26 Aprel 2024

Cümə, 07:14

SURİYA SAVAŞI SON HƏDDİNDƏ

Dünyanın böyük güclərinin toplandığı bölgədə güc savaşının xəritəsi

Müəllif:

15.09.2019

Suriya münaqişəsi son mərhələsinə gəlib çatıb. Amma savaş hələ bitməyib. Ölkənin şimalında hələ də döyüşlər davam edir. Və hazırda Suriya münaqişəsinin əsas düyünü məhz şimaldadır. Şimal isə həddən artıq qarışıqdır. Burda həm çoxlu sayda silahlı birləşmələr, həm də xarici ölkələrin rəsmi gücləri var. 

 

Şimalın “xəritəsi” və tərəflərin qüvvələr nisbəti

Suriyanın şimalını şərqdə İraq sərhədindən qərbdə Aralıq dənizinə qədər olan Türkiyə ilə 900 kilometrlik sərhəd xətti təşkil edir. Burada şərqdən qərbə 3 kürd kantonu (vilayət), Menbic, Hələb, Afrin, İdlib və Laziqiyyə regionları daxildir. Suriya-Türkiyə sərhədinin İraqdan Cerablusa qədər olan hissəsinə hazırda kürdlər nəzarət edir. Bura, təxminən, Suriyanın 22-25 faiz ərazisi daxildir.

Cerablusdan qərbə - Afrinə doğru,təxminən, 100 kilometrə yaxın uzunluqda ərazini Türkiyə ordusu 2016-cı ilin avqustunda başlatdığı “Fırat Kalkanı” əməliyyatı ilə İŞİD-dən azad edib və hazırda müttəfiq müxalif qüvvələrlə birlikdə idarə edir. Afrin rayonunu isə 2018-ci ildə Türkiyə ordusu müttəfiq silahlı müxaliflərlə birlikdə başlatdığı “Zeytin Dalı (budağı)” əməliyyatı nəticəsində kürdlərdən alıb.

Afrindən qərbə Laziqiyyəyə qədər ərazi isə İdlib vilayətidir. Bu vilayət hazırda Suriyada müxaliflərin nəzarətində olan yeganə ərazi vahididir. Təbii ki, kürdlərin nəzarət etdiyi vilayətləri çıxmaq şərti ilə. İdlibin 70 faizə yaxınına Rusiya və Qərb ölkələrinin terrorçu kimi tanıdığı “Ən-Nusra”, ya da başqa adı ilə “Hyət Təhrir əş-Şam” və onunla ittifaqa girən radikal silahlı qruplar nəzarət edir. Onların içərisində 3-cü əsas güc uyğur türklərindən təşkil olunan təxmini sayı 15 min nəfər olan “Türküstan İslam Partiyası” silahlı təşkilatı da var. İdlibin 30 faizinə və həmçinin Türkiyənin azad etdiyi Afrin və Əziz-Cerablus arası bölgəyə isə Türkiyənin dəstəklədiyi “Azad Suriya Ordusu” və həmçinin bir sıra irili xırdalı müxalif silahlı dəstə nəzarət edir.

Bundan başqa Suriyanın şimalında İŞİD dəstələri, Hizbullah və İrana aid silahlı birliklər, Suriya ordusuna dəstək verən silahlı militanlar mövcuddur.

Suriyanın şimalındakı ordu qüvvələri də xeyli “zəngindir”. Kürd bölgəsində ABŞ ordusunun 25 hərbi bazası və burda Trampın geri çəkmə qərarına qədər rəsmi olaraq 2 min hərbçisi var. Eyni zamanda kürd bölgəsində Fransa ordusunun 5 hərbi bazası var. ABŞ ordusunun 2017-ci ildə 40 min, 2018-ci ildə isə 30 min YPG üzvünə hərbi təlim keçdiyi və hazırda kürd bölgəsində SDQ-nin 35 min döyüş hazırlığı vəziyyətində olan döyüşçüsünün olduğu ehtimal edilir. Bundan başqa ABŞ hökuməti ötən il kürd ərazilərini qorumaq üçün 30 min nəfərlik “sərhəd mühafizəsi” qüvvələri hazırlama proqramı haqda mediada məlumatlar yayılıb. Türkiyə prezidenti isə bu həftə bildirdi ki, ABŞ kürd qüvvələrinə 50 min yük maşını həcminə silah-sursat və texnika verib.

