26 Aprel 2024

Cümə, 07:04

VYANA DÖNÜŞÜ

OPEK+ ölkələri neft hasilatının məhdudlaşdırılması üzrə anlaşmanı daha doqquz ay uzadıblar

Müəllif:

15.07.2019

İyulun 1-2-də Vyanada OPEK və OPEK-dən olmayan nazirlərin son gözləntilərinin əksinə olaraq qlobal neft sənayesi üçün çox vacib olan bir qərarı yekdilliklə qəbul etmələri hər kəsi təəccübləndirdi. Beləliklə, iki il gərgin işlədikdən sonra neft istehsal edən ölkələr Uzunmüddətli Əməkdaşlıq Xartiyasını razılaşdıra bildilər. Sənəd ölkələrin enerji siyasətlərinin qlobal enerji balansının əsas elementi kimi neftin uzunmüddətli istifadəsini nəzərdə tutur. Əsas məsələ - OPEK+ anlaşmasının uzadılıb-uzadılmayacağı, uzadılacaqsa, bu, nə müddətə olacağı sualına cavab anlaşmanın həyata keçirilməsinin monitorinqi üzrə Nazirlər Komitəsinin 30 iyun tarixli toplantısından sonra verildi. Komitə OPEK+ ölkələrinə neft hasilatını məhdudlaşdırmaq üzrə anlaşmanın daha doqquz ay uzadılmasını tövsiyə etdi.

 

Rusiya şirkətləri dilə tutdu

7 dekabr 2018-ci ildə imzalanmış indiki müqavilənin müddəti 30 iyun tarixində başa çatıb. Anlaşma tərəfləri Yaxın Şərqdə siyasi münaqişənin gərginləşməsi ilə bağlı bazarda yaranan qeyri-müəyyənlik səbəbindən uzun müddət qərar verməyə tələsmirdilər. Buna baxmayaraq, iyulun 2-də Vyana görüşündə neft istehsalçısı 24 ölkəyə yenə də 9 aylıq müddətə, yəni 2020-ci ilin birinci rübünün sonuna qədər anlaşmanın eyni kvotalarla uzadılmasına qərar verdilər: kartel ölkələri hasilatı 800 min barel/sutka və qeyri-OPEK ölkələri 400 min b/s səviyyəsində azaldacaqlar.

Anlaşmanın uzadılacağı artıq iyunun əvvəlində Sankt-Peterburqda keçirilən Dünya İqtisadi Forumu zamanı aydın oldu, çünki bu anlaşmanın əsas təşəbbüsçülərindən biri olan Səudiyyə Ərəbistanı onun uzadılmasının zəruriliyini bəyan etdi.

Artıq aydın idi. Eyni zamanda krallığın enerji naziri Xalid əl-Falih bildirdi ki, kartel ölkələri arasında OPEK+ anlaşmasının vaxtının uzadılmasının zəruriliyi ilə bağlı fikir ayrılığı yoxdur, sual altında OPEK-ə daxil olmayan ölkələrin mövqeləridir.  

Rusiya prezidenti Vladimir Putin iyun ayının 29-da «Böyük Doqquzlar»ın Osaka şəhərində keçirilən sammitindən sonra mətbuat konfransında bildirmişdi ki, Rusiya və Səudiyyə Ərəbistanı neft hasilatının məhdudlaşdırılmasına dair OPEK+ sazişini eyni həcmlərlə və 6-9 ay müddətində uzatmağa razılıq verib. Putin: "Bu, bazar üçün müəyyən bir məna daşıyır – biz razılaşdıq: anlaşmamızın vaxtını uzadacağıq ", - deyə Putin əlavə edib.

Bununla yanaşı, Rusiyanın enerji naziri Aleksandr Novak OPEK+ nazirlər toplantısının yekunları barədə danışaraq bildirib ki, anlaşmanın vaxtının uzadılması qərarının verilməsi yalnız üzdən asan görünür. Onun yekdil şəkildə qəbul edilməsi üçün həm anlaşma tərəfləri arasında, həm də Rusiya daxilində iki ay gərgin işlər gedib və mürəkkəb danışıqlar aparılıb.

Əslində, hər şey ilk baxışdan görünəndən daha mürəkkəb olub. OPEK+ çərçivəsində anlaşmanın uzadılması təklifini tənqid edənlər sırasında, ilk növbədə, baş nazirin birinci müavini, maliyyə naziri Anton Siluanov və "Rosneft"in prezidenti İqor Seçin kimi nəhəng siyasi fiqurlar yer alıb.

