28 Aprel 2024

Bazar, 13:22

GÖZLƏMƏ REJİMİNDƏ

ABŞ-ın İran neftini alanlara qarşı sanksiyaları genişləndirməsi OPEK və OPEK+ çərçivəsində neft hasilatının azaldılması qərarına təsir edəcəkmi?

Müəllif:

01.06.2019

OPEK+ çərçivəsində anlaşmaların həyata keçirilməsinin monitorinqi üzrə birgə nazirlər komitəsinin (JMMC) iclasları həmişə qlobal enerji bazarında mühüm hadisə sayılır. OPEK-in və OPEK üzvü olmayan ölkələrin nazirlərinin Bakıda keçirilmiş mart görüşündə neft satışının azaldılması üçün son müqavilənin bazarda faydalı təsirləri müzakirə olunmasından çox az vaxt keçəndən sonra bu müqavilənin gələcək taleyi yenə sual altına düşdü.  

Xatırladaq ki, 2018-ci il dekabrın 7-də OPEK+ ölkələri 2019-cu ilin birinci yarısında neft hasilatının 2018-ci ilin oktyabr ayının səviyyəsinə baxanda 1,2 milyon barel /sutka azaldılması barədə anlaşmışdılar. Eyni zamanda, OPEK ölkələri öz istehsallarını 800 min b/s (hər bir ölkədə istehsal həcminin 2,5%-i qədər), OPEK-ə üzv olmayan ölkələr isə 400 min b/s (hər bir ölkə istehsal həcminin 2% qədər) azaldılması barədə öhdəlik götürmüşdülər.

 

«Yox» kimi «hə»

Bütün bunlar aprelin sonunda ABŞ-ın 2019-cu il mayın 2-dək İran neftinin alınması ilə bağlı sanksiyaların tətbiq edilməməsinə icazə verilən səkkiz ölkə (Çin, Hindistan, İtaliya, Türkiyə, Yunanıstan, Yaponiya, Cənubi Koreya və Tayvan) ilə bağlı istisnanın uzadılmaması ilə bağlı qərarı ilə başlayıb. Beləliklə, Donald Tramp administrasiyası İran neftinin ixracını sıfıra endirmək qərarına gəlib ki, bu da nə az, nə də çox - gündə 1 milyon bareldir. Birləşmiş Ştatlar eyni zamanda bəyan etdi ki, Səudiyyə Ərəbistanının və Birləşmiş Ərəb Əmirlikləri İran neftinin azalmasının əvəzini artıqlaması ilə dolduracaqlar, sən demə, onlarla artıq anlaşma da var. Hər iki ölkənin OPEK+ anlaşmasında iştirak etdiyi nəzərə alınarsa, İran neftinin əvəzlənməsi üçün istehsalın artırılmasına razılıq verilməsi faktiki olaraq anlaşmadan birtərəfli şəkildə çıxılması demək olur və anlaşmanın bu ilin sonunadək uzadılmasının mümkünlüyünü minimuma endirir.

Doğrudur, Ər-Riyad dərhal Vaşinqtonun bəyanatı ilə bağlı açıqlama verməyə tələsdi və bir tərəfdən İran neftini öz nefti ilə əvəz etməyə tam hazır olduğunu bildirdi, digər tərəfdən isə iyul ayına qədər keçərli olan OPEK+ müqaviləsinə riayət etməkdə qərarlı olduğunu ifadə etdi. "Səudiyyə Ərəbistanı OPEK+ anlaşmasında qalacaq və neft istehsalı üzrə limitini aşmayacaq, baxmayaraq ki, istehlakçılara qarşı addım atmağa və o cümlədən İran neftini əvəz etməyə də hazırdır", - deyə bu ölkənin energetika naziri Xəlif Əl-Falih bildirib.

Səudiyyəlilərin ikili mövqeyini anlamaq olur. Əlbəttə ki, bazarı tərk edən iri neft tədarükçüsünün payı yetərincə yağlı tikədir və özünə hörmət edən istənilən bir karbohidrogen xammalı istehsalçısı onu əldə etmək istəyər. Bununla yanaşı, bazarın İran neftinin çatışmazlığını hiss etməsi üçün çox vaxt tələb olunur. Buna görə, Krallıq üçün vaxtından əvvəl OPEK+ həmkarları arasında narazılıq yaratmağın mənası yoxdur. 2019-cu ilin ikinci yarısında neft hasilatını azaltmaq üzrə anlaşmanın uzadılması barədə qərarın 25-26 iyun tarixlərində Vyanada OPEK və qeyri-OPEK nazirlərinin toplantısında qəbul ediləcəyi gözlənilir. Əgər həmin zamana qədər bazar kəskin xammalın kəskin çatışmazlığını hiss edərsə, onda əlbəttə ki, anlaşmanı uzatmağa ehtiyac olmayacaq.

