26 Aprel 2024

Cümə, 15:42

İNSAN HAQQINDA TEATRIN 25 YAŞI OLDU!

Dövlət Pantomima Teatrının aktyorları öz ad günlərində həmişə gerçək incəsənətə xidmət edəcəklərinə söz verdilər

Müəllif:

01.06.2019

Bakı Gənc Tamaşaçılar Teatrının qarşısında, yəqin ki, çoxdan bu qədər teatr sənətinə aid insan toplaşmamışdı. Bu may axşamı hər şey bütün teatr adamlarının «təhvil» və ya premyera günlərinə toplaşdığı köhnə günləri xatırladırdı. Təhvil – teatr işçiləri, yaxınlar və doğmalar üçün premyeradan qabaq göstərilən ilk tamaşadır. Bu gün bu yaxşı ənənə itirilib, buna görə də yaxşı ki, bir araya gəlməyə və həmkarların uğurlarından zövq almağa imkan verən yubileylər var. Həmin axşam 25 yaşı tamam olan Dövlət Pantomima Teatrını təbrik edirdilər! Teatrı yaradıcılıq və peşə fəaliyyətinə başladığı yerdə - Gənc Tamaşaçılar Teatrında təbrik edirdilər. Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayev öz açılış çıxışında bildirdi ki, Pantomima Teatrı bu illər ərzində təkcə ölkəmizdə deyil, ondan kənarda da çağdaş incəsənətin ümumi məkanında özünə yer tuta bilib.

  

Tarix və yaradıcı  

Teatr 1994-cü ildə Bəxtiyar Xanızadə tərəfindən Gənc Tamaşaçılar Teatrında "Dəli yığıncağı" adlı pantomima studiyası kimi yaradılıb. 2000-ci ildə Studiya-Teatr dövlət statusu alıb, 2005-ci ildə isə keçmiş "Şəfəq" kinoteatrının binası ona verilib. 1996-cı ildən etibarən kollektiv fəal şəkildə qastrollarda iştirak edir və artıq dünyanın 12 ölkəsində olub. Bu müddət ərzində kollektiv 50-dən çox tamaşa hazırlayıb; 50-dən çox kadr yetişdirib - Mədəniyyət və İncəsənət Universitetinin tələbələri Bəxtiyar Xanızadənin rəhbərliyi altında lazımi bacarıqlar əldə ediblər ki, bu da onların peşədə yetişməsinə, ölkənin mədəniyyət və sənət aləmində öz yollarını tapmasına imkan verib.

Bəxtiyar Xanızadəni təqdim etməyə ehtiyac yoxdur - teatr və kino aktyorudur, Azərbaycanın xalq artistidir, Mədəniyyət və İncəsənət Universitetinin dosentidir, kinorejissordur, unikal fenomenin - Pantomima Teatrının yaradıcısı və bədii rəhbəridir. 1978-ci ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib, Gəncə Dövlət Dram Teatrında işləyib, sonra İncəsənət İnstitutunun tədris teatrında və C.Cabbarlı adına kinostudiyada çalışıb. 1983-cü ildən etibarən pedaqoji fəaliyyətlə məşğuldur. 1987-ci ildə Leninqrad Musiqi Teatrı və Kinematoqrafiya İnstitutunun aspiranturasını bitirib. Aktyor ustalığı və teatr tamaşalarının librettosu haqqında bir neçə kitabın müəllifidir. Mədəniyyət Nazirliyinin "Fəxri mədəniyyət işçisi" nişanı ilə mükafatlandırılıb.

 

Repertuar haqqında

Teatrın repertuarında dünya klassiklərinin ədəbi əsərləri, xalq eposları üzrə qoyulmuş tamaşalar, yaxud da teatrın bədii rəhbərinin və aktyorların müəllif librettolarına əsaslanan çıxışlar yer alır.

 

Müəllim və tələbələr

İki saat boyunca teatr səhnəsində tamaşaçıların alqışları altında aktyorlar bir-birini əvəz ediblər. Onlar hamısı Bəxtiyar Xanızadə universitetindən keçiblər və özlərini yaradıcı şəxsiyyət kimi formalaşaraq, müstəqil yola çıxıblar. Buna baxmayaraq, onların hamısı həmin gün aktyor idilər. Öz müəllimləri və ustadları ilə yanaşı dayanmış aktyorlar idilər, öz rollarını - bədii rəhbərləri və ustadları olan Bəxtiyar Xanızadə rolunu oynamaq üçün ilk dəfə idi ki, səhnəyə çıxırdılar.

