26 Aprel 2024

Cümə, 06:33

TƏSƏLLİVERİCİ SENSASİYA

Futbolçularımız dünya ikincisiylə heç-heçə oynadı

Müəllif:

15.09.2019

AVRO-2020-nin seçmə mərhələsi futbol üzrə Azərbaycan millisi üçün uğurlu keçmir. Ardıcıl dörd məğlubiyyətdən sonra milli doğma meydanda Dünya çempionatının gümüş medalçısı Xorvatiyanı qəbul etdi. Bütün dünyanın Xorvatiyadan qələbə gözlədiyi matçda Azərbaycan millisi qələbəyə bərabər heç-heçə oynamaqla ilk xalını qazandı. 

Son oyunlarda Macarıstana 1-3 və Slovakiyaya 1-5 hesablı məğlubiyyətlərdən sonra milliyə inanan azarkeşlərin sayı ciddi şəkildə azaldı. Seçmə mərhələdə ilk dörd oyunda xal üzünə həsrət qalan futbolçularımızdan Xorvatiyayla matçda da qəhrəmanlıq gözlənilmirdi. Bununla belə yığmamız ulduz futbolçulardan formalaşan xorvatlara gücünü göstərməyi bacardı.   

Matç bizim üçün yaxşı başlamadı. Start təzyiqini çətinliklə dəf edən yığmanın qapısına penalti təyin olundu. Topun Anton Krivotsyukun əlinə dəyməsi komandamızı çətin vəziyyətə saldı. “Real”ın forvardı Luka Modriç penalti zərbəsini dəqiq yerinə yetirdi. Buraxılan qoldan sonra millimiz gözləmədiyimiz əzmkar mübarizə sərgiləməklə hamını təəccübləndirdi.   

Əslində yığmamız həmin gün darmadağınla məğlub ola bilərdi. Bunun qarşısını millidə ilk oyuna çıxan gənc Emil Balayev aldı. Qolkiper 90 dəqiqə ərzində 7 real qol vəziyyətindən üzüağ çıxdı və bununla rəqibin planlarını pozdu. Təsadüfi deyil ki, matçdan sonra da xorvatlar qapıçımızdan belə oyun gözləmədiyini bildirib. Görüşün digər qəhrəmanı isə “Sabah”ın futbolçusu Təmkin Xəlilzadə oldu. Rəqibin dörd futbolçusunu messisayağı aldadan Xəlilzadə cərimə meydançasına daxil olaraq dəqiq zərbəylə stadionu ayağa qaldırdı.   

Azərbaycan millisi hər seçmə mərhələdə güclü komandalardan biriylə sensasiya edir. O mənada belə oyun bizi təəccübləndirməməlidir. Çünki stabil olmur. Bununla belə, millinin xorvatlarla matçında Emil Balayevlə Bəhlul Mustafazadənin haqqına girmək olmaz. Gənc qapıçımız Emil Balayev təkcə ilk hissədə 4 real qol vəziyyətini xilas etdi. Bəhlul Mustafazadənin oyununa görə yetirməsi olduğu “Qəbələ” futbol klubuna təşəkkür düşür. Meydanda hərəkəti, duruşu, özünə inamı, mövqe seçimi tərifəlayiqdir. Təmkin Xəlilzadənin qolu da gözəl idi. Ondan əvvəl də oxşar reyd eləmişdi, amma top işlək olmayan sağ ayağına düşdü, zərbəsi xorvatiyalı oyunçuya dəyib çıxdı. Rusiyada legioner karyerası yaşayan Ramil Şeydayevin müsbət oyun keyfiyyətlərini söyləsək yenilik etmərik. Əla mövqe seçimi, sürəti və driblinqi ona olan diqqəti artırır. Şeydayev rəqib üçün təhlükəli, millimizə görə isə dəyərli futbolçudur.   

Azərbaycan yığma komandasının baş məşqçisi Nikola Yurçeviçin AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində Bakıda Xorvatiya yığması ilə 1:1 hesablı bərabərlikdən sonra fikirləri maraqlıdır: "Nəticəyə və komandamın çıxışına görə xoşbəxtəm. Oyunçularımızla qürur duyuram. Heyətində ulduzlar olan dünya ikincisinə qarşı oynadıq. Azarkeşlərə təşəkkür edirəm. Xüsusilə də ikinci hissədə bizə verdikləri dəstək möhtəşəm idi".

