6 May 2024

Bazar ertəsi, 02:34

DİQQƏT! NASİZM!

Cəmi 1-2 il əvvələdək Rusiya XİN-dən Ermənistana bu cür bəyanatın ünvanlana biləcəyini təsəvvür belə, etmək mümkün deyildi

Müəllif:

15.05.2019

Rusiya Xarici İşlər Nazirliyi mayın 7-də «Nasizmin qəhrəmanlaşdırılması, neonasizmin yayılmasına və irqçiliyin müasir formalarının, irqi ayrı-seçkiliyin,əksenofobiyanın və onunla bağlı digər dözümsüzlüklərin artmasına kömək edən digər praktikaların yayılması ilə bağlı vəziyyət haqqında» adlı hesabatla çıxış edib. Sənəddə deyilir: «Ermənistanın keçmiş hakim Respublikaçılar Partiyası Üçüncü reyx ilə əlaqəsi haqqında məlumatlar olan Q.Njdenin xatirəsinin birmənalı olmayaraq milliyyətçi siyasi qəhrəman kimi əbədiləşdirilməsi üçün addımlar atıb».

«Region Plus» jurnalı fəaliyyəti dövründə Ermənistanda faşizm tərəfdarlarının qəhrəmanlaşdırılması, faşizmin faktiki olaraq, bu ölkənin rəsmi ideologiyasına çevrilməsi faktına dəfələrlə diqqət çəkib. Son yarım ildə isə jurnalda mənim Sovet xüsusi xidmət orqanlarının məxfilikdən çıxarılmış sənədlərinə əsaslanan, Q.Njdenin Hitler Almaniyasının xüsusi xidmət orqanları ilə əməkdaşlığını sübut edən silsilə məqalələrim dərc olunub. Həmin məqalələr istər Azərbaycan KİV-də, istərsə də beynəlxalq mətbuatda geniş rezonans doğurub. Nəhayət, onların nə qədər doğru olduğu sürüşkən diplomatik ifadələrlə də olsa, Rusiya tərəfindən də rəsmən təsdiqlənib.

Əvvəlcə onu qeyd edək ki, Rusiya XİN-in sözügedən məruzəsində Azərbaycanla bağlı 4 əsas tezis yer alır. Söhbət kifayət qədər müsbət, informativ və nümunəvi tezislərdən gedir. Birincisi, Azərbaycanda neonasizm, irqçilik, irqi zəmində ayrı-seçkilik və ksenofobiya əlamətləri yoxdur. İkincisi, Azərbaycan rəhbərliyi ölkəni «müxtəlif xalq və din nümayəndələrinin birlikdə yaşadığı tolerant dövlət» kimi tanıdır. Üçüncüsü, üstəlik, faşizm üzərində Qələbə Günü ərəfəsində: Azərbaycan Sovet xalqının nasizm üzərində qələbədəki rolunun tarixinin qorunub saxlanmasında, İkinci Dünya müharibəsi tarixinin saxtalaşdırılması və nasizmin qəhrəmanlaşdırılması cəhdlərilə mübarizədə Rusiyanın yanaşmasını bölüşür. Dördüncüsü, sənəddə qeyd olunur ki, milli, irqi, dini nifrət zəmnində törədilmiş cinayətlər Azərbaycanın Cinayət Məcəlləsilə ağır cinayət sayılır və ona görə ciddi cəza nəzərdə tutulur.

Başqa sözlə, nasizmin qəhrəmanlaşdırılması, neonasizmin və irqçiliyin, irqi ayrı-seçkiliyin, ksenofobiyanın müasir formalarının qızışmasına yol açacaq bu kimi başqa halların yayılması ilə mübarizədə Moskva ilə Bakının mövqeyi tamamilə simmetrikdir və üst-üstə düşür. Bu məsələdə Rusiya ilə Azərbaycan barrikadanın eyni tərəfində, bir düşərgədə yer alır.

Bundan başqa, Rusiya XİN-i ötən il BMT Baş Assambleyasında Azərbaycanın « Nasizmin qəhrəmanlaşdırılması, irqçilik, irqi ayrı-seçkilik, ksenofobiya və onunla bağlı olan dözümsüzlüyün təşviqinə xidmət edən neonasizm və onun digər növlərinə qarşı mübarizə» adlı qətnaməni dəstəklədiyini xüsusi vurğulayır. Bununla yanaşı, Rusiya XİN-i bir məqamı ya diplomatik baxımdan, ya da sadəcə, utandığı üçün vurğulamır – Azərbaycan BMT Baş Assambleyasında bu qətnamənin səsə qoyulduğu əvvəlki illərdə bitərəf qalıb. Səbəb? Səbəb hər dəfə KTMT üzvlərinin məsələyə dair mövqeyini səsvermədən əvvəl və ya sonra Ermənistanın açıqlaması olub. Bu halda Bakı əlbəttə ki, sözügedən qətnamə ilə bağlı həmrəylik nümayiş etdirə bilməzdi. Çünki ortada Dağlıq Qarabağ münaqişəsi kimi geosiyasi əsas var.

