2 May 2024

Cümə axşamı, 01:46

ÇÖRƏK İSLAHATI

Taxılçılıq təsərrüfatının müasirləşdirilməsi və möhkəmlənməsi cəmi bir neçə ildən sonra Azərbaycanı xarici asılılıqdan xilas edəcək

Müəllif:

01.07.2019

Yağışlı və soyuq aprel günlərinin olmasına baxmayaraq, builki yazın hava şəraiti bütünlüklə taxıl bitkilərinin məhsuldarlığına nəzərəçarpacaq dərəcədə mənfi təsir göstərməyib. May ayının son günlərində payızlıq bitkilərin yığımı başlayıb və iyunun ikinci ongünlüyünün sonuna Azərbaycanda toplam 1,21 milyon ton taxıl yığılıb. Məhsul üzrə proqnozlar əlverişlidir ki, bu da əsasən taxılçılıq təsərrüfatlarının dəstəklənməsi üzrə son illərdə həyata keçirilən proqramlarla bağlıdır. Belə ki, ölkədə texnikanın icarəyə verilməsi üzrə tarifləri azaldılıb, yeni ixtisaslaşdırılmış aqroparklar yaranır, toxumçuluq müəssisələri tikilir və yaxın vaxtlarda Taxıl İstehsalçıları və Emalçıları Assosiasiyası yaradılıb.

 

Üç milyondan çox

Ötən ilin sonlarında dərc olunmuş proqnozlara görə, yığılan taxıl məhsulu 2019-cu ildə 3,5 milyon tona çatmalı və ötən ilin uyğun göstəricilərini 4,8 faiz üstələməlidir. Cari ilin ümumi məhsulundan 2,1 milyon ton buğdanın payına düşməlidir ki, bu da ötən illə müqayisədə 2,2 faiz çoxdur. Ancaq builki taxıl məhsulunun yekun nəticələri barədə yalnız avqustun ikinci yarısında yazlıq məhsulun biçinindən sonra qiymətləndirilə bilər. Yeri gəlmişkən, aqrar sahə mütəxəssisləri hesab edirlər ki, əlverişli hava davam edərsə, yazlıq bitkiləri (buğda, yulaf, qarğıdalı və paxlalıları) da nəzərə almaqla, ümumi məhsul 3,3 milyon tondan artıq ola bilər.

Hələ ki, Azərbaycanda payızlıq məhsulun yığımı başa çatdırılır, bunun üçün sahələrə 1340 ədəd kombayn çıxarılıb və onların yarısı "Agrolizinq" şirkətinə aiddir. Kənd Təsərrüfatı Nazirliyinin 19 iyun tarixinə olan məlumatına görə, 392,5 min hektar sahədə taxıl yığılıb və bunun 262,5 min hektarı arpa olub, qalan hissəsi isə buğdanın payına düşüb.  

Ümumiyyətlə, bu il ölkədə taxıl üçün 1 milyon hektardan çox torpaq sahəsi ayrılıb və bunun, təxminən, 2/3-si buğdanın payına düşür, qalanları arpa, yulaf, qarğıdalı və digər məhsullardır. İyunun ikinci ongünlüyünün sonunda 1,21 milyon tondan artıq taxıl yığılıb, hektardan orta məhsuldarlıq 30,8 sentner təşkil edib. Azərbaycanın əksər aran rayonlarında arpa biçini, demək olar ki, bitib, dağətəyi ərazilərdə isə payızlıq buğdanın yığımı başa çatmaqdadır.  

