4 May 2024

Şənbə, 20:35

ƏLVERİŞSİZ ÖHDƏLİKLƏR

Sığorta şirkətləri həyəcan təbili çalır: avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə zərərlilik ildən ilə artır

Müəllif:

15.06.2019

Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AMMİS) Azərbaycanda ən populyar sığorta məhsullarından biridir və buna görə də ölkədə, demək olar ki, bütün sığorta şirkətlərinin diqqət mərkəzindədir.

Hal-hazırda Azərbaycanda 21 sığorta şirkətindən 13-ü AMMİS üzrə xidmət göstərmək hüququna malikdir. Statistikaya baxdıqda, bu məhsul yığım baxımından ilk üçlüyə daxildir. Belə ki, ötən il icbari sığorta növləri üzrə bütün daxilolmaların 49,8%-ni və sığorta şirkətlərinin ümumi yığımının 13,1%-ni təşkil edib.

 

Riskin yüksəkliyi

Bununla yanaşı, elə həmin statistika Azərbaycanda AMMİS bazarının necə məhdud olduğunu da çox dolğun göstərir. Əgər 2017-ci ildə yığımların artımı 14,5%-ə çatmışdırsa, 2018-ci ildə artım tempi 3,1%-ə enmişdi. Lakin sığorta halları üzrə şirkətlərin ödənişləri başqa bir dinamika göstərir: 2017-ci ildə artım 8,4% olmuşdusa, keçən il 19,5%-ə qalxmışdı.

Rəqəmlər nə deyir? Deyir ki, bazar doymağa başlayıb və artıq bu məhsul sığorta şirkətlərinin zərərliliyini artırır.  

Bu meyil uzunmüddətli olmasa idi ciddi sayılmazdı – AMMİS-in zərərliliyi son beş il ərzində durmadan artır. 2014-cü ildə o, 50-60% ətrafında idi, indi isə 90-100%-ə çatıb və bəzi şirkətlərdə isə 120%-ə qədər qalxıb. Təbii ki, bu vəziyyət heç bir şəkildə sığorta şirkətlərini razı salmaz və onlar artıq həyəcan təbili çalmağa başlayıblar.

Əgər belə bir artımın səbəbləri nəzərdən keçirilərsə, qeyd etmək lazımdır ki, sığorta agentlərinə yetərincə yüksək komissiya ödənişi verilir. Qanunvericiliyə görə komissiya ödənişlərinin ölçüsü 15%-dən çox olmamalıdır, amma bununla belə bir çox agentlər 25%, bəzən də 35% komissiya alır. Yəqin elə bu səbəbdəndir ki, sığorta agentləri əl çəkmədən və çox vaxt etik normaları aşaraq müqaviləsinin bitməsinə bir neçə həftə qalmış avtomobil sahibinə zəng edir, təmsil etdiyi şirkətin AMMİS polisini israrla ona satmağa çalışırlar. Sürücülərin rəyinə nəzər salsaq görərik ki, bu cür "PR" adətən əks effekt verir və yalnız konkret bir sığortaçıya deyil, həm də bütün avtomobil sahibləri üçün zəruri olan bu sığorta məhsuluna qarşı ikrah yaradır.  

İkinci səbəb kimi yuxarıda göstərildiyi kimi, bazarın həddindən artıq dolmasını göstərmək olar. Yeni sığorta müqavilələrinin artım tempi getdikcə azalır, çünki məhsul, demək olar ki, artıq bütün ölkəni əhatə edir və yeni sığorta polisi yalnız yeni avtomobil alındıqda verilir.

Sığorta şirkətləri üçün başqa bir xoşagəlməz məqam da var: AMMİS üzrə xidmət göstərən şirkətlər yığımların müəyyən bir hissəsini İcbari Sığorta Bürosuna və Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatasına üzvlük haqqı kimi köçürürlər. Hazırda bu, sığorta haqqının müvafiq olaraq 5% və 0,5% təşkil edir. Lakin gələn ildən qanunvericiliyə edilən dəyişikliklərə əsasən, AMMİS-ə görə büroya köçürmələrinin həcmi 10%-ə çatacaq.