Beynəlxalq Energetika Agentliyi (BEA) hesab edir ki, İran nefti Səudiyyə Ərəbistanı, İraq, Rusiya və Birləşmiş Ərəb Əmirliklərinin oxşar markaları ilə əvəz edilə bilər. Qətər və Avstraliyanın da İran kondensatını bazarda əvəz etmək üçün yaxşı imkanları var. Mürəkkəb neftayırma zavodlarına malik Hindistan İran neftini eyni keyfiyyətli Səudiyyə və İraq nefti ilə əvəz edə bilər.  

"Koreya «Cənubi Pars» yatağından İran kondensatının ən böyük idxalçısıdır, o, öz neft-kimya zavodları üçün xammalı alternativ ünvanlardan axtarmağa məcbur olacaq, yəqin ki, daha bahalı olacaq və daha ağır nafta satın almağa məcbur olacaq",- deyə BEA vurğulayıb.

  

Neft və siyasət  

Bununla yanaşı, neft istehsalına görə OPEK üzvləri arasında dördüncü sırada olan rəsmi Tehran neft bazarındakı mövqeyindən könüllü olaraq imtina etməyi planlaşdırmır. İran öz ixracına maneçilik olan kimi ABŞ-ın hərəkətlərinə cavab olaraq Hörmüz boğazını bağlamaqla və bununla da Fars körfəzi bölgəsindən neft ixracına mane olmaqla təhdid edib. Yeri gəlmişkən, bölgə neftinin 30% -i bu boğazdan nəql olunur.

Bundan əlavə, İran Dəniz Limanları Təşkilatının dəniz işləri üzrə direktor müavini Hadi Hakşenas bildirib ki, ötən aylarda olduğu kimi İrandan neft və neft məhsulları ixracı davam edir. İran rəsmisinin məlumatına görə, Neft Nazirliyinin neft və neft məhsullarının ixracı üzrə taktikası dəyişib və "ola bilər ki, limanlarımızdan neft yüklərinin göndərildiyi istiqamətləri dəyişib".  

"Bütün neft yükləri formal olaraq təyinat istiqamətlərinə göndərilir. Əlbəttə, inkar etmək olmaz ki, neft və neft məhsullarının yüklənməsi əvvəlki dövrlə müqayisədə azalıb, amma limanlarımızdan neft yüklərinin göndərilməsi konkret olaraq dayanmayıb",- deyə o bildirib.

Yaxın Şərq bölgəsindəki vəziyyət may ayının ortalarında Hörmüz boğazında - Birləşmiş Ərəb Əmirlikləri sahillərində iki Səudiyyə Ərəbistanı tankerinin atəşə tutulması ilə daha da gərginləşdi, bir gün sonra isə silahlı pilotsuz uçan aparatlar Krallığın şərq əyalətlərindən Yatbu limanına neft ötürən «Şərq-Qərb» nasos stansiyasını partlatdılar, hücum yanğına səbəb oldu və nasos stansiyasına kiçik zərər verdi. Ümumiyyətlə, insidentlərdə heç kim zərər çəkmədi, Səudiyyə Ərəbistanından neft ixracatı dayandırılmadı. Lakin H. əl-Falih gəmilərə zərər dəydiyini söylədi. Ər-Riyad və Vaşinqton İranın Xarici İşlər Nazirliyinin təkzib etməsinə baxmayaraq, hücumları Tehranla əlaqələndirmişlər.

Yaxın Şərqdə siyasi gərginliyin artması ilə etalon neft markaların qiymətinin artımı sürətləndi – «Brent» neftinin qiyməti bir barel üçün 73 dolları keçdi, WTI isə barel üçün 63,30 dollara çatdı.

