27 Aprel 2024

Şənbə, 00:23

NON-STOP REJİMİNDƏ

Azərbaycanda islahatların yeni mərhələsi biznesin açılması və gerçəkləşdirilməsi prosesinin tam rəqəmsallaşdırılmasıdır

Müəllif:

15.10.2019

Bu gün Azərbaycan İpək Yolu marşrutu boyunca Rəqəmsal Ticarət Qovşağının (RTQ) inkişafı üçün infrastrukturun yaradılmasında fəal iştirak edir və özü də bunu dövlətin dəstəyi ilə özəl sektor həyata keçirilir. Bundan başqa, ölkə bu layihə çərçivəsində rəqəmsal həllərlə bağlı təşəbbüslərlə çıxış edir. Bütün bu təşəbbüslər həm ölkə rezidentlərinin biznes imkanlarının yaxşılaşdırılmasına, həm də ölkənin iş həyatında xarici sahibkarların, demək olar ki, maneəsiz iştirakına imkan verir. Bu da öz növbəsində Azərbaycan üçün dünya reytinqlərində önəmli dərəcədə irəliləməyə imkan yaradır ki, bu da ölkənin sərmayə cəlbediciliyinin təqdim olunması baxımından çox önəmlidir.

 

Reytinq pillələri ilə yuxarı

2019-cu ildə Azərbaycan Dünya İqtisadi Forumunun (WEF) illik tərtib etdiyi Qlobal rəqabətlilik indeksi reytinqində 141 ölkə arasında 58-ci yeri tutdu. Bu, ölkənin bu nüfuzlu hesabatda 11 addım irəlilədiyini göstərir. Bununla yanaşı, Azərbaycanın belə önəmli sıçrayışında "iş dinamizmi" (23-cü yer), "əmək bazarı" (21), "ərzaq bazarı" (23), "infrastruktur" (38) və "bacarıqlar" "(48), "ictimai institutlar" (49), "bazarın ölçüsü" (67), "İKT potensialı" (69), "innovativ potensial" (68) indeksləri xüsusi rol oynayıb.

Hesabat tərtibçilərinin fikrincə, ötən il ölkədə inflyasiyanın yavaşlaması Azərbaycanın «makroiqtisadiyyat» indikatoru üzrə göstəricisinin yaxşılaşmasında müsbət rol oynayıb. "Maliyyə bazarının inkişafı" indikatoru üzrə WEF kiçik və orta sahibkarlığın maliyyələşdirilməsinin yaxşılaşdırıldığını, kapitallaşmanın və sığorta bazarı daxilolmalarının artdığını qeyd edir. Düzdür, mənfi amillər də qalıb – özəl sektorun kreditləşmə səviyyəsi aşağıdır ki, bu, yerli mütəxəssislərin də diqqət mərkəzindədir.

"Biznes dinamikliyi" göstəricisi üzrə WEF qeyd edir ki, Azərbaycanda biznesə başlamaq xərcləri azalıb və qeydiyyat üçün tələb olunan günlərin sayı azalıb.

Yeri gəlmişkən, Dünya Bankının (DB) saytında dərc edilmiş ilkin bloqda bildirilir ki, Azərbaycanda biznesə başlanılması və gerçəkləşdirilməsi ilə bağlı aparılmış yeni islahatlar ölkənin «Doing Business»-2020 reytinqində ən yaxşı 20 islahatçı ölkə arasında yer almasına səbəb olub. DB ekspertlərinin fikrincə, Azərbaycanda dörd sahədə biznes aparmaq - daşınmaz əmlakın qeydiyyatı, kredit alınması, minoritar investorların müdafiəsi və müqavilə intizamı sahəsində iş görmək asanlaşıb. Bank analitikləri hesab edirlər ki, indi kommersiya mübahisələri yaranan zaman, tərəflər məhkəmə onlayn çağırış sənədlərini dolduraraq, vasitəçilik göstərdiklərinə görə maliyyə stimulu ala bilərlər.

"Əlbəttə ki, bir tərəfdən bu cür reytinq nəticələri bizi sevindirirsə, digər tərəfdən başa düşürük ki, ildən-ilə bu həddi saxlamaq daha çətin olacaq. İslahatlar sahibkarlıq sahəsinini, demək olar ki, bütün səviyyələrində aparılıb, buna görə də bundan sonra əsasən onların həyata keçirilməsini təmin etməliyik", - deyə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib.

Eyni zamanda bazar konyunkturunun sürətli inkişafı və qlobal iqtisadiyyatın yeni çağırışları nəzərə alınaraq, Azərbaycanda biznes mühitinin islahatları üzrə növbəti addım biznesə başlanması və aparılması proseslərinin maksimum rəqəmsallaşdırılması olmalıdır, özü də təkcə yerli sahibkarlar üçün deyil, həm də xarici investorlar üçün bu, belə olmalıdır. Belə görünür, bu yaxın gələcəkdə baş verəcək.

 

Rəqəmsal qovşağın yeni imkanları

Üç il əvvəl Azərbaycanda Rəqəmsal Ticarət Qovşağı işə salınıb və bu müddət ərzində ölkə regionda ticarət münasibətlərinin rəqəmsallaşdırılması üzrə lider olmaq hədəfinə yaxınlaşıb. Bəllidir ki, dövlət sektorunda bu proses demək olar ki, başa çatıb - həm hökumət, həm də icra hakimiyyəti elektron müstəviyə keçirilib.