 

Parçala və yığ

Sığorta şirkətlərini birləşdirən Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) zərərliliyin azaldılması məsələsi üzərində artıq ciddi şəkildə düşünüb. Əgər problemin mümkün həll variantlarına baxılarsa - onlar bir neçədir. Bu sıraya həm tariflərin artırılması, həm də sığorta agentlərinə ödənilən komissiya haqlarının azaldılması və hətta onların xidmətlərindən tamamilə imtina daxildir. Hələ ötən il ASA tənzimləyiciyə (Palataya) AMMİS üzrə tariflərə yenidən baxılmasını təklif edib. Bu halda yalnız tariflərin artırılmasından deyil, həm də diferensiallaşdırılmasından söhbət gedir.

Belə ki, ASA-nın rəhbəri Mustafa Abbasbəylinin sözlərinə görə, iri şəhərlərdə zərərlilik qalanlardan yetərincə yüksəkdir, buna görə də müxtəlif tariflər tətbiq etmək daha məntiqli olardı.

Assosiasiya tənzimləyiciyə AMMİS üzrə tarifləri diferensiallaşdıran zaman əmlakın sığortaya edilməsi zaman tətbiq edilən sistemdən istifadə etməyi təklif edib. Bu zaman sığortalanan əmlak regionlar üzrə fərqləndirilir – Bakıda yerləşənlərə; Gəncə, Sumqayıt və Naxçıvanda yerləşənlərə; həmçinin digər şəhərlərdə yerləşən əmlaka. AMMİS üzrə də eyni şey təklif edilir: Bakı üçün

tariflərin 20%, Gəncə, Sumqayıt və Naxçıvan üçün tariflərin 10% artırılması nəzərdə tutulur, digər yerlərdə isə dəyişməz qalmalıdır.

Belə olan halda Bakıda baza tarifi 60 manat, Gəncə, Sumqayıt və Naxçıvanda 55 manat təşkil edər. Digər bölgələrdə o, mövcud səviyyədə qalar - 50 manat. Təəssüf ki, bu təkliflə bağlı Palatadan heç bir konkret cavab alınmayıb.

Amma təəssüf, çünki belə bir variant elə də pis qərar deyil. Diferensial tarifli yanaşma, məsələn, Rusiyada fəal şəkildə istifadə olunur. Özü də, şimal qonşumuz yalnız ərazi üzrə deyil, həm də sürücünün yaşı, fiziki və hüquqi şəxslər üzrə diferensiallaşma tətbiq edir, taksi sürücüləri üçünsə ayrıca bir tarif istifadə olunur. Buna görə də, indi müxtəlif kateqoriyalı şəxslər üzrə zərərliliyi təhlil etmək və müvafiq tədbirlər görmək pis olmazdı.

İndi sığorta şirkətləri öz sığorta agentləri ilə ciddi məşğul olmaq niyyətindədirlər. Bir neçə ay öncə iki variant nəzərdən keçirilirdi - agentlərə verilən komision ödənişlərinin azaldılması və ya Gürcüstanda olduğu kimi onların fəaliyyətindən tamamilə inkar edilməsi. Ancaq indi sığortaçılar, belə görünür ki, ilk seçimin üzərində dayanıblar.

Assosiasiyanın rəhbəri Azər Əliyevin sözlərinə görə, iyulun 1-dən ASA Palata ilə birlikdə komissiya haqqının ödənişi üzərində nəzarətin gücləndirilməsinə və onun qanunla müəyyən edilmiş 15%-dən çox olmamasına nail olmağı planlaşdırır. A.Əliyevin sözlərinə görə, gələcəkdə komissiya haqqının 5 faizədək azaldılması düşünülür.

 

Həll variantları

Başqa nə etmək olar? Bu suala cavab vermək üçün başqa ölkələrin sığorta bazarlarına baxmaq yetərlidir. İndi dünyada rəqəmsallaşma meyili var və Azərbaycanın sığorta şirkətləri bu meyildən geridə qalmalıdırlar. Bəli, bir çox sığorta şirkətləri artıq bir sıra sığorta növlərinin onlayn satmağa başlayıblar, lakin bunu genişləndirmək lazımdır. Gələcəkdə onlayn satışların artması şirkətlərin agent bazasına xərclərini yetərincə aşağı salar ki, bu, zərərliliyi önəmli dərəcədə azalda bilər.

Digər bir mümkün həll variantlarından biri franşizlərin tətbiqi ola bilər, o, artıq avtonəqliyyat vasitəsitələrinin könüllü sığortasında (KASKO) istifadə olunur. Amma bu da, böyük ehtimalla, zərərliliyə böyük təsir göstərməyəcək, çünki franşizlərin həcmləri yetərincə az olacaq.  