Türkiyənin Suriya ərazisində nə qədər hərbi gücünün olduğu dəqiq bilinmir. Bilinən odur ki, əməliyyatlar zamanı, xüsusən də Afrin əməliyyatında Türkiyə ordusu 8-12 min (rusların məlumatına əsasən – K.R.) hərbi qüvvə yeridib Suriya ərazisinə. Türkiyənin nəzarət etdiyi Afrin və Əziz-Cerablusdan başqa hazırda İdlib vilayətində 2018-ci il 17 sentyabr Soçi anlaşmasına əsasən Türkiyə ordusuna məxsus 12 ədəd atəşkəsə nəzarət məntəqəsi fəaliyyət göstərir.

İran ordusunun 1000 nəfərə yaxın hərbi qulluqçusunun Suriyada olduğu, həmçinin İdlib ətrafında İrana məxsus 7 atəşkəsə nəzarət məntəqəsinin olduğu güman edilir. Ancaq İran ordusu ilə yanaşı, Hizbullah, “Fatimiyyun”, “Əbəlfəzl Abbas” briqadaları da Suriyanın şimalında fəaliyyət göstərir.

Rusiyanın əməliyyatların aktiv dövründə rəsmi olaraq Suriya ərazisində 5 min hərbçisi olub. Bunlar Tratusdakı hərbi-dəniz bazasında və Laziqiyyədəki Xmeymim hərbi hava bazasında yerləşən müxtəlif təyinatlı qüvvələr, o cümlədən hərbi polis gücüdür.

İki il əvvəl Çin ordusunun yüksək rütbəli komandirinin Dəməşqə gəldiyi, Çinin İdlibdəki uyğur silahlılarına qarşı əməliyyata qüvvə göndərmək istədiyi ilə bağlı xəbərlər yayılsa da, bu məlumat rəsmən təsdiqlənmədi.

 

Kim nə istəyir?

Bu bölgədə mənzərə xeyli mürəkkəbdir. Demək olar ki, hərb bir dövlətin öz maraqları və planları var. Bu dövlətlər birbaşa hərbi gücləri və dəstəklədikləri silahlı qruplar vasitəsilə bu maraqları reallaşdırmağa çalışırlar.

 

Vaşinqtonun kürd siyasəti

ABŞ 2013-cü ildə Bəşər Əsədin devrilməsi ehtimalı azaldıqdan sonra şimalda kürdlərə dəstək verməyə başlayıb. Kürdlər ABŞ ordusunun İŞİD-ə qarşı əməliyyatlarında quru qüvvələri rolunu oynayıb. Bu səbəbdən, də Vaşinqton kürd qüvvələrini hərtərəfli dəstəkləyib. 2019-cu il hərbi büdcəsində Suriya kürdlərinə, yəni SDQ-yə 250 milyon dollar yardım ayrılıb. ABŞ kürd idarəçilik sisteminin qurulmasını, başqa sözlə Suriyada İraqda olduğu kimi kürd muxtariyyətinin yaradılmasına dəstək verir.

Hazırda Suriya ərazilərinin 25 faizinə yaxınına nəzarət edən kürdlər həm siyasi, həm də hərbi baxımdan muxtariyyətə çox yaxındırlar. Ancaq bunun üçün beynəlxalq uzlaşma olmalıdır. Bu uzlaşma alınsa İraqdan sonra Yaxın Şərqdə ikinci kürd “dövlətinin” qurulması gerçəkləşə bilər. Suriyada ikinci bir kürd muxtariyyətinin qurulması İraq təcrübəsində olduğu kimi, həm Dəməşqə, həm də gələcəkdə Türkiyəyə hərbi-siyasi təzyiq vasitəsi kimi əlverişlidir. Buna görə də bir çox Qərb ölkəsi kürd muxtariyyəti ideyasına açıq və ya gizli dəstək verir.

 

Rusların hədəfi

Əlbəttə, Bəşər Əsədlə 49 illik hərbi anlaşma imzalayan, müharibə dövründə Suriyada möhkəmlənən Moskvanın ilk hədəfi Suriyada Bəşər Əsəd hakimiyyətdə qalmasıdır. Doğrudur, ruslar kürdlərlə də yumşaq münasibətləri qoruyub saxlayır. Ancaq indi kürdlərin tamamən Vaşinqtonun kontrolunda olması və kürd layihəsinin Dəməşqə təzyiqə çevriləcəyini nəzərə alaraq Moskva çox hündürdən olmasa da, Suriyanın suverenliyinə vurğu edir. Sonuncu dəfə avqustun 25-də Moskva yaxınlığında Ərdoğanla görüşən Putin bir daha ərazi bütövlüyü məsələsinə vurğu elədi. Çünki indi Suriyanın ərazi bütövlüyü məsələsi Türkiyə üçün də prioritetdir.