“Özəl sektora gəldikdə isə, “vahid pəncərə” (one-stop-shop) prinsipli elektron ticarət xidmətlərinin onlayn (non-stop-shop) prinsipinə keçirilməsi üzrə tədbirlər davam etdirilir. Bütün bunlar xidmət keyfiyyətinin yaxşılaşdırılması və istehlakçı məmnuniyyəti üçün edilir", - deyə V.Qasımlı "İpək Yolunun rəqəmsallaşdırılması" üçüncü rəqəmsal ticarət forumunda izah edib.

Qeyd edək ki, RTQ, ilk növbədə, ixrac üçün elektron "vahid pəncərə" rolunu oynayan çoxfunksiyalı bir platformadır. Yəni istənilən azərbaycanlı ixracatçı ofisdən çıxmadan kompüter və ya mobil cihazdan istifadə edərək, ixrac məhsullarının sənədləşdirilməsi və rəsmiləşdirilməsi ilə bağlı bütün zəruri prosedurlardan keçə bilər. Bundan əlavə, RTQ qeyri-rezidentlərə Azərbaycanda məhdud məsuliyyətli cəmiyyət açılması, bank hesablarının açılması, işçi qəbul edilməsi, «ASAN İmza»da elektron imza alınması üzrə əməliyyatlar aparmağa imkan verir.

RTQ texnologiyası neytraldır, limitsiz sürət və trafik həcmini dəstəkləyir. Bu, bulud həlli deyil - sistem sahibi olan hər bir ölkə onu yükləyə və öz mühitinə quraşdıra bilər. Hökumətlər öz məlumatları və onların istifadəsi üzərində tam nəzarətə sahibdirlər. Bundan sonra, onlar asanlıqla hər hansı digər ölkədən RTQ ilə etibarlı məlumat mübadiləsi apara bilərlər.

Əslində, bu qovşaq postsovet məkanında dövlətlə özəl sektor arasında ilk və çox uğurlu əməkdaşlıq modelinə çevrilib, Azərbaycanın beynəlxalq ticarətə inteqrasiyasında yeni bir mərhələyə çevrilib.

Bundan əlavə, bu təşəbbüs sayəsində Azərbaycan keçmiş SSRİ ölkələri arasında qeyri-rezidentlərə mobil imza xidmətləri və elektron imza xidmət göstərən ilk ölkə olub. Bu yaxınlarda isə, qovşaq çərçivəsində banka fiziki gediş olmadan, virtual şəkildə hesab açmaq və onu idarə etmək imkanı yaranıb. Beləliklə, Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışovun sözlərinə görə, bu ilin iyun ayında «Bank hesablarının açılması, aparılması və bağlanması qaydaları» təsdiqlənib, bundan sonra yuxarıdakı xidmət ölkənin həm rezidentləri, həm də qeyri-rezidentləri üçün əlçatan olub.

“Bu gün Azərbaycanın bank sektoru qarşısında duran ən önəmli problemlərdən biri yeni rəqəmsal həllərin yaradılması və gerçəkləşdirilməsidir. Bizim hər bir bank üçün fərdi planımız var və sanırıq ki, onlar elektron və mobil rezidentlik proqramında fəal iştirak etməlidirlər", - deyə İ.Alışov vurğulayıb.

 

ASAN biznes

Yeri gəlmişkən, məhz bu il «Elektron hökumət» layihəsi çərçivəsində Azərbaycanda yeni «ASAN Finans» informasiya sistemi fəaliyyətə başlayıb. Sistem həm vətəndaşlar, həm bank sahəsində xidmət göstərən qurumlar, həm də sığorta və kreditləşdirmə zamanı maliyyə məlumatlarının alınmasını asanlaşdırmaq üçün hazırlanıb. Əslində, bu, maliyyə institutlarının dövlət informasiya sistemlərinə çıxışına və alınan məlumatların təhlilinə kömək edən vahid bir platformadır ki, bu da müştərilərə bu və ya digər xidməti göstərmək müddətini xeyli azaldır.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin sözlərinə görə, biznesin aparılmasının asanlaşdırılması üzrə daha bir addım bu yaxınlarda istifadəyə verilmiş elektron satınalma sistemidir ki, onun çərçivəsində - tender elan olunandan onun qalibinin seçilməsinə qədər bütün proses rəqəmsallaşdırılıb.

“Hesablamalara görə, tenderdə iştirak etmək bir biznes subyektinə 900 manata başa gəlir. Bu sistem sahibkarlara lazımi sənədləri onlayn olaraq tələb etmək, almaq və təqdim etmək imkanı verir ki, bu da prosesin həm müddətini, həm də xərclərini xeyli azaldır", - deyə Ü.Mehdiyev bildirir.

Elektron xidmətlərin nə qədər faydalı olduğuna bariz nümunə kimi göstərmək olar ki, «ASAN xidmət»in fəaliyyət göstərdiyi 7 il ərzində onun saxlanması üçün dövlət büdcəsindən 132 milyon manat ayrılıb, əvəzində isə xidmət müqabilində rüsum və ödənişlər hesabına dövlət büdcəsinə 135 milyon manat köçürülüb.

Bir sözlə, nəinki yerli, həm də xarici sahibkarların asan və əlçatar yolla biznesə başlaması və işləməsi üçün yeni imkanlar, habelə dövlət - özəl sektoru tandeminin möhkəmləndirilməsi istənilən halda çox əlverişlidir. Qlobal miqyasda baxdıqda, məhz bu tədbirlər hökumətin neftdən asılılığı azaltmaq və qeyri-neft sektorunu yetərli artım templəri ilə təmin etmək üzrə əsas iqtisadi ideyasına xidmət etməlidir. Hətta gələcəkdə reytinq agentliklərini təəccübləndirmək daha çətin olsa da, islahatların birbaşa istehlakçıları nəticələrdən uzun illər istifadə edəcəklər ki, bu da daha önəmlidir.



MƏSLƏHƏT GÖR:

284