4 May 2024

Şənbə, 22:06

QOVŞAQDAN TRANZİTLƏ

Azərbaycan «Qərb-Şərq» və «Şimal-Cənub» beynəlxalq nəqliyyat marşrutlarının əsas yolayrıcına çevrilir

Müəllif:

15.06.2019

Nəhəng quru və dəniz yük daşıma dəhlizlərinin formalaşmasında iştirak edən Azərbaycan Avropa və Asiya arasında tranzit yük ötürmələrini genişləndirmək üçün əlavə imkanlar axtarır və yeni, kombinə edilmiş nəqliyyat marşrutlarına qoşulur. Azərbaycan nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə "TransCaspian-2019" 18-ci beynəlxalq sərginin açılış mərasimində qeyd edib ki, nəqliyyat və logistika sahələrinin inkişafı fərdi sahibkarlığı gücləndirməyə və qeyri-neft ixracatını genişləndirməyə çalışan ölkənin iqtisadiyyatı üçün son dərəcə vacibdir.

 

Yeni sərmayələr

Sərginin ekspozisiyasının böyük hissəsi və onun sahəsində keçirilən «Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutu» konfransının əsas mövzusu Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat marşrutlarının inkişafına həsr edilmişdi. Bu təəccüblü deyil, nəzərə almaq lazımdır ki, tranzit yük daşımalarına cəlb olunma səviyyəsi baxımından Azərbaycan regionda aparıcı ölkədir.  

"2019-cu ilin birinci rübündə TRACECA beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində yük daşınmalarından Azərbaycanın gəlirləri 4,3% artaraq 156,5 milyon manat təşkil edib", - deyə TRACECA-da ölkənin milli katibi, nəqliyyat və logistika üzrə ekspert Akif Mustafayev bildirib.

Bu müsbət statistika Avropa və Asiya arasında tranzit yük daşımalarının genişləndirilməsi və nəqliyyat infrastrukturuna sərmayələrin cəlb edilməsi üzrə yeni imkanlarının axtarılmasında Azərbaycanın səylərinin uğurlu olduğunu göstərir. Bəllidir ki, Avropa Birliyinin (AB) Trans-Avropa Nəqliyyat Şəbəkəsinin (TEN-T) genişləndirilməsi üzrə layihələrində iştirakımızı artırmışıq. Bu ilin yanvar ayında Trans-Avrasiya nəqliyyat şəbəkəsinin AB-dən kənara genişləndirilməsi üzrə mühüm qərarlar qəbul edilib ki, şəbəkə o cümlədən Azərbaycan daxil olmaqla Şərqi Tərəfdaşlıq ölkələrinə qədər uzanacaq.  

Bu qərar Avropa Komissiyası tərəfindən qanunvericilik səviyyəsində qəbul edilib və həm də maliyyə sahəsində əməkdaşlığı nəzərdə tutur: məsələn, Azərbaycana təklif edilən nəqliyyat layihələri üçün ümumi dəyəri 1,1 milyard avro olan sərmayələr və kreditlər nəzərdə tutulur. Onların həyata keçirilməsi AB tərəfindən Dünya Bankı ilə əməkdaşlıqda hazırlanmış "TEN-T-nin sərmayələşdirilməsi üzrə indikativ fəaliyyət planı" çərçivəsində həyata keçirilir. Bu plana 5 logistika mərkəzinin (369 milyon avro) və Ələt qəsəbəsində azad ticarət zonasının (410 milyon avro) yaradılması layihələri, Şərq-Qərb dəmir yolunun modernləşdirilməsi (328 milyon avro) layihəsi daxildir.

Avropa İttifaqının Azərbaycanın nəqliyyat infrastrukturunun inkişafına önəmli vəsaitlər qoymağa hazırlığı yalnız beynəlxalq marşrutların kəsişməsində yerlşən ölkənin unikal coğrafi mövqeyi ilə bağlı deyil, həm də son illərdə yaradılmış infrastruktur bazasının olması - Ələtdə Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yaradılması, «Bakı-Tbilisi-Qars» dəmiryol dəhlizinin işə salınması ilə bağlıdır. Özü də, hökumət Azərbaycanın nəqliyyat və logistika infrastrukturunun inkişafına sərmayələri daha da artırmaq niyyətindədir.