 

OPEK-də qeyri-müəyyənlik  

Paralel olaraq, OPEK və qeyri-OPEK nazirləri 19 mayda Ciddədə neft bazarında mövcud vəziyyət və neft hasilatını azaltmaq üzrə anlaşma iştirakçılarının öhdəliklərini yerinə yetirməsi ilə bağlı müzakirələr aparmaq üçün JMMC-nin 14-cü iclasında görüşdülər. Görüş zamanı aydın oldu ki, OPEK+ anlaşmasının aprel ayında yerinə yetirilməsi 168% təmin edilib, ümumiyyətlə 2019-cu ilin yanvarından aprel ayına qədər yerinə yetirilməsi 120% təşkil edib.

Buna baxmayaraq, Komitə qeyd edib ki, ticarət danışıqları və geosiyasi problemlər şəklində ciddi qeyri-müəyyənliklər mövcuddur, həmçinin Komitə iclasın yekunu kimi, neft bazarının monitorinqinin və təhlilinin davam etdirilməsini tövsiyə edib. O cümlədən, OPEK və qeyri-OPEK ölkələrinin 2019-cu ilin iyun ayında keçiriləcək növbəti görüşünə neft ehtiyatları üzrə lazımi tövsiyələri hazırlamaq, həmçinin 2019-cu ilin ikinci yarısı üçün fəaliyyət planı hazırlamaq tövsiyə edilib.  

Rusiya energetika naziri Aleksandr Novak görüşə yekun vuraraq bildirib ki, ölkələr ilin ikinci yarısında da birlikdə işləri davam etdirməyə hazırdırlar. "Hansı parametrlərlə, hansı rəqəmlərlə - bu, iyun ayında dəqiqləşdiriləcək", - deyə o bildirib.

"Müqavilə çox səmərəli olduğunu göstərdi. Biz tələbatın azaldığı qış dövrünü kifayət qədər yaxşı keçdik, buna görə bu gün biz ilin birinci yarısı nəticəsində ortaya çıxacaq vəziyyəti qiymətləndirməliyik, nəticələri qiymətləndirmək, ilin ikinci yarısı üçün proqnozları nəzərdən keçirmək lazım gələcək",- deyə Novak vurğulayıb.

Yeri gəlmişkən, rusiyalı nazirinin bazarda kəsir yaranarsa istehsalın artırılmasının mümkünlüyünü istisna etməyib. "Çox şey ilin ikinci yarısında tələbatdan asılı olacaq. Yayda kəsir mümkündür, əgər əvvəlki illərdə olduğu kimi tələbat artırsa, o, adətən qış mövsümünə baxanda 2 milyon b/s artıq olur. Buna görə diqqətlə baxmaq və kəsirə yol verməmək üçün tez reaksiya vermək lazımdır. Ola biləcək variantlardan biri istehlakçıların bazar tələbatını təmin etmək üçün hasilatın tədricən artırılmasıdır",- deyə o, əlavə edib.

X. əl-Falih öz növbəsində, dünyada neft ehtiyatlarının artmasının davam etdiyini bildirirək, OPEK+ anlaşmasının iştirakçılarına diqqəti məhz bu göstəricinin azaldılmasına yönəltməyi təklif edib.  

"Bizim iki il yarım əvvəl başladığımız yolu davam etməyimiz lazımdır. Bazarda indi həssas bir vəziyyət var – bir tərəfdən təchizatda kəsintilər, sanksiyalar, digər tərəfdən ehtiyatlar artır. Ümumiyyətlə, həmkarlarımıza tövsiyəm diqqəti neft ehtiyatlarının lazım olan səviyyəyə endirməyə yönəltməkdir ki, istehlakçıları sakitləşdirə bilək ", - deyə nazir bildirib.  

X. əl-Falihin sözlərinə görə, OPEK+ nazirlərinin monitorinq komitəsinin iclasında müzakirə olunan əsas variant hasilatın azaldılması üzrə anlaşmanın 2019-cu ilin ikinci yarısında da uzadılmasıdır.

 

Uzadılma tərəfdarları

Azərbaycan OPEK + çərçivəsində anlaşmanın uzadılmasını dəstəkləyir. Ölkənin energetika naziri Parviz Şahbazov iyun ayından sonra müqavilənin uzadılmasının vacib olub-olmadığı barədə suala cavabında deyib: "Düşünürəm ki, hə".  

"İki il ərzində əməkdaşlıq onun tutarlı olduğunu sübut etdi, nəticələr bu gün göz qabağındadır. Məncə, bu əməkdaşlığın davam etdirilməsi lazımdır", - deyə P. Şahbazov bildirib.

