26 Aprel 2024

Cümə, 16:01

İNNOVASİYALAR NAMİNƏ TƏRƏFDAŞLIQ

AİB-in daimi nümayəndəsi Nəriman Mannapbəyov bankın Azərbaycanla 20 illik əməkdaşlığının yekunları və yeni hədəfləri barədə

Müəllif:

15.09.2019

Bu il Asiya İnkişaf Bankı (AİB) ilə Azərbaycan arasında əməkdaşlığın 20-ci ildönümü qeyd olunur. Bununla bağlı, həm hesabat xarakterli, həm də gələcək əməkdaşlığa hesablanmış bir sıra tədbirlərin keçirilməsi planlaşdırılır.

Bankın Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri Nəriman MANNAPBƏYOV «Region plus»a müsahibəsində Azərbaycan və AİB arasında tərəfdaşlığın keçmişindən, bu günündən və gələcəyindən danışıb.

- Ötən 20 ildə AİB ilə Azərbaycan arasında əməkdaşlığın səviyyəsini necə qiymətləndirərdiniz?

- Bu il, həqiqətən də, Azərbaycan ilə AİB arasında əməkdaşlıq baxımından əlamətdardır - tezliklə biz münasibətlərimizin 20 illiyinə həsr olunmuş silsilə tədbirlərə başlayacağıq. Bu tarixə biz bir çox nailiyyətlərlə gəlmişik ki, bunlar barədə AİB-in rəsmi saytında ətraflı məlumat veriləcək.

Qeyd etmək istərdim ki, AİB bütün sahələrdə Azərbaycan hökuməti ilə əməkdaşlıqdan məmnundur. Bu sahələrin sayı az deyil - su və kanalizasiya xidmətləri, energetika və elektrik enerjisi sahəsi, o cümlədən magistral və paylayıcı şəbəkələr, nəqliyyat sahəsi, o cümlədən avtomobil və dəmir yolu nəqliyyatı, həmçinin maliyyə sektorunun inkişafı - həm dövlət maliyyəsinin idarə edilməsi sahəsində, həm də kommersiya maliyyələşdirməsinin inkişafı sahəsi və s.

- AİB bundan sonra da əməkdaşlığı bu istiqamətlər üzrə davam etdirəcək, yoxsa onlara yeni hədəflər əlavə olunacaq?

- Bu yay, biz növbəti 5 il üçün - 2023-cü ilə qədər yeni bir əməkdaşlıq strategiyasını qəbul etdik. Dediyim kimi, artıq müəyyən sahələrdə tərəfdaşlıq münasibətləri qurmuşuq, amma biz yeni hədəflərə də hazırıq. AİB bu məsələdə də Azərbaycan rəhbərliyinin, xüsusən də hələ əlçatmaz olan və ya ölkədə geniş tətbiq olunmayan yüksək texnologiyaların və effektiv innovativ həllərin tətbiqi ilə bağlı göstərişlərini nəzərə alacaq.

Belə ki, irriqasiya sektorunda innovativ həllər var: məsələn, çağdaş geomembran texnologiyalarından istifadə edilməklə kanalların inşası. Geomembranlar özünün möhkəmliyi, davamlılığı, ekoloji yararlılığı, həmçinin çəkilməsinin effektivliyi baxımından adi dəmir-beton bəndlərdən üstündür. Biz bu cür texnologiyanın Azərbaycanda tətbiqini öyrənməyi planlaşdırırıq.