"Gəncədə və «Qırmızı körpü» gömrük postunda yeni logistika mərkəzlərinin yaradılması planlaşdırılır", - deyə tranzit yük daşımaları üzrə Azərbaycan Əlaqələndirmə Şurasının katibi Rüfət Bayramov nəqliyyat sərgisində iştirakı zamanı bildirib: "Ümumiyyətlə, hər regiona uyğun tranzit və logistika mərkəzləri yaradılacaq - məsələn, Ələtdə artıq azad iqtisadi zona yaradılır".

 

Dəniz ötürməsi  

Əsas iştirakçıları Qazaxıstanın və Azərbaycanın milli nəqliyyat şirkətləri olan, həmçinin Gürcüstan, Türkiyə və Ukraynanın aktual tərəfdaşlıq etdiyi Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) üzrə yük daşımaları daha uğurla inkişaf edir. TBNM iştirakçıları Çin ilə Türkiyə və Avropanın bazarları arasında yük daşımaları gerçəkləşdirirlər, bu zaman o cümlədən sayı bir neçə olan «Nomad Ekspress» konteyner qatarlarından istifadə edirlər. İkitərəfli əməkdaşlığın mühüm məqamları sırasına Aktau, Kuryk və Ələt limanlarının işi dazxildir – onların arasında neft məhsulları, taxıl, kimyəvi maddələr, gübrələr və digər məhsullar nəql edilir. Qazaxıstan və Azərbaycan limanları arasında bərə yüklərinin işlənməsi üzrə vaxtın azaldılması üçün ötürmə sənədlərinin rəsmiləşdirilməsi zamanı yeni "bir pəncərə" prinsipi tətbiq edilir. Nəticədə, işləmə müddəti orta hesabla 10-12 saatdan 4 saatadək azalıb, özü də, gömrük və sərhəd xidmətləri, müvəqqəti saxlama anbarları bütün sutka ərzində işləyir.

TBNM iştirakçıları rəqabət qabiliyyətli tariflərin təsdiqlənməsi üzrə protokol imzalayıblar, həmçinin Trans-Xəzər Beynəlxalq Nəqliyyat Konsorsiumu yaradıblar. Ələt limanından tranzit axınının artmasında mühüm rolu Türkmənbaşı limanının bərə yüklərinin daşınmasına qoşulması, həmçinin keçən ilin noyabr ayında Əfqanıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyə arasında beynəlxalq nəqliyyat dəhlizi «Lapis lazuli»nin qurulması ilə bağlı sazişin imzalanması oynayıb. Bu marşrut üzrə ilk yüklər Alat limanına artıq ötən ilin dekabrında gəlib.

TBNM marşrutu çərçivəsində yük həcmlərinin artması hesabına bu ilin birinci rübündə «Yeni Bakı» limanından daşınan yüklərin həcmi 1 milyon ton olub, özü də, tranzit yüklər 861 min ton və ya ümumi yük həcminin 86 faizini təşkil edib. Bundan əlavə, ən böyük artım konteyner komponentində müşahidə olunub: bu müddət ərzində 7253 konteyner (TEU ekvivalentində) işlənib ki, bu da ötən ilin uyğun dövründəkindən 55,2 faiz çoxdur.

 

Daha bir şaxələndirmə

TRACECA nəqliyyat dəhlizinin tərkib hissəsi olan TBNM marşrutu çərçivəsində yüklərin daşınması bu gün Azərbaycan üçün əsas tranzit həcmlərini təmin edir. Bununla yanaşı, A.Mustafayevin sözlərinə görə, bu gün TRACECA dəhlizi çərçivəsində marşrutların şaxələndirilməsini və müxtəlif istiqamətlərə malların çatdırılmasını nəzərdə tutan yeni meyil yaranıb.  

"Bakı-Tbilisi-Qars dəmiryolu birbaşa Qara dənizə çıxır, onun vasitəsi ilə bəzi Avropa ölkələri bu dəhlizə qoşula bilər. Bundan başqa, bəzi Şimali Avropa ölkələri və Skandinaviya dövlətləri Rusiyadan keçməklə «Şimal-Cənub» dəhlizi vasitəsi ilə Azərbaycan ərazisinə çıxmaqda maraqlıdırlar", - deyə ekspert vurğulayıb.

