29 Aprel 2024

Bazar ertəsi, 17:05

REGİONAL ƏHƏMİYYƏTLİ SEÇKİ

Qazaxıstanda baş vermiş dinc və sivil hakimiyyət ötürülməsi ssenarisi bütün qonşular üçün vacibdir

Müəllif:

15.06.2019

Qazaxıstan yeni prezidentini seçib. Səslərin 71%-ni toplamış Kasım-Jomart Tokayev iyunun 12-də and içərək, vəzifəsinin icrasına başlayıb. Seçkidə ikinci yeri müxalifətin 16,23% səs toplamış namizədi Əmircan Kosanov tutub. Üçüncülük «Ak jol» partiyasının namizədi, parlamentin aşağı palatasının deputatı, Qazaxıstan prezidentliyinə yeganə qadın namizəd Daniya Yespayevaya qismət olub. Ona seçicilərin 5,05%-i səs verib.

Qazaxıstan Mərkəzi Seçki Komissiyasının üzvü Ləzzət Süleyman keçirdiyi brifinqdə bildirib ki, seçkidə seçici fəallığı 77,4% təşkil edib.

Bu, Qazaxıstanda Nursultan Nazarbayevin qatılmadığı ilk seçki idi. Ölkəyə, təxminən, 30 il rəhbərlik etmiş «Elbası» martda prezident səlahiyyətlərindən imtina etmişdi. O vaxtdan dövlət başçısının səlahiyyətlərini müvəqqəti olaraq Tokayev icra edirdi. Tokayev bunadək parlamentin yuxarı palatası – Senatın rəhbəri idi. Onun prezidentliyə namizədliyi məhz Nazarbayevin təklifilə hakim partiya tərəfindən irəli sürülmüşdü.

Beləliklə, Qazaxıstanın yeni prezidentinin 65 yaşı var. Onun atası Kamal Tokayev Qazaxıstanda məşhur yazıçı olub. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun məzunu olan Tokayev ali məktəbi bitirdikdən sonra SSRİ-nin Sinqapur və Çindəki səfirliklərində çalışıb.

1992-ci ildə o, Qazaxıstan xarici işlər nazirinin müavini, 1994-cü ildə isə xarici işlər naziri təyin edilib. 1999-cu ildə baş nazirin müavini, daha sonra baş nazir olub. 2002-ci ilədək hökumətə başçılıq etmiş Kasım-Jomart Tokayev həmin il vəzifəsindən istefa verərək, yenidən XİN-ə qayıdıb. 2007-ci ilədək xarici işlər naziri olub.

Tokayev BMT-nin Tərk-silah üzrə Konfransının baş katibi vəzifəsini də tutub. 2013-cü ildən 2019-cu ilin martınadək Qazaxıstan parlamentinin Senatına sədrlik edib.

Qazaxıstanlı politoloq Talqat Kaliyevin fikrincə, Tokayevin seçkidə qalib gəlməsinin əsas səbəblərindən biri Nazarbayev tərəfindən dəstəklənməsi olub. «O, sabitliyin, pis nələrinsə olmayacağının qarantı idi. Müstəqillik illərində ölkədə ümumilikdə sabit, təhlükəsiz həyat şəraiti formalaşıb və insanlar bunu itirməkdən qorxur. Yeni müsbət dəyişikliklərə tələbat, əlbəttə ki, var. Lakin insanlar radikal dəyişikliklər istəmir. Onlar qeyri-sabitlikdən, o cümlədən elita daxilində mümkün qeyri-sabitlikdən narahatdırlar», - deyə politoloq qeyd edib.

Tokayev keçirdiyi yekun mətbuat konfransında prezident kimi qarşısına qoyduğu prioritetləri bu cür ifadə edib: «Korrupsiya böyük bəladır. Asanlıqla yaranan bu bəlanın kökünü kəsmək çox çətin olur. Bu ictimai bəla ilə biz ictimaiyyət olaraq, birlikdə mübarizə aparmalıyıq». Ölkənin bütün siyasi qüvvələrini dialoqa çağıran prezident ictimai etimad komitəsinin yaradıldığını elan edib. Tokayevin sözlərinə görə, orada ictimaiyyətin müxtəlif dairələrinin təmsilçiləri yer alacaq və onlar birlikdə fikir mübadiləsi aparmaq imkanı qazanacaq.

«Ardıcıllıq ölkənin yeni inkişaf mərhələsində «Elbası»nın kursunun effektiv davam etdirilməsidir. Bu, müstəqilliyin, suverenliyin, milli təhlükəsizliyin gücləndirilməsidir. Bu, sabitlik, vətəndaşlar arasında sülh və barışıqdır. Bu, dinamik iqtisadiyyat və güclü sosial siyasətdir. Mənim vəzifəm gəlirlərin artırılması, vətəndaşların həyat keyfiyyətinin yüksəldilməsidir», - deyə Tokayev qeyd edib.

