26 Aprel 2024

Cümə, 21:06

AVROPA BEŞLİYİNDƏ

Azərbaycan Gənclər Yay Olimpiya Festivalinda dördüncü oldu

Müəllif:

01.08.2019

Avropanın 48 ölkəsindən 3900-dək atletin mübarizə apardığı “EYOF Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalı yeddigünlük maraqlı idman mübarizəsindən sonra başa çatdı. Atletlər Bakıdakı 12 arenada idmanın on növü - idman gimnastikası, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında 135 dəst medal uğrunda mübarizə apardılar. Festivalda 300 qızıl, 300 gümüş və 330 bürünc medal 38 ölkənin idmançıları tərəfindən qazanıldı.

“EYOF Bakı 2019” qaliblərinin siyahısına aktivində 66 (28 qızıl, 17 gümüş və 21 bürünc) medal olan Rusiya komandası başçılıq edir. Böyük Britaniya idmançıları 25 medalla (11 qızıl, 12 gümüş, 2 bürünc) ikinci, Türkiyə komandası isə 27 medalla (11 qızıl, 6 gümüş və 10 bürünc) üçüncü sırada qərarlaşıblar.

Mötəbər yarışda 23 medal - 10 qızıl, 7 gümüş və 6 bürünc qazanan Azərbaycan millisi komanda hesabında dördüncü pillədə qərarlaşdı. Gözlənildiyi kimi millimizdə medalların çoxunu - 16 medalı güləşçilərimiz qazanıb. Pəhləvanlarımız 8 qızıl, 5 gümüş və 3 bürünc medalla yığmanın komanda hesabında yüksək yerlərdə qərarlaşmasında böyük pay sahibi oldu. Medalların sayına görə komandamızda ikinci yerdə cüdoçular tutdu. Onlar ölkəmizin aktivinə 2 qızıl, 1 gümüş və 3 bürünc medal yazdırıblar. İdman gimnastikası yarışında isə 1 gümüş medala sahib olduq.

Festivalın nəticələrinə görə ilk onluqda İtaliya (8-9-9), Ukrayna (8-7-10), İspaniya (7-4-10), Fransa (6-8-14), Polşa (6-3-6), Belarus (6-2-6) yığmaları yer alıblar.

Azərbaycan yığmasının komanda hesabında 4-cü olması isə yarışın tarixində ən yaxşı nəticə hesab olunur. İndiyədək komandamız yalnız 2013-cü ildə Serbiyanın paytaxtı Belqradda qazandığı yeddi qızıl medalla VI ola bilmişdi. Bununla belə, əksər idman növlərində medalsız qalmağımız ciddi təhlil olunmalıdır.

Basketbol, velosiped idmanı, həndbol, üzgüçülük, tennis, voleybolda idmançılarımız aşağı nəticə göstərməklə diqqəti cəlb etdi. Xüsusilə həndbol və voleybolda gənclərdən ibarət komandalarımızın zəif olduğu məlum oldu. Bunun başlıca səbəbi isə əsas diqqətin böyüklərdən ibarət komandaya yönəlməsidir. Əksər federasiyalar yalnız böyüklərdən ibarət yığmanın uğurları barədə düşünür. Gənclərdən ibarət komanda isə kölgədə qalır. Bu mənada festivalın yekun nəticələri bəzi federasiyalar üçün ciddi siqnal olacaq. Gənclərə lazımi diqqət göstərilməsə gələcəkdə böyüklərin yarışında problemlə üzləşə bilərik. Çünki əksər komandalara idmançılar aşağı yaş qruplarından dəvət olunur.

Festivalın yekunlarına həsr olunan mətbuat konfransında çıxış edən Gənclər və İdman naziri Azad Rəhimov ümumilikdə əldə olunan nəticələrdən razı qaldığını bildirdi. “Festival boyunca biz sadəcə yeniyetmələr deyil, əzmkarlığı, zəhmətləri ilə, demək olar ki, olimpiya çempionlarından heç də geri qalmayan peşəkar idmançılar gördük. Ümid edirəm ki, bu festival onları gələcəkdə daha böyük nailiyyətlər üçün ruhlandıracaq, həvəsləndirəcək”-deyə nazir vurğulayıb.

O qeyd edib ki, son illər Avropa Gənclər Yay Festivalında az medal qazanmağımız bizi qane edə bilməzdi: “Öz evimizdə bütün idman növlərində təmsil olunmaq imkanımız oldu. Bu da medal sayına təsir etdi. Ona görə də nəticədən razıyıq. Yarışda medal qazanan idmançılara diqqət daha da artırılacaq”.

Azad Rəhimov təəssüflə qeyd edib ki, yığmamız komanda idman növlərində uğur qazana bilməyib. “Yarışlarda hər növdə Avropanın 7 ən güclü yığması çıxış edirdi və biz 8-ci idik. Onlar arasında Avropa və dünya çempionları var. Güclü komandalara qarşı mübarizə aparmaq heç də asan deyildi. Basketbol yığmamızın Xorvatiyaya qalib gəlməsi isə bizi sevindirdi. Bununla belə, nəticələr təhlil olunacaq, lazımi nəticələr çıxarılacaq”, - deyə nazir bildirib.

Təşkilatçılığa gəldikdə isə, xarici qonaqların rəylərinə istinad edən nazir Azərbaycanın festivalı yüksək səviyyədə keçirdiyini vurğulayıb.

Elə Avropa Olimpiya Komitələrinin vitse-prezidenti Nils Nayqard da jurnalistlərlə görüşündə Festivalı olduqca yüksək səviyyədə təşkil etdiyinə görə Azərbaycan tərəfinə təşəkkürlərini bildirib və Bakı turnirinin gənclərin idman yarışı tarixində özəl yer tutacağını deyib: "Bakı bizim üçün çox gözəl təcrübə oldu. Buradan xoş təəssüratlarla ayrılırıq. Burada olan mütəxəssislər Azərbaycanı idman tədbirlərinin ən yüksək pilləsinə qoydular. Gələcəkdə də Azərbaycanda böyük idman tədbirlərinin keçirilməsinə dəstək verəcəyik".

Qeyd edək ki, XVI Avropa Gənclər Olimpiya Festivalı 2021-ci ildə Slovakiyanın Banska Bistritsa şəhərində keçiriləcək.



MƏSLƏHƏT GÖR:

335