Vahid tarif əvəzinə tarif dəhlizinin təqdim edilməsi də maraqlı görünür, bu çərçivədə sığorta şirkətləri AMMİS sığorta polisinin qiymətini özləri müəyyən edə bilərlər. Bu üsulun öz üstünlükləri var - bazarda rəqabəti artırmağa imkan yarada bilər. Bəli, polisin qiyməti arta bilər, amma bu addım bəzi sığorta şirkətlərinin riskləri ayıq qiymətləndirməsinə imkan yaradacaq.

Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortasını könüllü etmək variantı da var. Bu vəziyyətdə tələbatın dayandırılacağını düşünmək üçün elə də ciddi səbəblər yoxdur. Həm sığorta edənlərin, həm də sığorta olunanların maraqlarını uğurla təmin edən çox sayda sığorta məhsullarının mövcudluğu göstərir ki, AMMİS də bazar şərtlərində yaşaya bilər. Çünki istehlakçıların çoxu bu sığorta alətinin vacibliyini və önəmini etiraf edirlər, anlayırlar ki, yol-hərəkət hadisələri zamanı AMMİS onları üçüncü şəxslər qarşısında məsuliyyətdən qoruyur. Bundan əlavə, qeyd etmək lazımdır ki, qəzaya düşmək riski sığorta üzrə ən çox ehtimal olunan risklərdən biridir.

AMMİS-in yalnız bazar metodları ilə tənzimlənməsi, bir sözlə qlobal meyilə çevrilib. İndi tariflər dövlət tərəfindən müəyyənləşdirildiyindən sığorta şirkətləri qəzasız sürücülər üçün imtiyazlı tariflər, həmçinin etibarsız avtomobil sahibləri üçün daha yüksək dərəcələr tətbiq edə bilmirlər, bazar sistemində isə bu, mümkün olacaq. Azərbaycanda artıq «Bonus Malus» sistemi fəaliyyətdədir və avtomatik olaraq ilin ərzində qəza törətməmiş sürücülərə endirimlər edir. Lakin bu istiqamətdə işlər davam etdirilməlidir. Yalnız onda biz görə bilərik ki, sığorta şirkətləri rəqabət mübarizəsi çərçivəsində AMMİS üzrə daha maraqlı variantlar və şərtlər təklif etməyə başlayacaqlar. Əlbəttə ki, bütün bazar iştirakçıları üçün ümumi olan bir şərt - ödənişlərin yuxarı həddi üzrə şərt qalmalıdır.  

Beləliklə, yaxın gələcəkdə avtonəqliyyat vasitəsi sahiblərini nə gözləyir? Birincisi, bu məhsul üzrə tariflər arta bilər. Həmçinin sığorta agentlərinə komissiya ödənişlərinin azaldılması, əlbəttə ki, bir müddət AMMİS-in zərərliliyini azaltmağa imkan verər, lakin bazarın dolması tənzimləyicini tarif şkalasına artım istiqamətinə yenidən baxmaq barədə düşüncələrə vadar edir. Ən yaxşı halda, tariflərin diferensiallaşdırılmasından söhbət gedə bilər. Ədalət naminə qeyd edək ki, AMMİS tarifləri sonuncu dəfə 2011-ci ildə dəyişdirilib, bundan sonra bazar milli valyutanın iki devalvasiyası, avtomobillərin, onların ehtiyat hissələrinin və parçalarının bahalaşması ilə üz-üzə qaldı ki, bu da xərclərin artmasına gətirib çıxardı.

Agentlərə komissiya ödənişlərinin azaldılması sonucda potensial müştərilərə edilən zəhlətökən zənglər problemini də həll edəcək. "Yüksək komissiya ödənişləri ona gətirib ki, sığorta agentlərində, demək olar ki, zənglərlə məşğul olan ayrı bir telemarketinq şöbəsi fəaliyyət göstərir. Onların gəlirlərinin azalması ayrıca operator heyəti saxlamağı əlverişsiz edəcək, uyğun olaraq zənglərin sayı da azalacaq ", - deyə Azər Əliyev hesab edir.

Bir sözlə, Azərbaycanda ən çox tələb olunan sığorta məhsullarından biri ilə bağlı tezliklə islahat aparılacaq. Əsas odur ki, dəyişikliklərin həm tənzimləyicini, həm sığorta şirkətlərini, həm də birbaşa istehlakçıları qane edən güzəştli variantı tapılsın.


MƏSLƏHƏT GÖR:

264