28 Aprel 2024

Bazar, 05:31

MXİTARYANDAN AVTOQOL

Mxitaryan «Arsenal»ı erməni iddialarına qurban verdi

Müəllif:

01.06.2019

Bakıda iki ingilis klubu – «Arsenal»la «Çelsi»nin iştirakı ilə nəhəng idman tədbiri – futbol üzrə Avropa Liqasının finalı keçirildi. Britaniya mətbuatı isə futbolçularından fərqli olaraq, bu bayramı hələ başlamadan pozmağa çalışdı, Azərbaycana qarşı görünməmiş anti-piar apardı…

 

İngilissayağı isteriya

Dumanlı Albiondan qəzəb harayı Avropa Liqasının finalında iki ingilis klubunun qarşılaşacağı bəlli olar-olmaz başlamışdı. Halbuki, əslində, onlar sevinməli idilər: uzun illər sonra «futbolun yaradıcıları» Avropanın eyni vaxtda iki nəhəng turnirinin finalında öz klublarını izləyəcəkdilər. Məlum olduğu kimi, Bakı finalı ilə yanaşı, Çempionlar Liqasının Madriddə baş tutacaq əsas oyununda da iki ingilis klubu – «Liverpul»la «Tottenhem» qarşı-qarşıya gələcək.

Amma məsələ bunda deyil. Britaniya XİN-i Bakının «gecələr təhlükəli ola biləcəyi» haqda rəsmi bəyanatla çıxış etmişdi. Diplomatik qurumun bu qəribə bəyannaməsinə yerli KİV də qoşulmuşdu. KİV sanki Azərbaycan və paytaxtını ləkələmək üçün ən xırda imkandan da yararlanmağa çalışırdı. Lakin onların əksər iddiaları uydurma, əsassız idi.

Bununla yanaşı, bəzi hallarda isteriyasının dərəcəsi lap həddi aşırdı. Məsələn, «The Guardian» «hesablamışdı» ki, təxminən, 45 min ingilis tərəfdarın Avropa Liqası və Çempionlar Liqası finallarını izləmək üçün Bakı və Madridə getməsi təyyarələrin Britaniya atmosferinə 35 min tondan çox zəhərli qaz buraxmasına səbəb olacaq.

«Bundansa «Arsenal»la «Çelsi» Londonda oynasınlar», deyə hörmətli qəzet yazısının sonunda bildirilirdi.

Sanki İngiltərə üzərindən hər gün baş tutan minlərlə uçuş yada düşmür: yazının müəllifləri hesab edirdilər ki, ətraf mühitə zərəri məhz Bakıya uçacaq təyyarələr vuracaq. Yaxşı ki, Britaniya təyyarələri Azərbaycan yanacağı ilə işləmir (xoşbəxtlikdən, İngiltərənin kifayət qədər neft şirkəti var). Yoxsa qəzet səhifələrindən gələn «üfunət», həqiqətən də, ekologiyanı korlayacaqdı.

Odun üzərinə yağı isə «Liverpul» klubunun baş məşqçisi Yurgen Klopp tökdü. Halbuki onun komandası Bakıda deyil, Madriddə oynamalıdır. Alman mütəxəssis UEFA-nı final qarşılaşmasının keçiriləcəyi yeri müəyyənləşdirən zaman «məsuliyyətsizlik etməkdə» təqsirləndirib.

«Bu qərarı qəbul edən şəxslərin səhərlər nə yediklərini bilmirəm… Bilmirəm ora necə getmək olar. Ümumiyyətlə, Bakıya müntəzəm reyslərin olub-olmadığından da xəbərsizəm. Bu məsələlər aydın deyil. Finalların keçiriləcəyi yerlə bağlı qərarlar daha əsaslı, daha məntiqli olmalıdır. Bu, məsuliyyətsizlikdir», - deyə Klopp bildirib.

Görünür, baş məşqçinin yaddaş problemi var: 2010-cu ildə o, Dortmundun «Borussiya» klubunun baş məşqçisi kimi, Bakıya gəlmiş, hətta burada yerli «Qarabağ» üzərində qələbə də qazanmışdı.

Finalda qarşılaşan «Arsenal»la «Çelsi» də Bakıya ilk dəfə gəlmirdi. Bu ingilis klubları ilə yanaşı, o qədər də uzaq olmayan keçmişdə «Atletiko», «Roma» və «Sportinq» kimi komandalar da Bakıda olub.