53 yaşlı xorvatiyalı mütəxəssisin sözlərinə görə, müsbət nəticəyə görə çox sevinclidirlər:

"Mən xorvatam, amma bu gün bütün ürəyimlə azərbaycanlıyam. Son vaxtlar yaxşı oyuna rəğmən nəticə qazan bilmirdik. Amma bu gün bunu bacardıq. Bütün heyət və azarkeşlər bu sevincə layiq idi. Emosionalam, bir az danışmaqda çətinlik çəkirəm".

Yurçeviç Azərbaycan millisinin qarşısında iki yol olduğunu deyib. "Tənqid üçün açığam. Başqa oyunçularla daha yaxşı nəticə qazanmaq olardı, ya olmazdı - bunu demək olmaz. Həqiqətən də, Macarıstan və Slovakiyaya qarşı zəif çıxış etdik. Əsas problemimiz fiziki hazırlığın aşağı olmasıdır. Bu gün iki yolumuz var. Birincisi, nəyin bahasına olur-olsun nəticə qazanmaq. İkincisi, gələcəyi düşünmək. Bu gün Ramil Şeydayev, Ömər Buludov, Anton Krivotsyuk, Mahir Emreli, Renat Dadaşov və digər gənclərimiz var. Onlar gələcəkdə komandanın özəyini təşkil edəcəklər" -deyə baş məşqçi bildirib. 

Xorvatiyaya qarşı matçda qazanılan 1 xal millimizin qrupda mövqeyini dəyişmir. Biz yenə qrupda son pillədəyik. Sadəcə gələcəyə doğru baxmağa kömək edir. Seçmə mərhələnin sonunda Maksim Medvedev, növbəti illərdə isə digərlər təcrübəlilər də karyeralarını başa vuracaq. Ona görə gənclərə önəm vermək lazımdır. Emil Balayev Qazaxıstanda, Ramil Şeydayev Rusiyada çıxış etdiyi halda mütləq şəkil Bəhlul Mustafazadənin xaricə çıxmasına dəstək olmaq lazımdır. Etiraf etmək lazımdır ki, çempionatımız zəifdir. 8 klubun mübarizə apardığı milli çempionatda Avropa səviyyəsində futbolçu yetişməyəcəyik. Deməli, istedadlıları xaricə göndərməyə çalışmalıyıq. Bəhlulla yanaşı Mahir Əmrəli də legioner həyatı yaşasa millinin xeyrinə ola bilər. 

Emil Balayev, Ramil Şeydayev, Mahir Mədətov, Bəhlul Mustafazadənin gənc olduğunu nəzərə alaraq növbəti seçmə mərhələdə yığmadan daha inamlı oyun gözləmək mümkündür. Cari tsikl artıq itirilib. Macarıstan, Uels, Slovakiya yığmalarıyla görüşdə gənclərə şans verilməlidir. Artıq indidən növbəti seçmə mərhələnin heyətini formalaşdırmaq lazımdır.   

Daha bir məqam stadionla bağlıdır. Bakı Olimpiya Stadionu möhtəşəmdir. Dünyanın ən yaxşı stadionlarından biri sayılan arena milli üçün uğurlu deyil. 68 500 azarkeşi qəbul edən stadionda anşlaq nadir hallarda yaşanır. Azarkeşlərin səsi meydana çatmır. Bu mənada böyük arena rəqiblər üçün əla stadion, bizə qarşı isə problemə çevrilir. Tarixən milli ev oyunlarını Tofiq Bəhramov adına stadionda keçirib. Yeni arenaya öyrəşmək üçün vaxt lazımdır. Ona görə qalan oyunların 8-ci kilometr qəsəbəsindəki stadionda keçirilməsi məqsədəuyğun olardı. 

Futbolun vəziyyəti nəticələrlə ölçülür. Ölkəmizdə klub səviyyəsində “Qarabağ” hər il stabil çıxış edərək Avropada tarix yazır. Təəssüf millidə vəziyyət elə deyil. Çünki millidə ancaq özümüzünkülər (milliləşdirilmiş legionerləri nəzərə almasaq) oynayır. Bu mənada çempionatda legioner limitinin ləğvi yerli futbolçuların xaricə getməsinə şərait yaradacaq. Artıq indidən yeni mövsümdə milli çempionatda müəyyən şərtlər altında legioner limitinin ləğvini müzakirə etmək olar. Legionersiz çempionatda azərbaycanlı gənclər meydana çıxmaq üçün daha çox çalışacaq.



MƏSLƏHƏT GÖR:

309