Qeyd edək ki, Azərbaycanda taxıl istehsalının artım meyli 2015-ci ildən sonra açıq hiss edilməyə başlayıb, həmin il ölkədə taxıl yığımı 33,8 faiz artıb və 2,8 milyon tona çatıb, 2016-cı ildə də bu trend saxlanılıb və göstərici 3,1 min ton olub. Bu meyil obyektiv amillərlə bağlıdır - Azərbaycan manatının iki devalvasiyasından sonra taxıl idxalının payının azaldılması zərurəti yaranıb. Qlobal enerji böhranından qabaq, Azərbaycanda taxıl istehsalının daha baha başa gəlməsi (milli valyuta məzənnəsinin yüksək olması da buna təsir edirdi) ilk növbədə, Qazaxıstandan və Rusiyadan buğda idxalını yerli dəyirmanlar, çörək, makaron və qənnadı məmulatları istehsalçıları üçün daha sərfəli bir alternativə çevirirdi.  

Ancaq son dörd ildə keyfiyyətcə fərqli vəziyyət müşahidə olunur: idxal taxılın payı xüsusilə də yem seqmentində nəzərəçarpacaq dərəcədə azalıb, yerli ərzaq buğdasının, xüsusilə də çörək bişirmə sənayesində tələb olunan yüksək özlü bərk buğda növlərinin payı getdikcə artmaqdadır.

Ancaq Azərbaycanda taxıl istehsalının artması yalnız devalvasiya və onun buğda idxalı xərclərini artırması, nəticədə yerli fermerlərin istehsalının artmasına təkan verməsi ilə bağlı deyil. Bu artım əsasən, hələ böhrandan əvvəlki 2013-cü ildən başlayaraq ölkədə başlayan dəyişikliklərin - taxıl, xüsusilə də buğda istehsalı üzrə ixtisaslaşmış aqrokomplekslərin inkişafının nəticəsidir. O vaxtdan bəri belə təsərrüfatlara təxminən 200 min hektardan çox əkin sahəsi ayrılır. İlk ixtisaslaşdırılmış təsərrüfatlar təxminən altı il əvvəl Beyləqan və Ağcabədi rayonlarında yaradılıb, sonra İmişli rayonunda daha bir kənd təsərrüfatı kompleksi istifadəyə verilib.  

O vaxtdan etibarən bölgələrdə 50 böyük ixtisaslaşdırılmış taxıl əkini təsərrüfatı yaratmaq məqsədi ilə işlər aparılır və taxıl yetişdirilməsi ilə məşğul olan 24 çağdaş aqropark yaradılıb. Bu layihələr üçün dövlət fondlrından 162 milyon manat güzəştli kredit ayrılıb. Bu barədə Azərbaycan iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov bildirib.

Taxıl istehsalının genişləndirilməsi üçün genişmiqyaslı suvarma layihələri gerçəkləşdirilib və dövriyyəyə təxminən 200 min hektar yeni əkin sahəsi daxil edilib. İki böyük su anbarının - Şəmkirçay və Taxtakörpü su anbarlarının istismara verildikdən sonra ölkənin irriqasiya əhəmiyyətli dərəcədə yaxşılaşıb, bu, həmçinin təsərrüfatlarının suvarma suyuna ehtiyacının təminini önəmli səviyyədə yaxşılaşdırıb.  

2015-ci ildə görülən tədbirlər son yüz il ərzində ilk dəfə taxıl sahələrinin məhsuldarlığını hektardan orta hesabla 30,5 sentnerə çatdırılmasına imkan verib. Buğdanın məhsuldarlığını isə indiyə kimi görünməmiş səviyyəyə - hektardan 31,3 sentnerə çatdırmağa imkan yaradıb.

 

İri təsərrüfatlara fokuslanma  

Gələcəkdə yerli taxılçıların məhsuldarlığının artırılması, o cümlədən fermerlərə elit, yüksək məhsuldar və quraqlığa davamlı toxumların verilməsi ilə artacaq. Bu məqsədlə, 2015-ci ildə ölkə Prezidentinin fərmanı ilə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Toxum Fondu (DTF) yaradılıb. Fondun rəhbəri Emin Əliyevin sözlərinə görə, bu yay DTF Xaçmaz və Şəkidə iki toxumçuluq zavodu açacaq və bu ilin sonunda Toxum Birjasının açılacağı gözlənilir. Ortamüddətli perspektivdə ölkədə 5 toxum emalı zavodu işə başlamalıdır ki, və bu, əlbəttə ki, yerli taxılçılıq təsərrüfatlarının məhsuldarlığını artırmağa kömək edəcək.