Bu gün Rusiyanın xarici siyasət idarəsi Azərbaycanın mədəni və intellektual, həmçinin mənəvi baxımdan çiçəklənən dövlət olduğunu etiraf edir. Halbuki, Rusiyanın Qafqazdakı əsas və yeganə müttəfiqi olan Ermənistan millətçilik, şovinizm, ksenofobiya və ekstremizm çirkabında batır. Başqa sözlə, beynəlxalq hüququn normaları nələri qadağan edirsə, onlara Ermənistanda rast gəlmək mümkündür. Lakin bunları diplomatik dildə ifadə etmək asan deyil.

Bununla yanaşı, Bakı Rusiya XİN-ni Rusiya Federasiyası Dövlət Arxivində yer alan sənədlərin surətilə dəfələrlə tanış edib. Həmin sənədlərdə Qaregin Njdenin Nürnberq Tribunalının cinayətkar qurum kimi tanıdığı nasist təşkilatı – Təhlükəsizlik Xidmətinin (TX) agenti olduğu açıq şəkildə əksini tapıb. Demək, Njde nasist cinayətkarı olub.

Əlbəttə, Moskva bu faktı bir anda qəbul etməyə hazır deyil. Çünki bu, ortaya tamamilə obyektiv, əsaslı sual çıxaracaq: bunu bilmənizə rəğmən, bütün bu illər ərzində Ermənistanın nasistləşməsinə niyə göz yummuş, susmaqla bu işə niyə dəstək vermisiniz? Təbii ki, Rusiyanın siyasi elitası bu sualdan yayınmaq istəyir və məhz bu üzdən ölkə XİN-i hesabatında sürüşkən formula üstünlük verib: Njdenin «nasistlərlə əməkdaşlığına dair informasiya varmış».

Rusiya XİN-in hesabatında konkret olaraq Ermənistanla bağlı yazılanlara gəlincə, ölkədə fəaliyyət göstərən siyasi təşkilatlar arasında ötən ilin payızında qeydiyyata alınmış «Sesna srer»in millətçi meyilli təşkilat olduğu bildirilir. Onun ideologiyasının əsasını «Rusiya ilə Türkiyə arasındakı cinayətkar sövdələşmənin nəticəsi» olan Ermənistan Respublikasının (Moskva müqaviləsi, 1921) inkarı, «yeni dövlətin yaradılması» uğrunda mübarizə təşkil edir: «Partiyanın bəyan etdiyi hədəf «yeni Ermənistanın yaradılması»dır. Ona respublikanın indiki ərazisilə yanaşı, Dağlıq Qarabağın da daxil edilməsi nəzərdə tutulur. Bundan başqa, vətəndən kənarda yaşayan ermənilər ümumxalq referendumu vasitəsilə birləşdirilməlidir. Partiyanın proqramında guya «rus müstəmləkəçiliyilə tapdanmış» hüquqların bərpası, «Naxçıvanın və Axuryan çayından qərb tərəfin ermənilərin ixtiyarına qaytarılması» da nəzərdə tutulur».

Bununla yanaşı, Rusiya XİN-i bu partiya tərəfdarlarının 2016-cı ilin iyulunda İrəvanda post-patrul xidməti alayına məxsus binanı silahlı yolla ələ keçirdiyini xatırladır. Bu insident nəticəsində 2 polisin həlak olduğu da yada salınır. Lakin bütün bunlara baxmayaraq, Ermənistan parlamentinə ötən ilin dekabrında keçirilmiş seçkidə «Sesna srer» 1,82% səs yığa bilib (öz tərəfimizdən qeyd edək ki, əslində, «Sesna srer» terror təşkilatı olduğu üçün, ümumiyyətlə, rəsmi partiya statusu almamalıdır. Amma bu, necə deyərlər, dövlətin daxili işidir).

Cəmi 1-2 il əvvələdək Rusiya XİN-dən Ermənistana bu cür bəyanatın ünvanlana biləcəyini təsəvvür belə, etmək mümkün deyildi. Xüsusilə Azərbaycanla müqayisəli şəkildə. Ümumiyyətlə, son dövrlərədək Ermənistanda nasizmin qəhrəmanlaşdırılması ilə bağlı kifayət qədər tutarlı faktlara Rusiyanın rəsmi strukturları heç bir açıq reaksiya vermirdi. Hətta İrəvanda Njdenin heykəlinin ucaldılmasından, onun, həmçinin daha bir faşist kəşfiyyatçısı Dronun adının paytaxtın və digər şəhərlərin bir sıra küçə və meydanlarına verilməsindən sonra belə, Moskvanın hər hansı reaksiyasını görməmişdik.

