27 Aprel 2024

Şənbə, 02:24

BAŞLANĞIC NÖQTƏSİ

Gerçəkləşdirildiyi 25 il ərzində «Əsrin müqaviləsi»Azərbaycanın və bütün regionun tarixini dəyişib

Müəllif:

01.10.2019

Hər bir ölkənin inkişafında yeni bir mərhələ yaradan, başlanğıc nöqtəsi sayıla biləcək tarixi günləri var. Azərbaycanın neft salnaməsində də belə bir tarix mövcuddur - 20 sentyabr. Uzaq 1994-cü ildə həmin gün ulu öndər Heydər Əliyevin rəhbərliyi altında Gülüstan sarayında dünyanın 7 ölkəsini təmsil edən 11 neft şirkəti («Amoco», «BP», «McDermott», «UNOCAL», «LUKOIL», SOCAR, «Statoil», TPAO, «Pennzoil», «Ramco», «Delta») arasında «Azəri», «Çıraq» və dərinsulu «Günəşli» yataqlarının kəşfiyyatı və işlənməsi üzrə müqavilə imzalanmışdı. Bu, müstəqil Azərbaycanın dünyanın aparıcı neft şirkətləri ilə imzaladığı ilk müqavilə idi. 4 dildə tərtib olunan 400 səhifəlik müqavilə tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adlandırıldı. 2001-ci ildən başlayaraq sentyabrın 20-də Azərbaycanın neft sənayesi işçiləri peşə bayramlarını qeyd edirlər. Bu il "Əsrin müqaviləsi"nin 25 yaşı tamam oldu.

 

25 il sonra

Dörddə bir əsr – bu, çoxdur, yoxsa azdır? Ölkə miqyasında bu, bəlkə də, bütün bir epoxadır. Bu illər ərzində «Azəri», «Çıraq» və dərinsulu «Günəşli» yataqlarında müasir standartlara cavab verən 6 neft çıxarma platforması tikilib istifadəyə verilib, neftin və səmt qazının dənizdən sahilə nəql edilməsi üçün lazımi infrastruktur qurulub, Səngəçalda və Ceyhanda neft terminalları inşa edilib, Bakı-Tbilisi-Ceyhan və Bakı-Supsa ixrac boru kəmərləri çəkilib, Bakı-Novorossiysk neft kəməri, həmçinin «İstiqlal» və «Dədə Qorqud» qazma qurğuları modernləşdirilib, yeni «Heydər Əliyev» və «Lider» qazma qurğuları tikilib.

“Əsrin müqaviləsi”nin neft sənayesi üçün önəmindən danışarkən, ilk növbədə, qeyd etmək lazımdır ki, onun gerçəkləşdirilməsi sayəsində Azərbaycanın illik neft hasilatı 1994-cü ildəki 9,56 milyon tondan 2010-cu ildəki rekord 50.4 milyon səviyyəsinə qalxdı. Son illərdə ölkədə illik neft hasilatı, təqribən, 39 milyon ton səviyyəsində saxlanılır ki, bu da öz növbəsində elə də sadə iş deyil - quyuların qazılmasında müasir texnologiyaların tətbiqi və neft hasilatının artırılması yolu ilə həll olunur. Bu istiqamətdə işlər hazırda davam edir və nəticədə, Energetika Nazirliyi 2019-2021-ci illərdə Azərbaycanda illik neft hasilatının eyni səviyyədə qalacağını - ildə 39 milyon ton olacağını proqnozlaşdırır.

2019-cu ilin 8 ayı ərzində ölkədə 25,1 milyon tondan çox neft hasil edilib, bunun 20,9 milyon tonu ixrac edilib. Bununla yanaşı, hesabat dövründə AÇG-dən 18 milyon ton neft hasil edilib ki, bunun da təqribən 77 faizi və ya 13,7 milyon tonu Azərbaycanın mənfəət neftinin payına düşüb. Beləliklə, hətta 25 ildən sonra da AÇG bloku respublikadakı bütün neft hasilatının, təxminən, 72%-ni təmin edir,özü də bu yataqlarda çıxarıla bilən ehtiyatların yalnız 50%-i işlənib. Ümumiyyətlə, Energetika Nazirliyinin məlumatına görə, bütün işlənmə dövrü ərzində (1997-ci ilin noyabrından Çıraq platformasından ilk neftin çıxarılmasından 1 sentyabr 2019-cu ilə qədər) AÇG blokundan 492 milyon ton neft və 161 milyard kubmetr səmt qazı hasil edilib. Eyni zamanda Azərbaycanın mənfəət nefti 287 milyon ton və ya bu blokdan çıxarılan ümumi hasilatın 58 faizini təşkil edib.