Nazirin sözlərinə görə, hazırda balansın təmin edilməsi və qiymətlərin həm istehsalçılar üçün, həm də istehlakçıları üçün məqbul səviyyədə saxlanması məsələsində neft bazarına əsas dəstəyi OPEK+ ölkələri göstərə bilərlər.  

"Məhz OPEK+ çərçivəsində əməkdaşlıq sayəsində neft bazarı dünya iqtisadiyyatının artım templərinin zəifləməsi, qlobal neft bazarında ticarət məhdudiyyətləri, geosiyasi qeyri-sabitlik və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) ölkələrində kommersiya neft ehtiyatlarının artması şəraitində böhranla üzləşmədi",- deyə P.Şahbazov vurğulayıb.

Yeri gəlmişkən, Azərbaycan özü yalnız apreldə OPEK+ anlaşması çərçivəsində öhdəliklərinin 100% yerinə yetirilməsinə nail olub, hasilatı 776 min b/s-dən

(2018-ci ilin sentyabr səviyyəsindən - R +) 683 min b/s-yədək azaldıb. Ümumiyyətlə, 2019-cu ilin yanvar-aprel aylarında ölkədə gündəlik neft hasilatının orta günlük həcmi 770 min barel olub, anlaşmanın yerinə yetirilməsi səviyyəsi isə orta hesabla 130% təşkil edib.

JMMC üzvlərindən olan Qazaxıstan da OPEK+ formatında davamlı əməkdaşlığı dəstəkləyir. Eyni zamanda o, neft hasilatını azaldılması üzrə anlaşmanın şərtlərində mümkün dəyişiklikləri müzakirə etməyə hazırdır. Belə bir açıqlama ilə bu ölkənin energetika nazirliyi tərəfindən verilib. Qurumun fikrincə, anlaşma üçün yeni şərtlərin qəbul edilməsi 2019-cu ilin ikinci yarısı üçün dünya neft istehsalının və istehlakının proqnozları ilə şərtləndirilə bilər.

«Fitch» analitikləri hesab edirlər ki, OPEK+ qəbul edilmiş ümumi kvotanı dəyişmədən İranın hesabına azalacaq neft nəqlin kompensasiya edə bilər. "Bu, mövcud kvotalar çərçivəsində hasilatın artırılması və ya kvotaların yenidən bölüşdürülməsi ilə effektiv şəkildə əldə edilə bilər", - deyə agentlik vurğulayıb.

Bununla belə, «Fitch» hesab edir ki, 2019-cu ilin ikinci yarısında OPEK+ ölkələri, xüsusilə də hasilatı ən çox azaltmış Səudiyyə Ərəbistanı qlobal tələbatın ödənilməsi üçün hasilatı müəyyən qədər artırmağa məcbur olacaq, lakin bu proses tədricən olacaq.  

"Bu, keçən il baş vermiş vəziyyətdən qaçınmaq üçün vacibdir, onda İrana qarşı sanksiyalar elan edildikdən sonra Səudiyyə Ərəbistanı, Rusiya və digər ölkələrn hasilatı artırdılar. Amma Amerika Birləşmiş Ştatları gözlənilmədən bu sanksiyalar çərçivəsində müəyyən yüngülləşmələrə icazə verdiyini bildirdi. Bu, “Brent” neftinin qiymətinin ilin sonuna qədər 50 dollara qədər düşməsinə səbəb oldu", - deyə agentlik yazır.

Bundan əlavə, «Fitch»in qiymətləndirməsinə görə, OPEK+ sürətli qərar kimi apreldə həcmi təxminən 2-2,5 milyon barel təşkil etmiş ehtiyat güclərindən istifadəyə başlaya bilər.

Nazirlərin növbəti toplantısına qədər yetərincə zaman var və bu müddət ərzində dünya neft bazarında vəziyyət önəmli dərəcədə dəyişə bilər. Xüsusilə, nəzərə almaq lazımdır ki, bu bazar iqtisadi amillərdən daha çox siyasi hadisələrin təsiri altına düşür. Bununla belə, OPEK+ anlaşmasının iştirakçılarının mövqelərini nəzərə alaraq, ehtimal etmək olar ki, müqavilənin uzadılacaq, lakin böyük ehtimalla, o, yenilənmiş variantda olacaq.



MƏSLƏHƏT GÖR:

248