6 May 2024

Bazar ertəsi, 08:08

DƏYİŞİKLİKLƏR ÇAĞI

Azərbaycan iqtisadi inkişaf üzrə yeni strategiyaya keçir

Müəllif:

15.05.2019

Azərbaycanda yeni iqtisadi inkişaf strategiyasına keçid elan edilib. Hələ ki, proqram inkişaf mərhələsindədir, ancaq hökumətin iqtisadi qanadının təmsilçilərinin sözlərindən gələcək islahatların təxmini konturlarını müəyyən etmək mümkündür. Yəni artıq əminliklə demək olar ki, söhbət iqtisadi siyasətdə bütün sahələrin keyfiyyətcə yeni inkişaf səviyyəsinə yönəldilmiş önəmli dəyişikliklərdən gedir.

 

Yeni strategiyanın bünövrəsi

Təxminən, 5 il bundan əvvəl Azərbaycanda ilk açıqlamalar verildi ki, ölkənin inkişafı üzrə gerçəkləşdirilən iqtisadi model unikaldır və milli iqtisadiyyatın ehtiyaclarına uyğun şəkildə özəl olaraq işlənilib. Yəni müstəqillik yolunun hələ ilk başlanğıcında idarəetmənin bazar alətlərinə keçidini elan edən Azərbaycan qoyulan hədəflərə çatmaq üçün sovet plan iqtisadiyyatına xas proqram üsullardan da imtina etmədi. Bu illər ərzində qəbul edilmiş onlarla müxtəlif dövlət proqramları bunun açıq sübutudur. Onlar bir tərəfdən hədəfləri dəqiq şəkildə təyin etməyə, onların gerçəkləşdirmə müddətini müəyyən etməyə, digər tərəfdən isə əldə edilən nəticələrə nəzarət etməyə imkan yarardırdı.

Bu gün ən böyük dövlət proqramı regionların sosial-iqtisadi inkişafı ilə bağlıdır və bu il bu istiqamətdə sayca dördüncü proqramın həyata keçirilməsinə başlanılıb ki, bu da üç əvvəlki proqram kimi beş il müddətinə nəzərdə tutulub. Bildirmək yetərlidir ki, bu dövlət proqramları çərçivəsində Azərbaycanın regionlarına 70 milyard manat sərmayə qoyulub. Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, indiki proqram böyük dərəcədə yerlərdən gələn məktublar, sifarişlər əsasında formalaşdırılıb.

«Hansı problemlər insanları narahat edir, biz o problemləri də dövlət proqramına salmışıq və onları həll edirik. Amma bəzi hallarda bu layihələrin icrası ilə bağlı da bir çox qüsurlar, bir çox çatışmazlıqlar olur. Bunlar aradan qaldırılmalıdır», - deyə dövlət başçısı bildirib.

Demək gərəkdir ki, buna qədər dövlət proqramları iqtisadiyyatın müəyyən sahələrini əhatə edib. Ancaq 2016-cı ildən bu yana proqram yanaşması yumşaq şəkildə yol xəritələri müstəvisinə keçdi – yol xəritələri əslində müəyyən bir müddət üçün nəzərdə tutulmuş və bəndlər üzrə yazılmış məqsəd planıdır. Lakin burada nəzarət daha aydındır və yerinə yetirilməyə dair hesabat ictimaiyyət üçün açıqdır. Yol xəritələri çərçivəsində ölkənin sosial-iqtisadi həyatının, demək olar ki, bütün sahələrində genişmiqyaslı islahatlar həyata keçirilir.

Prezident İ.Əliyevin bu yaxınlarda Nazirlər Kabinetinin iclasında bildirdiyi kimi, məhz bütün bu islahatların gerçəkləşdirilməsi əsasında yeni iqtisadi inkişaf strategiyasının işlənməsinin vacibliyini şərtləndirdi: «Biz hazırda iqtisadiyyatımızın yeni inkişaf strategiyası üzərində işləyirik, bu proses başlanmışdır. Bu prosesə qabaqcıl beynəlxalq mütəxəssislər, alimlər cəlb ediləcək ki, yeni inkişaf strategiyamız uğurlu olsun və gözəl nəticələrə gətirib çıxarsın. Bu günə qədər görülmüş işlər bunun üçün gözəl zəmin yaratdı».