Qeyd edək ki, Tokayev yalnız Senatın sabiq rəhbəri yox, həm də Qazaxıstanın xarici siyasi doktrinasının müəlliflərindən biridir.

Politoloq, Almatı şəhərinin İctimai Şurasının üzvü Marat Şibutov hesab edir ki, yaxın illərdə Qazaxıstanın xarici siyasətinə ciddi dəyişiklik gözlənilmir: «Dəyişikliklər daxili siyasətdən başlayacaq». Onun fikrincə, söhbət, ilk növbədə, prezident kursunun liberallaşdırılmasından, parlamentin səlahiyyətlərinin genişləndirilməsindən gedir.

Beləliklə, hakimiyyətin bu cür dinc və sivil qaydada ötürülməsi ssenarisi bütünlükdə region, ən azı iki beynəlxalq oyunçu – Rusiya və Çin üçün də çox önəmlidir.

Qazaxıstanda hakimiyyətin ağrısız ötürülməsi, bu ölkənin sabit inkişafı Azərbaycanın da maraqlarına uyğundur. Xəzər dənizində qonşu olan Qazaxıstanla Azərbaycanı yalnız ümumi mədəni köklər, tarix deyil, həm də nəhəng regional və ikitərəfli layihələr çərçivəsində effektiv əməkdaşlıq, müxtəlif beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək və sıx münasibətlər birləşdirir.

Xarici müşahidəçilər Qazaxıstanda prezident seçkisinin təşkilini ümumilikdə müsbət qiymətləndirib, prosesin gedişində ciddi pozuntu qeydə almayıb. «Bu seçki dövlət quruculuğu işində yeni mərhələ açır», - deyə Polşadan olan müşahidəçi, Polşa baş nazirinin sabiq müavini Yanuş Pexoçinski təşkil etdiyi brifinqdə bildirib.

ATƏT-in müşahidə missiyası isə ənənəsinə sadiq qalaraq, seçki prosesini tənqid edib. «Seçicilərin əsas hüquqlarına etinasızlıq göstərildiyini, o cümlədən dinc etiraz aksiyası keçirən insanların saxlandığını, seçki günü səsvermənin gedişində çoxsaylı pozuntulara yol verildiyini», - deyən ATƏT müşahidəçiləri ümumilikdə Qazaxıstanda keçirilmiş prezident seçkisini «demokratik standartlara, demək olar ki, hörmət edilməyən» proses kimi qiymətləndirib. O, yenə də ənənəsinə sadiq qalaraq, «gördüklərindən» məyusluğunu ifadə edib.

Bununla yanaşı, seçki kampaniyasını Qazaxıstanın seçki təcrübəsi baxımından unikal hala gətirən bəzi məqamlar var. Qeyri-sistem müxalifətinin namizədi, millətçi-vətənpərvər «Ұlt taғdırı» («Xalqın taleyi») hərəkatının lideri Əmircan Kosanov seçkidə 16% səs toplamaqla, özünəməxsus rekorda imza atıb. İndiyədək Qazaxıstanda hakimiyyətin heç bir rəqibi bu qədər rəğbət qazana bilməmişdi. Politoloq Talqat Kaliyev isə hesab edir ki, rəqiblərin Tokayevlə mübarizə apara bilməməsinin əsas səbəblərindən biri müxalifətin pərakəndə fəaliyyət göstərməsidir.

Bu arada, qərbpərəst ultramillətçi Tokayevi hakimiyyətin daha bir rəqibi, mühacirətdə olan qazaxıstanlı biznesmen Muxtar Ablyazov da dəstəkləmir. Sahibkar təşkil olunmuş seçkini qeyri-legitim adlandırır. O, Kosanovun seçkiyə qatılmasını da tənqid edir. Hakimiyyətin qəzəbinə gəlmiş sabiq nazir Ablyazov siyasi sığınacaq aldığı Fransada yaşayır. O, özünün «YouTube» kanalı vasitəsilə insanları seçkini boykot etməyə, mitinqlərə çıxmağa çağırırdı. Lakin Qazaxıstan ictimaiyyətində onu dəstəkləyən çox azdır. Çünki insanlar Ablyazovun iqtisadi sahədəki «qoçaqlığını» yaxşı xatırlayırlar.

Biz isə hesab edirik ki, Qasım-Jomart Tokayevin Qazaxıstan seçicilərinin əksəriyyətinin dəstəyini qazana bilməsi vətəndaşların sabitliyi, hakimiyyətdə varislik ssenarisini dəstəkləməsinin nəticəsidir.



MƏSLƏHƏT GÖR:

279