11 May 2024

Şənbə, 07:27

PÜŞKÜMÜZ DÜŞƏRLİ OLDU

Bəs, Azərbaycan futbol komandalarının Avrokuboklarda şansları nə qədərdir?

Müəllif:

01.07.2019

Avrokuboklarda yeni mövsümün başlanmasında çox az vaxt qalıb. Artıq püşk atılıb və futbol klublarımızın rəqibləri də müəyyənləşib. Odur ki, komandalarımızın kimlərlə oynayacağını, hansı rəqabətlə üzləşəcəyini və şanslarını təhlil etməyin vaxtıdır.

 

“Qarabağ”a münasib rəqib  

Azərbaycan çempionu “Qarabağ” Çempionlar Liqasının ilk təsnifat mərhələsində Albaniyanın “Partizani” klubuyla qarşılaşacaq. Bu klub İkinci Dünya müharibəsindən sonra, 1946-cı il fevralın 4-də təsis edilib. Avrokuboklardakı ilk oyunu isə 1962-ci ilə təsadüf edib. Maraqlıdır ki, “Partizani” avrokubokların qrup mərhələsini görməyib. Komanda cəmi dörd dəfə təsnifatda mərhələ adlaya bilib. Üstəlik, tiranalılar beynəlxalq arenada son 15 oyunda qələbəyə həsrətdir. Komandanın “sükanı arxasına” 51 yaşlı italiyalı Franko Lerda gətirilib. Heyətində alban futbolçular çoxluq təşkil edir. Bundan başqa, Nigeriya, Şimali Makedoniya, Kosovo, ABŞ, Qambiya, Finlandiya, Braziliya, Qana kimi ölkələrdən də futbolçuları var.

Müqayisə etsək daha təcrübəli “Qarabağ” ilk təsnifat mərhələsini problemsiz keçməlidir. Haqlı olaraq ölkə çempionu cütün favoriti göstərilir. Azərbaycan Çempionu “Qarabağ” əgər ilk mərhələni keçsə, ikinci təsnifat mərhələsində "Dundalk" (İrlandiya) - "Riqa" (Latviya) cütünün qalibi ilə qarşılaşacaq.  

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov isə hesab edir ki, “Partizani” ilə görüşlə bağlı proqnozlar ümidverici olsa da, arxayınlaşmaq olmaz. "Hər zamankı kimi ciddi rəqiblə qarşılaşacağıq. Albaniya klubları çox intizamlı oyun göstərirlər. Bizi çətin qarşılaşmalar gözləyir. Bildiyim qədər komandanı yeni baş məşqçi çalışdıracaq. Bizim üçün tanış olmayan rəqib olacaq, ötən mövsümdəki komandayla builki arasında fərq çox olacaq, həm məşqçi dəyişikliyi, həm də ola bilər ki, yeni transferlər. Həddən artıq ciddi və diqqətli olmalıyıq", - deyə Qurbanov bildirib.

“Partizani”nin baş məşqçisi Franko Lerda da hesab edir ki, onları güclü rəqiblə qarşılaşma gözləyir. "Püşkdən əvvəl arzuladığım xüsusi bir rəqib yox idi. Biz yalnız qarşıdakı oyunu düşünməli və matça həm fiziki, həm də texniki baxımdan hazır olmalıyıq. Mərhələni keçmək üçün isə hər şeydən öncə psixoloji hazırlığımızdan əmin olmalıyıq. Çünki indi asan oyun yoxdur. İnanıram ki, hər şey yaxşı olacaq”, - deyib Lerda.

 

“Neftçi” debütantla görüşəcək

Gümüş medalçımız “Neftçi” Avropa Liqasının ilk təsnifat mərhələsində Moldovanın “Sperantsa” klubuna rəqib oldu. Ötən il 38 xalla 4-cü yeri tutan komandanın Avropa meydanlarında uğuru yoxdur. Avrokuboklarda iştirak hüququ “Şerif”in “qızıl dubl” etməsi nəticəsində yaranıb. “Göy-ağlar” hazırda davam edən Moldova Çempionatında 13 turdan sonra 19 xalla 5-ci pillədədir. Komanda “Neftçi” ilə oyunda avrokuboklarda debüt edəcək. Heyətində braziliyalı, kamerunlu, kot d`ivuarlı, kolumbiyalı, meksikalı, nigeriyalı, rus və tacik futbolçular top qovur. “Neftçi”nin baş məşqçisi Roberto Bordin “Şerif”də çalışdığı üçün “Sperantsa” ilə də bir neçə dəfə üz-üzə gəlib.      

Ağ-qaralar bu mərhələni keçsə Rusiyanın Tula şəhərini təmsil edən “Arsenal”a rəqib olacaq. İnsafən püşkün “Neftçi” üçün düşərli olduğunu deməliyik. Paytaxt təmsilçisi ilk iki mərhələni keçəcək gücdədir. 