Qeyd edək ki, aparıcı beynəlxalq maliyyə qurumları da iqtisadiyyatda islahatların davam etdirilməsini dəstəkləyirlər və məsləhət yardımı etməyə hazırdırlar. «O qurumlarda fəaliyyət göstərən mütəxəssislər, əlbəttə ki, bu işlərə cəlb olunacaqdır. Beləliklə, biz indiki yol xəritələrinin icrasını uğurla başa vurmalıyıq və 2021-2025-ci illəri əhatə edən yeni proqramı işləyib təqdim etməliyik», - deyə Prezident İ.Əliyev vurğulayıb.

 

İnnovativ yanaşma

Beləliklə, yeni iqtisadi strategiyanın zamanı niyə məhz indi çatıb və o, təxminən, nəyi nəzərdə tutur? Məsələ bundadır ki, qeyd olunan yol xəritələri çərçivəsində 2017-2018-ci illər əvvəlki bir neçə ildə neft qiymətlərinin kəskin azalması və manatın dəyərinin aşağı düşməsi nəticəsində baş verən şoklardan və böhran sonrası hadisələrdən bərpa illəri kimi nəzərdə tutulub. Bu il və gələn il üçün hökumətin məqsədi kimi sabit iqtisadi artıma nail olmaq, iqtisadiyyatın rəqabətqabiliyyətliliyini artırmaq və onun dünya iqtisadiyyatına inteqrasiyasını təmin etmək müəyyən edilib. Burada söhbət hər şeydən öncə qeyri-neft özəl sektorun gücləndirilməsi və istehsal müəssisələrinin ixrac imkanlarını genişləndirməsindən gedir.

Qeyd edək ki, 2019-cu ilin birinci rübünün əsas statistik göstəriciləri qarşıya qoyuluş məqsədlərin yerinə yetirilməsində müsbət irəliləyişi təsdiqləyir. Belə ki, bu dövrdə ölkədə ÜDM-in 3% artımına nail olub ki, bu da son bir neçə il ərzində ən yüksək göstəricidir. Eyni zamanda sənaye istehsalı, ümumilikdə, 4,4 faiz, qeyri-neft sektorunda isə 15,6 faiz artıb.

Bütün bunlar iqtisadi inkişafın keyfiyyətcə yeni mərhələsinə keçidi şərtləndirir və son bir neçə ildə buna hazırlıq gedir. Bu çərçivədə infrastrukturun inkişafı, bütün ölkənin enerji və qaz təchizatının inkişafı üzrə əsas hədəflər, demək olar ki, tamamilə yerinə yetirilib ki, bu da son dərəcə önəmli sosial məsələ olmaqla yanaşı, həm də biznes başlanğıcları üçün əsas məsələdir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəhbəri Vüsal Qasımlının sözlərinə görə, gələn il 11 yol xəritəsi, həmçinin Prezident İ.Əliyev tərəfindən 2012-ci ilin sonunda təsdiq edilmiş "Azərbaycan 2020: gələcəyə baxış" adlı konsepsiya çərçivəsində tədbirlər planının gerçəkləşdirilməsi başa çatacaq. Bundan başqa, Azərbaycanda sənayenin inkişafı üzrə geniş proqramın (2015-2020) və ölkənin uzunmüddətli inkişafı üzrə 2012-ci ildə başlamış Dövlət Proqramının başa çatması məhz 2020-ci ilə hesablanıb.

Yəni məhz "yubiley" ili 2020-ci il bir sıra hədəf planları üçün yekun olmalıdır. Amma istənilən köhnə bitəndən sonra hər zaman yenisi başlayır. Buna görə, təbii ki, 2020-ci ildə ölkənin iqtisadi inkişafının növbəti mərhələsinin başlanması açıqlanacaq, bu, əldə edilmiş nəticələrin təkmilləşdirilməsi ilə yanaşı bir sıra sahələrdə, xüsusilə də iqtisadiyyatın "problemli" sektorlarında yeni həlləri nəzərdə tutacaq.

V.Qasımlının sözlərinə görə, 4-cü sənaye inqilabı çərçivəsində yaranmış şərtlər nəzərə alınarsa, iqtisadiyyat sahələrinin şaxələndirilməsindən daha çox iqtisadi istiqamətlərin ixtisaslaşmasına, iqtisadi inkişafa yanaşmada sektoral yönümdən (sector-specific) innovativ əmtəə yönümünə (product-specific) keçidə ehtiyac müşahidə edilir. Bu strategiyanın qısa mahiyyəti ondan ibarətdir ki, hökumətin və biznesin diqqətini bazarın - həm daxili, həm də xarici bazarların tələb etdiyi məhsullar istehsal edən və ya istehsal zəncirinin həlqəsi olan müəssisələrə sərmayə yatırımına yönəltsin. İqtisadiyyatın bütün sahələrinin inkişafı üçün kapitalın paylanmasına baxanda bu cür yanaşma ticari - maliyyə baxımından daha səmərəlidir. Bu baxımdan, Azərbaycanın ixrac imkanlarının yeni qiymətləndirilməsi keçiriləcək, xarici alıcılar üçün maraqlı olan məhsulların real adları və həcmi müəyyənləşdiriləcək.