 

Ankaranın üç hədəfi

Türkiyə hökumətinin Suriyanın şimalı ilə bağlı cari və strateji hədəfləri var. Cari hədəf İdlibdən və digər bölgələrdən qaçqın axınının dayanması, xüsusən də İdlibdə yeni əməliyyat başlayacağı təqdirdə qaçqın axını yarana bilər. Hazırda sərhədə 1 milyona yaxın suriyalı toplanıb və ehtimal ki, İdlibdə ilk güllələr atılanda bu insanlar Türkiyəyə keçməyə çalışacaq.

Türkiyənin Suriyadakı birinci strateji hədəfi kürdlərin Suriyanın şimalında muxtariyyət əldə etməsinə imkan verməməkdir. Çünki Ankarada hesab edirlər ki, Suriya kürdləri, yəni indiki halda PKK-nın Suriya qanadı hesab olunan PYD və onun silahlı qüvvəsi YPG-nin liderliyində muxtariyyət qurulsa bu, Türkiyə üçün birbaşa təhdiddir. Əgər Ankara hansısa formada aşirət idarəçiliyindəki Şimalı İraq kürdləri – Bərzanilərlə dil tapa bilirdisə (2017-ci il referendumu göstərdi ki, bəzən bu da mümkün olmur – K.R.) solçu PYD ilə anlaşmaq çox çətin və hətta mümkünsüz ola bilər. Yəni Suriyanın şimalında kürd muxtariyyəti Türkiyənin təhlükəsizliyi üçün təhdiddir.

Ankaranın ikinci mühüm hədəfi Suriyanın şimalında İŞİD və YPG-dən azd etdiyi bölgələr, eləcə də İdlib hesabına dəstəklədiyi müxalif qüvvələr üçün hakimiyyət bölgüsündə pay alsın. Çünki əgər bu olmasa, yəqin ki, böyük anlaşmadan sonra Bəşər Əsəd və Rusiya bu qüvvələri məhv etməyə çalışacaq. Nəticədə, Türkiyənin uzun illərdir dəstəklədiyi hərbi-siyasi müxalifət tamamilə sıradan çıxacaq. İndiki halda Ankara vəziyyətdən minimum da olsa qazancla – dəstəklədiyi qüvvələrə pay almaqla çıxmağa çalışır.

Ancaq məsələ ondadır ki, kürd məsələsində Ankara ilə Tehran və Dəməşqin mövqeləri üst-üstə düşsə də, İdlib məsələsində ziddiyyət təşkil edir. Və ya əksinə, İdlib məsələsi, müxaliflərin qorunması mövzusunda Ankara və Vaşinqton arasında ciddi fikir ayrılığı olmasa da, kürd məsələsində mövqelər toqquşur. Çünki qeyd etdiyim kimi, Vaşinqton kürdlərin muxtariyyət əldə etməsini dəstəkləyir, Ankara isə suverenliyi üçün təhdid olaraq görür.

Qəribə də olsa kürd mövzusunda Ankaranın indi ən təbii və səmimi müttəfiqi ola biləcək ölkə İran və Suriyadır. Çünki İran bir tərəfdən Suriyanın ərazi bütövlüyünün qorunması, Vaşinqtonun bölgəyə yerləşməməsini istəyir, digər tərəfdən isə kürd təhlükəsinin növbəti adresinin “öz qapısı” olacağını yaxşı bilir. Dəməşq isə heç bir halda unitar quruluşunu dəyişib kürdlərə muxtariyyət vermək istəmir. Ancaq indi Dəməşq və Ankaranın bir masa arxasında oturması hələ tezdir. Çünki ortada İdlib kimi ciddi münaqişə ocağı var. Hələlik Tehran və Moskva Bəşər Əsəd əvəzindən Ankara ilə danışır.

Aprel ayından başlayaraq Suriya ordusu İdlibdə irəliləyib və ötən ayın sonunda İdlibin cənubundakı Xan Şeyxun və ətraf əraziləri nəzarətə götürüb. Bu əməliyyat yalnız Ərdoğanın 25 apreldə Moskva səfərindən sonra dayandırılıb və avqustun 31-dən etibarən atəşkəs elan olunub.

Hazırda Türkiyə hakimiyyəti İdlibdə müvəqqəti atəşkəsdən sonra diqqətini kürd bölgəsinə yönəldib. Türkiyə hələ 2012-ci ildən sərhəddə təhlükəsiz zonası yaratmaq istəsə də, müttəfiqlərindən dəstək ala bilməmişdi. Sonrakı illərdə isə Türkiyə antiterror əməliyyatları ilə Suriya ərazilərinə daxil oldu. İndi isə Ankara kürdləri sərhəddən uzaqlaşdırmaq üçün Suriya-Türkiyə sərhədinin kürdlərin nəzarət etdiyi Cerablus-İraq sərhədi arasındakı sərhəd xəttində təhlükəsiz zonası yaratmağa çalışır.