"Bir dilemma var: biz ya OPEK ilə birlikdə bazarları itirməyə davam etməliyik və yerimiz amerikalılar tərəfindən tutulmalıdır, ya da müqavilədən çıxmalıyıq. Bu, nə vaxtsa baş verməlidir, həmkarlarımız deyirlər ki, qlobal tələbat gündə bir milyon barel ətrafında artmalıdır. Amma istənilən halda, biz görürük ki, Amerika neftinin dünya neft bazarında payı getdikcə artır. OPEK-dən olan tərəfdaşlar belə bir meyil ilə razılaşmırlarmı - bilmirəm ",- deyə A.Siluanov aprelin ortalarında bildirib.

Rusiyanın digər neft şirkətlərinin rəhbərləri isə, əksinə, OPEK+ anlaşmasını fəal şəkildə müdafiə ediblər. "OPEK+ anlaşması, mexanizmi qorunmalıdır. OPEK+ anlaşması neft bazarında qiymətləri tənzimləyən bir mexanizm olaraq özünü sübut etdi. Prinsipcə, bazar başa düşür ki, bu anlaşmanın tərəfləri istənilən vaxt hər hansı bir hadisəyə, o cümlədən geosiyasi hadisələrə reaksiya verməyə, uyğun olaraq

effektiv şəkildə hasilatını, neft təkliflərini artırmağa və ya azaltmağa hazırdır", - deyə "Qazprom neft"in rəhbəri Aleksandr Dyukov bildirib.

"Biz xam neft bazarında möhtəkirləri praktik olaraq ləğv etdik. Biz sanırıq ki, anlaşma davam etməlidir və o, bu gün Amerika bazarında müşahidə olunan istehsal artımını nəzərə alır", - deyə "Lukoyl"un prezidenti Vahid Ələkbərov öz növbəsində bildirib.

Görünür, bu məsələ ilə bağlı vahid mövqe əldə etmək üçün şirkət rəhbərləri arasında uzlaşma görüşü əvvəlki kimi enerji naziri tərəfindən deyil, şəxsən prezident Vladimir Putin tərəfindən təşkil edilib. "Bu məsələ ilə bağlı bizim ən böyük neft şirkətlərinin rəhbərləri və hökumət üzvləri ilə bu müsahibədən əvvəl görüşmüşəm",- deyə o, «Financial Times» qəzetinə iyun ayının sonlarında verdiyi müsahibə zamanı bildirmişdi.  

Rusiya prezidenti üçün bu müqavilə yalnız iqtisadi səbəblərdən deyil, həm də beynəlxalq arenada müəyyən siyasi dividendlər əldə etmək üçün vacibdir. Bu anlaşma sayəsində Rusiya ərəb dünyasına müəyyən təsir əldə etdi və faktiki olaraq, Səudiyyə Ərəbistanı ilə birlikdə neft istehsal edən ölkələrlə münasibətlərdə dominant mövqeyə çıxdı. Rusiya Federasiyası və Səudiyyə Ərəbistanı öz təsir imkanlarını (Rusiya ilk növbədə Venesuela və İrana, Səudiyyə Ərəbistanı - və ərəb dünyası üzərində təsirlərini) birləşdirərək, anlaşmanın vaxtının uzadılması üzrə "beyin mərkəzinə" çevrildilər. Nəzərə alınsa ki, krallıq Amerika Birləşmiş Ştatlarının köhnə strateji tərəfdaşıdır, Rusiyanın anlaşmanın vaxtının uzadılmasında iştirakı əvvəlcədən hesablanıb.

 

İranın gözlənilməz razılaşması  

Nazirlər toplantısında ən təəccüblü məsələ Tehranın OPEK+ anlaşmasının vaxtının uzadılması ilə razılaşması oldu, halbuki, İranın neft naziri Bijan Namdar Zəngənə OPEK ölkələrinin bu toplantısı ərəfəsində bildirmişdi ki, kartel ona görə ölür ki, Moskva və Ər-Riyad qərarları birlikdə verir. İran tərəfi Rusiya və Səudiyyə Ərəbistanının Yaponiyada G20 çərçivəsində OPEK+ anlaşmasının vaxtını uzatmaq qərarına gəldikləri üçün qəzəblənmişdi.