«Əsrin müqaviləsi»ndə hazırda 8 xarici şirkət iştirak edir: Britaniyanın «BP», Amerikanın «Chevron» və «ExxonMobil», Hindistanın «ONGC Videsh Limited», Yaponiyanın «Inpex», «Itochu», Azərbaycanın SOCAR, Norveçin «Equinor» (keçmiş «Statoil») və Türkiyənin TPAO şirkətləri.

 

Sərmayələr və gəlirlər

“Bu müqavilə dünya praktikasında layiqli yer tutur, çünki həm dövlətin, həm də sərmayəçilərin maraqları təmin edilib. "Əsrin müqaviləsi"nin həyata keçirilməsinə qoyulan sərmayələr tam ödənilmişdir. Xarici sərmayəçilər milyardlarla dollar gəlir əldə etdilər və Azərbaycanın gəliri 100 milyard dolları keçib", - deyə Prezident İlham Əliyev "Əsrin müqaviləsi"nin 25 illiyi ilə bağlı keçirilən mərasimdə çıxışı zamanı bildirib.

Qeyd edək ki, «BP-Azerbaijan» şirkətinin məlumatına görə, yalnız son 5 ildə (2014-2018-ci illərdə) AÇG blokunun, «Şahdəniz» yatağının, «Bakı-Tbilisi-Ceyhan» neft kəmərinin və Cənubi Qafqaz Boru Kəməri layihələrinin reallaşdırılmasına ümumi sərmayələr 35,4 milyard dollar təşkil edib. Bunun 28,7 milyard dolları əsaslı xərcləri, 6,7 milyard dolları istismar xərcləri olub.

"İndiyə qədər Azərbaycan iqtisadiyyatına 265 milyard dollara yaxın sərmayə qoyulub, o cümlədən neft-qaz sektoruna yatırılan sərmayələr 101 milyard dollar təşkil edib. Yalnız AÇG-nin işlənməsinə 36 milyard dollar sərmayə qoyulub", - deyə SOCAR prezidenti Rövnəq Abdullayev bildirib.

Gəlirlərə gəldikdə isə, 2001-ci ildən başlayaraq 2019-cu ilin 1 avqustuna qədər AÇG blokundan Azərbaycanın mənfəət neftinin satışından Dövlət Neft Fonduna (ARDNF) 143,4 milyard dollar daxil olub, o cümlədən 2019-cu ilin yanvar-iyul aylarında, demək olar ki, 5 milyard dollar gəlib.

«AÇG üzrə hasilatın pay bölgüsü sazişi Azərbaycanda AÇG tərəfdaşlarının investisiyaları üçün hüquqi sabitlik və etibarlı müdafiə təmin edən nadir birgə iş mexanizmi formalaşdırıb. Bütün tərəflərin, xüsusilə də Azərbaycan hökumətinin, göstərdiyi etimad və sarsılmaz inam olmasaydı, bu uğurlar, çətin ki, mümkün olardı. Məhz həmin inam və əməkdaşlıq ruhu bizdə AÇG-nin nailiyyətlərini əl-ələ verərək birlikdə qazanmağa imkan yaradıb», - deyə «BP»nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri COUNZ çıxışında bildirib.  

Həqiqətən, AÇG layihəsinin uğurla həyata keçirilməsi investorların ölkəyə inam səviyyəsini xeyli artırıb. Nəticədə, 1995-ci ildən bu günə qədər Azərbaycan quruda və dənizdə neft və qaz yataqlarının işlənməsi üzrə xarici şirkətlərlə 30-dan çox hasilatın pay bölgüsü (PSA) sazişi imzalayıb. Həm də müasir qazma qurğularının və gəmilərin inşası üçün yeni müəssisələr yaradılıb, Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu kimi iri yerli neft sənayesi müəssisələri istehsal fəaliyyətlərini bərpa ediblər, mövcud neft-kimya və neft emalı güclərinin fəaliyyəti təkmilləşdirilib, yeni neft-kimya zavodları yaradılıb.

 

Mərkəzi Şərqi Azəri – işlənmənin yeni mərhələsi

Hazırda AÇG blokundan neft çıxarılması «Çıraq», «Mərkəzi Azəri», «Qərbi Azəri», «Şərqi Azəri», «Dərinsulu Günəşli» və «Qərbi Çıraq» platformalarından qazılmış 120-dən çox quyu vasitəsi ilə gerçəkləşdirilir. 2019-cu ilin birinci yarısında AÇG blokunun işlənməsi çərçivəsində xərclər 929 milyon ABŞ dollar təşkil edib, o cümlədən əməliyyat xərcləri 272 milyon dollar, əsaslı xərclər 657 milyon ABŞ dolları olub. Lakin növbəti 1-2 ildə layihə üzrə əsaslı xərclərin həcmi önəmli dərəcədə artacaq və bu da AÇG-nin işlənməsi çərçivəsində «Mərkəzi Şərqi Azəri» layihəsinin həyata keçirilməsi ilə bağlıdır. Həyata keçirilməsi olduqca çətin olan bu layihə Azərbaycanın "neft" tarixinin uzanmasında mühüm rol oynamalıdır.