 

Belə başlamışdı…  

Söz və hərəkət deyil, məhz düşüncə aktyor Bəxtiyar Xanızadənin arzusu olub. Gerçəkləşmiş arzu. Tamaşanın səhnələri də belə başlayır: boş sahə məkanında narıncı geyimli Qadın bardaş qurub oturur, sağ əlində Ağac tutur. Ağac qurudur. Onun üzərində bir dənə də yarpaq yoxdur. Həyat çatışmır. Uca İdeya çatışmır. Müqəddəs Boşluq sanki gözləməkdən donub. Niyə? Ağacın digər tərəfində düşünən İnsan var. O, Yaradıcılıqla boşluğu dolduraraq məkanı canlandıra biləcək İdeya axtarışındadır. O, Bəxtiyardır. Nəhayət, İdeya yuxarıdan vəhy kimi İnsanın üzərinə enir və hirqə (sufi-dərvişlərin geyiminə) bürünərək Yola çıxır. Ancaq bildiyiniz kimi, yolu yolçu yorar. Və bu Yolda ona İdeyanı qəbul etməyə və son gününə qədər onu hirqə kimi çiyinlərində daşımağa hazır daha dördü qatılır.

 

Bəxtiyar Xanızadənin xatirələrindən

«Onlar dörd nəfər idilər və birincilər idi - Rövşən İsax, Siyavuş Hüseynli, Əsəd İsmayılov və Elman Rəfiyev. Onlar mənə inanırdılar və arxamca gəldilər. Biz onda bizi irəlidə nə gözlədiyini bilmirdik, bu barədə heç düşünmürdük. Biz yalnız yaradıcılıq haqqında, böyük İncəsənətin böyük İdeyası barədə düşünürdük və inanırdıq ki, yalnız seçilmiş işə dürüst, inanclı xidmət yolu həyatı məna ilə doldura bilər: bu gün, sabah və əbədilik. Biz ilk festivalımıza "Nağaraçılar" tamaşası ilə qatıldıq, onu hələ də teatrın repertuarında saxlayırıq, ancaq artıq digər aktyorların ifasında. Sonra başqa uşaqlar gəldi. Biz çoxaldıq. Həyat davam etdi...»

Xirqə yalnız sufi dərvişlərin bir semiotik rəmzi deyil. Bu, yüksək mənəvi kastaya məxsusluq əlamətidir. Tamaşada: küçədən və qapının altından buyruqla sırınmış əvəzedici sənətə deyil, gerçək, əsl İncəsənətə tapınanların kastası. Əvəzediciyə görə deyil, "gerçək və əsl" uğrunda döyüşə həm keçmiş illərin Pantomima Teatrının aktyorları, həm də bu gün teatrın səhnəsində çıxış edən aktyorlar

çıxacaqlar. Onlar çiyinlərindəki hirqə ilə qalacaqlar və bu hirqə keçmişin və indinin ideallarını birləşdirir. O idealları ki, heç şeyə baxmadan əbədiyyətə qalacaqlar - sevgi, mərhəmət, şəfqət, əxlaqi təmizlik, qarşı cinslərin ənənəvi münasibəti, Qadın kultu: ana, bacı və sevgili kimi.  

Daha sonra tamaşanın personajları köhnə çamadanda əfsanəvi Konstantin Stanislavskinin 25-ci cildini tapırlar (1989-cu ildə yalnız 9 ədəd buraxılıb!!!), xalq artisti Ramiz Həsənoğlu ifa edir, "Dünya mədəniyyəti. Xəbərlər" adlı qəzeti açaraq ucadan oxuyur: "Broadvey xəbərləri", "Çexov festivalı "," Mingəçevir Teatrı - 90 yaşında", "Pantomima Teatrı - 25 yaşında".  

Təbii ki, cənab Stanislavski sonuncu ifadəyə laqeyd qala bilməzdi və kollektivə yaşıl - çəhrayı rəngli ikitərəfli sehrli xalat təqdim etdi. Sehrli xüsusiyyətləri olan xalat! Sən demə, ovsun oxuyanda xalatın yaşıl rəngi keçmişə, çəhrayı rəngi isə gələcəyə aparır. Onda Bəxtiyar Xanızadə teatrının indi aktyorları, o cümlədən onun daimi yaradıcılığa, məşqə və özü üzərində işləməyə şirnikdirən personajı Bədii Rəhbər onları Zaman səyahətinə məcbur edirlər. Budur onlar teatrın yolunun başına döndülər, sonra da (dövlət!) statusu müəyyənləşdirilən dövrdə idilər və bu günə döndülər.  

Zamanda bu hərəkət prosesi zamanı tamaşaçı təmiz rus dilində Pavel Qandelmanın sadə "Keyptaun limanında" mahnısını canlı (fonoqram yox!) ifa edən qızların duetini görə bilir. İzləyici anlayır ki, səhnə kontekstində, əslində, bu mətn gəmidən sahilə gedən dənizçilərdən deyil, əksinə, itirilmiş ideya və məğzlərini axtaran, yanlış yollarda azmış və yalnız öz yolunu axtaran İncəsənət adamlarından bəhs edir. Sonra sehrli xalat onları, eyni zamanda bu günə və gələcəyə aparır.  