Artıq ABŞ-la davam edən ikiillik danışıqların ilkin nəticələri var. Avqustun 5-7-də ABŞ və Türkiyə hərbi komandanlığı arasında əldə olunmuş razılaşma əsasında ilkin mərhələdə havadan müşahidə, sentyabrın 9-da isə quru qüvvələrinin (hər iki tərəfdən 6 zirehli avtomobil olmaqla – K.R.) iştirakı ilə Suriya-Türkiyə sərhədində birgə patrul həyata keçirilib. ABŞ hərbi koalisiyasının sözçüsü polkovnik Myles Caggins patrul qruplarının YPG-nin “könüllü olaraq çəkildiyi” ərazidə ləğv edilən səngərləri və döyüş mövqelərini müşahidə etdiyini bildirib.

Ancaq belə anlaşılır ki, amerikalılarla türklər arasında sərhəddəki təhülkəsiz zona mövzusunda ciddi fikri ayrılığı var. Çünki birincisi, amerikalılar ən sonda, Türkiyə sərhədə qüvvə toplayıb təkbaşına əməliyyata başlayacağı ilə hədələdikdən sonra məcbur qalaraq birgə patrula razılaşdı. Digər tərəfdən, hətta bundan sonra prezident Ərdoğan deyib ki, amerikalılarla anlaşmazlıq var. Sitat: “Bir təhlükəsiz zolağı yaratmaq üçün ABŞ-la danışıqlar aparırıq. Ancaq bu mövzuda bizim istəklərimizlə onların beynindəkilərin eyni şey olmadığını görürük. Müttəfiqlərimiz bizim üçün deyil, terror təşkilatı (PYD/YPG) üçün təhlükəsiz bölgə yaratmaq istəyir. Belə bir anlayışı rədd edirik”.

Məsələ ondadır ki, Türkiyə Suriya ilə sərhəddə, kürdlərin nəzarət etdiyi ərazidə 35-40 kilometr dərinlikdə İraq sərhədi ilə Cerablus arasındakı ərazidə təhlükəsizlik zolağı yaratmağa çalışır. Bununla Ankara həm YPG-ni öz sərhədlərindən xeyli uzaqda saxlamış olur (çünki PKK burdan rahat şəkildə Suriya və Türkiyə ərazilərinə keçid edə bilir – K.R.), həm də strateji olaraq kürdlərin ərazilərinin böyük hissəsini onlardan alır və faktiki olaraq muxtariyyət layihəsinə böyük zərbə vurmuş olur. Lakin Vaşinqton bununla, yəni 40 kilometr dərinliklə razılaşmır. SDQ isə yalnız 5 kilometr dərinliyə razılıq verir.

Kürd xəbər agentlikləri NATO generallarının da iştirak etdiyi qapalı toplantıda Türkiyə və ABŞ arasında kürd bölgəsində 100 kilometr uzunluğu və 5 kilometr dərinliyində zolağın razılaşdırıldığı haqda xəbər yaysa da, Demirörən Xəbər Agentliyi toplantıda zolağın dərinliyi və uzunluğu ilə bağlı razılaşmanın əldə olunmadığını yazıb. Agentliyin iddiasına görə, Türkiyə 35-40 kilometr dərinlik tələb edir, amerikalılar isə dərinliyin 17-20 kilometrlə məhdudlaşmasını istəyir. Ərdoğanın da açıqlamalarından belə anlaşılır ki, təhlükəsizlik zonası mövzusu ilə bağlı iki tərəfi qane edən razılaşma əldə olunmayıb. Ancaq güman ki, amerikalılar kürdləri Türkiyənin hücumundan qorumaq üçün birgə patrula başlayıblar.

Çox güman ki, uzun müzakirələrdən sonra bu ay ərzində Suriyada Konstitusiya Komissiyası fəaliyyətə başlayacaq. Çünki əks təqdirdə gələnilki prezident seçkiləri mövcud Konstitusiya ilə keçiriləcək. Ancaq Komissiyanın gələn ilin yazına qədər ciddi nəticəyə nail olacağı şübhəlidir. Çünki döyüş və siyasət meydanındakı qüvvələrin leqallaşdırılması prosesi başa çatmayıb. Kürd bölgəsində və İdlibdəki qeyri-müəyyənlik davam edir. Bu isə o deməkdir ki, indi haqqında danışılan böyük sülh və ya siyasi keçid mərhələsi yaxın zamanda olmayacaq. Suriya məsələsinin taleyini ilk gündən bu yana olduğu kimi silahlar müəyyən edəcək.



MƏSLƏHƏT GÖR:

298