Bu il Azərbaycanda, həmçinin taxılçılıq təsərrüfatlarının dəstəklənməsi proqramlarının həyata keçirilməsi davam etdirilib. Xüsusilə, İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərinin dəstəyi ilə iri fermerləri və ixtisaslaşmış taxılçılıq təsərrüfatlarını, həmçinin taxıl ixrac edənləri, emalçıları və un məhsulları istehsalçılarını birləşdirən Taxıl İstehsalçıları və Emalçıları Assosiasiyası yaradılıb.

Onun İdarə Heyətinə "Azərsun", "Gilan Holding", "Karat Holding", "Neon", "Agro Dairy", «Bakı Taxıl Terminalı», "Yalama agropark", "Qarabağ Taxıl" və "Modern Group" şirkətləri daxil olub, İdarə Heyətinin sədri "Karat Holding" şirkətinin rəhbəri Taleh Qasımov seçilib.

"Assosiasiyanın yaradılmasının əsas məqsədi dövlət qurumları ilə sıx əməkdaşlıq, sahədə mövcud olan çatışmazlıqların müəyyən edilməsi, dövlət yardımının təmin olunmasıdır", - iqtisadiyyat nazirinin müavini S.Məmmədov bildirib. Onun sözlərinə görə, yeni birliyin fəaliyyəti, ilk növbədə, ölkənin taxıl bazarında əsas istehsalçıları və emalçıları əlaqələndirməyə, həmçinin dövlət orqanlarının taxılçılıq təsərrüfatlarına verdiyi yardımı optimallaşdırmağa yönəldiləcək.

Nazir müavini, həmçinin qeyd edib ki, hökumət taxıl istehsalçılarına tam dəstək göstərməyə davam edəcək. Belə ki, son illərdə həyata keçirilən taxılçıların intensiv texniki dəstək proqramları, həmçinin taxılçılıq təsərrüfatlarının iriləşdirilməsi, xüsusilə də aqroparkların inkişafı ilə bağlı proqramlar davam etdiriləcək. Bu il Azərbaycanda ümumi sahəsi 31 min hektarı əhatə edən 10 aqroparkın və iri kənd təsərrüfatı fermalarının tikintisi planlaşdırılır və bu layihələrdə 270 mln. manat sərmayə yatırılacaq. Ümumilikdə, ortamüddətli perspektivdə 33 rayonun ərazisində ümumi sahəsi 257 min hektar olan 51 aqropark və böyük taxılçılıq təsərrüfatı yaradılacaq ki, bunun üçün 2,2 milyard manat ayrılacaq.

 

Maksimal tarif

Böyük təsərrüfatların inkişafı ilə yanaşı payına istehsalın 4/5-ü düşən kiçik təsərrüfatlar da unudulmayacaq. Kənd Təsərrüfatı Nazirliyi taxıl məhsulunun yığımı üçün fermerə göstərilən xidmətlər üçün 1 hektar üzrə maksimum tarifi 38 manata qədər müəyyən edib. "Əvvəllər bu tarif hektar başına 30 manat müəyyən edilmişdi, amma əslində bu məbləğ 50-60 manata çatırdı və biçinin gur vaxtında 70 manat olurdu", - deyə aqrar qurumun mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov bildirir. O vurğulayır ki, artıq mexanizatorlar fermerlərdən 38 manatdan artıq pul ala bilməyəcəklər.  