Hər halda, çoxları təxminən 2,5 il əvvəl jurnalistlərin Rusiya XİN-in rəsmisi Mariya Zaxarovaya İrəvanın mərkəzində Njdenin abidəsinin ucaldılması ilə bağlı ünvanladıqları sualı yaxşı xatırlayır. Həmin şəxslər Zaxarovanın suala çaşqınlıq içərisində verdiyi cavabı da unutmayıblar: ermənilərin nasist kollaborasionistləri arasından kimləri istəsələr özlərinə qəhrəman seçmək hüququ var.

Amma bu gün vəziyyət dəyişib. Doğrudur, söhbət hər birimizin arzuladığımız köklü dəyişiklikdən getmir. Amma hər halda, məsələ «ölü nöqtə»dən tərpənib.

Mən tamamilə əminəm ki, Rusiya XİN-in sözügedən bəyanatı İrəvanda mənəvi və intellektual şok yaradıb. Çünki bu, erməni siyasətçiləri və ümumiyyətlə, bütün ermənilər üçün açıq siqnaldır:əbundan sonra Rusiyanın, hətta ən ermənipərəst dairələri üçün belə açıq millətçi ideologiyaya söykənən Ermənistan Respublikaçı Partiyası – az qala, faşist strukturu deməkdir və bu partiyanın qorunub saxlanmasında Rusiya maraqlı deyil. Onlar artıq Rusiya diplomatiyasının gözündə faktiki olaraq, aşkar ekstremist ideologiyaya sadiq «Sasna srer» partiyasından olan terrorçulardan heç nə ilə fərqlənmir. Başqa sözlə, indi, onların hər ikisi tam aşkar olmasa belə, Ermənistanın siyasi meydanında eyni küncə qoyulub. Kreml bu bəyanatla əslində, Ermənistanın sabiq prezidentləri Koçaryanla Sarqsyanın ölkə daxilində siyasi və hüquqi cəhətdən «məhv edilməsi»nə yol açıb. Bu, Paşinyanın ölkəsinin denasifikasiyası işinin öhdəsindən gəlməsini xeyli asanlaşdırır. O, bu haqda Almaniyaya bir müddət əvvəl etdiyi rəsmi səfəri zamanı da danışıb. Almaniya kansleri Angela Merkel ilə görüşündə Paşinyan ölkəsindəki daxili siyasi durumu 1946-cı ilin Almaniyasındakı vəziyyətlə müqayisə edib. Söhbət Nürnberq nasist cinayətkarlarının Beynəlxalq Hərbi Tribunal qarşısına çıxarıldığı dövrdən gedir.

Bununla yanaşı, bir məqamı da anlamaq lazımdır: Rusiya hökumətinin bu bəyanatı Ermənistanın hazırkı siyasi elitasına açıq eyhamdır. Hər halda, Paşinyan hökumətinin bəzi addımları zaman-zaman Kremldə anlaşılmazlıq yaradır. Ruslar bununla demək istəyir ki, Paşinyan və ətrafı Ermənistanı qeyri-adi, radikal strukturlardan təmizləyərsə, İrəvanla əlaqələr «Qarabağ klanı»nın hakimiyyəti dövründə olduğu səviyyədə davam etdirilə bilər. Bu halda söhbət şübhəsiz ki, istər qismən elə Paşinyanın özünün «məhsul»u olan «Sesna srer»dən, istərsə də hazırda baş nazirin əsas rəqibi olan Respublikaçılar Partiyasından gedir. Kreml faktiki olaraq, İrəvanda «Çin heç-heçəsi» təklif edir: bu zaman şahmat lövhəsindən bütün fiqurlar götürülür və partiyaya yaranmış şatdaundan çıxa biləcək siyasi oyunçular seçilməklə, yenidən başlanır. Başqa sözlə, Moskva Paşinyana Ermənistanın siyasi meydanını onun müdaxiləsi olmadan, başqa sözlə, «susqun razılığı» ilə radikallardan təmizləmək imkanı yaradır. Bu halda bizə Paşinyanın bu işi «səs-küysüz» görə bilib-bilməyəcəyini, iradəsi və siyasi resurslarının buna kifayət edib-etməyəcəyini gözləmək qalır.



MƏSLƏHƏT GÖR:

329