Orada Gələcəyin İnsanları nə qadınlara, nə canlandırmaya, nə də məna axtarışına ehtiyac duymayan teatr haqqında danışacaqlar, çünki məna primitiv, yenidən düşüncə tələb etməyən əşyalara və predmetlərə yönəldiləcək. Gələcəyin Teatrı - Primitivin Teatrı, Məzmunsuz Düşüncənin Teatrı olacaq, intellektual cırlaşmaya, göylərin Bəşəriyyətə ən böyük hədiyyəsi olan Sevginin məhvinə aparacaq. Gələcəkdə belə bir teatrı görən Pantomima Teatrının aktyorları günümüzə dönürlər, dönmədən öncə isə Teatrın bir İncəsənət forması kimi, aktryorla tamaşaçılar arasında mənəvi və fəlsəfi dialoq vasitəsi kimi cırlaşmasına imkan verməmək barədə özlərinə söz verirlər.

 

Memorandum  

Tamaşa - bəyan, tamaşa - memorandum, tamaşa - and Bəxtiyar Xanızadə tərəfindən elə düşünülüb və qurulub, elə oynanılıb və canlandırılıb ki, teatr muzasına xidmət edən hər şey və bu xidməti idarə edənlər öz hərəkətlərini kənardan baxa bilsinlər və anlasınlar ki, həm İncəsənət mənasızlığa həm də saxtakarlığa dözmür. Biz dəyişmə dövründə yaşayırıq və şahid oluruq ki, küçələrin kütləvi mədəniyyəti səhnəyə sıçrayaraq keçmiş uğurların ideallarını məhv edir, onları köhnəliyin qalığı kimi rədd etmək və günahlandırmaq artıq dəbə çevrilir.  

Görəcəksiniz ki, bu barədə ən çox bağıranlar Stanislavskinin, Meyerholdun, Piskatorun, Turabovun, Barronun, «Dördlərin Kartel»inin, Mehdi Məmmədov və başqalarının uğurları barədə heç zaman oxumayıblar və bilmirlər. Onlar öz cahilliklərinin və savadsızlıqlarının üzə çıxacağından qorxaraq, sənətdə zövqsüzlüyü və peşəkar çarəsizliyi İncəsənətdə yeni söz kimi təqdim edirlər. Amma yoxladıqda, əslində heç bir söz yoxdur. Elə İncəsənət də. Amma epataj arzusu var və bunun arxasında sırınmış dəb idealların dağıdıcı gücü dayanır, bu güc isə yalnız səhnəyə axın etmiş andeqraund və küçə flaşmobu ilə bağlı deyil. Yaxşı ki, Pantomima Teatrının estetik idealları bu gücə qarşı dayanır və öz humanist baxışlarına, "teatr insanlar üçündür" fəlsəfəsinə xəyanət etmir.

Bəxtiyar Xanızadə: "İncəsənət tərbiyə etmək üçün nəzərdə tutulub. O cümlədən mənəviyyatca da. Teatr insanla onun barəsində danışmaq üçün yaradılıb. İnsan haqqında. Teatr insana özünü tanımaq yolunda kömək edə biləcək bir incəsənət formasıdır. Teatr həmişəlik seçdiyiniz dini inanca bənzəyir. Buna görə də aktyorların eyni zamanda bir neçə teatrda çalışmaq istəyini alqışlamıram. Çünki hər bir teatrın öz estetik platforması, öz yolu, öz istiqaməti və öz auditoriyası var. Yad estetika yaxşı heç bir şey vermir. Əksinə. Kənardan gətiriləni məhv edir. Kinoda çəkilmək olar. Bu, müvəqqəti prosesdir. Teatr dəyişməz kəmiyyətdir. Buna görə də aktyorlara özlərinə daha yaxın olanı seçməyi təklif edirəm. Əgər pantomimadırsa pantomimanı, dramdırsa dramı seçsinlər. Bu, sadə məsələdir."  

O, yalan danışmır. Ümumiyyətlə, hər şey onun üçün şəffafdır: həm quruluş ideyaları, həm teatrın estetikası, həm də hər kəsin sarsılmaz qaydalara riayət etdiyi komanda mikro mühiti. Bu mühitdə 20-ci əsrin rejissurasının üsulları, teatr klassiklərinin İncəsənət İdeyasının məğzi barədə estetik baxışları zibil qutusuna atılmır, seçilmiş işə fədakar sevgisi qanunu birinci yerdə dayanır. «Ya özünü həsr et, ya da get!» düsturu ələ salınmır və daha praqmatik "Hər pula görə və kassaya görədir!" düsturu ilə əvəzlənmir.  

Buna görə, tamaşanın sonunda Ağac və Qadın anna-Yer kimi, gerçək İncəsənətin ulu nənəsi kimi yenidən peyda olur - Bəxtiyar çıxır və budaqlara böyük yaşıl yarpaqlar asır. Bir, iki, üç, dörd... Daha sonra aktyorlar da çıxıb eyni işi edirlər. İndi ağac canlı yaşıl bir tac ilə örtülüb. İncəsənət yaşayır. Teatr da yaşayır. Düşüncəsizlikdən və savadsızdlıqdan, ya da biganə rəftar üzündən onu dağıdanların nə deməsindən və nə etməsindən asılı olmayaraq.



MƏSLƏHƏT GÖR:

272