Bundan əlavə, su anbarlarının üzərində günəş elektrik stansiyalarının inşası ilə bağlı pilot layihəyə başlanılıb. Azərbaycan bölgədə bu cür innovativ texnologiyalardan istifadə edən ilk ölkə ola bilər. Layihənin daha genişmiqyaslı versiyasını həyata keçirmək üçün xarici sərmayələrin cəlb edilməsi ilə bağlı ətraflı müzakirələr gələn ildən başlaya bilər. Pilot layihənin həyata keçirilməsi üçün qrant ötən ilin avqust ayında AİB tərəfindən ayrılıb, onu alan təkcə Azərbaycan deyil, Əfqanıstan və Qırğızıstan da bu sıradadır. Bundan əlavə, növbəti 5 il ərzində biz Azərbaycanla təhsil, planlaşdırma və şəhər infrastrukturunun idarə edilməsi sahələrində yüksək texnologiyalardan və innovasiyalardan istifadə etməklə əməkdaşlığı genişləndirməyi planlaşdırırıq.

- Çox maraqlı planlardır. Təhsil sahəsində konkret olaraq nə nəzərdə tutulur?

- Fakt budur ki, indi yeni yaradılan Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişaf Mərkəzi ilə sıx işləyirik. Bu tərəfdaşlıq çərçivəsində biz əməkdaşlıq sahələrimizi genişləndirəcəyik və təhsil sektorundan başlamağı planlaşdırırıq. Eyni zamanda Azərbaycan postsovet məkanında təhsil sahəsində dövlət-özəl tərəfdaşlığı tətbiq edən ilk ölkə ola bilər.

Belə ki, bank özünün trast fondu olan «Asia Pacific Private Partnership Fund» vasitəsilə mərkəzə 1.8 milyon ABŞ dolları məbləğində qrant ayırıb. Qrant dəstəyi üçün artıq iki universitet seçilib - Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti. Onlar üçün xüsusi bir operatorun idarəsinə veriləcək beynəlxalq standartlara uyğun yataqxanalar tikiləcək.

Qrantın vəsaiti hesabına layihənin texniki-iqtisadi əsaslandırılması hazırlanır, həmçinin sonrakı addımda bu yataqxanaların gələcək idarə olunması ilə tikinti şirkətlərinin seçilməsində kömək edəcək məsləhətçilər cəlb ediləcək.

Bildiyiniz kimi, hər il Bakıya, təxminən, 50 min tələbə, o cümlədən xaricdən 3 min tələbə gəlir, ancaq bu gün yataqxanalarda onların yalnız 5-8 mininə yer verilir. Bu, o deməkdir ki, gələn tələbələrin 90%-i mənzil kirayələyir, bu da ayda, orta hesabla, 160-200 manata başa gəlir. Əlbəttə ki, otaqlarının kirayəyə verilməsi planlaşdırılan, lakin cəlbedici qiymətə olan müasir yataqxanalar inşa edilərsə, bu, onların çoxu üçün olacaq. Üstəlik, onlar tədris korpuslarının yaxınlığında yerləşəcək, bu da tələbələrin nəqliyyat xərclərini azaldacaq. Həmçinin, birinci mərtəbədə kinoteatr zalı, quru təmizləmə, supermarket kimi ticarət obyektləri də yerləşdirilə bilər...

- Məlumdur ki, 2001-ci ildə AİB-nin təşəbbüsü ilə Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (MARİƏ) proqramı işə başlayıb. Proqramda Azərbaycan da daxil olmaqla 11 ölkə iştirak edir. Bu proqram çərçivəsində hansı regional layihələr hazırlanır?

- Hazırda Çindən Gürcüstana qədər turizm potensialının inkişafı istiqamətində intensiv işlər görülür. Azərbaycan da bu proqrama cəlb edilib.

Sanırıq ki, turizm ölkələr arasında sosial-iqtisadi və mədəni əlaqələrin genişlənməsinə və dərinləşməsinə, insanları və ölkələri bir-birinə yaxınlaşdırmaqla dialoqun gücləndirilməsinə kömək edə bilər. Turizm həm də özəl sektorun inkişafı üçün də vacibdir. Bölgədəki turizm sahəsində yetərincə sual toplanıb ki, onların həlli üçün təkcə hər bir ölkə tərəfindən ayrılıqda deyil, həm də birgə səylərlə qərarlar verilməlidir. Məsələn, bəzi ölkələrdə turistlər 3-4 gün ərzində bir dövlətə gəlsələr də, səfərlərini daha çox günə uzatmaq və eyni zamanda qonşu ölkələrə baş çəkmək istəyirlərsə, müxtəlif problemlərlə qarşılaşırlar.  

