26 Aprel 2024

Cümə, 09:12

RƏCƏBOV “QAPINI ÇIRPDI”

Tarixdə ilk dəfə azərbaycanlı qrossmeyster Dünya Kubokunun qalibi oldu

Müəllif:

15.10.2019

Gərgin mübarizə, maraqlı partiyalar, onlarla uduzan və yalnız bir qalib. Rusiyanın Xantı-Mansiysk şəhərində keçirilmiş şahmat üzrə Dünya Kubokunun əsas mükafatı bu il azərbaycanlı qrossmeyster Teymur Rəcəbova qismət oldu.

Azərbaycanı yarışda beş şahmatçı təmsil etsə də, ən böyük ümidlər komandanın liderləri Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovla bağlı idi. Hətta Şəhriyarın şansları yüksək qiymətləndirilirdi. Rəcəbovun qələbəyə gedən yolu da çox maraqlı alındı. Tarixdə ilk dəfə Azərbaycanın iki lider şahmatçısı Dünya Kubokunda üz-üzə gəldi. O görüşü Teymur Rəcəbov da, Şəhriyar Məmmədyarov da uda bilərdi. Bərabər səviyyəli, dost, amma rəqib şahmatçıların qarşılaşması oldu. Əsas görüşlər bərabər bitsə də, tay-brekdə Teymur Rəcəbov qələbəyə sevindi.

Dörddə bir finalda Teymur son illərin çox sürətlə yüksələn şahmatçısı, əvvəlki mərhələlərdə rusiyalı Sergey Karyagin və polşalı Yan-Kşiştof Dudanı üstələmiş ABŞ təmsilçisi Cefri Şonqu turnirdən kənarlaşdırdı. Yarımfinal görüşündə fransalı Maksim Vaşye-Laqravla qarşılaşan həmyerlimiz yorğunluğunu hiss etdirmədi. İkinci klassik partiyada Teymur rəqibinə faktiki debütdən çıxmaq imkanı vermədi.

Finalda isə onu dünyanın üçüncü şahmatçısı hesab olunan çinli Dinq Liren gözləyirdi. Dörd görüşdən sonra ümumi hesab 2-2 oldu. İlk və son partiyalar heç-heçə ilə bitdiyi üçün qarşılaşma "tay-breyk"ə keçdi. Lakin tay-brekdə vəziyyəti düzgün qiymətləndirən Rəcəbov yekunda 6-4 hesablı parlaq və çətin qələbə qazandı.

Bununla Teymur Rəcəbov Dünya Kubokunda qələbə qazanan ilk azərbaycanlı şahmatçı kimi tarixə düşdü. Rəcəbov həm də 2020-ci ildə Yekaterinburqda keçiriləcək dünya çempionluğuna İddiaçılar Turnirinə birbaşa vəsiqəni təmin etdi.

“Düzünü desəm, turnirdəki çıxışımı necə qiymətləndirəcəyimi bilmirəm, lakin bütövlükdə pis olmadı (gülür). Şadam ki, yetərincə aqressiv oynaya bildim. Partiyalardan biri zamanı artıq “qapını çırpıb” getmək istəyirdim, lakin sonda bütün turnirin “qapısını çırpdım”, -deyə Rəcəbov Dünya Kubokundakı qələbəsini şərh edib.

O qeyd edib ki, fiziki olaraq turnirə hazırlaşmayıb. “Bu, bir reseptdir – nəyisə ürəkdən istəyəndə, onu əldə edirsən. Bunun doğru olduğunu həmişə bilmişəm, lakin nə zamansa öz başıma gələcəyini bilməzdim”, - deyən azərbaycanlı qrossmeyster Dünya Kubokundakı qələbəsini hələ yeniyetmə yaşlarında Linaresdə dünya çempionu Hari Kasparov üzərində qazandığı qələbə ilə müqayisə edib.

Beləliklə, Teymur Rəcəbovun Dünya Kubokundakı qələbəsi şahmatda onun dövrünün başa çatdığını düşünənlərə bir mesaj oldu.

Şahmatla hələ 3 yaşında ikən tanış olan Teymur 14 yaşında ən gənc beynəlxalq dərəcəli qrossmeyster adına layiq görülməklə diqqəti cəlb edib. O dövrdə 14 yaşında qrossmeyster olmaq əlçatmaz sayılırdı. Daha bir məqam dünya çempionunu məğlub etməklə bağlıdır. Teymur 16 yaşında ikən Linares superturnirində dünya çempionu və dahi Kasparovu qara fiqurlarla oynayaraq udub. Bu iki fenomenin oyunu həmin il “Ən yaxşı oyun” kimi təşkilatçılar tərəfindən fərqləndirilir. Teymur bu oyundakı qalibiyyəti ilə dünya birincisini udan ən gənc şahmatçı adını qazanıb. Rəcəbov sabiq dünya çempionları Harri Kasparovu, Vişivanatan Anandı, Ruslan Ponomaryovu, Veselin Topalovu da Dünya Kubokunda olduğu kimi qara fiqurlarla oynayaraq məğlub edib. Azərbaycan millisinin heyətində Avropa çempionatının üçqat qalibi olub. Bütün bu uğurlara rəğmən son illər Teymur Rəcəbov az saylı superturnirlərə dəvət olunub. Buna səbəb isə şahmatçının çoxlu sayda heç-heçələr etməklə reytinqdə geriləməsidir. Kommersiya turnirlərindn iştirakdan imtina edən Teymur, son illər əsasən millinin heyətində görünür.

Şahmatsevərlər son dövrlərdə Teymurun sanki yorğunluğunu hiss edir. Bəziləri hətta Rəcəbovun ən yaxşı dövrünün arxada qaldığını söyləyirdi. Lakin vunderkind parlaq qələbəylə bütün şahmat dünyasının diqqətini cəlb etdi və ən yaxşı dövrünün irəlidə olduğunu göstərdi.

FİDE reytinqinə görə, dünyanın bir nömrəli şahmatçısı sayılan dünya çempionu Maqnus Karlsen Teymur Rəcəbovun qələbəsindən sonra təəccübünü gizlədə bilməyib. Rusiyalı şahmatçı Pyotr Svidler ilə birlikdə qarşılaşmanı şərh edən Karlsen Teymurun qələbəsini “Möhtəşəm çevriliş” kimi qeyd edib: “Mən “axmaq” kimi göründüm, çünki oyun ərzində Dinq Lirenin uduzmaq ehtimalı yoxdur demişdim, Teymur oyunda möhtəşəm çevriliş etdi”.

Tarixi uğurdan sonra Azərbaycan Prezidenti İlham Əliyev və Mehriban xanım Əliyeva Teymur Rəcəbova təbrik məktubu ünvanladı. Ona növbəti yarışlarda yeni uğurlar arzulandı.



MƏSLƏHƏT GÖR:

295