“Neftçi”nin baş məşqçisi Roberto Bordin isə hesab edir ki, “Sperantsa” adi komanda deyil. “Moldovada futbol mövsümü davam edir. Belə olan halda, təbii ki, rəqibin fiziki vəziyyəti hazırda bizimkindən daha yaxşıdır. Çünki biz təlim-məşq toplanışına yeni başlamışıq və fiziki hazırlığı yaxşı vəziyyətə gətirəcəyik. Təbii ki, Moldova çempionatını, "Sperantsa”nı yaxşı tanıyıram. Bilirəm ki, bu komandanı kifayət qədər yaxşı məşqçi çalışdırır. Bu mərhələni mütləq keçməliyik. Futbolçularıma inanıram”, - deyə Bordin bildirib.

"Çətin səfər olacaq, uzun yol gedəcəyik. Ancaq mənə elə gəlir ki, avrokuboklarda asan rəqib olmur. Hər kəslə mübarizə aparmaq olar. Kimlə düşmüşüksə, onunla da oynayacağıq. Əlbəttə, Roberto Bordin müəyyən məlumatlar əldə edəcək. Amma bir şeyi yaddan çıxarmayaq ki, “Şerif” Bordinin rəhbərliyi altındakı son matçda evdə məhz “Sperantsa”ya uduzmuşdu. Həmin vaxt da komandamıza indi olduğu kimi Kristian Efros başçılıq edirdi. Bu nöqteyi-nəzərdən yanaşsaq, hər iki baş məşqçi bir-birini yaxşı tanıyır və dolğun informasiyaya malikdirlər. “Neftçi”nin şansı bizdən çox deyil. Xüsusilə də komandam güclü rəqiblərə qarşı daha yaxşı hazırlaşır", - Petru Efros “Sperantsa”nın prezidenti.

             

“Səbail”ə güclü rəqib 

Debütant “Səbail”in bəxti gətirmədi. Güclü heyətə malik olmayan paytaxt təmsilçisi güclü klubla qarşılaşmalı olacaq. İlk təsnifat mərhələsində Aftandil Hacıyevin komandası Rumıniyanın “Universitatya Krayova” klubuyla üz-üzə gələcək.  

“Universitatya” ötən mövsüm 36 xalla 4-cü olub. Kubokda isə yarımfinalda “Vitorul” səddinə ilişib. Bu komandanın heyətində bizə yaxşı tanış olan legionerlər çıxış edir. "Qəbələ"nin sabiq hücumçusu Andrea Kristea və ölkəmizdə "Zirə" və "Keşlə"nin formasını geyən Sezar Meza Kolli də Krayova təmsilçisinin şərəfini qoruyur. Andrea 2014-cü ildə, Sezar isə 2016-18-ci illər aralığında Azərbaycanda top qovub. Komandanın heyətində kifayət qədər legioner var. Bunlar İtaliya, Portuqaliya, Kot d`İvuar, Xorvatiya, Bolqarıstan, İsveçrə, Bosniya və Herseqovina, Paraqvaydan olan oyunçulardır. Komandanı 45 yaşlı rumın mütəxəssis Korneliu Papure çalışdırır. Heyətləri müqayisə etsək “Səbail”i iki çətin oyun gözləyir.

“Görünən odur ki, püşkdə daha münasib komandalar olsa da, potensial rəqiblərdən ən güclüsü bizə düşdü. Ancaq layiqincə mübarizə aparmaq üçün əlimizdən gələni edəcəyik. Məqsədimiz futbolçuları hər iki oyuna daha yaxşı hazırlamaqdır. Rəqibimiz köklü komandadır. Heyətlərində fərdi keyfiyyətləri yüksək olan futbolçular var. Hətta onlardan bir neçəsini tanıyıram. “Transfer pəncərəsi”ndə menecerlər tərəfindən təklif olunanlar arasında rəqibin heyətində olan futbolçular da var. Çətin rəqib olsa da, nikbinik. Məqsədimiz ölkəmizi layiqincə təmsil etməkdir”, - “Səbail”in baş məşqçisi Aftandil Hacıyev fikirlərini bizimlə bölüşüb.           

Azərbaycan Kubokunun qalibi “Qəbələ” Avropa Liqasına birbaşa ikinci mərhələdən qoşulacaq. Sənan Qurbanovun yetirmələri - "Dinamo" (Gürcüstan) - “La Fiorita” (San-Marino)/“Enqordani” (Andorra) cütünün qalibiylə mübarizə aparacaq.  

Qeyd edək ki, Çempionlar Liqası və Avropa Liqasında ilk mərhələnin oyunları müvafiq olaraq iyulun 9-u və 11-də keçiriləcək.



MƏSLƏHƏT GÖR:

331