkə arasında siyasi münasibətlər önəmli dərəcədə pisləşmişdi və 2006-cı ilin noyabrında Rusiyadan Gürcüstana və Ermənistana qaz nəql edilən edilən iki qaz kəmərində partlayışlar baş vermişdi. Ancaq bununla belə, qaz nəqli "Qazprom"un 2007-ci il yanvarın 1-dən etibarən Gürcüstan üçün qazın qiymətinin 1 min kubmetr üçün 110 dollardan 235 dollara qədər artdığını bəyan etdikdən və qazın qiymətini iki dəfə azaldılmasının əvəzində Gürcüstanın qaz kəmərlərinin bir hissəsini tələb etdikdən sonra dayandırıldı. O dövrdə hakimiyyətdə olan Gürcüstan rəhbərliyi bunu şantaj hesab etdi və Tiflisi öz qaz nəql sistemini Moskvanın nəzarəti altında vermyə məcbur etmək məqsədi daşıdığını bildirdi. "Biz belə sürprizlərə hazır idik, amma bu, siyasi şantajdır və biz buna tabe olmayacağıq", - deyə Gürcüstanın ovaxtkı baş naziri Zurab Noqaideli bildirmişdi.

Yeri gəlmişkən, həm 2006-cı ildə, həm də 2008-ci ilin avqust müharibəsindən sonra "Qazprom" Gürcüstana qaz tədarükünü dayandıran zaman, ölkə Azərbaycanın dost dəstəyi sayəsində enerji təhlükəsizliyini təmin etməyə nail olub. Bakı həmişə sabit və etibarlı enerji tərəfdaşı olub və heç vaxt Tiflisin qaz asılılığından siyasi təzyiq məqsədi ilə istifadə etməyb. Bu baxımdan, Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Georgi Kobuliyanın ölkəsinin qaz bazarında Azərbaycanın inhisarı ilə bağlı narahatlığı əsassızdır. Özəlliklə də, Moskva ilə Tiflis arasında yetərincə mürəkkəb siyasi münasibətlər nəzərə alınarsa, Rusiya qazı heç də Azərbaycan qazı üçün alternativ hesab edilə bilməz. Amma mövcud təchizatçının nə qədər etibarlı olmasından asılı olmayaraq, istənilən ölkənin enerji təhlükəsizliyinin mənbələrin şaxələndirilməsini diqtə etməsi isə başqa bir məsələdir.

 

Dənizdə damla

Xatırladaq ki, Gürcüstan hökuməti ilə imzalanmış 26 dekabr 2008-ci il tarixli anlaşmaya görə, SOCAR bu ölkənin qaz infrastrukturuna sərmayə qoyma şərtləri ilə bağlı 23 regional qaz paylayıcı şirkəti, həmçinin bir sıra qaz təsərrüfatlarını və şəbəkələrini əldə edib. 2012-ci ilin oktyabr ayında o, «Itera International Energy LLC»nin 100%-lik törəməsi «Itera-Georgia» şirkətinin sahibinə və demək olar ki, Gürcüstanın yeganə təbii qaz təchizatçısına və paylayıcısına çevrildi.

2007-ci ildə Gürcüstanda təbii qaz bazarının (həm topdansatış, həm də pərakəndə satış) inkişafı üçün «SOCAR-Georgia Gas Ltd.» (SGG) törəmə müəssisəsi yaradılıb. Şirkət uzun illərdir ki, bütün ölkə üzrə təbii qazın təchizatını və paylanmasını gerçəkləşdirir. SGG bu günə qədər Gürcüstanda qazlaşdırmaya və qaz infrastrukturunun inkişafına 300 milyon dollardan çox sərmayə qoyub ki, bunun nəticəsində əlavə olaraq yüz minlərlə ailə və kommersiya obyekti təbii qazdan istifadə imkanı əldə edə bilib. Bu illər ərzində 250 mindən artıq yeni abunəçi qaz şəbəkəsinə qoşulub və hazırda ölkədə, təxminən, 600 min qaz abunəçisinə xidmət göstərilir. Eyni zamanda şirkət Gürcüstanın qaz şəbəkəsində qaz itkilərinin səviyyəsini, demək olar ki, 10 dəfə azaldıb - 3%-ə endiriir.

Gürcüstanda fəaliyyət göstərdiyi illər ərzində SOCAR respublikada müxtəlif layihələrə 1,5 milyard dollardan artıq sərmayə qoyub və Gürcüstanda fəaliyyət göstərən bütün dini məbədlərə pulsuz qaz verib.

Beləliklə, Azərbaycanın Dövlət Neft Şirkəti Gürcüstan qaz bazarına möhkəm yerləşib və öz mövqelərindən imtina etmək fikrində deyil. «Şahdəniz» yatağından qaz hasilatının daha da artması və Xəzərin Azərbaycan sektorundakı yeni qaz yataqlarının istifadəyə verilməsi SOCAR-a öz qaz ehtiyatlarını artırmağa və uyğun olaraq, mavi yanacaq ixracı həcmlərini artırmağa imkan verir.

Azərbaycanın energetika naziri Pərviz Şahbazov tərəfindən səsləndirilmiş proqnozlara görə, ötən ilə baxanda 2019-cu ildə Azərbaycanda qaz hasilatının 19%, ixracatının isə 25% artacağı gözlənilir. «2021-ci ildə Azərbaycanda qaz hasilatının həcmi illik 45 milyard kubmetrə çatacaq. Sonrakı illərdə artım 2019-2020-ci illər ərzində «Abşeron», «Ümid», «Qarabağ» qaz yataqlarının, «Şəfəq-Asiman» və «Babək» perspektiv strukturlarının işlənməsi üzrə işlərin fəallaşmasından asılıdır», - deyə energetika naziri vurğulayır.  

Öz növbəsində, Gürcüstan Energetika Nazirliyinin hesablamalarına görə, «Şahdəniz» yatağının hələ 2016-cı ildə elan edilmiş «Mərhələ-2» işlənməsi üzrə təbii qaz tranzitindən Gürcüstan əlavə olaraq nəql edilən həcmin 5%-ni əldə edəcək və bu, ildə 1,5 mlrd. kubmetrə bərabər olacaq ki, ölkədə təbii qaz kəsiri problemini bütünlüklə həll edə bilər.

Belə olan vəziyyətdə, Rusiyadan nəql ediləcək qazın Gürcüstanın Azərbaycandan olan enerji asılılığını hansı şəkildə azaldacağı yalnız sirr olaraq qalır. Rusiya qazının həcmi Azərbaycandan təchizatla müqayisədə dənizdə damla qədər az olacaq, qiyməti isə çətin ki, Azərbaycan qazı ilə rəqabət aparmağı mümkün etsin. Əslində, Rusiya şirkəti güzəştlərə yetərincə istəksiz gedir və həmişə özü üçün mənfəət axtarır.



MƏSLƏHƏT GÖR:

288