Lakin şübhəli iddiaları məhz «Arsenal» rəhbərliyi davam etdirməyə başladı. «Bakının uzaq olduğunu», oraya səfərin «baha başa gəldiyini» deyən klub rəhbərliyi guya bu üzdən bir çox tərəfdarların Bakıya gedə bilmədiyini bildirdi, bunu «qəbulolunmaz» adlandırdı. UEFA isə öz növbəsində, «Arsenal» rəhbərliyini sakitləşdirmək üçün təşkilatın ekspertlərinin bütün logistika məsələlərini həll etdiyini deyərək, Bakı Olimpiya Stadionuna biletləri əminliklə «bron» edə biləcəklərini klub rəsmilərinin nəzərinə çatdırdı.

Amma bu dəfə «Arsenal» bossları Azərbaycana qarşı erməni legionerləri Henrix Mxitaryan vasitəsilə «hücuma keçdi».

 

«İztirablı» Henrix

«Arsenal» və Ermənistan millisinin futbolçusu Henrix Mxitaryan «təhlükəsizlik məsələlərini» əsas gətirərək, Bakıya yollanmayacağını bəyan etdi. Bundan dərhal sonra «xeyirxahlar» Azərbaycana növbəti çirkab «atəşi»nə başladı. «İdman prinsiplərinin tapdanması», «ermənilərə qarşı nifrət», «ksenofobiya» - bütün bunlar İngiltərə KİV-nin Bakının ünvanına yağdırdığı virtual ittihamların yalnız bir neçəsidir. Britaniya KİV-i 30 yaşlı erməni futbolçunun, bəlkə də, karyerasının əsas matçına çıxa bilməyəcəyindən əməlli-başlı təəssüflənirdi. Bu zaman Henrixin atasını tez itirdiyi, karyerasını quran zaman bir çox çətinliklərlə üzləşdiyi, ailəsinə yardım etmək məcburiyyətində olduğu, ailədə yalnız onun işlədiyi kimi məqamlar da yada salınırdı. Bir sözlə, mətbuat futbolçu haqqında bir obraz yaradırdı: həyatın bir çox şeylərdən məhrum etdiyi idmançı, indi də layiq olduğu finalda oynaya bilmir.

Beləliklə, Henrix Mxitaryan müasir Ermənistan qədər «iztirablı» imiş.

Guya bu, idman prinsiplərini tapdayaraq, Qarabağ separatçılarına aşkar dəstək verən, hər il Azərbaycanın işğal olunmuş ərazilərinə baş çəkən Henrix deyil. Sanki söhbət əli Qarabağın yüzlərlə günahsız azərbaycanlı sakininin qanına batmış erməni yaraqlıları – «azatamartik»lərin fondlarına böyük həcmdə yardımlar göstərən şəxsdən getmir. Yox, bu, o Henrix deyil. Söhbət hansısa «iztirablı» Henrixdən gedir.

Azərbaycan dövlətisə erməni futbolçunun «iztirablarını» nəzərə aldı - işğal olunmuş torpaqlara qeyri-qanuni səfər Mxitaryanı avtomatik olaraq ölkənin «qara siyahı»sına salsa da, Bakı ona təhlükəsizlik zəmanəti verdi. Henrixə qalan yeganə iş dünyaya idmanın əsas prinsiplərindən olan xoş məram nümayiş etdirmək üçün sevmədiyi Bakıya gəlmək idi…

Lakin cənab Mxitaryan məsələni siyasiləşdirməyi qərara aldı və qısa pauzanın ardından Bakıya gəlməyəcəyini bəyan etdi. Oyununu izləmək istəyən tərəfdarları nəzərə almadan idmançı kimi səriştəsizliyini ortaya qoyan futbolçunun, bunun müqabilində siyasi xal qazandığı da şübhə doğurur. Hər halda, indiki informasiya texnologiyaları əsrində «cidanı torbada gizlətmək» çətindir. Futbol fanatlarının sosial şəbəkələrdəki şərhləri də göstərir ki, bundan sonra klubun formasını geymək ona çox çətin olacaq.

Erməni idmançılar indiyədək dəfələrlə Azərbaycan paytaxtında təşkil olunmuş idman yarışlarına qatılıblar. Avropa Liqasının finalından cəmi bir neçə gün əvvəl Rusiya yığmasının heyətində çıxış edən Qarsevan və Duxik Canazyan bacı-qardaşı gimnastika üzrə Avropa Çempionatına qatılmaq üçün Bakıya gəlmişdilər. Onlar Avropa Liqasının keçirildiyi Olimpiya Stadionunun bir neçə addımlığında yerləşən Milli Gimnastika Arenasında çıxış ediblər. Olimpiya Stadionunda isə cəmi bir neçə il əvvəl – 2015-ci ilin yayında təşkil olunmuş Avropa Oyunlarında Ermənistan millisinin üzvləri öz bayraqları ilə dövrə vurmuşdular. Həmin turnirə 25 erməni idmançı qatılmışdı. Buraya onların müşayiət etmiş şəxsləri – məşqçiləri, həmçinin nümayəndə heyətinin digər üzvlərini də əlavə etsək, onlarla erməni idmaçının həftələrlə Azərbaycan paytaxtında yaşadığı, gəzişdiyi aydındır. Üstəlik, tam təhlükəsiz şəraitdə.