Bu məqsədlə, AİB keçən ay MARİƏ ölkələrinə regional turizmin inkişafı və turizm agentliklərinin institusional potensialının artırılması üzrə kompleks strateji proqramların hazırlanmasında kömək məqsədilə 2 milyon dollarlıq texniki yardım layihəsini təsdiqləyib.

- Bu layihələr Azərbaycan üçün də ona görə əhəmiyyətlidir ki, iqtisadiyyatın qeyri-neft sektorunun inkişafına yönəlib.

- Tamamilə doğrudur. Digər bir vacib sahə kənd təsərrüfatı sektorudur və bu çərçivədə MARİƏ ölkələri arasında kənd təsərrüfatı sahəsində kooperasiya məsələləri də dərinləşir. Asiyada ixracata, idxala və sərmayələrə dəstək olmaq üçün Ticarət Kreditləri və İnvestisiya Zəmanətləri Agentliyinin (TCIGA) yaradılması imkanları araşdırılır.

AİB ilk dəfə TCIGA konsepsiyasının layihəsini 2017-ci ildə Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı çərçivəsində keçirilən iclasların birində təqdim edib. Daha sonra AİB araşdırmanın əhatə dairəsini genişləndirmək və ona 18 inkişaf etməkdə olan ölkəni – AİB-in Mərkəzi və Qərbi Asiya, eləcə də Şərqi və Cənubi Asiyadan olan üzvlərini daxil etmək qərarına gəldi. 2018-ci ildə məsləhətləşmələrdən sonra bu ölkələr aparılan texniki-iqtisadi əsaslandırmaların müsbət nəticəsi şərtində TCIGA-nın yaradılmasında iştirak edəcəyinə söz verdilər.

Agentliyin əsas məqsədi regiondaxili və regionlararası ticarət vasitəsi ilə birbaşa xarici sərmayələrin cəlb edilməsinə və iqtisadi artımın sürətlənməsinə kömək etməkdir. Əgər bu agentlik yaradılarsa, o, yalnız ticarətlə bağlı maliyyə alətləri ilə təmin olunmaqla qalmayacaq, həm də bölgədəki kiçik və orta sahibkarlara, habelə daxili, regional və qlobal bazarlarda rəqabətli ticarət üçün digər ixracatçılara stimul və dəstək verəcək. Bu, bölgədə əlavə dəyər istehsalının və məşğulluğun artırılması yolu ilə iqtisadiyyatın şaxələndirilməsi və davamlı uzunmüddətli iqtisadi artım üçün son dərəcə vacibdir.

Kredit sığortası coğrafi sərhədlərlə ayrılan əlaqəli müəssisələr arasında dayanıqlı istehsal bazası yaratmaq üçün risklərin azaldılması üzrə digər vasitələr arasında yer ala bilər. Məsələn, bir ölkənin ərzaq məhsulları istehsalçısı qonşu ölkədə istehsal olunan xammala ehtiyac duyur. Sahibkarlar bu zaman ehtiyac olan materialları agentlik tərəfindən sığortalanmış ödənişin təxirə salınması şərti ilə xarici tərəfdaşlarından ala biləcəklər.

Gözlənilir ki, bu layihənin texniki-iqtisadi əsaslandırması 2020-ci ilin aprelinə qədər başa çatdırılacaq, Azərbaycan da daxil olmaqla maraqlı ölkələrə paylanacaq.

Yəni, gördüyünüz kimi, Azərbaycanla əməkdaşlıq gələcəkdə daha çox vektorlu olacaq, ölkə üçün vacib olan sosial-iqtisadi inkişaf aspektlərini əhatə edəcək.


MƏSLƏHƏT GÖR:

365