"İranın mövqeyi çox aydındır: biz OPEK+ anlaşmasının vaxtının uzadılmasına qarşı çıxmırıq, amma birtərəfli qərarların qəbul edilməsi OPEK-in özünü təhdid edir... OPEK qrupun üzvü olmayanlardan təkliflər alan və onları təsdiqləyən bir təşkilat deyil. OPEK bütün məsələləri müzakirə edən, bir-biri ilə məsləhətləşən 14 üzvdən ibarət bir təşkilatdır. İran OPEK-dən çıxmaq istəmir, amma hesab edirəm ki, belə proseslər baş verdikdə, OPEK ölür ", - deyə B.Zəngənə bildirib.

"Biz OPEK-in bütün üzvlərinə hörmətlə yanaşırıq. Əslində, Səudiyyə Ərəbistanı və Rusiya ən böyük neft istehsal edən ölkələr olaraq hasilatı hər kəsdən daha çox azaldır və biz əvvəlcə bir-birimizlə razılaşmalıyıq, daha sonra həmkarlarımızla razılaşmalarımızı müzakirə etməliyik", - deyə X. əl-Falih izah etməyə çalışıb.

Qeyd etmək lazımdır ki, OPEK+-da İslam Respublikasının iştirakı formaldır. ABŞ-ın üçüncü ölkələrin İran neftini almasını qadağan edən sanksiyalarına görə, Tehran OPEK+ müqaviləsi ilə nəzərdə tutulandan daha böyük həcmdə istehsalı azaltmağa məcburdur. Beynəlxalq Energetika Agentliyinin məlumatına görə, may ayında İranda neft hasilatı cəmi 2,4 milyon b/s təşkil edib. ABŞ sanksiyalarından əvvəl İslam Respublikasında maksimum istehsal səviyyəsi 4 milyon b/s-ə çatırdı.

Buna baxmayaraq, İran yenə də anlaşmanın vaxtının uzadılması barədə razılığa gəldi və bir daha onda iştirak hesabına bir istisna qazandı. Bu dostluq jestini Rusiya tərəfi də yüksək qiymətləndirdi. Təsadüfi deyil ki, B.Zəngənə ilə ikitərəfli görüşündən sonra A.Novak qeyd etdi ki, İranı neft bazarında tamhüquqlu bir oyunçu kimi saxlamaq üçün hər şeyi etmək lazımdır.

İranın, ABŞ tərəfdən qoyulan sanksiyalar fonunda öz neftini ixrac etmək yollarını tapmağa çalışdığını nəzərə alınarsa, belə imkanlardan biri İslam Respublikasının "Neft əvəzində mal" proqramı çərçivəsində Rusiya ilə əməkdaşlığı sayıla bilər. Proqram, əvvəlki anti-İran sanksiyalarının dövründə, 2014-cü ildə hazırlanıb. 2017-ci ilin may ayında iki ölkə arasında gündə 100 min barel neft (ildə 5 milyon ton) İran neftinin nəqli ilə bağlı razılıq əldə edilib. İlk nəql həmin ilin noyabr ayında 1 milyon ton həcmində gerçəkləşdirilib. Rusiya neft əvəzinə İranı dəmir yolu üçün məhsullar, yük maşını və avtobus, təyyarələr, hava limanı üçün avadanlıqlar və boru ilə təmin edir. Bundan əlavə, İran ərazisində 45 milyard dollar məbləğində tikinti xidmətləri göstərilib. A.Novak qeyd edib ki, İran neftinin əsasən bu neft məhsullarını əldə edən ölkələrə emal üçün göndərilməsi nəzərdə tutulur.

 

Azərbaycan sabitlik tərəfdarıdır  

OPEK üzvü olmayan ölkələr arasında anlaşmanın müddətinin uzadılması əsasən Qazaxıstan üçün problem yarada bilər, ölkə «Kaşaqan» yatağı hesabına neft hasilatını artırmağı planlaşdırır. İyunun əvvəlində əsaslı təmirdən sonra yataqda hasilat 370 min b/s-ə qaldırılıb. Enerji Nazirliyinin proqnozlarına görə, 2019-cu ilin sonunda «Kaşaqan»da neft hasilatı 400-420 min b/s-ə qədər arta bilər.

Bu, nəzərə alınmaqla, Qazaxıstan tərəfi üçün anlaşmanın uzadılması üçün vacib idi, lakin azaltma kvotasının artırılmasını istəmirdi. Buna görə, Vyana qərarı Astananı tamamilə razı salır.  