Yeri gəlmişkən, Azərbaycan Prezidenti İlham Əliyevin həmin yarış günlərindən birində verdiyi dərsi də yada salmaq lazımdır. O, yarışda titul qazanmış erməni əsilli Ukrayna idmançısı Gevorq Manukyanı şəxsən mükafatlandırmışdı. Dünyaya bu cür xoş məramın nümayişi hər hansı formal təhlükəsizlik zəmanətindən daha vacib deyilmi?

Bəli, Azərbaycanla Ermənistan müharibə şəraitindədir. Ermənistan Azərbaycan ərazisinin 20%-ni işğal edib. Lakin Bakı Azərbaycanda təşkil olunan idman yarışlarına qatılmaq istəyən istənilən erməni idmançıya hər zaman təhlükəsizlik zəmanəti verib. O, idmanı siyasətə qatmamaq prinsipinə bu gün də sadiqdir.

Yaranmış vəziyyəti CNN telekanalına şərh edən Azərbaycanın idman naziri Azad Rəhimov bildirib ki, Bakı Mxitaryana bütün lazımi təhlükəsizlik zəmanətini verib. «Bundan böyük zəmanət? «Böyük» dedikdə, nəyi nəzərdə tutursunuz? 100%-dən də çox? Biz bütün lazımi addımları atmış, bütün mümkün və qeyri-mümkün zəmanətləri vermişik. Bəlkə, onu gətirmək üçün özəl təyyarə göndərməli, həmin təyyarəni isə 2 «F-16» qırıcısı ilə müşayiət etməli idik?» - deyə nazir sual edib.

Belə çıxır ki, Mxitaryan sadəcə, erməni iddialarının qurbanıdır. O isə öz növbəsində, bu iddialara ingilis klubunu qurban etdi. Görünür, doğma «Arsenal»ı üçün vacib olan matç Mxitaryan üçün o qədər də önəmli deyilmiş. Ayıbdır! Bu, «Arsenal» tərəfdarlarının nəsildən-nəslə ötürməli olmadıqları tarixçədir. Klubun oyunçusunun öz qapısına vurduğu bu qolun əvəzini çıxmaq çox çətin olacaq.

 

«Oh my God!»

H.Mxitaryanın Bakıya yollanmamaq qərarı sosial şəbəkə istifadəçiləri tərəfindən də birmənalı qarşılanmayıb. Məlumatlı tərəfdarlar onu bundan siyasi dividend qazanmağa çalışmaqda ittiham edib. Əksəriyyət erməni idmançıların indiyədək dəfələrlə Bakıdakı yarışlara qatıldığını xatırladıb, orada hər hansı təhlükə ilə üzləşmədiyini yada salıb. Məsələyə bəzi məşhurlar da münasibət bildirib. Məsələn, əfsanəvi ingilis futbolçu Harri Lineker sosial şəbəkədə məsələyə istehzalı reaksiya verib: «Oh my God!»

İngilis KİV-nin həddini aşan hücumları da nə vaxtsa Bakıda olmuş adi vətəndaşların, həmçinin müxtəlif ölkələrdən olan məşhurların diqqətindən kənarda qalmayıb. Məsələn, «Arsenal»ın sabiq futbolçusu Rober Pires Bakıya gəlməyin çətinliyi, həmçinin Azərbaycan paytaxtında təhlükəsizliklə bağlı problemlərin mövcudluğu haqda iddiaları rədd edib: «Fikrimcə, Bakı Londondan yazıldığı qədər də uzaq deyil. Ora təyyarə ilə 5 saata çatmaq olur. Mən burada əvvəllər də olmuşam. Bakının təhlükəli şəhər olduğundan söhbət belə, gedə bilməz».

Qana millisi və «Çelsi»nin keçmiş futbolçusu Maykl Essyen də ingilis fanatlara müraciət edərək, Bakının mehriban sakinləri olan işıqlı şəhər olduğunu bildirib: «Bakıya səhər gəlin, səhər yeməyi yeyin, axşam isə Avropa Liqasının finalını izləyin».