 

Məzənnə nizamlanmasından inflyasiya targetlənməsinə

Çox güman ki, ən maraqlı dəyişikliklər pul-kredit siyasəti rejimində gözlənilir. Özü də, ölkənin Mərkəzi Bankının (AMB) rəhbəri Elman Rüstəmovun sözlərinə görə, onlar artıq bu ildən başlayacaq. Söhbət valyuta məzənnəsiinin idarə edilməsindən inflyasiya targetlənməsinə (məqsədli idarəçiliyinə) keçiddən gedir. Bu rejim çərçivəsində inflyasiya üzrə kəmiyyət hədəfi müəyyən edilir və onun nail olunmasına Mərkəzi Bank məsuliyyət daşıyır. Adətən, inflyasiya targetlənməsi rejimi çərçivəsində pul-kredit siyasətinin iqtisadiyyata təsiri Mərkəzi Bankın uçot dərəcələri ilə gerçəkləşdirilir. Qərarlar ilk öncə iqtisadi inkişaf və inflyasiya dinamikası proqnozları əsasında qəbul edilir. Eyni zamanda bu rejimin önəmli elementi Mərkəzi Bankın qəbul etdiyi qərarların mütəmadi olaraq ictimaiyyətə izah edilməsi sayılır ki, bu, Mərkəzi Bankın hesabatlılığını və məlumat açıqlığını təmin edir. Qeyd etmək lazımdır ki, bu təşəbbüs dünya iqtisadiyyatı üçün yetərincə yenidir (təxminən, 30 ildir ki, işlədilir), lakin ildən-ilə ona daha çox ölkə qoşulur – həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələr bu cür idarəetmənin bariz nəticələrini görürlər.

AMB bir müddət idi ki, bu yanaşmanı araşdırırdı, lakin devalvasiya dalğası və maliyyə bazarında böhrandan sonra yaranmış qarışıqlıq Mərkəzi Bankı bu planları təxirə salmağa məcbur etdi. Ancaq son iki il ərzində həm manatda, həm də inflyasiya proseslərində müşahidə edilən sabitlik tənzimləyicinin bu fikrə qayıtmasına imkan verdi. Xatırladaq ki, Azərbaycanda illik inflyasiya göstəricisi 2016-cı ildəki 12.4% göstəricisindən 2018-ci ildə 2,3% -dək azalıb, manatın məzənnəsi isə, demək olar ki, dəyişməyib.

E.Rüstəmovun sözlərindən belə anlaşılır ki, hələ ki, iqtisadiyyatın hər iki "lövbəri" - həm məzənnə, həm də inflyasiya idarəetməsi paralel gerçəkləşdiriləcək. "Dünya iqtisadiyyatında məzənnə sabitliyinin qorunması elementi kimi dövlət büdcəsinin sabitliyi göstərilir və bu gün manatın sabitliyi Azərbaycan iqtisadiyyatının əsas lövhəsidir, inflyasiya gözləntiləri də ondan asılıdır. Ancaq iqtisadiyyatın mütləq alternativ bir lövbərə də ehtiyacı var, əks halda sabitlik yalnız bir faktordan asılı olacaq. İnflyasiya proqnozu belə bir alternativ ola bilər və biznes məhz ona istiqamətlənməlidir", - deyə Rüstəmov hesab edir.

O, qeyd edib ki, iqtisadiyyatda sabitlik şəraiti, ona xarici amillərin təsirinin tənzimlənməsi, yeni büdcə qaydalarının qəbul edilməsi artıq bu ilin ikinci yarısında artıq inflyasiya targetlənməsi rejimindən istifadəyə başlamağa imkan yaradır.

Beləliklə, Azərbaycan iqtisadiyyatında olduqca maraqlı, keyfiyyətcə yeni inkişaf dövrü başlayır ki, bu da onun effektivliyini artırmağa, onu dünyanın inkişaf etmiş iqtisadiyyatlarının standartlarına yaxınlaşdırmağa imkan verəcək.



MƏSLƏHƏT GÖR:

305