6 milyard dollarlıq «Mərkəzi Şərqi Azəri» layihəsinin əsas məqsədi, əlavə quyuların qazılması və dəniz obyektlərinin qurulması sayəsində gündəlik 100 min barelə qədər neft və 350 min kub fut qaz hasilatına nail olmaqdır. «Mərkəzi Şərqi Azəri» platformasından ilk neftin hasilatına 2023-cü ildə başlanılması planlaşdırılır.

Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) artıq «Mərkəzi Şərqi Azəri» layihəsi üzrə tikinti işləri üçün əsas podratçılar barədə qərar verib. İndiyə kimi şirkət yeni «Mərkəzi Şərqi Azəri» platforması üçün dayaq blokunun, yuxarı modulların, qazma blokunun və yaşayış bloklarının layihələndirilməsi və tikintisi üçün toplam 1 milyard 7 milyon dollar dəyərində beş podrat müqaviləsi bağlayıb.

Xatırladaq ki, AÇG blokunun əlavə işlənməsi 14 sentyabr 2017-ci il tarixində SOCAR və layihənin səhmdarları arasında imzalanmış müqaviləyə əsasən 2050-ci ilə qədər aparılacaq. Yeni müqaviləyə əsasən layihədəki paylar aşağıdakı kimi bölünüb: «BP» (layihənin operatoru) - 30,37%, SOCAR- 25%, «Chevron» və «ExxonMobil» - 9,57% və 6.79%, ONGC - 2.31%, «Inpex Corp.» və «Itochu Oil» - müvafiq olaraq 9.31 və 3.65%, «Equinor» (keçmiş «Statoil») - 7.27%, TPAO - 5.73%. Yeni müqavilə çərçivəsində sərmayə həcmi 43 milyard dollar səviyyəsində qiymətləndirilir. Bu müddət ərzində AÇG blokundan 500 milyon tondan çox neft hasilatı planlaşdırılır.

Bu arada, yeni müqavilə üzərində iş yalnız yolun başlanğıcında olsa da, Azərbaycan artıq onun həyata keçirilməsindən ilk dividendlərini əldə edib. Beləliklə, müqavilənin şərtlərinə görə, 2018-2025-ci illərdə ARDNF bonus şəklində 3,6 milyard dollar əldə edəcək, yəni hər il 450 milyon dollar bonus alacaq ki, bunun da ilk iki tranşı 2018 və 2019-cu ilin yanvar ayında Dövlət Neft Fondu tərəfindən alınıb.

 

AÇG-nin qaz potensialı

Onu da qeyd etmək lazımdır ki, neftlə yanaşı AÇG həm də böyük qaz potensialına malikdir. SOCAR-ın hesablamalarına görə, blokun dərin laylarında təbii qaz ehtiyatları 350 milyard kubmetr səviyyəsində qiymətləndirilir. Bu layihənin icrası ilə bağlı danışıqlar artıq neçə illərdir ki, SOCAR ilə «BP» və digər layihə səhmdarları arasında davam edir, lakin istisna edilmir ki, bu, tamamilə yeni iştirakçılarla tamamilə yeni bir müqavilə olacağı mümkündür.

Azərbaycan Energetika Nazirliyinin 2017-ci ildə səslənən məlumatına görə, AÇG blokundakı dərin laylardan qaz hasilatının illik həcmi 3-5 milyard kubmetrə çata bilər.

Ölkənin qaz hasilatını və ixracını artırmaq üzrə iddialı planları nəzərə alınarsa, bu layihənin həyata keçirilməsi Azərbaycan üçün önəmli ola bilər.

Keçən illər göstərdi ki, "Əsrin müqaviləsi" Azərbaycan üçün iri layihələrdə etibarlı tərəfdaş kimi xüsusi imic yaratmaqla yanaşı, beynəlxalq və regional miqyasda dövlətin nüfuzunu yüksəltdi, eyni zamanda milli iqtisadiyyatın inkişafı üçün geniş imkanlar açdı. Azərbaycanın neft-qaz sektoru hazırda iqtisadiyyatın aparıcı sahələrindən biridir, baxmayaraq ki, son illərdə tədricən öz yerini digər sektorlara verməyə başlayıb və ölkə iqtisadiyyatında şaxələndirmə getdikcə güclənir.

İndi "Əsrin müqaviləsi" öz inkişafının yeni mərhələsinə qədəm qoyub – AÇG-nin işlənməsinin uzunmüddətli potensialını reallaşdırmaq üçün çox böyük işlər görülməli, yeni sərmayələr yatırılmalı, yeni texnologiyalar tətbiq edilməli və yeni birgə səylər göstərilməlidir. Düşünülənlərin hamısının gerçəkləşəcəyinə də şübhə yoxdur. Neftçilər bunu dəfələrlə sübut ediblər.



MƏSLƏHƏT GÖR:

326