Öz növbəsində, sahəsi 50 hektardan çox olmayan kiçik fermer təsərrüfatlarını dəstəkləmək üçün, ilk növbədə onlar istisna olaraq kənd təsərrüfatı texnikasını lizinqə götürdükləri rayonun ərazisində biçin aparmalıdırlar. Bunun üçün, bütün kombaynlara GPS yerləşdirilib ki, onların öz rayonlarında olmasına nəzarət edilə bilinsin. Bu qaydalara riayət olunması dövlət aqrar inkişaf mərkəzlərinin nəzarətçiləri tərəfindən izləniləcək.

Buna baxmayaraq, beynəlxalq təcrübə göstərir ki, yalnız aqrar təsərrüfatların iriləşdirilməsi taxıl istehsalının həcmini artırmaq və maya dəyərini azaltmaq üçün ən optimal üsuldur. Böyük sahələrdə kənd təsərrüfatı texnikasının saxlanılması və istismarı, gübrə verilməsi və zərərvericilərə qarşı mübarizə, suvarma və digər aqrotexniki tədbirlərin görülməsi üzrə xərclər önəmli dərəcədə aşağı düşür. Uyğun olaraq, Kənd Təsərrüfatı Nazirliyinin proqnozlarına görə, onlarla ixtisaslaşdırılmış taxılçılıq aqrokompleksinin istismara verilməsi il ərzində taxıl istehsalını 3,6 milyon tona çatdırılmağa imkan verəcək, bununla da, istehsal illik istehlak səviyyəsinə çatdırılacaq.  

Hökumətin hesablamalarına görə, 2020-ci ildə ölkədə dənli və dənli-paxlalılar üzrə 3,5 milyon ton məhsul əldə ediləcək, 2022-ci ildə isə bu, 3,7 milyon tondan artıq olacaq. Bundan əlavə, taxıl istehsalının artması ilə yanaşı, məhsulların strukturunun dəyişdirilməsi də planlaşdırılır: buğda əkinini artırmaqla, Azərbaycan bir neçə il ərzində buğda idxalını önəmli səviyyədə azaldacaq. Bu isə ildə 117 milyon dollardan çox vəsaitə qənaət etməyə imkan yaradacaq - Dövlət Gömrük Komitəsinin məlumatına görə, ölkəmiz bu ilin yanvar-aprel aylarında 519 min ton buğdanın idxalı üçün məhz bu qədər vəsait sərf edib.

Təəssüf ki, hələlik Azərbaycan taxıl idxalından imtina edə bilmir. Üstəlik, keçən ilin sonundan dünya taxıl bazarlarında müşahidə olunan yüksək qiymət dəyişkənliyi - Rusiya və Qazaxıstanda buğda qiymətlərinin artması yerli fermer və çörək bişirmə sənayesini xarici bazarlardakı vəziyyətdən çox asılı edir. Bu baxımdan, bu ilin mart ayının sonunda Azərbaycan Milli Məclisi taxıl idxalının və satışının, həmçinin un və çörək satışının əlavə dəyər vergisindən (ƏDV) azad edilməsini daha iki il müddətinə uzatmağı qərara alıb.

Maraqlıdır ki, devalvasiyanın ölkənin ərzaq bazarına mənfi təsirinin aradan qaldırılması və ərzaq buğdasının idxal dəyərinin azaldılması üçün 2016-cı ilin yanvar ayında Nazirlər Kabineti də taxıl idxalı və satışı, un istehsalı və çörək satışı üzrə ƏDV-nin aradan qaldırılmasına qərar verib. Hazırda Azərbaycan taxıl çatışmazlığı yaşamır, amma buna baxmayaraq, idxal hələ də bütün ərzaq buğdası istehlakının yarıya qədərini təşkil edir. Buna görə də idxalın ƏDV-dən azad edilməsi yerli taxıl bazarında qiymətlərin korrelyasiyasına səbəb olur, çörək və un məhsullarının pərakəndə satış qiymətlərini cilovlamağa kömək edir.



MƏSLƏHƏT GÖR:

302