Bu ilin may ayında "Rusiya Dəmir Yolları" ASC (RJD) və "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti (ADY) arasında imzalanmış memorandum «Qərb-Şərq» və «Şimal-Cənub» dəhlizlərinin effektiv konvergesiyasının (birləşməsinin) mümkünlüyünü göstərir. Tərəflər «Şimal-Cənub» layihəsi çərçivəsində İran-Azərbaycan-Rusiya-Avropa marşrutu üzrə, həmçinin BTQ dəhlizinin potensialından istifadə edərək Rusiya-Azərbaycan-Türkiyə marşrutu üzrə yük daşımalarının artmasına imkan verəcək birgə tədbirlərin həyata keçirilməsinə razılıq veriblər.  

O cümlədən, "Rusiya Dəmir Yolları" və "Azərbaycan Dəmir Yolları" birgə "Şimal-Cənub" dəhlizinin qərb marşrutu istiqamətində konteyner daşımaları üçün əlavə yüklərin cəlbi məsələsində anlaşıblar. Eyni zamanda, Bakı və Moskvanın səyləri Şərq-Qərb-Şərq istiqamətində, ilk növbədə, Rusiya ərazisindən keçməklə Azərbaycan və ÇXR arasında, eləcə də Rusiya və Azərbaycan ərazisindən keçməklə Çin və digər ölkələr arasında tranzit daşımalarının inkişafına yönəldiləcək. Yüklərin çatdırılması vaxtının azaldılması üçün sərhəd və gömrük prosedurlarının, o cümlədən göstəricilərin elektron mübadiləsi və elektron variantda ilkin məlumatlandırma işlərinin optimallaşdırılması üzrə işlər nəzərdə tutulur.  

"Rusiya öz yük axınının bir hissəsini, o cümlədən Trans-Sibir dəmir yolu vasitəsilə gələn konteyner axınının bir hissəsin, Azərbaycan, Gürcüstan və Türkiyəyə keçirməklə Avropaya ötürməyi planlaşdırır. Bu layihə BTQ dəhlizinin bazasında gerçəkləşdiriləcək", - deyə Rusiya Dəmir Yollarının baş direktorunun birinci müavini Aleksandr Mişarin bu günlərdə bildirib.

Rusiya-Azərbaycan müqavilələri Türkiyə tərəfindən tam dəstəklənir, Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə yüklərin daşınmasının genişləndirilməsi üzrə Ankara, Bakı və Moskva arasında mayda imzalanmış Anlaşma Memorandumu bunu təsdiqləyir. Bu anlaşmalar əsasında yaradılmış birgə müəssisə Rusiya ilə Türkiyə arasında nəqliyyat-logistika fəaliyyətinə və ticarətin genişlənməsinə yönəlib.

Son iki il ərzində Azərbaycan "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizini formalaşdırılması üzrə Moskva və Tehranla birgə gerçəkləşdirilən layihənin sürətləndirilməsi üçün Rusiya sərhədindən İran sərhədinə qədər dəmir yolu infrastrukturunun modernləşdirilməsi üzərində işlər görülür. Eyni zamanda, bu marşrut çərçivəsində bu gün Azərbaycandan tranzit keçməklə Rusiyadan İrana və əksinə kombinə edilmiş avtomobil-dəmiryol nəqliyyatı vasitəsi ilə yüklərin ötürülməsi gerçəkləşdirilir.  

"Ötən il "Şimal-Cənub "marşrutu üzrə yük dövriyyəsi səkkiz dəfə artıb. Bu ilin birinci rübündə isə yük dövriyyəsi təxminən 2 dəfə artıb və biz istifadə edilməmiş potensialın daha yüksək olduğunu düşünürük", - Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun gedişində Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.

Beləliklə, bu cür infrastruktur layihələrinə sərmayələr sayəsində Azərbaycan Avropa, Mərkəzi Asiya dövlətləri və Çin arasında yüklərin multimodal daşınmasını təmin edən regional nəqliyyat qovşağına çevrilib.



MƏSLƏHƏT GÖR:

282