Məsələyə futbol üzrə Azərbaycan yığmasının sabiq baş məşqçisi Berti Foqts da münasibət bildirib. O, Britaniya mətbuatının Bakı finalına qarşı belə yalan kampaniyası aparmasının səbəbini anlaya bilmədiyini deyib. «Mxitaryanın finalı buraxmaq qərarından təəssüflənirəm. Bu qərara nəyin səbəb olduğunu anlamıram. Azərbaycanı yaxşı tanıyıram və onun təhlükəsizliklə bağlı narahatlıq yaşaya biləcəyini düşünmürəm», - deyə almaniyalı mütəxəssis bildirib.

Məşhur rusiyalı məşqçi, illərlə Bakıda işləmiş Yuri Syomin isə Bakının adı ilə spekulyasiya edənlərin «daşını daş üzərində qoymayıb». «Azərbaycanda təmiz, zəhmətkeş insanlar yaşayır. Onlar futbolu çox sevməklə yanaşı, qonaq qəbul etməyi də sevirlər. Özünüzü mədəni, ədəbli, adekvat aparsanız, sizi məmnuniyyətlə qonaq çağıracaq, inanılmaz dadlı yeməklərə qonaq edəcəklər. Üstəlik, buna görə sizdən pul da almayacaqlar».

Azərbaycanlı futbol azarkeşlərinin «yarasına ən yaxşı dərman» isə «Arsenal»ın türk əsilli futbolçusu Məsud Özildən gəlib: «Azərbaycanlı qardaşlarım! Biz bunu bacardıq – biz finaldayıq! Bakıda görüşərik!».

 

Azərbaycanlı qonaqpərvərliyi

Bakıda böyük futbol bayramı həyəcanı Avropa Liqası finalından hələ bir ay əvvəl başlamışdı. Şəhərin küçə və meydanlarında çoxsaylı banerlər, UEFA-nın atributları, Avropa Liqası kuboku uğrunda yarışa dair plakatlar asılmışdı. Bir ay ərzində Bakı küçələrində gecə-gündüz müxtəlif aksiyalar, fleşmoblar keçirilirdi. AFFA məşhur ingilis personajlarının kostyumunu geymiş aktyorların iştirakı ilə maraqlı kampaniya da təşkil etmişdi: Onların arasında Şerlok Holms, Çarli Çaplin, Ceyms Bond və Freddi Merkuri kimi personajların «əkizlərini» görmək mümkün idi. Turistlər onları hər tərəfdən mühasirəyə alır, şəhərin görməli yerlərinin fonunda bu personajlarla şəkil çəkdirirdilər.

İngiltərədən və digər ölkələrdən olan azarkeşlər Bakıya finaldan hələ 1 həftə əvvəl axışmağa başlamışdı. Paytaxt sakinləri Bakı bulvarında toples günəş şüası qəbul edən əcnəbi turistləri maraqla izləyir, qonaqlar da öz növbəsində, onlara təbəssümlə qarşılıq verirdi. Bu dövrdə bir qonaq belə, şikayət etmir, əksinə, sosial şəbəkələrdə ancaq xoş fikirlər yazırdı.

Başqa cür ola da bilməzdi. Çünki Azərbaycanda təşkilatçılıq, görüş, komanda və fanatların yerləşdirilməsi, təhlükəsizliyin təmini və digər bu kimi vacib məsələlərə son dərəcə böyük diqqət ayrılır. Bakının bütün instansiyaları və xidmətləri – Heydər Əliyev Beynəlxalq Hava Limanından tutmuş, mehmanxana personalına, kafe və barlaradək – böyük turist axınının öhdəsindən məharətlə gəlib. Bu, əlbəttə ki, təəccüblü deyil. Azərbaycan müntəzəm olaraq müxtəlif idman növləri üzrə ciddi beynəlxalq yarışlara ev sahibliyi edir. Həmin yarışların iştirakçıları arasında isə Ermənistan təmsilçiləri və etnik ermənilər də olur. Bu günədək bu məsələdə bir dəfə də insident yaşanmayıb. Bir sözlə, indiyədək Azərbaycan Formula 1, Avropa Oyunları, «Eurovision-2012», İslam Həmrəyliyi Oyunları kimi miqyaslı beynəlxalq tədbirlərə ev sahibliyi edib. Odur ki, «Arsenal» və «Çelsi»nin iştirakı ilə keçən London derbisi istisna təşkil edə bilməzdi və etmədi.



MƏSLƏHƏT GÖR:

274