"Qazaxıstan üçün, bu uzadılma orta hasilatın 1,86 milyon b/s-dan çox olmayan bir səviyyədə saxlanılmasını nəzərdə tutur. OPEK + anlaşması neft qiymətlərinin artımına önəmli dərəcədə təsir etdi və onları bir barel üçün 60-70 dollar səviyyəsində sabitləşdirməyə imkan verdi", - deyə Energetika Nazirliyi Vyana görüşünün nəticələrini şərh edib.

Öz növbəsində, Azərbaycanın energetika naziri Pərviz Şahbazov neft kartelinin üzvlərinin və OPEK üzvü olmayan ölkələrin nazirlərinin hazırkı iclasını OPEK+ anlaşması çərçivəsində tarixi hadisə kimi yüksək qiymətləndirib: «Azərbaycan 2020-ci ilin birinci rübünün sonuna qədər neft hasilatının məhdudlaşması üzrə anlaşmanın vaxtının uzadılması qərarına qoşulub. Bu davam edən iqtisadi və geosiyasi qeyri-müəyyənlik dövründə bazarda balansı təmin etmək baxımından mühüm bir qərardır. Azərbaycanın bu prosesə qoşulması və "Əməkdaşlıq bəyannaməsi"ni imzalanması ölkəmizin maraqlarına tam cavab verir».

Ümumiyyətlə, Azərbaycanın OPEK + müqaviləsi üzrə mövqeyi uzun müddətdir ki, təəccüb doğurmur. Ölkə ilk başdan neft bazarını sabitləşdirmək üzrə tədbirlərin tərəfdarı idi və OPEK ilə əməkdaşlıq barədə razılığa gəlmişdi, hətta özünün neft hasilatını OPEK+ ilə ilk müqavilə çərçivəsində gündə 35 min barel, 2018-ci ilin dekabrında isə 20 min b/s azaltmağa razılaşmışdı.  

Bu gün Azərbaycan üçün neftin qiyməti prioritetdir, çünki ildən-ilə neft hasilatında təbii bir azalma baş verir. Bu səbəbdən, Azərbaycan tərəfi hasilat həcmini azaltmaq üzrə qərarları asanlıqla qəbul edir, çünki onlar neft qiymətlərinin "qırmızı xətt"dən - barelə 60 dollar aşağı düşməsindən qaçmağa imkan yaradır. Bu, öz növbəsində Azərbaycana makroiqtisadi, maliyyə və xarici ticarət sabitliyini təmin etmək imkanı verir, eləcə də ölkəyə xarici valyutanın sabit şəkildə daxil olmasına şərait yaradır.

Dekabr ayında əldə edilmiş OPEK+ anlaşmasının şərtlərinə əsasən, Azərbaycan gündəlik neft hasilatının həcmini 776 min b/s səviyyəsinə endirməyi öhdəlik götürüb. Azərbaycanda ümumi neft hasilatının azalmasına profilaktik işləri həyata keçirmək üçün hasilat platformalarında - «Mərkəzi Azəri»də (artıq apreldə başa çatmış) və «Qərbi Çıraq»da (oktyabr ayında gözlənilən) planlaşdırılan iki həftəlik iş dayandırmalar kömək edəcək. Çətin ki, bunu təsadüfi saymaq olar - aprel ayının nəticələrinə görə, Azərbaycanda gündəlik neft hasilatı 683 min b/s təşkil edib. May ayında bu rəqəm 776 min b/s-ə yüksəlib, lakin ölkə OPEK+ anlaşmasından kənara çıxmayıb. Ümumiyyətlə, Azərbaycan bu müqavilənin fəaliyyətdə olduğu altı ayı ərzində istehsalı azaltmaq üzrə götürdüyü öhdəliyə 125% əməl edib.

Maraqlıdır ki, 2019-cu il üçün Azərbaycanın yanacaq və enerji balansında ölkədə orta gündəlik neft hasilatı 776,5 min barel səviyyəsində planlaşdırılır. Bu, demək olar ki, bu, ölkənin OPEK+ çərçivəsində öhdəliklərinə uyğun gəlir. Belə planlaşdırma, xüsusilə OPEK və qeyri-OPEK arasında sazişin uzadılması nəzərə alınmaqla, yetərincə uzaqgörən alınıb. Deməli, Azərbaycan üçün ən azı bu ilin sonuna qədər OPEK+ çərçivəsində öz öhdəliklərini yerinə yetirmək çətin olmayacaq.



MƏSLƏHƏT GÖR:

307